Alternative content

06:17 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arıçılığa maraq artıb
Arıçılığa maraq artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 17.07.2018

 

Respublikamızın əlverişli iqlim şəraiti, zəngin bitki örtüyü arıçılığın inkişafına böyük imkan verir. Kənd sakinləri iqtisadi cəhətdən gəlirli olan bu sahəyə getdikcə daha çox maraq göstərirlər. Hətta bir çox bölgələrdə məhsuldar və xəstəliklərə davamlı müxtəlif arı növləri yetişdirməklə arıçılığı daha da inkişaf etdirmişlər.

Odur ki, dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnən Gədəbəy rayonunun sakinləri də arıçılığın sürətli inkişafına nail olmaq üçün əllərindən gələni əsirgəmir, bu işlə məşğul olanların sayı artır.

Hazırda Gədəbəydə 11 min 142 arı ailəsi var. Rayonda bal istehsalı ildən-ilə artır. Məsələn, təkcə keçən il rayon üzrə 600 ton bal istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 30 ton çoxdur.

Rayonda tanınmış arıçılardan biri Rafiq Nağıyevdir. Rafiq Dəyirmandağ kəndində yaşayır. 30 ildən çoxdur ki, arı saxlayır. Özü də rayon arıçılar assosiasiyasının sədridir. Deyir ki, arıçılıq onun ata-baba peşəsidir. Həyətində 27 arı təknəsi var. Keçən il 400 kiloqramdan çox bal istehsal edib. Balının keyfiyyəti yüksək olduğundan satışında heç bir problem yaşamır, qapısında alırlar. Özü ali təhsilli baytar həkimidir. Bu ixtisasa yiyələnməsi ona arıçılığı daha dərindən mənimsəməyə imkan verib. Həyat yoldaşı Hicran Rüstəmova orta məktəbdə müəllim işləməsinə baxmayaraq, o da arıçılığın sirlərini öyrənib.

Rayonda arıçılığın tarixi qədim olsa da, əsas inkişaf dövrü 2010-cu ildən başlamışdır. Belə ki, həmin il Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Gədəbəyin mis və qızıl yataqlarında fəaliyyət göstərərkən arıçılığın inkişafı ilə bağlı pilot layihə həyata keçirməyə başlamış və rayon arıçılarının bir qrupunu Türkiyənin Lalahan Universitetinə təcrübə mübadiləsinə göndərmişdir. Həmin vaxtlar Gədəbəydə cəmi 6 min arı ailəsi saxlanılırdı. Qrup Türkiyədən qayıtdıqdan sonra qazandığı təcrübəni rayonda tətbiq etməyə başlamış, nəticədə qısa vaxt ərzində arı ailəsinin sayı 8 minə çatmışdır.

Təcrübəli arıçı onu da bildirdi ki, rayonda bəslənən arıların çoxu “Boz Qafqaz” və “Qabaqtəpə” cinsləridir. Həmin arılar məhsuldarlığına görə dünyada ikinci yer tutur. Birinci yerdə Avstraliya sortu olan “Karinka”dır. Artıq bu sort arıların da rayonda geniş yayılmasına başlanılmışdır. 2009-cu ildən Şəkidə fəaliyyət göstərən “Qinyətoğlu” şirkətindən alınan 360 arı ailəsi inkişaf etdirilərək 2500-ə çatdırılmışdır.

Arıçılığın inkişafı ilə bağlı perspektiv fəaliyyət proqramı da müəyyənləşdirilmiş, yaxın vaxtlarda arı ailələrinin sayını 30 minə çatdırmaq nəzərdə tutulmuşdur. Bununla bağlı bir sıra işlər həyata keçirilir. Artıq bu məqsədlə rayon ərazisində 30 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində “Boz Qafqaz” cinsli ana arıları yetişdirəcəklər.

Onu da qeyd edək ki, Gədəbəydə elə bir kənd yoxdur ki, arı ailəsi saxlanılmasın. Əyrikənd kəndinin sakini Oruc Quliyev 22, Slavyanka kəndində Oruc Rzayev 40, Təbriz Vəliyev 30, Seymur Rzayev 31 arı ailəsinə qulluq edir. Şınıxda yaşayan Sakit Vəliyev  85 arı ailəsinə baxır. O, hər il 1300 kiloqramdan artıq bal istehsal edir.

Arıçılıqla bağlı rayonda müxtəlif tədbirlər də həyata keçirilir. Bu yaxınlarda BMT-nin xətti ilə rayonda keçirilən seminar-müşavirədə aparılan müzakirələr rayon arıçılarının biliyinin zənginləşdirilməsinə imkan vermişdir. İştirakçılar arı xəstəlikləri, təbii resursların araşdırılması və xarici bazarlara çıxmaq imkanları barədə məruzələr dinləmişlər.

Arıçılar söhbət zamanı problemlərdən də danışdılar. Dedilər ki, balın toplanması üçün lazım olan taxta çərçivələr bazarlarda satılır. Çox vaxt həmin çərçivələr standarta uyğun gəlmir. Bundan başqa, müxtəlif xəstəliklərə qarşı dərmanlar çatışmır və yaxud ayrı-ayrı adamlardan alınan dərmanlar effekt vermir.

Gədəbəyin toponimində arı ilə bağlı yer adları bu gün də mövcuddur. Arıqıran, Arısu kəndləri indi də belə adlanır. Bundan başqa, Gədəbəydə dünyaya göz açıb arıçılıq sahəsində uğurlu tədqiqatlar aparan alimlər də yetişmişdir. Kənd təsərrüfatı elmləri namizədi İdris Allahverdiyev, arıçı alim Valeh Qədimov rayona gəlib tədqiqatlar aparır, arıçılara faydalı məsləhətlər verirlər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”