Alternative content

10:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məhsul çoxdur
Məhsul çoxdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 17.07.2018

 

Amma bir çox məhsulların topdansatış qiymətləri istehsalçıları razı salmır

 

Cəlilabadın torpaq mülkiyyətçiləri, fermerləri həmişə olduğu kimi, cari ildə də səylə çalışırlar. Onların taxılçılıqda və digər sahələrdə əldə etdikləri nailiyyətlər çoxdur. Xüsusən, üzümçülük sahəsində rayonun keçmiş şöhrətini geri qaytarmaq üçün tədbirlər görülür - bağlar genişləndirilir, emal müəssisələri yaradılır. Rayonda digər ənənəvi əkinçilik sahələri də sürətlə dirçəldilir.
Kənd təsərrüfatı məhsulları istehsalını konveyer üsuluna bənzətmək olar. Bitki əkilir, yığılır və torpaq yenidən əkinə hazırlanır. Amma hər prosesin arxasında gərgin əmək, təcrübə, təşəbbüskarlıq dayanır. İndi yığılmaqda olan bir çox məhsulların əsası hələ keçən ilin payızında qoyulmuşdur. Şum edilən, torpaq altına kifayət qədər mineral və üzvi gübrə verilən 5 min 100 hektara buğda, 2 min 805 hektara arpa və 2 min 600 hektara vələmir toxumu səpilmişdi. Təcrübəli əkinçilər “nəyi əkərsən, onu da biçərsən” prinsipini əsas götürərək, əkdikləri toxum sortunun yerli şəraitdə özünü necə doğrultduğuna, məhsuldarlığına, xəstəliklərə qarşı davamlılığına xüsusi diqqət yetirirlər.
İndi rayonda taxıl biçini gedir. Rafiq Şahmarovla taxıl zəmisində görüşürük. O, taxıldaşıyan “KAMaz”ın sürücüsü Ehtiram İsayevlə bizi tanış edir. Sonra işindən, təsərrüfatından danışır: “Şükür olsun Allaha, işlərimiz yaxşıdır. 50 hektara yaxın torpaq sahəm var. Bir hissəsi pay, qalanı dövlət fondundan olan sahələrdir. Bu il 12 hektarda buğda, 7 hektarda noxud, qalanında da bostan-tərəvəz əkmişik. Kartof bu il bizi məyus etdi. Demək olar ki, çəkdiyimiz xərci ancaq çıxartdıq. Taxıl pis deyil. Lazım olan qədərini götürüb, qalanını satacağıq. Noxudun vəzyyəti də pis deyil. Keçən il yaxşı qiymətə getdi “.
Bu ərəfədə Cəlilabad Rayon Dövlət Texniki Nəzarər Xidmətinin nəzarətçi-müfəttişi Səlamət Hüseynov da bizə yaxınlaşdı. Gəlişinin məqsədi kombaynçıları, sürücüləri, kip bağlayan texnikanı idarə edən mexanizatorları əmək təhlükəsizliyi qaydaları ilə tanış etmək idi.
“Niva” kombaynı bunkerin dolduğunu bildirən işarə verir. “KAMaz” kombayna yan alır. Sarı kəhrəbaya bənzəyən buğda maşına boşaldılır. Yeri gəlmişkən qeyd edək ki, biçində rayonda 100-dən çox müxtəlif markalı kombayn işləyir.
Çiyələk gəlirli sahədir. Buna görə də əkin sahələri ildən-ilə genişləndirilir. Hazırda rayonda 420 hektarda çiyələk əkilir. Fermerlər ondan daha çox gəlir əldə etmək üçün bu il xarici ölkələrdən məhsuldar sortlar gətirmişlər. Yetişdirmə texnologiyasında yenilik edənlər də var. Bəziləri qış aylarında dəmir əymələr qurub, sahənin üstünü sellofanla örtürlər. Belədə çiyələk açıq havadakına nisbətən 15-20 gün tez yetişir və sahibinə daha çox gəlir gətirir. Göytəpə şəhərinin bir sakini isə il boyu çiyələk yetişdirmək məqsədilə istixana yaratmışdır. Keçən il rayonda 4 min 137 ton çiyələk yetişdirilmişdir. Mütəxəssislər bu il daha çox məhsul olacağını bildirirlər.
Rayonda bir neçə sahibkarın təsərrüfatına baş çəkdik. Qasım Mirzəyev rayonun Qamışlıgöl kəndindəndir. Sovetlər zamanında kəndlərindəki Xanlar adına üzümçülük sovxozunda aqronom işləyib. Quruluş dəyişəndən sonra da öz peşəsindən əl çəkməyib. “Muğan-78” adlı kiçik müəssisə yaradaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmağa başlayıb. Bu il 23 hektarda buğda, 1,2 hektarda çiyələk, 50 sot kartof, 50 sot sarımsaq əkib. Q.Mirzəyevlə çiyələk sahəsində görüşdük. Dedi ki, qışda qar-yağış az oldu. Bu da əsasən, taxılçılığa öz təsirini göstərir. Məhsuldarlıq keçən illə müqayisədə bir az aşağıdır. Konkret olaraq mən özüm hələ taxılımı biçməmişəm. Yığım zamanı daha dəqiq biləcəyəm. Bilirsiniz ki, kənd təsərrüfatı təbiətlə bağlıdır. Yağışı-yağmuru vaxtında olanda il də uğurlu olur. Çiyələyə gəldikdə deyə bilərəm ki, o da pis deyil. Sahədə 1 kiloqramını 80 qəpiyə götürürlər. Kartofu da bir neçə gündən sonra çıxaracağıq. Əvvəl çıxaranlar ucuz qiymətə satdılar. Sağ olsun dövlətimiz, kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərir. Subsidiya, güzəştli qaydada mineral gübrələr verir. Texnika cəhətdən təminat xeyli yaxşılaşıb. Özümüzün münbit torpaqlarımız, işçi qüvvəmiz kifayət qədər olduğu halda, nəyə görə ondan-bundan məhsul almalıyıq? Aqronom, kimi deyə bilərəm ki, xaricdən gətirilən məhsulların eləsi var ki, heç mənşəyi bilinmir.
Keçmiş zamanlarda da Cəlilabadın bir çox ərazilərində, xüsusilə Muğan kəndi zonasında kartof əkilib, lakin az miqdarda. Sovetlər birliyi vaxtı rayonda, əsasən, taxıl, üzüm əkildiyindən digər bitkilərin əkilib-becərilməsinə məhdudiyyət qoyulmuşdu. Kartof yalnız həyətyanı sahələrdə əkilə bilərdi. Torpaqlar şəxsi mülkiyyətə verildikdən sonra kəndli istədiyi bitkini əkmək hüququnu əldə etdi. Bundan sonra fermerlər ildən-ilə daha çox kartof əkməyə üstünlük verdilər. Yetişdirdikləri kartof nübar məhsul kimi Rusiyanın Moskva və digər böyük şəhərlərinə göndərildi. Yaxşı gəlir kəndlilərə bir çox problemlərini aradan qaldırmağa imkan yaratdı. Bunu görən məhsul istehsalçıları bu ilin yanvar və fevral aylarında 5 min hektarda əkin apardılar ki, bu da keçən ildəkindən 800 hektar çoxdur. Lakin onların banklardan götürdükləri kredit və böyük zəhmətlə yetişdirdikləri məhsul bu mövsümün əvvəlində topdansatış qiyməti ilə çox ucuz - hər kiloqramı 16-17 qəpiyə satılmışdır. Halbuki bu rəqəm keçən il 25 qəpik olmuşdur. İstehsalçılar deyirlər ki, belə vəziyyətin yaranması bir tərəfdən, bu ilin erkən yazında Misir və digər ərəb ölkələrindən Moskvaya kartofun gətirilməsi, digər tərəfdən, gömrük postlarında qiymətlərin artırılması ilə əlaqədardır. Rusiyanın və respublikamızın yükdaşıyan sürücüləri deyirlər ki, belə qiymət onlar üçün sərfəli olmadığından kartofu alıb aparmaq istəmirlər. Lakin son vaxtlar qiymətlərdə dinamika yaranmışdır. Hazırda 1 kiloqramı 25 qəpiyə gedir ki, bu da fermerləri qane edir. Amma sahələrdə çıxarılmayan kartof az qalmışdır.
Keçən əsrin 80-ci illərində Cəlilabadda üzümçülüyün inkişafı geniş vüsət almışdı. Bu da şərabçılığın inkişafına, yeni şərab zavodlarının yaradılması ilə nəticələnmişdi. Həmin illər rayonda rekord miqdarda - 300 min ton üzüm istehsal edilirdi. Bu hesaba Cəlilabad bütün sahələrdə sürətlə inkişaf etməyə başlamışdı. Geriliyin daşını atan Muğan rayonu nəinki ildən-ilə, hətta aydan-aya abadlaşır, öz simasını dəyişirdi. Həmin dövrdə tikilən bir sıra obyektlər indi də öz gözəlliyini saxlamaqdadır. Amma M.Qorbaçovun düşünülməmiş qərarı ilə keçmiş SSRİ-nin hər yerində, o cümlədən Cəlilabadda üzüm bağlarına divan tutuldu. Qısa zaman ərzində şərab zavodları yerlə-yeksan edildi.
Torpağı sevən, onun sirlərinə yaxşı bələd olan cəlilabadlılar qollarını çirməyib yenidən işə girişib. Düzdür, əvvəl texnika, toxum, mineral gübrələr, suvarma suyu ilə bağlı çatışmazlıqlar var idi. Lakin vaxt keçdikcə hər şey qaydasına düşdü. Digər sahələr kimi, üzümçülük də yenidən ön cərgəyə keçməyə başladı. Fransadan üzümçü və şərabçı mütəxəssislər rayona gəldilər. Özlərinin ən yaxşı üzüm sortlarını burada sınaqdan keçirdilər. Həmin üzüm növləri Fransada 5-6 ilə məhsul verdiyi halda, Cəlilabadda 3-cü il bara düşdü. Bu, əcnəbi mütəxəssisləri təəccübləndirdi. Səbəb buranın torpağının münbit, insanlarının həddindən artıq zəhmətkeş və bir də bol günəşin olması idi. Hazırda rayonda 1331 hektar üzüm bağı var. Qarazəncir kəndindəki şərab zavodu isə yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilmişdir.
Rayonda ənənəvi bitkilərin əkininə son illər üstünlük verilir. Keçən il sarımsaq əkilən 54 hektardan 378 ton məhsul götürülmüş, hər kiloqramı 5-6 manata satılmışdı. Bundan həvəslənən sahibkarlar keçən ilin payızında bu ilin məhsulu üçün 250 hektarda sarımsaq əkdilər. Yaxşı gəlir əldə edəcəklərinə ümid bağlayıb əkinlərinə nümunəvi qulluq göstərdilər. Məhsul yığımı artıq başa çatmışdır. 250 hektardan 1750 ton məhsul götürülmüşdür. Lakin keçən ildəkindən fərqli olaraq alıcı azdır. Elə ona görə də məhsulu çox aşağı qiymətə - kiloqramını 50-70 qəpiyə satmağa məcburdurlar.
Noxud da keçən il yaxşı gəlir gətirmişdi. Buna görə də onun əkin sahəsini 5 min 916 hektardan 9 min 350 hektara çatdırdılar. Sahələrdə bol məhsul yetişir. Ancaq fermerlər sarımsaq kimi noxudun da satılması problemi ilə qarşılaşacaqlarından narahatdırlar.
Ümumiyyətlə, kəndlinin gərgin əməyi və vəsaiti hesabına yetişdirdiyi məhsulun onlardan sərfəli qiymətə alınması üçün lazımi tədbirlər görülməsi lazımdır. Bu sahədə daxili tələbat, ixrac məsələləri ciddi nəzərə alınmalıdır. Yəqin Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, tədarüklə məşğul olan qurumlar məsələ ilə əlaqədar təsirli tədbirlər görəcəklər.

Seyran CAVADOV,
“Azərbaycan”