17 Iyul 2018 12:07
376
İDMAN
A- A+

Çempion FRANSADIR

 

Fransa - Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizmann, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69
Moskva. “Lujniki” stadionu

Nəhayət, böyük həyəcanla izlədiyimiz futbol üzrə sayca 21-ci dünya çempionatı başa çatdı. Rusiyadakı mundial dünya çempionatları tarixinin ən möhtəşəm final matçı ilə yaddaşlara həkk olundu. Fransa-Xorvatiya qarşılaşmasında cəmi 6 qol vuruldu.
Qarşılaşmanın təhlilinə keçməzdən öncə bir neçə maraqlı məqamları diqqətinizə çatdırırıq.

 

5 il əvvəlki uğur əsas komanda ilə təkrarlandı

 

Avro-2016-nın finalında Portuqaliyaya uduzan (0:1) Fransa millisi həmin məğlubiyyətin əvəzini xorvatlardan çıxmağa çalışacaqdı. 2013-cü ildə Fransanın U-20 yığması ilə dünya çempionu olan Pol Poqba, Samuel Umtiti və digər futbolçular həmin uğuru əsas komanda ilə təkrarladılar.
Məlum olduğu kimi, xorvatlar qrup mərhələsindən sonra finaladək keçirdikləri hər üç matçda əlavə vaxt oynayıb (120 dəqiqə), onlardan ikisində penaltilər seriyasında qalib gəlmişdilər. Hətta belə bir lətifə də yaranıb ki, artıq xorvat dilində 4 zaman var: keçmiş, indiki, gələcək zaman və əlavə vaxt.
Son üç dünya çempionatının finalında oyunun əlavə vaxta qalması faktı da maraqlı məqamdır. DÇ-2006-da qalib penaltilər seriyasında müəyyənləşsə də, 2010-cu və 2014-cü il mundiallarında əlavə 30 dəqiqədə vurulan bir qol çempionluğun taleyini həll etmişdi.
Finalda qarşılaşan komandaların şəxsi görüşlərinə gəldikdə, öz ölkəsində keçirilən DÇ-1998-in yarımfinalında xorvatlara 2:1 hesabı ilə qalib gələn Fransa millisi həmin mundialı çempion kimi başa vurmuşdu. Rəqiblərin Avro-2004-də qrupdakı oyununda isə qalib müəyyənləşməmişdi - 2:2.

 

Mbappe və Modriçin dueli

 

Bu qarşılaşmaya Kilian Mbappe və Luka Modriçin dueli kimi də baxmaq olardı. Çempion komandanın üzvü bu il “Ballon d'Or”, yəni “Qızıl top”a əsas namizədlərdən biri olacaqdı. Düzdür, “Qızıl top”un tarixində hətta dünya çempionatı ilində mundialda oynamayan birisinin bu mükafatı qazanması faktı var (1978-ci ildə ingilis Kevin Kiqan). Amma son dövrlərə baxsaq, 1998-ci ildə fransız Zinəddin Zidan, 2002-ci ildə braziliyalı Ronaldo və 2006-cı ildə italiyalı Fabio Kannavaro dünya çempionu olmaqla bərabər, “Qızıl top”a da sahib çıxıblar.
2010 və 2014-cü illərdə isə bu mükafat, müvafiq olaraq, çempion ispan və alman futbolçulara deyil, həmin mundiallarda uğursuz çıxış edən argentinalı Lionel Messi və portuqaliyalı Kristiano Ronaldoya qismət olmuşdu.

 

Afrika əsilli yığma

 

Final qarşılaşmasını dünya yığması ilə bir millətin komandasının mübarizəsi kimi də dəyərləndirmək olar. Fransa komandasının heyətində, bəlkə də, əsl fransızlar yalnız müdafiəçi Benjamin Pavard və cinah oyunçusu Thauvindir. Oyunçuların əksəriyyəti Afrika əsillidir ki (Kamerun, Əlcəzair, Qvineya, Mali, Seneqal, Toqo, Anqola, Konqo, Mərakeş), onların arasında müsəlmanlar da var. Məsələn, qvineyalı Poqba.

 

Hücum edən Xorvatiya, qolu vuran Fransa

 

Moskvanın “Lujniki” stadionunda əsl futbol bayramı yaşanırdı. Görüşün argentinalı baş hakimi Nestor Pitananın start fitindən sonra matça xorvatlar daha sürətli başladılar. Topa daha çox sahib olmaqla cinahlardan təhlükəli epizodlar yaratmağa çalışırdılar. Belə epizodların birində 12-ci dəqiqədə İvan Rakitiçin rəqibin cərimə meydançasına hava ötürməsindən sonra İvan Perişiç topu istədiyi kimi qəbul edə bilmədi.
Daha çox hücum edən xorvatlar olsa da, hesabı fransızlar açdılar. 19-cu dəqiqədə Antuan Qrizmannın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top Mario Mancukiçə dəyərək qapıya daxil olub. Qoldan sonra hesabı bərabərləşdirmək üçün təzyiqləri daha da artıran Xorvatiya istəyinə çatıb. 28-ci dəqiqədə cərimə meydançasına ötürülən topu Domaqoy Vida İvan Perişiçə göndərib. Sonuncunun qüvvətli zərbəsi dəqiq olub-1:1.
Matçın 34-cü dəqiqəsində Fransa yığmasının yerinə yetirdiyi künc zərbəsindən sonra topun İvan Perişiçin əlinə dəyməsi ilə əlaqədar yaranan mübahisəli vəziyyət “VAR” sistemi ilə yenidən dəyərləndirilib. Nəticədə argentinalı referi epizodu penalti kimi qiymətləndirib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Antuan Qrizmann Fransanı yenidən hesabda irəli çıxarıb.

 

10 dəqiqəyə 3 qol

 

Fasilədən sonra ilk təhlükəli vəziyyəti Fransa yığması yaradıb. Matçın 46-cı dəqiqəsində Mbappenin ötürməsindən sonra Antuan Qrizmannın zərbəsini qapıçı Subaşiç dəf edib. 59-cu dəqiqədə isə Fransa Pol Poqbanın vurduğu baxımlı qolla hesab arasındakı fərqi iki topa çatdırıb.
65-ci dəqiqədə Kilian Mbappe Fransa millisinin dördüncü qolunu vuraraq xorvatların çempionluq ümidlərinin üzərindən çalın-çarpaz xətt çəkib.
Lakin 69-cu dəqiqədə qapıçı Uqo Lorisə pressinq tətbiq edən Mario Mancukiç qolkiperin səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldıb - 4:2. Bundan sonra tərəflərin səylərinə baxmayaraq, başqa qol olmayıb.
Beləliklə, Fransa millisi 20 illik fasilədən sonra tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

 

DÇ-2018-in ən yaxşıları

 

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.
Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kilian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına Belçika millisinin qolkiperi Tibo Kurtua layiq görülüb. İngiltərəli hücumçu Harri Keyn isə vurduğu 6 qolla DÇ-2018-in bombardiri olub.

Elçin CƏFƏROV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video