Alternative content

19:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təcrübə gəncliyi üstələdi
Təcrübə gəncliyi üstələdi
ANA SƏHİFƏ / İDMAN
12:07 15.07.2018

 

Belçika bürünc medallara sahib oldu

 

Sankt-Peterburq, “Sankt-Peterburq stadionu”, 64 min 406 tamaşaçı

 

Dünən Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən 2018-ci il dünya çempionatında  3-cü yer uğrundakı görüşdə Belçika yığması ilə İngiltərə millisi qarşılaşmışlar. Qeyd edək ki, FİFA-nın reytinqində belçikalılar 3-cü, ingilislər isə 12-ci yeri tutur. Komandalar indiyədək müxtəlif yarışlarda 22 dəfə üz-üzə gəlmişlər. Bunların 15-də İngiltərə, 2-də Belçika qələbə qazanmışdır. 5 görüş isə heç-heçə nəticələnmişdir. Vurulan qolların fərqində də ingilislər aşkar üstünlüyə malik idi - 70-26. Komandalar son dəfə bu çempionatın qrup mərhələsində qarşılaşmışlar və oyun belçikalıların  1:0 qələbəsi ilə bitmişdir.  Onu da qeyd edək ki, İngiltərə yığmasının start heyətinin orta yaşı 25 il 174 gün təşkil edir.  Bu, dünya çempionatları  tarixində ən gənc komandadır. Oyun öncəsi ekspertlərin əksəriyyəti bu amili nəzərə alaraq daha təcrübəli Belçika millisinin qalib gələcəyini proqnozlaşdırırdı. Bu proqnozlar özünü doğrultdu - təcrübə gənclikdən üstün oldu.

Oyuna gəldikdə isə iranlı hakim Əlireza Fəqaninin start fitindən sonra hücuma atılan belçikalılar artıq 4-cü dəqiqədə hesabı açmağa müvəffəq oldular. Qapıçı Kurtua Şadliyə ötürmə etdi. O isə cərimə meydançasının küncündən Menyeyə dəqiq pas verdi və Belçika yığmasının müdafiəçisi topu dizi ilə ingilislərin kiperi Pikfordun qoruduğu qapıdan keçirtdi. Bundan sonra da belçikalılar ərazi üstünlüyünə malik oldu və xeyli hücum etdi. 15 dəqiqədə  De Bröyne hesabdakı fərqi artıra bilərdi, lakin Pikford son anda ayağı ilə topu qaytara bildi.

İngilislər isə topu özlərində saxlamaqda çətinlik çəkir və rəqib qapısı qarşısında təhlükə yarada bilmirdilər. Ancaq  30-cu dəqiqədə İngiltərə millisinin hücumçusu Keyn cərimə meydançası yaxınlığından qəflətən qapıya zərbə endirdi, lakin top müdafiəçiyə toxunaraq istiqamətini dəyişdi. Bundan 5 dəqiqə sonra Şadli xəsarət aldı və oyunu davam etdirə bilmədiyinə görə Vermalenlə əvəzləndi.

Sonrakı dəqiqələrdə komandalardan heç biri fərqlənə bilmədi və birinci hissə Belçika yığmasının minimal üstünlüyü ilə bitdi.

İkinci hissə də eyni məcrada keçdi. Belçikalılar ərazi üstünlüyünə malik idi. İngilislər isə əks-hücumlara ümid edirdi. 72-ci dəqiqədə Erik Dayer Kurtua ilə üz-üzə qaldı, lakin müdafiəçi Aldeveyreld topu boş qapıdan çıxara bildi. 82-ci dəqiqədə isə Eden Hazard komandasının üstünlüyünü möhkəmləndirdi - 2:0. Görüş elə bu hesabla da başa çatdı və Belçika millisi dünya çempionatının bürünc medallarına yiyələndi.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”