Alternative content

19:53 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi inkişaf və sosial ədalətin ilkin şərti - siyasi iradə
İqtisadi inkişaf və sosial ədalətin ilkin şərti - siyasi iradə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 13.07.2018

 

Prezident İlham Əliyev bu iradəni hökumətin son iclasında bir daha nümayiş etdirdi

 

Zamanın da bərəkəti qalmayıb. Başlaması ilə qurtarması bir olur. Heç bilmirsən günlər, aylar necə keçir. Budur, 2017-ci ili sanki dünən, srağagün yola salmışdıq, artıq 2018-ci ilin yarısı arxada qalıb. Və arxada qalıbsa, deməli, hesabat dövrü, görülmüş işləri yekunlaşdırmaq, görüləcək işləri müəyyənləşdirmək vaxtıdır.
Bu baxımdan Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ənənəvi hesabat iclaslarının təkcə hökumət və dövlət qurumları yox, hər bir ölkə vətəndaşı üçün xüsusi əhəmiyyəti var. Həmin əhəmiyyətin isə mahiyyəti ondan ibarətdir ki, məhz bu iclaslar zamanı hamımız ölkəmizin sosial-iqtisadi sahələrindəki vəziyyətdən təfsilatı ilə xəbər tutur, gündəlik həyatımızda, dolanışığımızda bəzən əhəmiyyət vermədiyimiz, bəzən də fərqinə varmadığımız dəyişikliklərin səbəblərini bilir, yaxın gələcəkdə xalqımızı və Azərbaycanı nələr gözlədiyini, yəni, dövlətin və hökumətin hədəflərini öyrənirik.
Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən iclası da bu mənada istisna olmadı. Əgər bu iclası digərlərindən fərqləndirən, daha doğrusu, istisna edən bir cəhət oldusa, o da 4 gün əvvəl dövlət başçısının yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı müşavirənin keçirilməsi idi. Bəri başdan deyək ki, Prezident hökumətin son iclasında bu məsələyə yenidən qayıtdı və bununla bir daha sübut etdi ki, baş vermiş məlum qəza nəticəsində bir neçə saatlıq olsa belə, ölkənin enerji təchizatında yaranmış vəziyyətlə heç cür barışmır və problemin səbəblərinin təcili aradan qaldırılmasında israrlıdır: “...baş vermiş qəza onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir... Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahat qəbul etmirəm”. Eyni zamanda, Prezidentin bu məsələdə də təmkin nümayiş etdirməsi, tələskənliyə yol verib günahsızları cəzalandırmaqdan uzaq olması açıq-aydın görünür: “Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik... Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır”.
Onu da qeyd edək ki, dövlət başçısının hökumətin budəfəki iclasında iradları təkcə enerji təchizatı sistemindəki mövcud vəziyyətlə bağlı deyildi. Prezident hansı sahədəki vəziyyətdən söz açdısa, oradakı müsbət tərəflərlə yanaşı, çatışmazlıqları və problemləri də qeyd etdi, onların təcili aradan qaldırılmasının vacibliyini və əks halda, təqsirkarların cəzalandırılacağını vurğuladı. Götürək tikinti sahəsini. “Narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur. Son illər bu sahədə böyük işlər görülüb. Azərbaycanın demək olar ki, bütün şəhərləri tikinti meydançasına çevrilib. Həm dövlət kapital qoyuluşu, həm də özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir” - deyən dövlət başçısı bu sektordakı çatışmazlıqlara da obyektiv və prinsipial qiymət verdi: “Ancaq biz nəyi görürük? Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına... Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin”.
Dövlət başçısının bu qətiyyətini onun paytaxtın nəqliyyat sektorundakı problemlərdən söz açarkən də görmək mümkündür. Bəzən çoxumuza elə gəlir ki, Prezidentin xalqı rahatsız edən bir çox məsələlərdən, camaatın şikayətçi olduğu bəzi sahələrdən xəbəri yoxdur. Amma elə deyil. Dövlət başçısı dəfələrlə sübut edib ki, onun ən çox diqqət yetirdiyi, məşğul olduğu işlər arasında birbaşa xalqa aid olan məsələlər ön sıradadır. Bakının nəqliyyat sektorundakı vəziyyət də onlardan biridir və Prezident hökumətin son iclasında bu sahəyə nahaqdan iradlarını bildirmədi: “Dayanacağın yerində binalar tikirlər... Rayon icra hakimiyyətləri dayanacaqların yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar... Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin”. Yəqin ki, dövlət başçısının əsasən yerli icra orqanlarının ünvanlarına söylədiyi bu kəskin tənqidi əlavə şərh etməyə ehtiyac yoxdur. Ehtiyac olan nə isə varsa, o da rayon və şəhər icra hakimiyyətlərinin həmin tənqiddən nəticə çıxarmalarıdır. Əks halda, onları ciddi cəza gözlədiyinə şübhə etməsinlər.
Ən azından, əhalinin sosial müdafiəsi sahəsində buraxılan səhvlərə görə məlum nazirliyin rəhbərliyinin vəzifədən azad olunmasını unutmasınlar. Unutmasınlar ki, dövlət başçısı kadrlara münasibətdə nə qədər humanist və ədalətlidirsə, bir o qədər tələbkar və prinsipialdır, xüsusən də söhbət xalqın birbaşa güzəranına və dolanışığına təsir edən sosial məsələlərdən gedəndə. “Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir...” - deyən Prezident sözügedən müşavirədə keçmiş rəhbərlik vaxtı buraxılmış səhvlərə də aydınlıq gətirdi: “...bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardım alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar çoxdur, indi ciddi araşdırmalar aparılır”. Araşdırmalar aparılırsa, deməli, günahı olanlar tezliklə müəyyən ediləcək və onlar layiqli cəzalarını alacaqlar.
Amma başlıcası, bu cür cəzalardan başqalarının dərs götürmələridir. Təəssüf ki, tamah və nəfs bir çoxlarına “öz böyük qardaşının çıxan gözü”ndən dərs götürməyə imkan vermir. Versəydi, gör neçə ildir ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə yox, müharibə elan edilib, haram tikəyə əl uzadan olmazdı. Təəssüf ki, belələri hələ də var və onlar yenə də ən yüksək səviyyədə hədəfdə olduqlarını anlamırlar: “Korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq” - söyləyən Prezident bu mübarizədə əlavə vasitələrdən istifadə olunmasının vacibliyini də önə çəkir. Həmin vasitələrdən biri institusional mexanizmlər, digəri isə beynəlxalq təcrübədir: “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün... Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur... Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə də ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır”. Ümumiyyətlə, Azərbaycanda əksər sahələr üzrə beynəlxalq təcrübədən istifadə edilir və səmərəsi də az olmur. Bunu nəzərə alsaq, sözügedən sahədə də beynəlxalq təcrübənin istənilən nəticəni verəcəyinə əminlik çoxdur.
Əminliyi artıran başqa bir səbəb isə, dövlət başçısının bu mübarizədə siyasi iradə nümayiş etdirməsidir. Özünün dediyi kimi: “Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var...” Və çox yaxşı haldır ki, ən yüksək səviyyədə siyasi iradə təkcə korrupsiyaya və rüşvətə qarşı mübarizədə yox, bütün prinsipial problemlərin həllində var və biz bunun Nazirlər Kabinetinin son iclasında bir daha şahidi olduq.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”