Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

05:42 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görkəmli alim və elm təşkilatçısı
Görkəmli alim və elm təşkilatçısı
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 13.07.2018

 

Bu ilin avqust ayında Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti, respublikada yarımkeçiricilər fizikası məktəbinin əsasını qoyan, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır.

Akademik Həsən Abdullayevin şəxsiyyətini, onun həm elmi təfəkkürün, həm də bütövlükdə ictimai düşüncənin inkişafında oynadığı rolu, xalqımızın sosial-mədəni tərəqqisinə verdiyi töhfələri dəyərləndirmək üçün çoxşaxəli fəaliyyətinə bir neçə aspektdən nəzər salmaq lazımdır. Həsən Abdullayev elmi, elmi-təşkilati və ictimai fəaliyyəti ilə ötən əsrin 70-ci illərində Azərbaycanın intellektual potensialının müasir tələblər səviyyəsində təşkilində, yüksək ixtisaslı kadr potensialının formalaşmasında, elmimizin mühüm nailiyyətlər əldə etməsində, keçmiş SSRİ və dünya miqyasında respublikanın elmi uğurlarının tanıdılmasında böyük xidmətlər göstərmişdir. Mübaliğəsiz demək olar ki, Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə əsl elmi renessans, intellektual dirçəliş mərhələsi kimi daxil olmuşdur. Çoxsaylı “ilk”lər, prioritet istiqamətlərin formalaşması, elmi istiqamətlərə uyğun yeni qurumların yaradılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi, maddi-texniki bazanın formalaşdırılması onun adı ilə bağlıdır. Həm keçmiş SSRİ-də, həm də dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan Azərbaycanın çoxsaylı elmi uğurları məhz ötən əsrin 70-ci illərinə təsadüf edir.
Həsən Abdullayevin 70-80-ci illərdə akademiya qarşısında hansı missiyanı həyata keçirdiyini bilmək üçün həmin dövrdə respublikada baş verən ictimai-siyasi hadisələri geniş müstəvidə nəzərdən keçirmək lazımdır. Şübhəsiz ki, görkəmli alimin əldə etdiyi nailiyyətlərin əsasında o dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin bilavasitə dəstəyi və qayğısı dayanırdı. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə başlayarkən Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış aqrar respublikalarından biri idi. Ulu öndər respublikanı düşdüyü bu vəziyyətdən çıxarmaq üçün onu qabaqcıl texnologiyalara əsaslanan sənaye cəmiyyətinə çevirməyi qarşıya məqsəd qoymuşdu. Bu isə ilk növbədə, elmin yeni meyarlar əsasında inkişafını tələb edirdi. Heydər Əliyevə bu sahədə elə kadr lazım idi ki, respublikada elmi idarəetmə sisteminin tamamilə yenidən qurulması, fəaliyyətin daha səmərəli təşkili, həyata keçirilən elmi tədqiqatların akademiya tərəfindən uğurlu koordinasiyası istiqamətində kompleks tədbirləri həyata keçirə bilsin. Həmin illərdə ümummilli lider Heydər Əliyevin ideyalarını reallaşdırmaq, aqrar cəmiyyətdən yüksək texnologiyalara əsaslanan sənaye cəmiyyətinə keçid konsepsiyasını elmi baxımdan yerinə yetirmək missiyası akademik Həsən Abdullayevə nəsib oldu.
H.Abdullayev akademiyaya prezident seçildikdən sonra texnologiyaların ölkəyə gətirilməsi, yeni müəssisələrin formalaşdırılması prosesinə başladı. Həmin illərdə akademiyanın maddi-texniki bazası əsaslı olaraq gücləndirildi, təbiət və texnika elmləri sahəsinə aid müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyalar formalaşdırıldı.
O illərdə yüksək texnologiyalara əsaslanan sənaye cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti elm və istehsalat arasında uğurlu əlaqələrin qurulmasını günün mühüm tələbləri kimi irəli sürmüşdü. Məhz belə bir zərurətin nəticəsi olaraq bilavasitə Həsən Abdullayevin rəhbərliyi ilə akademiyanın elmi-təşkilati strukturunda konstruktor büroları yaradıldı, sənayenin müxtəlif sahələri üzrə
elmtutumlu müəssisələr təşkil edildi. Bununla da elmin ölkə iqtisadiyyatının inkişafında yaxından iştirakı üçün əlverişli zəmin formalaşdırıldı. Bu gün biz tam əminliklə deyə bilərik ki, ötən əsrin 70-80-ci illərindəki sənayeləşmə hərəkatı məhz Azərbaycanda təbiət və texniki elmlər sahəsindəki nailiyyətlərə əsaslanırdı.
Akademik Həsən Abdullayev neft sahəsində araşdırmalara da xüsusi önəm verirdi. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin bir hissəsi, Xəzər dənizinin zəngin neft-qaz ehtiyatları alimlərimiz tərəfindən, əsasən bu dövrdə aşkarlanmışdır. İstər sovet hakimiyyəti illərində, istərsə də sonrakı dövrlərdə müstəqil Azərbaycanın neft strategiyasının reallaşmasında, əsrin müqaviləsinin həyata keçirilməsində həmin illərdə akademiyada bu istiqamətdə görülən işlər mühüm rol oynamışdır. Əgər 70-ci illərdə neft geologiyası və neft-kimya sahəsində nailiyyətlər əldə edilməsəydi, bu istiqamətlər üzrə elmi-tədqiqat müəssisələri fəaliyyət göstərməsəydi, yəqin ki, neft-qaz sənayesinin inkişafı bu səviyyəyə yüksələ bilməzdi. Odur ki, nəinki ötən əsrin 70-80-ci illərinin, hətta müstəqillik dövrü Azərbaycanın neft strategiyasının əsasında məhz bu sahədəki mühüm elmi araşdırmalar dayanır.
Həsən Abdullayevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də onun beynəlxalq əlaqələri inkişaf etdirməsidir. Şəxsi təşəbbüsləri sayəsində akademiyanın keçmiş SSRİ-nin müxtəlif elmi mərkəzləri ilə səmərəli əməkdaşlığı sahəsində mühüm irəliləyişlər əldə edilmişdir. O illərdə birgə elmi tədqiqatların aparılması, beynəlxalq konfrans və simpoziumların təşkili geniş vüsət alıb. Akademiyaya rəhbərliyi dövründə istedadlı azərbaycanlı gənclərin təcrübə keçmək, oxumaq məqsədilə SSRİ-nin müxtəlif elm və təhsil mərkəzlərinə göndərilməsi intensiv xarakter almağa başlayır. Həmin kadrlar böyük intellektual qüvvə kimi sonrakı on illərdə həm elm və təhsil sferasında, həm də dövlət idarəçiliyi işlərində böyük töhfələr verdilər.
Akademik Həsən Abdullayev ictimai-humanitar elm sahələrinin inkişafına da xüsusi diqqət yetirirdi. Onun EA-ya rəhbərliyi dövründə Azərbaycan milli varlığının, milli mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bütövlükdə isə milli ideologiyanın formalaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür. Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin tədqiqi yönümündə araşdırmaların genişləndirilməsini xüsusilə qeyd etmək istərdik. Həsən Abdullayev bu istiqamətdə həyata keçirdiyi tədbirlərdə həmin illərdə Heydər Əliyev tərəfindən gerçəkləşdirilən milli-mənəvi dəyərlərin qorunması siyasətinə əsaslanırdı.
Həsən Abdullayevin elmi-təşkilati fəaliyyəti ilə bağlı bir məsələni də xüsusi vurğulamaq istərdik. Ötən əsrin 70-ci illərində yaradılan güclü elm sistemi respublikada təhsilin sürətlə formalaşmasına təkan vermiş, təhsili yüksəkixtisaslı elmi-pedaqoji kadrlarla təmin etmiş, bir sıra yeni fənlərin tədrisi üçün geniş elmi imkanlar açmışdır. Azərbaycanın ali təhsil müəssisələrinin prioritet hesab olunan yeni fənn kafedraları və fakültələri hesabına genişləndirilməsi məhz akademik elmi tədqiqatlar nəticəsində mümkün olmuşdur. Həmin fənlər üzrə tədrisin həyata keçirilməsi Elmlər Akademiyasının yetişdirdiyi kadrlar hesabına aparılmışdır.
Həsən Abdullayev elmi nailiyyətlərin geniş ictimaiyyət arasında yayılmasının böyük təbliğatçısı idi. O, elmi biliklərin kütləviləşdirilməsi yolunu həm də gənc istedadların üzə çıxarılması və onların elm sahəsinə cəlb edilməsinin ən real vasitələrindən biri hesab edirdi. Görkəmli alimin bilavasitə rəhbərliyi altında alimlər tez-tez Azərbaycanın bölgələrində olur, dünyada və respublikada elmin nailiyyətləri barədə məlumatları xalqa çatdırırdılar.
Bu gün biz Azərbaycanda İKT-nin inkişafından, bu sahədə elmi araşdırmaların vəziyyətindən fəxrlə danışırıq. Xüsusi olaraq qeyd etmək istərdik ki, bu inkişafın əsasında ötən əsrin 70-ci illərində akademik Həsən Abdullayevin böyük uzaqgörənliklə həyata keçirdiyi tədbirlər dayanır. Həmin illərdə kibernetikanın, riyazi modelləşmənin və kompüter texnologiyalarının tətbiqi ölkəmizdə informatika elmlərinin inkişafını xeyli sürətləndirdi.
Bütün vaxtını, enerjisini akademiyanın inkişafına həsr etmiş, olduqca gərgin iş qrafikinə malik olan Həsən Abdullayev elmi fəaliyyətində bir an belə, fasiləyə yol verməmişdir. Təkcə Fizika İnstitutunda onun rəhbərliyi ilə həyata keçirilən elmi işlər ayrıca bir söhbətin mövzusudur. O, institutun elmi-tədqiqat istiqamətini müəyyənləşdirərkən, ilk növbədə, müasir fizikanın və elektronikanın inkişafına gətirib çıxaran fundamental və tətbiqi əhəmiyyətli mövzulara üstünlük verirdi. İnstitutda müasir eksperimental bazanın yaradılması, əsas istiqamətlər üzrə nəzəri tədqiqatların aparılması, yüksək ixtisaslı kadrların yetişdirilməsi, İttifaqın və dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzləri və alimləri ilə əlaqələr yaradılması, ali məktəblərdə müasir təhsil kafedralarının və respublikada müasir sənaye sahələrinin təşkili məsələlərinə xüsusi diqqət yetirirdi.
Görkəmli alimin və tələbələrinin gərgin əməyi, axtarışları sayəsində qısa müddətdə selen, tellur, onların mürəkkəb birləşmələrinin, üçüncü və altıncı qrup elementləri xalkogenidlərinin mükəmməl monokristallarının alınma texnologiyası işlənərək kompleks tədqiq olunmuşdur. Araşdırmaların nəticəsində keçmiş İttifaqda yüksək təmizliyə malik selen istehsal edən sənaye sahəsi, yeni yüksək effektivli selen çeviriciləri və bunlar əsasında yeni qurğular yaradılmışdır. İnstitutda alınmış yeni yarımkeçirici kristalların optik, fotoelektrik xassələrinin və energetik quruluşlarının tədqiqi üzrə fundamental işlər əsasında, infraqırmızı oblastda qallium selen kristalının bir çox parametrlərinə görə mövcud digər qeyri-xətti kristallardan xeyli üstün olduğu, onların Kvant elektronikası, qeyri-xətti optika və optik generatorların yaradılmasında perspektivliliyi aydınlaşdırılmışdır. Laylı quruluşa malik bu kristallarda elektron, fonon spektri, bu spektrlə kristal quruluşu arasında əlaqə müəyyənləndirilmiş, onlarda stimullaşdırılmış şüalanma, bərk cisim fizikasında yeni obyekt olan elektron-deşik mayesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkar edilmiş, yeni seqnetoelektrik yarımkeçirici materiallar sinfi müəyyənləşdirilərək, onlarda nisbətsiz fazaların mövcudluğu göstərilmişdir.
Birinci və üçüncü qrup elementləri xalkogenidlərinin strukturu və elektrik xassələrinin birgə tədqiqi sayəsində ilk dəfə olaraq idarə edilən aşırıcılar və onlar əsasında məlumatı yazan sabit xatırlayıcı üçün informasiya toplayıcıları yaradılmışdır. Yeni üçqat birləşmələrin tədqiqi əsasında pyezorezistiv effekt aşkarlanmış, spektrin görünən və infraqırmızı oblastları üçün effektli qəbuledicilər və həssas elektrofotoqrafik lay yaradılmışdır.
Fəaliyyətinin ilk illərindən onun yaradıcılığında elektron-deşik keçidlərində generasiya-rekombinasiya proseslərinin kompleks tədqiqi, yeni növ bərk cisim işıq mənbələri, yüksək effektivli termoelektrik materialları və onlar əsasında termoelektrik çeviricilərinin işlənib tətbiq edilməsi məsələləri də mühüm yer tutmuşdur. Bu tədqiqatlar nəticəsində xüsusi texnikada, məişətdə, tibdə geniş istifadə oluna bilən qurğular yaradılaraq istifadəyə verilmişdir.
Hələ 1952-ci ildə onun selenin spektral həssaslığının gözün spektral həssaslığına uyğunluğuna əsaslanaraq selenin canlıların görmə sistemindəki rolu haqda irəli sürdüyü elmi ideya 70-ci illərdə apardığı geniş tədqiqatlarla təsdiq olunmuş və tətbiqini tapmışdır. Olduqca maraqlıdır ki, Həsən Abdullayev biofiziki tədqiqatlara hələ o dövrdə xüsusi diqqət yetirirdi. Alimin təşəbbüsü ilə Fizika İnstitutunda biofizika laboratoriyası yaradılmış və burada aparılan tədqiqatlara özü rəhbərlik etmişdir.
Akademik tərəfindən amorf və şüşəvari yarımkeçiricilər, süni anizotrop kristallar, polimer kompozitlər və digər materiallarda elektron və fononproseslərinin tədqiqi üzrə də geniş tədqiqatlar aparılmışdır. Tədqiqatlar yüksək təmizliyə və təkmilliyə malik monokristal nümunələrlə yanaşı, həm də nazik və epitaksial təbəqələrdə, nizamsız və qismən nizamsız sistemlərdə aparılırdı. Bu tədqiqatlar kondensə olunmuş halın fizikasının və texnikasının inkişafına səbəb olmuşdu.
Akademik Həsən Abdullayevin təşəbbüsü, rəhbərliyi və birbaşa iştirakı ilə Fizika İnstitutunda aşağı temperaturların (maye helium, hidrogen, azot) alınması və bu temperaturlarda kompleks tədqiqatların aparılması, müxtəlif rezonans metodların tətbiqi ilə tədqiqatlar da inkişaf etdirilmişdir. Onun qayğısı ilə institutda fiziki kimya, molekulyar spektroskopiya, elektrofizika, nüvə fizikası, yüksək enerjilər fizikası üzrə fundamental tədqiqatlar genişləndirilmiş, institutun laboratoriyaları texnikanın son nailiyyətləri olan geniş diapazonlu və yüksək dəqiqliyə malik cihaz və qurğular, yüksək təmizlikli materiallarla təmin olunmuşdur.
Xalqının dərin rəğbətini qazanan Həsən Abdullayev ictimai işlərdə də fəal iştirak etmişdi. O, SSRİ Ali Sovetinin iki çağırış deputatı, Azərbaycan KP MK-nın üzvü, bir sıra qurultayların nümayəndəsi seçilmiş, Azərbaycan Dövlət Mükafatları Komitəsinin, respublika “Bilik” Cəmiyyətinin, “Fizika Problemləri” Elmi Şurasının sədri, SSRİ EA Rəyasət Heyəti yanında “Yarımkeçiricilər fizikası və kimyası” problem Elmi Şurasının, SSRİ AAK İdarə Heyətinin üzvi olmuşdur.
Görkəmli alim elmi nailiyyətlərinə və böyük elmi-təşkilatçılıq fəaliyyətinə görə SSRİ-nin ən yüksək ordenlərinə, SSRİ EA-nın S.İ.Vavilov adına medalına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və digər mükafatlara layiq görülmüşdür.
Həsən Abdullayevlə birlikdə işləmək, bu dahi şəxsiyyətlə ünsiyyətdə olmaq mənə də nəsib olmuşdur. Onun zəngin həyat təcrübəsi, hadisələrə müdrik münasibəti əsl həyat məktəbi idi. Bununla bağlı bir xatirəni qeyd etmək istərdim. O vaxtlar, biz geologiya idarəsinin Azərbaycanda qazdığı iki quyudan götürülmüş süxur nümunələrini tədqiq edirdik. Gözlənilmədən kernlərdə almaz dənəcikləri aşkar edildi. O zaman, təzəcə Geologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdim və bu xəbəri Elmlər Akademiyasının prezidenti Həsən Abdullayevə çatdırmağa tələsdim. Onun bu “sensasiyanı” çox sakit qəbul etməsi məni çox təəccübləndirdi. Həsən Abdullayev dedi: “Akif, iki-üç, hətta çox dəqiq aparılmış və dəfələrlə yoxlanılmış təcrübələrə görə əsaslı nəticəyə gəlmək olmaz. Bunun üçün ardıcıl eksperimentlər, geniş statistik məlumatlar, nəzəri əsaslar və s. olmalıdır. Əks halda, xəta ehtimalı olduqca böyük olur və buna yol vermək olmaz, çünki bu bizi yanlış nəticəyə gətirib çıxarar. Bir də fikirləş, bəlkə bu almaz dənəcikləri qazma alətinin almaz baltası ilə əlaqədardır”. Sonrakı tədqiqatlar göstərdi ki, o, tamamilə haqlıymış. İşə belə ciddi və düşünülmüş yanaşma, mənim üçün bütün həyatım boyu dərs oldu. Həsən müəllim akademiyanın prezidenti olanda, Azərbaycan EA Rəyasət Heyətinin geniş iclaslarında belə ibrət dərslərinin dəfələrlə şahidi olmuşam. O, iclasları nümunəvi aparırdı: əsas problemləri dürüst ayırır, ikinci dərəcəli və lazımsız məsələləri kənara qoyur, digər məsələləri perspektivə yönəldirdi.
Məlumdur ki, ötən əsrin 80-ci illərinin ortalarından cəmiyyətdə gedən ümumi ictimai-siyasi hadisələrin təsiri ilə Azərbaycan elmində tənəzzül prosesləri getdikcə güclənməyə başladı, Həsən Abdullayevin rəhbərliyi ilə formalaşdırılmış elmi potensial tədricən zəiflədi. 1990-1993-cü illərdə bu tənəzzül özünün kəskin böhran mərhələsinə keçdi, hətta akademiya bağlanmaq təhlükəsi ilə üz-üzə qaldı.
Lakin yenidən 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Elmlər Akademiyası bağlanmaq təhlükəsindən xilas oldu, yeni inkişaf mərhələsinə qədəm qoydu. Hazırda akademiyada intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasına adekvat olaraq elmi fəaliyyət sahəsinin modernləşməsi istiqamətində islahatlar həyata keçirilməkdədir. İslahatlar AMEA-da elmi-təşkilati fəaliyyətin yeni əsaslarla təşkili, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi-innovativ və praktiki fəaliyyət, hüquqi islahatlar, gənclər siyasətinin həyata keçirilməsi, elm və təhsilin inteqrasiyası, elektron elmin formalaşması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, elmin populyarlaşdırılması və ictimaiyyətlə münasibətlərin qurulması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması və s. istiqamətləri əhatə edir. Göründüyü kimi, bu istiqamətlərin əksəriyyəti vaxtilə akademik Həsən Abdullayevin Elmlər Akademiyasında başladığı və uğurla həyata keçirdiyi işlərdir.
Görkəmli alim Həsən Abdullayevin titanik elmi və elmi-təşkilati fəaliyyəti sayəsində keçmiş SSRİ və dünya miqyasında nüfuzlu bir quruma çevrilən Elmlər Akademiyası fəaliyyətini bu gün də yeni tələblər səviyyəsində davam etdirməkdədir. Onun yaxın perspektivdəki hədəfi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kimi Azərbaycanı elm mərkəzinə çevirməkdir.

Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti,
akademik


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM