08 Iyul 2018 02:07
411
İDMAN
A- A+

28 İLLİK HƏSRƏTƏ SON

 

İsveç - İngiltərə - 0:2

Qollar: Harri Maquayr, 30;

Dele Alli, 59

Samara. “Kosmos Arena”

 

Dünən dünya çempionatında günün ilk yarımfinalçısı İsveç-İngiltərə matçından sonra məlum oldu. Xatırladaq ki, bu komandaların bundan əvvəlki mundiallarda  iki görüşü heç-heçə başa çatmışdı (DÇ- 2002-də 1:1,  DÇ-2006-da 2:2). 

O da maraqlıdır ki, xokkey yarışlarında 11 dəfə dünya çempionu olan isveçlilər futbolda ən yaxşı nəticəni öz ölkələrində DÇ-1958-də göstərərək 2-ci yeri tutublar. İndi bu nailiyyətə çatmaq üçün isveçlilər bu dəfə İngiltərə səddini aşmalı idi. Amma bu olmadı.

İsveç millisi hazırkı mundialda heyətə dəvət almayan  İbrahimoviçlə Avro-2004-də 1/4 finala yüksəlmişdi. Odur ki, bu dəfə onun oynamaması çoxlarını təəccübləndirmişdi. Seçmə mərhələnin qrupunda Hollandiyanı qabaqlayan, pley-offunda İtaliyadan güclü olan, final turnirində qrupda Almaniyanı geridə qoyan, nəhayət, 1994-cü ildən sonra ilk dəfə mundialda 1/4 finala yüksələn İsveç futbolçuları növbəti sensasiyaya imza atmaq istəyirdilər.

İngiltərə millisi də 2006-cı ildən sonra yenidən mundialda 1/4 finala çıxmaqla azarkeşlərini sevindirib. Bundan başqa, ingilislər dünya çempionatlarında ilk dəfə penaltilər seriyasında qalib gəlməklə tilsimi qıra biliblər (DÇ-1990, DÇ-1998 və DÇ-2006-da məhz penaltilərdə uduzaraq mübarizəni dayandırmışdılar). Onlar oyun zamanı da penaltidən 3 qol vurmaqla hazırkı yarışda öndədirlər.

Bu qarşılaşmayadək komandasının 9 qolundan 6-nı vuran Harri Keyn də Qari Linekerdən sonra dünya çempionatının bombardiri olan ikinci ingilis kimi tarixə düşməyə çox yaxındır.

İsveç-ingiltərə komandalarının görüşündə mübarizənin əsasən meydançanın mərkəzində gedəcəyi düşünülürdü. Lakin gözlənildiyinin əksinə olaraq hollandiyalı referi Byörn Kuypersin idarə etdiyi matça ingilislər daha sürətli başladılar. Hücumları cinahlardan quran İngiltərə yığması qol vurmaq üçün bir neçə dəfə fürsətdən yararlana bilmədi. Lakin  ilk hissənin sonuna yaxın ingilislər istəklərinə çatdılar. Eşli Yanqın künc zərbəsindən hava ötürməsini başla dəqiq tamamlayan Hari Maquayer adını tabloya yazdırdı - 1:0.

Fasilədən sonra təzyiqi daha da artıran “dumanlı albion” təmsilçiləri matçın 59-cu dəqiqəsində rəqibi ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur etdilər. Cesi Linqardın hava ötürməsini Deli Alli dəqiq baş zərbəsi ilə tamamladı - 2:0.

Bundan sonra tərəflərin qol vurmaq üçün kifayət qədər imkanları olsa da, başqa qol olmadı.

Beləliklə, ingilislər 1990-cı ildəki dünya çempionatından sonra adlarını yenidən yarımfinala yazdırıblar.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video