Alternative content

11:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR AQŞ-nin dəstəyi ilə MIT-Azərbaycan Qlobal Startap Laboratoriyası fəaliyyətə başlayıb
SOCAR AQŞ-nin dəstəyi ilə MIT-Azərbaycan Qlobal Startap Laboratoriyası fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Təhsil
12:07 06.07.2018

 

SOCAR AQŞ MMC-nin sosial məsuliyyət proqramı çərçivəsində Massaçusets Texnologiya İnstitutu (MIT) ilə birgə həyata keçirdiyi ilk MIT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimi ADA Universitetində keçirilib.

MMC-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan yeni müəssisələrin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir.

MIT-nin müsabiqə komissiyası proqramda iştirakla bağlı müraciət etmiş müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər arasından ən istedadlı 30 tələbəni seçərək onlara 7 həftəlik intensiv kursda iştirak etmək hüququ verib.

Proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin istedadlı tələbələri ilə yanaşı, dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də var.

İlk MIT-Azərbaycan Qlobal Startap Laboratoriyasının açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru professor Hafiz Paşayev deyib ki, startap laboratoriyasının fəaliyyətə başlaması ölkənin sahibkarlıq ekosisteminin təkmilləşməsinə əhəmiyyətli dərəcədə təkan verəcək: “Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan, xarici dil və yüksək texniki biliklərə malik olan gənclərin MIT-Azərbaycan Qlobal Startap Laboratoriyasında bir araya gəlməsi çox xoşdur. Xüsusilə də iştirakçılar arasında gender balansının gözlənilməsi, qızlarımızın da fəal olaraq kursda iştirak etmələri təqdirəlayiqdir. ADA Universitetinin İnnovasiyalar Mərkəzi də startap laboratoriyasının bizim universitetdə fəaliyyətə başlaması fürsətindən yararlanaraq həm işçilərini bu proqrama cəlb edəcəklər, həm də ideyaların inkişaf etdirilməsi baxımından zəngin təcrübə qazanmış olacaqlar”.

SOCAR AQŞ MMC-nin baş direktoru Ramin İsayev proqramda iştirak etmək hüququ qazanmış tələbələri təbrik edib, onlara tədris müddətində müvəffəqiyyətlər arzulayaraq deyib: “Bildiyiniz kimi, “kompüter texnologiyalarının mərkəzi” adlandırılan Massaçusets Texnologiya İnstitutu elm və texnologiya və süni intellekt sahələri üzrə dünya lideridir. MIT çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Təsadüfi deyil ki, biz məhz bu məşhur elm ocağının startap laboratoriyasını pilot layihə olaraq Azərbaycana, siz gənclər üçün gətirmişik. İntensiv kurs ərzində siz, ideyalarınızı təkmilləşdirmək üçün çərçivə prinsiplərini öyrənəcəksiniz. Bu biliklər sayəsində siz öz ideyalarınızı yerli və milli səviyyədən qlobal səviyyəyə daşıya biləcəksiniz. Məqsədimiz siz gənclərin vasitəsilə ölkəmizin gənc innovativ sahibkarlıq mühitinin inkişafına dəstək verməkdir”.

MIT-Azərbaycan Startap Laboratoriyasının qrup lideri Katherine Curiel Azərbaycanda startap laboratoriyasının ilk intensiv kurs təlimatçısı olduğundan qürur duyduğunu qeyd edib: “MIT məzunu olaraq müxtəlif ölkələrdə işləmək, ən yaxşı təcrübə və müasir yanaşmaları gənclərə aşılamaq böyük məsuliyyət tələb edir. İnanıram ki, azərbaycanlı gənclər onlar üçün yaradılmış bu nadir fürsətdən lazımınca yararlanacaqlar. Bu pilot layihənin nəticəsi yeni təşəbbüslərin yaranmasına və daha geniş vüsət almasına böyük təkan verəcək”.

Qeyd edək ki, tədris müddətində gənclərə startap biznesinin təsis edilməsi ilə bağlı dəstək veriləcək. Gənc ideya müəllifləri investorlar, startap və inkişaf mərkəzlərinin nümayəndələri və ölkəmizin startap ekosisteminin aparıcı qurumları ilə görüşəcək. Məzunlar MIT-nin qlobal startap və ideya müsabiqələrində iştirak edə biləcəklər. Bununla da qlobal startap laboratoriyası gənc sahibkarların qlobal maliyyə, innovasiya və startap ekosistemlərinə çıxış imkanlarını genişləndirəcək.

SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də magistr dərəcəsində təhsil alan tələbələr üçün Yay Təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbələr üçün SOCAR AQŞ Tələbə Təqaüdü təsis edilib.

SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.