Alternative content

11:54 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kökdən düşməyən” səslər...
“Kökdən düşməyən” səslər...
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 05.07.2018

 

Onlar 50 ildir Azərbaycan Dövlət Səs Yazıları Arxivində qorunan mənəvi sərvət kimi dəyərlidirlər

 

Hər bir xalqın və dövlətin tarixində elə maddi mədəniyyət nümunələri olur ki, zaman keçdikcə mahiyyəti, dəyəri üzə çıxır. Belə milli sərvətlərdən biri də səsdir. Həmin səslər “zamana, dövrə baş əymir”, “qocalmır”, “kökdən düşmür”lər.
Digər tarixi abidələrlə yanaşı, səs və video yazıların da qiymətli arxiv sənədləri kimi mühafizəsinə ehtiyac var. Çünki bunlar da xalqın mənəvi sərvətlərindən sayılır. Axı, onların arasında yalnız mədəniyyət və incəsənət fədailərinin deyil, eyni zamanda, ictimai-siyasi və dövlət xadimlərinin də səsləri var. Məhz bu kimi amillər nəzərə alınaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 5 aprel 1968-ci il tarixli qərarı ilə respublika Dövlət Səs Yazıları Arxivi yaradılıb.
Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivi arasında ən gənci də məhz haqqında söz açmaq istədiyimiz, bu il 50 illiyi qeyd ediləcək, Müstəqil Dövlətlər Birliyi məkanında ikinci sayılan Dövlət Səs Yazıları Arxividir.

 

Ulu öndərin 700 saatdan artıq səsi yazılmış lentlər

 

Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin direktoru, əməkdar mədəniyyət işçisi Həsənxan Mədətov muzey kimi zəngin, mənəviyyat guşəsi olan arxivin ayrı-ayrı salonlarında yaradılan və göz bəbəyi kimi qorunan fondlarla bizi tanış edərkən söhbətə məhz bu səs məbədinin yaradılmasından ötən 50 il ərzində görülən işlərdən başladı: “Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir. Vala “Vağzalı” və “Mirzəyi” rəqs havaları yazılıb. Həmin rəqs havalarını Varşavanın “Sport-Rekord” səsyazma şirkətinin avropalı əməkdaşları ifa edərək yazdırmışlar. 1910-cu ildə buraxılan bu val musiqimizin Avropada xüsusi maraq doğurduğunu bir daha sübut edir.
Ölkəmizin ictimai-siyasi və iqtisadi həyatını əks etdirən fondda minlərlə xüsusi qiymətli fono və video yazılar saxlanılır. Onların arasında ulu öndər Heydər Əliyevin həyatını və coşqun fəaliyyətini əks etdirən fono-video sənədlər tam şəkildə xüsusilə arxivin qiymətli fondunda mühafizə edilir ki, onların ümumi səslənmə müddəti 700 saatdan artıqdır”.

“Heydər babaya salam” şairin öz ifasında

 

Arxivin fono sənədləri arasında Cənubi Azərbaycanın və Türkiyə Cümhuriyyətinin mədəni-ədəbi mühitinə dair xeyli miqdarda qiymətli səs yazıları da var. Bu sənədlər arasında ilk nəzər-diqqəti cəlb edən Şərqin görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın səsi yazılmış lentlərdir. Ömrü boyu Bakını görmək və dostları ilə görüşmək arzusu ilə yaşayan ulu şair göz yaşlarını həmin məktublara qatıb, hıçqırtı ilə oxuyaraq lentə yazdırmış və bizlərə ərməğan etmişdir. Bu, çox dəyərli və kədərli bir canlı sənəddir.

 

Ermənilər Dağlıq Qarabağa köçüb gəlməklərini öz səsləri ilə təsdiqləyirlər

 

Fondlarda, eyni zamanda, Cənubi Azərbaycanın xanəndə və musiqiçilərinin ötən yüzilliyin əvvəllərində buraxılmış qrammofon valları o dövrün musiqi həyatı barədə təssəvvür yaradır. Həmin fondlar arasında zövqlə tərtib edilmiş bir fono-albom da diqqəti cəlb edir. Bu, Türkiyə Cümhuriyyətinin qurucusu və banisi M.K.Atatürkə məxsus - “Atatürkün sevdiyi şərqilər” adlı səsli albomdur. Böyük sərkərdənin “ağ göyərçin qonmuş” şəxsi qılıncı albomun üz qabığına həkk olunub. Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fono-alboma xüsusi gözəllik verir və onu daha da əzəmətli göstərir.
Burada son illərin məlum hadisələri ilə əlaqədar “Qanlı Yanvar”, “Köçkünlər”, “Qarabağ hadisələri” kimi fondlar da yaradılıb. Qondarma “Dağlıq Qarabağ” probleminin ciddiliyini nəzərə alan arxivin əməkdaşları erməni daşnaqları tərəfindən öz ata-baba torpaqlarından vəhşicəsinə qovulan azərbaycanlıların ah-naləsini, onların ittihamlarını, uşaq hıçqırtılarını lentə alıblar.
Maraqlı faktlardan biri də 1973-cü ildə DQMV-nin 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısıdır. Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu və ermənilərin bura köçüb gələndən sonra xoşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik.
Həmsöhbətimiz bildirir ki, arxiv öz profilinə görə ölkəmizdə yeganə elmi-metodiki mərkəz də sayılır. Bura qəbul edilən qiymətli sənədlər arasında maestro Niyazinin fonotekası xüsusi diqqət çəkir. Görkəmli dirijor-bəstəkarın şəxsi fondunda 140-dan artıq qiymətli fono-sənədlər cəmlənib.
Milli Arxiv İdarəsi tərəfindən müasir tələblərə cavab verən avadanlıqların alınması və əməkdaşların onların istismar metodlarını mənimsəməsinin nəticəsidir ki, istər fondlarda mühafizə edilən, istərsə də ayrı-ayrı təşkilatlardan və şəxslərdən dövlət mühafizəsinə qəbul olunan audio-video sənədlərin rəqəmsallaşdırılması işi sürətlə davam etdirilir. Arxivin öz missiyasını layiqincə yerinə yetirməsində ilk direktor, filologiya elmləri doktoru Gültəkin Sultanova, əməkdaşlardan Ağacəfər Paşayev, Nabatxanım Hacıyeva, Çingiz Rəhimov, Zemfira Nəcəfova, Valera Əfəndiyev, Xalidə Fərəcullayeva, Fazil Abbasov, Nəsirli Xəyalə, Vüsal Məmmədov, Fidan Rəcəbova, Fərəcli Sara və başqalarının müstəsna xidməti olub.

 

Arxivin qədim sənədi

 

XIX əsrin ikinci yarısına aid olan sənədlər daha qədim sayılır. Bərk sıxılmış deşikli kartondan olan val - “ Herafon “ adlı cihazda səsləndirilir.Valın kənarında rus dilində mürəkkəblə Ştrausun “Qaraçı Baronu” və “Mazurka-polka” sözləri qeyd edilib. Bu sənədin qiyməti yalnız onun yaşında deyil. Həmin yazı mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst-xəttidir. Bu, böyük ədibin dünya mədəniyyəti ilə yaxından maraqlanmasına canlı sübutdur. Həmin nadir val Şəki şəhərindən, dramaturqun ev-muzeyindən gətirilib.
Arxivin fondunun zənginləşdirilməsi üçün aparılan axtarışlar nəticəsində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valları əldə edilib. Ötən əsrin əvvəllərində İngiltərənin “Qrammofon”, Fransanın “Pete qardaşları”, Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən “Sport-Rekord” , habelə Kiyevin “Ekstrafon”, Tbilisinin “Monarx-Rekord”, Bakının “Qrammofon” - “Rekord” və başqa məşhur səhmdar səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarında Azərbaycan musiqisinin korifeylərindən Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd Ələsgər Abdullayev (Şəkili Ələsgər), Məcid Behbudov (dünya şöhrətli müğənni Rəşid Behbudovun atası), Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasım, Məşədi Hilal Zeynalov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Həmid və Əsgər Malıbəyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Səlyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və bir çox başqalarının ifasında muğam, mahnı və el havaları əbədiləşib. Sayı 1500-ə qədər olan belə sənət inciləri arxivin “Qızıl fondu”nun əsasını təşkil edir. Həmin valların hamısı 1901-1914-cü illər arasında yazılıb.

Sazın-sözün sehrində

 

Saz-söz ustadları, alimlər, sənətkarlar onların adamı ofsunlayan poeziyasının sirlərindən zaman-zaman söz açılıb. Xalq şairi Səməd Vurğun, onun həyat və yaradıcılığı ilə bağlı arxivdəki 200-dən artıq fono-sənəd çox dəyərlidir.
Dahi Üzeyir bəyin dili ilə desək, “Xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır”. Onlar doğru olaraq musiqi sənətkarları hesab olunurlar. Aşıq yaradıcılığı fondunda sayı 2000-dən artıq olan ustad sənətkarların ölkəmizin dilbər guşələrinin tərənnümü, gözəllikdən, məhəbbətdən, el qəhrəmanlarından söz açan dastanları və ifaları da burada layiqli yer tutur. Ötən əsrin otuzuncu illərinin məşhur aşıqları Qurbanəlinin, Əsəd Rzayevin, Mirzə Bayramovun, aşıq Fətullanın, Dədə Şəmşirin, sonrakı illərdə Əkbər Cəfərovun, Mikayıl Azaflının və neçə-neçə digər ölməz el və xalq sənətkarının ifa etdikləri aşıq mahnıları və saz havalarının lent yazıları, qrammofon valları və video yazıları da saxlanılan qiymətli sənət incilərindəndir. Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq salnaməsi olan “Koroğlu” dastanının bütün qolları aşıqlarımızın ifasında qrammofon vallarında əbədiləşib.

 

“Bir səsin faciəsi”

 

Məşhur xanəndələrdən Mirzə Güllər xanım, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov (Qədirbala), o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı kimi sənətkarların yadigar səsləri tapıntı kimi arxivin fondlarını zənginləşdirir.
Dini ehkamların hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə qısaca diqqət yetirək. Zəmanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək el şənliklərində oxuyan bu sənət fədaisinin səsi sonralar Şirvan, Gəncə, İrəvan və başqa iri şəhərlərdən gəlir. Artıq xeyli məşhur olan Mirzə Güllər xanım Kiyevə dəvət edilir. “Monark-Rekord” səhmdar səsyazma cəmiyyəti 1914-cü ildə onun ifasında “Mirzə Hüseyn” segahı, “Bayatı-kürd”, “Bayatı-şiraz” muğamlarını, “Yeri, dam üstə yeri” və başqa el havalarını qrammofon valına yazıb. Təəssüflər olsun ki, axtarışlar zamanı onun yalnız bir valı tapılıb, baxmayaraq ki, onu el şənliklərində, toyda-mağarda görənlər çox olub. Sonralar mərhum yazıçımız Əzizə Cəfərzadə xanəndənin keşməkeşli həyatından bəhs edən “Bir səsin faciəsi” romanını yazıb.
Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Dadaş Şaraplı, Mirzağa Əliyev, Şövkət Məmmədova, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri, Ağadadaş Qurbanov, Ülvi Rəcəb... kimi neçə-neçə ölməz sənətkarların səsi, səhnə fəaliyyətləri arxivin nadir incilərindən sayılır.
Arxivdə mühafizə edilən sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun , Əfrasiyab Bədəlbəylinin, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, ifaçılardan Rəşid Behbudovun, Müslüm Maqomayevin, Bülbülün, Fatma Mehrəliyevanın, Sara Qədimovanın, mahir muğam ustalarından Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, Arif Babayevin, habelə ustad tarzən Bəhram Mansurovun, xalq artisti Habil Əliyevin, qaboyçalan Kamil Cəlilovun, mahir qarmon ifaçısı Zakir Mirzəyevin, görkəmli cazmen Vaqif Mustafazadənin, bir sözlə, Azərbaycanın tanınmış bəstəkar, musiqiçi və ifaçılarının səsləri, həyat və yaradıcılıqlarından ibarət zəngin fono və video yazıları diqqət çəkir.
Arxivin fondları arasında “Ədəbiyyat” bölməsinin daha zəngin hesab edilməsi təsadüfi deyil. Xüsusi bir qayğı ilə mühafizə edilən digər fond isə klassiklərimizdən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, İmadəddin Nəsimi və digər dahi söz sərraflarının irsindən ibarətdir. Azərbaycan xalqına nur çeşməsi təki çağlayan, tükənməz və möhtəşəm sənət xəzinəsi yadigar qoymuş klassiklərimizin həyat və yaradıcılıqları ilə bağlı bölmə belə fono-sənədlərlə zəngindir. Bu fono-video yazılarında Süleyman Rüstəmin, Məmməd Rahimin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, Nəbi Xəzrinin, Mehdi Hüseynin, Əliağa Vahidin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hafiz Baxışın, Mirvarid Dilbazinin, Rəsul Rza ilə Nigar Rəfibəylinin, M.Şəhriyarın və bir çox başqa ədiblərin səs və yaradıcılıqlarından bəhs edən fono-video yazıları nadir sənət incilərindəndir.
Hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono-sənədin və 20 mindən artıq video-süjetin 40 faizi rəqəmsal formatda - CD və DVD disklərinə köçürülüb. Məqsəd yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır. Çünki lazer disklərində bir ölməzlik var.
Daha uzaq, on illərə körpü sala bilmək, bu günümüzün canlı xronikasını əbədiləşdirmək üçün arxivin əməkdaşları Vətənimizin bütün sahələrini əks etdirən fono və video sənədləri toplayaraq zamanın səsini, nəfəsini olduğu kimi gələcək nəsillərə çatdırmaqdan ötrü əzmlə çalışırlar. Necə deyərər, əbədiləşən, “kökdən düşməyən” səslər 50 ildir ki, burada “yatırlar”...

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM