Alternative content

04:08 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olub
Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
10:07 04.07.2018

İyulun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin və kitabxana tərəfindən hazırlanan “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə görkəmli ədəbiyyatşünas alimin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq görkəmli alim Qəzənfər Paşayevin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb, alimin hamı tərəfindən eşidilən, rəğbətlə qarşılanan ziyalı olduğunu söyləyib. “Qəzənfər müəllimin hər bir yazısı, əsəri ədəbiyyatda bir hadisəyə çevrilir. Çünki o hər şeydən yazmayıb, yazanda da elə sanballı, elə dəyərli əsərlər ortaya qoyub ki, bu əsərlər zaman-zaman sevilərək oxunacaq. Bir sıra alimlərə, ədiblərə onun açıq məktubları var ki, bunları bir yerə yığsaq, böyük bir əsər ortaya çıxar”, -deyə K.Tahirov qeyd edib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli professor Qəzənfər Paşayevin elmi fəaliyyətindən, Nəsimi irsinin araşdırmaçısı kimi elmimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Qəzənfər Paşayev əsərlərində Kərkük ədəbiyyatını Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi vermiş, ölkəmizdə Kərkükşünaslıq elminin əsaslarını yaratmışdır. Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi divanının İraq nüsxəsi”ni aşkara çıxararaq nəşr etdirib və tədqiq edib öyrənmişdir. Klassik Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər müəllim mövzunu dərindən öyrənməsi, materiala yaxından bələdliyi, səviyyəli şəkildə təqdim etməsi ilə yadda qalır.

Akademik “İmadəddin Nəsimi. İraq divanı”nın latın qrafikalı əlifba ilə nəşrinin Nəsimişünaslıq elminə böyük töhfə olduğunu, Nəsiminin bir daha Azərbaycan ədəbiyyatına məxsus olduğunu sübut etdiyini qeyd edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Kitabxananın rəhbərliyinə tədbirin təşəbbüskarı olduğu üçün minnətdarlığını bildirib, kitabların Azərbaycan ədəbiyyatına və elminə böyük töhfə olduğunu, respublika kitabxanalarına, universitetlərinə paylanılacağını və növbəti tirajla çap olunacağını söyləyib.

Tədbirdə “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktor müavini, şair-publisist Vaqif Bəhmənli və başqaları çıxış edərək görkəmli Azərbaycan ziyalısı, ədəbiyyatşünaslıq elminin ağsaqqalı, professor Qəzənfər Paşayevə elmimizin və ictimai fikrimizin inkişafındakı rolundan danışıblar və ona fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə Şamaxıdan gəlmiş və Nəsiminin üç minə qədər qəzəlini əzbər bilən Hacı Fərəc Əliyev ustadın qəzəlini səsləndirib.

Sonda professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, kitabların ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.