03 Iyul 2018 08:07
387
İDMAN
A- A+

Yelkənçilərimiz Azərbaycanı Hollandiyada uğurla təmsil etdilər

 Bu gün dünyanın nüfuzlu idman arenalarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini yüksəltməklə yanaşı, onun imkanlarını da nümayiş etdirir. Fərəhli haldır ki, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır. Prezident İlham Əliyev xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını daim diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə də çalışır.

Hazırda inkişaf edən Azərbaycanın dünyada tanınması idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın göstəricisidir.

Ölkəmiz hər il müxtəlif idman növləri üzrə uğurlu nəticələr əldə edir. Bunlardan biri də yelkənli idman növüdür. Elə bu günlərdə yelkənli idman növündə daha bir nailiyyət Hollandiyanın Haaqa şəhərində qazanıldı. Belə ki, iyunun 23-30-da “Scheveningen” dəniz limanında “Optimist” sinfi üzrə Avropa çempionatı keçirilib. Sevindirici haldır ki, Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri Avropa çempionatında ölkəmizi müvəffəqiyyətlə təmsil ediblər. Çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında iştirak edən yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb.

Təcrübəli və dünya şöhrətli yelkənçilərin iştirak etdikləri Avropa çempionatında yelkənçilərimizin Azərbaycanı təmsil etməsi və idmançılarımızın uğurlu iştirakı gələcəkdə də bu cür yarışlara daha əzmlə hazırlaşmağa əsas verir.

“Optimist” sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacı-zadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil ediblər.

Xatırladaq ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandalarımızın məşqləri keçirilir.

Məqsədə çatmaq üçün federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Bu addımların davamı olaraq 31 may - 3 iyun tarixlərdə də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdur. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 Avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi. Bu, hələ son deyil. Qarşıda daha böyük yarışlar və qazanılacaq medallar var.

 

Rəşad BAXŞƏLİYEV

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video