İsveçli nazirlər dünya çempionatının 1/8 finalında İsveçrəyə qarşı keçiriləcək oyuna stadiondan tamaşa etməyi planlaşdırırlar. Qarşılaşma iyulun 3-də Sankt-Peterburqdakı eyniadlı arenada baş tutacaq. Bu barədə “Aftonbladet” qəzeti xəbər verir.
İsveçin xarici işlər naziri Marqot Valstryomun dediyinə görə, boykot çempionatın ancaq açılış mərasiminə şamil olunurdu. Buna baxmayaraq, hökumət indiyədək yarışı boykot etmişdir. “Biz Skripal işi ilə əlaqədar Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək dünya çempionatının açılış mərasiminə yollanmadıq. Biz bunu digər ölkələrlə birlikdə etdik. İndiki vəziyyətdə isə komandamızın dəstəklənməsinin vacib olduğunu hesab edirəm. Bu qərarı məsləhətləşmələrdən sonra qəbul etdik. Məsələni Danimarka nümayəndələri ilə də müzakirə etmişdik” - deyə Valstryom bildirmişdir.
Bundan əvvəl İsveçin idman naziri Annika Strandhell vurğulamışdır ki, Rusiyaya səfər etmək fikrində deyil: “Rusiyadakı siyasi vəziyyətdən, xüsusilə demokratiya və insan hüquqlarına riayət olunması nöqteyi-nəzərindən çox narahatam. Bizim hökumət dünya çempionatının açılış mərasiminə getməməyi xahiş etmişdir. Mən Rusiyada hansısa bir yerə getməyi planlaşdırmıram”.