30 Iyun 2018 01:06
622
Elm və texnika
A- A+

Sənətin qüdrətinə tapınan alim

 

Memarlıq insanın gözəllik qanunları ilə qurub yaratmaq niyyətidir… Gələcək nəsillərə nəcib bir iz qoymaq istəyi, düşünən və yaşayan, tarixin yaddaşını danışdıran mükəmməl bir sənətdir. Burada bəşər mədəniyyətini formalaşdıran digər sahələr - ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq da bir araya gəlir. 

Yazıçı və şairlərin bədii sözün imkanları, bəstəkarların səslərin dili, rəssamların rəng və qrafika, heykəltəraşların daşla, tuncla, qranitlə ifadə etdiklərini memar dəqiq ölçülü cizgilərlə və bu cizgilərin torpağın köksündə daşla, kərpic-kərpic, pillə-pillə, sütun-sütun ucalan surəti ilə ərsəyə gətirir. Və nəhayət, möhtəşəm tikililər dövrün aynasına çevrilir. Müəllif sənətə həyatın, varlığın əsl həqiqətini təqdim edir.
Bəs gələcəyin sənətkarlarını yetişdirmək, eyni zamanda yurdun qədim memarlıq ənənələrini elmi əsərlərin, kitabların silinməz yaddaşında əbədiləşdirmək, ölkə xaricində bu ənənələrin təbliğinə çalışmaq, zamanın aşındırdığı bir çox qədim memarlıq abidələrimizi yenidən həyata qaytarmaq necə?!
Azərbaycanın tanınmış elm xadimi, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın qismətinə məhz bu nəcib missiyanı yerinə yetirmək düşüb. Əvvəla xüsusi vurğulanmalıdır ki, milli memarlığın ilk mərhələlərinin tədqiqində onun alim-pedaqoq kimi özünəməxsus rolu var. Bu rol keçmişimizi daş yaddaşında yaşadan qədim abidələrimizin memarlıq xüsusiyyətlərinə dair sanballı elmi-tədqiqat əsərlərinin qələmə alınmasından, bu abidələrdə gizlənmiş həqiqətlərin üzə çıxarılmasından tutmuş ölkəmizdə memarlıq təhsilinin yüksək səviyyədə təşkilinə, gənc, peşəkar arxitektor-inşaatçı nəslinin yetişdirilməsinə qədər çox geniş istiqamətləri əhatə edir.
Gülçöhrə Məmmədova elm aləmində, sənətdə tutduğu çətin və bənzərsiz mövqeyi ilə qısa bir zamanda hamının rəğbətini qazanıb. O, həm elm, həm vəzifə, həm də peşəkarlıq zirvəsinə seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, qətrə-qətrə topladığı zəngin bilik və böyük təcrübə sayəsində nail olub. Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda bütün hərəkətlərində humanizmə, ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə yetirdikcə vətəndaşlıq vəzifəsini də yüksək məsuliyyətlə və ciddiyyətlə həyata keçirib. Nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün yetirmələrinin, onu tanıyanların sevimlisinə çevrilib.
Bax, əsl alimliyin, pedaqoqluğun qayəsi də budur!

 

Ömrün illəri

 

...1953-cü ilin baharında Qərbi Azərbaycanın Vedi rayonunda, milli dəyərlərimizə ruhən bağlı bir ailədə anadan olub. Uşaqlığı və ilk məktəb illəri İrəvanda keçib. Atası Hüseyn Məmmədov Qərbi Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən idi. Uzun illər yüksək vəzifələrdə işləmişdi. Üç çağırış Ermənistan Ali Sovetinin deputatı olmuşdu. Onu tanıyanların xatirələrində əsl ziyalı, vətənpərvər bir Azərbaycan övladı kimi yaşayan Hüseyn Məmmədov mərd, sözübütöv, saf və işgüzar İrəvan ziyalılarından biri kimi eldə-obada yüksək nüfuza malik idi.
Ötən əsrin 70-ci illərində mənfur xislətli ermənilərlə bir yerdə çalışmaqdan bezən və bəlkə də onların hansısa təzyiqindən, təqibindən, fitnə-fəsadlarından qorunmaq istəyən Hüseyn Məmmədov ailəsi ilə birlikdə Bakıya köçür.
Gülçöhrə Məmmədova da məktəbi Bakıda bitirir.

 

Niyyəti bəlli idi: memar olacaqdı

 

Daxilindəki hansısa qüvvə onu taleyini bu sənətə bağlamağa sövq edirdi. O, ermənilərin məqsədli şəkildə dağıtdıqları, sıradan çıxardıqları, tarixdən izini itirmək üçün min bir əməl işlətdikləri yaşı bilinməyən abidələrimizi çox görmüşdü. Həmin abidələrin xarabalıqlarına baxıb köks ötürmüşdü. Onları xəyalında abad, bütöv formalarında şəkilləndirməyə çalışmışdı, özü də dönə-dönə. Düşüncələrində həmin abidələrin hər daşına toxunmuşdu. İllər keçdikcə daxili dünyasındakı o düşüncələr də böyümüş, kamilləşmişdi. Anlamışdı ki, xəyallarındakı arzularını memarlıq sənətinin qüdrəti ilə reallığa çevirə bilər.
1971-ci ildə arzularının ardınca Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə gəldi. 1975-ci ildə yeni ali təhsil ocağı - Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılanda çalışqanlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu komsomol komitəsinin katibi seçdilər. Sonralar partiya komitəsi katibinin müavini də işlədi. Ali məktəbi bitirdi və həmin institutun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında əmək fəaliyyətinə başladı. Bu, onun arzusuna tam uyğun elmi istiqamət idi. Memarlıq sənətindəki yenilikləri, müasir tendensiyaları, üslubları, texniki nailiyyətləri diqqətlə izləyib öyrənsə də, onu tarixi abidələrin memarlıq xüsusiyyətləri daha çox maraqlandırırdı. Bu abidələrdə dövrün ruhunu duyurdu. O, ruhu keçmişdən gələcəyə ötürən qədim memarların ürəyinin sevgisini, əllərinin izini, yaradıcılıq enerjisini hiss edə bilirdi. Ona görə də elmi fəaliyyətini tarixi memarlıq abidələrinin öyrənilməsinə və bərpasına həsr etməyə qərar verdi.

 

Daş pərdələr arxasındakı həqiqətlər

 

Həm ictimai işlərdə, həm pedaqoji fəaliyyətdə məsuliyyətlə çalışan Gülçöhrə Məmmədova elmi araşdırmalarını bir an diqqətdən kənarda qoymurdu. Elə gənc yaşlarından fəaliyyətində novatorluq meyilləri özünü büruzə verirdi. Elmi fəaliyyəti Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlı idi. 100-dən çox elmi və metodik işin, 2 monoqrafiyanın müəllifi, 9 kitabın həmmüəllifidir. Müəllimlikdə ilk addımları görkəmli alim, professor Davud Axundovun rəhbərliyi altında atılmışdı. Namizədlik dissertasiyası isə son dərəcə aktual bir mövzuya həsr olunmuşdu. Gülçöhrə xanım “Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı” mövzusunda tədqiqatlar aparırdı. Zaman o zaman idi ki, cəmi bir neçə ildən sonra Azərbaycana qarşı işğal siyasətinə başlayacaq bədnam qonşularımız hələlik öz işlərini əl altından görürdülər. Qafqaz ərazisindəki qədim Azərbaycan abidələrini müxtəlif mənbələrdə öz adlarına çıxmağa çalışırdılar. Vandalizm əməli ilə məşğul olaraq abidələr üzərindəki yazıları saxtalaşdırırdılar. Bu torpaqlarda sonradan məskunlaşdırılmış ermənilər belə yaramaz əməlləri ilə özlərinin guya Qafqazın ən qədim xalqı olmaları mifini isbat etməyə çalışırdılar.
Belə bir zamanda - 1985-ci ildə Gülçöhrə Məmmədova “Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı” mövzusunda namizədlik dissertasiyası ilə elmi ictimaiyyət qarşısına çıxdı. Dissertasiyasını uğurla müdafiə etdi. Əslində, bu mövzuda tədqiqatlar aparmaq, həqiqətləri üzə çıxarmaq, bir sıra daş pərdələr arxasında qəsdən gizlədilmiş tarixi faktların aşkarlanması sovet dönəmində o qədər də asan deyildi. Amma Gülçöhrə xanım bunu bacardı. Uzun illər qonşularımızın “harada xaç varsa, ora mənimdir” xülyalarını bu əsəri ilə sıradan çıxardı. Məlum oldu ki, Qafqaz Albaniyasının beşiyi olan Azərbaycanın orta əsrlər xristian abidələri məhz elə burada yaşayan türklərin özlərinə məxsusdur. Bu, Gülçöhrə xanımın Azərbaycan elmi qarşısındakı böyük xidməti idi. 1999-cu ildə isə bu istiqamətin davamı kimi “Qafqaz Albaniyasının dini memarlığı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. “Qafqaz Albaniyasının dini memarlığı (rus dilində)”, “Azərbaycanın qədim və ilkin orta əsrlər memarlığı”, “Architecture of Caucasion Albania” kimi fundamental monoqrafiyalar yazdı, “Kiş”, “Nic”, “Şəkinin memarlıq abidələri” əsərlərinin həmmüəllifi oldu. Bu kitablarda Azərbaycanın və ümumilikdə Qafqazın tarixi memarlıq mənzərəsi güzgü kimi əksini tapırdı. Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmək, bu mövzuda monoqrafiyalar qələmə almaq və onları Azərbaycanın memarlıq tarixinə yerləşdirmək Gülçöhrə xanımın milli elmimizə zəngin töhfələridir.

 

Həyata qaytarılan qədim abidələr

 

Gülçöhrə xanımın tarixi memarlıq abidələrinin öyrənilməsi, bərpası, qorunması, təbliği işinə töhfələri təkcə elmi əsərlərlə, tədqiqatlarla məhdudlaşmır. O, bir sıra tarixi abidələrin bərpasında da bacarıqlı təşkilatçı kimi yaxından iştirak edib. Şəki şəhərinin Kiş kəndindəki qədim alban məbədinin bərpası layihəsini bu sırada xüsusi qeyd etmək istərdik.
Kiş məbədinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu tikili Azərbaycanda və Qafqazda ən qədim xristian kilsəsidir. Kilsə hələ bütpərəstlik zamanında, yəni iki min il öncə inşa edilmişdir. Məbəd qədimliyi ilə yanaşı, yeraltı və yerüstü abidələr içərisində öz tarixi dəyərini, çoxəsrlik yaddaşını qoruyub saxlaya bilmişdir. Belə bir abidənin bərpa olunub muzey kimi fəaliyyət göstərməsi həqiqətən də çox mühüm işdir. 2000-ci ildə abidənin bərpası istiqamətində işlər başlayana qədər Kiş məbədini, yəqin ki, yerli sakinlərdən başqa kimsə tanımırdı. Bu gün isə həmin məbəd yerli və xarici turistlərin, ölkəmizə gəlmiş qonaqların ən çox ziyarət etdikləri və bütün dünyada tanınan, vətənimizin simvoluna çevrilən qədim abidələrindəndir. Gülçöhrə xanım deyir ki, abidənin bərpası o qədər də asan başa gəlmədi. Üstəlik, layihə üçün ayrılmış vəsaitin məbləği də çox cüzi idi. Amma çox kiçik bir büdcə çərçivəsində böyük bir nəticə əldə etmək mümkün oldu. Bərpa prosesi Memarlıq və İnşaat Universitetinin müəllim və tələbələrindən ibarət bir qrupun ərazidə ölçmə işi aparmaları ilə başlandı. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının böyük bir ekspedisiyası bir il ərzində arxeoloji qazıntılar həyata keçirdi. Ondan sonra çertyojlar, arxeoloji qazıntının materialları əsasında abidənin bərpasına start verildi. “Binanın” şimal divarının uçub-sökülmüş üzlük daşları tamam sökülərək nömrələndi və təmizləndikdən sonra yerinə bərkidildi. Dam hissəsi tamamilə açıldı. Çünki məbədin damı uzun illər öz ilk formasından uzaqlaşmış, pis vəziyyətə düşmüşdü. Məbədin əvvəlki kirəmit damı qazıntılar zamanı tapılmış kirəmit qırıqlarına əsasən yeniləndi. Bu kirəmitin özünün istehsalı çətin bir proses idi. Bərpa prosesi başa çatdırılandan sonra məbədin daxilində muzey yaradıldı. Həyəti abadlaşdırıldı, taxçalarda çertyojlar əsasında alban abidələrinin kiçik maketləri yaradıldı. Arxeoloqların qazıntılar zamanı tapıntıları muzeyə qoyuldu. Beləliklə, 2003-cü ildə muzey ilk qonaqlarını qarşıladı”.
Kiş məbədi layihəsinin ardınca Gülçöhrə Məmmədovanın rəhbərliyi altında Qəbələ rayonunun Nic kəndindəki qədim alban məbədi də bərpa edilərək yenidən həyata qaytarıldı. 2007-ci ildə isə Gülçöhrə xanımın yaxından iştirakı ilə Qax rayonunun Qum kəndində yerləşən və 6-cı əsrin yadigarı və çox böyük tarixi və memarlıq dəyəri olan alban bazilikasının konservasiya layihəsi uğurla reallaşdırıldı, abidənin dağılmasının qarşısı alındı. Bu abidələrə yenidən həyat verilməsinin, tarixi-siyasi, mədəni əhəmiyyəti də öz yerində. Layihələrin sosial-iqtisadi dəyəri də çox böyükdür. Məlumdur ki, bu cür işlərin icrası zamanı təkcə abidələr bərpa olunmur. Onların yerləşdiyi ərazilər də abadlaşdırılır, yeni yollar çəkilir, müxtəlif ticarət və xidmət obyektləri yaradılır. Abidələr misilsiz təbii gözəlliklərə malik kəndlərimizdə yerləşir. O kəndlərin havası, suyu əsl məlhəmdir. Həmin torpaqlardakı qədim memarlıq nümunələrinin bərpası ilə insanlar bölgələrimizin illərlə unudulmuş, yaddan çıxmış kəndlərinin füsunkarlığını sanki yenidən kəşf etmiş olurlar. Bütün bu nailiyyətlərdə peşəkar təşkilatçı, vətənsevər alim-pedaqoq kimi Gülçöhrə xanım Məmmədovanın böyük rolu var. O, memarlıq tariximizə bu gün də yeni töhfələrini verir. Rəhbəri olduğu Memarlıq və İnşaat Universitetində “Azərbaycan memarlığının tarixi” adlı 5 cildlik dərslik artıq çapdan çıxıb. Bu fundamental 5 cildliyin müəllifləri universitetin müəllimləridir. Qədim dövrü əhatə edən 1-ci və orta əsrlər dövrünə aid 2-ci cildin həmmüəlliflərindən biri də Gülçöhrə xanımdır. Xatırladaq ki, Azərbaycanın memarlıq tarixi adlı əsər sonuncu dəfə 1963-cü ildə qələmə alınıb. Həmin kitab cəmi 1 cilddir. İndi isə ötən onilliklər ərzində aparılmış elmi tədqiqatları, əldə edilmiş tapıntıları da əhatə edən 5 cildlik əsər oxucuların ixtiyarındadır.
Gülçöhrə xanımın təşkilatçılıq məharətini onun rəhbəri olduğu Azərbaycan Memarlıq və İnşaat Universitetinin digər nailiyyətlərində də görmək mümkündür.

 

Təşəbbüskar alim

 

...O, adıçəkilən universitetin rektoru vəzifəsinə 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təyin edilib. Bu illər ərzində universitetin maddi-texniki bazası yüksəlib. Müəllim və tələbələrin iş şəraiti yaxşılaşıb. Təhsilin məzmunu və tədris-metodik bazası müasir standartlara uyğunlaşdırılıb. Universitetdə həyatın tələblərinə cavab verən yeni ixtisaslar açılıb. Struktur dəyişiklikləri aparılıb. Çoxpilləli təhsil konsepsiyasını həyata keçirərək universitet nəzdində texniki təmayüllü lisey və inşaat kolleci yaradılıb. Bu illər ərzində universitetin hazırladığı mütəxəssislərin keyfiyyəti xeyli yaxşılaşıb. Tədris prosesi müasirləşib. Universitetin beynəlxalq əlaqələri inkişaf edib. Eyni zamanda regionda nüfuzu da artıb. Bu gün universitetin tələbə və doktorantları sırasında xarici vətəndaşların sayı kifayət qədərdir. Gülçöhrə xanımın rəhbərliyi dövründə burada təhsil alan xarici tələbələrin sayı 700-ə çatıb.
Memarlıq və İnşaat Universitetində yüksək mənəvi ab-hava hökm sürür, səmimi, xoş, şəffaf və obyektiv təhsil mühiti yaradılıb. Ali məktəbin müəllimləri üçün 16 mərtəbəli yaşayış binası, idman və yeməkxana korpusu tikilib. 13 mərtəbəli əsas tədris binasında, 12 mərtəbəli su təsərrüfatı və 4 mərtəbəli memarlıq fakültələrinin binalarında təmir və yenidənqurma işləri aparılaraq ən yüksək təhsil infrastrukturu yaradılıb. Bütün bunlar dövlət rəhbərliyinin təhsilin inkişafına istiqamətlənmiş siyasət, diqqət və qayğısı, eləcə də Gülçöhrə xanımın yüksək işgüzarlığı sayəsində mümkün olub.
“Gənclərimizin memarlığa həvəsi indi çox böyükdür”, - deyir rektor. “Bu marağı da yaradan əsas amillərdən biri ölkəmizdə gedən irimiqyaslı memarlıq və tikinti-abadlıq fəaliyyətidir. Böyük massivlər, müasir memarlıq abidələri inşa olunur, genişmiqyaslı abadlıq tədbirləri həyata keçirilir. Gənclər də bunu görür və prosesin iştirakçısı olmaq istəyirlər. Çünki əmək bazarında bu sahənin peşəkar mütəxəssislərinə tələbat böyükdür. Biz isə çalışırıq, universitetdə elə bir mühit yaradaq ki, tələbəyə münasibət tam obyektiv olsun. O, bilsin ki, bilik yeganə meyardır. İmtahan prosesinin tam şəffaf şəkildə həyata keçirildiyini xüsusi qeyd edəcəyəm. Çünki bu ən vacib məsələdir. Digər tərəfdən, təhsilin keyfiyyətinin artırılması da mühüm problemlərdəndir. Həm memarlıq, həm inşaat daim yeniləşən sahədir”.
Alim deyir: “Yeni texnologiyalar, müasir tikinti materialları yaranır, üslublar dəyişir. Peşəkar memar, inşaatçı həmişə öz üzərində çalışmalı, yeni texnologiyaları mənimsəməli və müasir tələblərə cavab verməlidir. Həm də bu sənətin qədim kökləri var, memarlığın tarixi daş dövrünə gedib çıxır. Tarix boyu çox gözəl abidələr yaranıb ki, indi də onlara baxıb böyük zövq alırıq”. Professorun sözlərinə görə, memarlıq elə bir sənətdir ki, ömrünü bu sənətə bağlayan insanların heç biri sonradan buna görə peşmançılıq duymur.

 

Milli köklərə bağlılıq

 

O, Azərbaycan sərhədlərindən kənarda da tanınan alimlərimizdəndir. Gülçöhrə Məmmədova Beynəlxalq Mühəndislik Akademiyasının, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvü, 2008-ci ildən katibidir. Uzun illərdir ki, beynəlxalq konfranslarda iştirak edir. Eləcə də bir çox beynəlxalq elmi tədbirlərin təşkilatçısı olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü və Gülçöhrə xanımın sədrliyi ilə İtaliyanın Florensiya şəhərində “Müasir dövrdə tarixi irsin qorunma problemləri” mövzusunda 4 beynəlxalq elmi konfrans keçirilib. Bir Azərbaycan universitetinin belə aktual elmi konfransların təşkilatçısı olması və universitetin rektorunun bu konfranslara sədrlik etməsi son dərəcə mühüm faktdır. Gülçöhrə Məmmədova ISESCO-nun dəstəyi əsasında İslam Dünyası Universitetləri Federasiyası ilə birgə Bakıda keçirilən “XXI əsr və tarixi İslam şəhərləri” mövzusunda beynəlxalq konfransın da təşəbbüskarı olub.
Gülçöhrə xanım söhbətlərində həmişə vurğulayır ki, sənətkar doğrudan da dövrünün övladıdırsa, onun əsərləri zamanın danışan dili olmalı, dövrün həqiqətini deməlidir. Ona görə də hər bir incəsənət növü kimi memarlıq da cəmiyyətin həyatı, onun tarixi baxışları və ideologiyası ilə bağlıdır. Əsl sənət əsəri həyatın həqiqətini ifadə etməlidir. Məqsəd, xarakter aydın, parlaq və canlı olmalıdır. Onda hər bir əsər tərbiyəvi rolunu da yerinə yetirir. Bu, müqəddəs bir prinsipə çevrilməlidir. Mükəmməl, kamil, insanın qanını donduran əsərlərin işlənib meydana qoyulması həqiqətlə gözəlliyin vəhdətinin, pozulmaz ahənginin təqdimatı əsl yaradıcılıq fəaliyyətinin məhsuludur. Bu isə xalqın mübarizəsini, əsrin və zamanın ruhunu duymağı tələb edir. Bir də əsl sənətkar milli köklərdən uzaqlaşmamalıdır. Onu yetirmiş xalqa asi olmamalıdır. Əks halda, Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi kimi öz xalqını aşağılayan nümunələr ortaya çıxacaq və belə nümunələr xalqımız barədə yanlış təsəvvürlər formalaşdırmağa çalışan düşmənlərimizə xidmət edəcək. “Unutqanlıq həmişə bizim bəlamız olub. Bu il Cümhuriyyət ilidir, tarixi faktlara bir də baxırıq, oxuyuruq, öyrənirik. Görürük ki, ermənilər ötən əsrin sonlarından bizə qarşı törətdikləri mənfur əməlləri əsrin əvvəlində də ediblər. Sadəcə onların xislətini unutmuşuq. Buna artıq haqqımız yoxdur”.

 

Yorulmaz yaradıcı fəaliyyət

 

Bu gün müasir ziyalılığın görkəmli nümayəndəsi Gülçöhrə Məmmədova ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. O, 2000-ci və 2010-cu illərdə ikinci və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Elmi-pedaqoji sahədəki zəngin təcrübəsi ilə üzvü olduğu Elm və Təhsil Komitəsinin fəaliyyətinə dəyərli töhfələr verib.
Onun çoxşaxəli xidmətləri istər ölkəmizdə, istərsə də Azərbaycan hüdudlarından kənarda hər zaman öz layiqli qiymətini alıb. Gülçöhrə Məmmədova Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Əməkdar memar” fəxri adına, 2013-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb. 2009-cu ildə Fransanın “Akademik Palma Kavaleri” ordeni ilə təltif edilib. 2016-cı ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplom”u ilə mükafatlandırılıb.
Həyatda danışmaqdan çox düşünməyə və əməli iş görməyə üstünlük verən Gülçöhrə Məmmədova sənətdə, elm və təhsil sahəsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Sadəlik və yorulmaz yaradıcı fəaliyyət bu insanın obrazının əsas göstəricisidir.
Şərəflə yaşanmış ömrə taleyin özünün verdiyi yüksək mükafatlar da var. Bunlar yurddan, ocaqdan, ululardan gələn saflığı, halallığı, işgüzarlığı, prinsipiallığı, övladlarının uğurları, onların xoş soraqlarının ana qəlbində doğurduğu böyük fərəhdir.
Bu, şərəflə yaşanmış illərin ucaltdığı ömür nümunəsidir...

İradə ƏLİYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video