27 Iyun 2018 05:06
380
Mədəniyyət
A- A+

Azərbaycanla İran arasında mədəni əlaqələr genişlənir

İyunun 27-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayan Ə.Qarayev bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Nazir ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin uğurlu təşkilinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkəmizin nümayəndə heyətinin İran səfərindən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.

İyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad nazirinin müavininin fəal iştirakı və çıxışından razılığını ifadə edən Əbülfəs Qarayev bunu münasibətlərimizin möhkəmliyinin nümunəsi kimi dəyərləndirib.

Nazir Seyid Abbas Salehi ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin çox uğurla keçirildiyini və ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını söyləyib. O, ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələləri diqqətə çatdırıb, Azərbaycanda özlərini heç də qonaq kimi hiss etmədiklərini vurğulayıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var: “Bir tərəfdən xalqlarımızı birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlərimiz arasında imzalanan sazişlər göstərir ki, ikitərəfli əlaqələr üçün yetərincə hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə geniş imkanlar yaradır. Həm tarixi, həm də mədəni irsimizin yaxınlığı, eyni zamanda, sadaladığım məqamları nəzərə alaraq hər iki ölkənin mədəniyyət nazirləri olaraq biz bu fürsətləri yetərincə dəyərləndirməli, əlaqələrin davamlı və əhatəli olması üçün bacardığımız qədər imkanlardan istifadə etməliyik”.

Seyid Abbas Salehi deyib ki, İranın Təbriz şəhərinin “İslam ölkələrinin turizm paytaxtı”, Azərbaycanın Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi müştərək layihələri gerçəkləşdirmək üçün yeni imkanlar yaradır. Bu gün Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi mədəni əlaqələrdə yeni bir mərhələnin başlanğıcıdır. Nümayəndə heyətinin Azərbaycana səfərinin də başlıca məqsədi yeni əməkdaşlıqlara başlamaq üçün potensialların axtarılmasıdır.

Nazir Əbülfəs Qarayev Azərbaycanın İranla mədəni əlaqələri genişləndirmək fikrində olduğunu bildirib. Diqqətə çatdırıb ki, Mədəniyyət Günləri çərçivəsində hər iki ölkənin mədəniyyət sahəsində çalışan rəsmilərinin görüşləri öz bəhrəsini verəcək. Azərbaycanda İran Mədəniyyət Mərkəzinin müsbət fəaliyyətindən razılığını ifadə edən nazir qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb: “Xalqlarımızı bir-birinə yaxın edən memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyatımız var. Bu sahədə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas qolunu təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində teatr sahəsinin də öz mövqeyi var. Azərbaycan teatrları mütəmadi olaraq İranda keçirilən beynəlxalq teatr festivallarında uğurla iştirak edirlər. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq informasiya mübadiləsi üçün geniş imkanlar yaradır”.

Kino sahəsində əməkdaşlığın önəmini xüsusi vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə işbirliyinin perspektivlərini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video