Almaniya - İsveç - 2:1
Qol: Roys (48), Kroos (90+5), Toyvonen (34)
Soçi, “Fişt” stadionu
Dünən F qrupunda Almaniya-İsveç oyunu ilə ikinci turun oyunlarına yekun vurulmuşdur. Birinci turda gözlənilmədən Meksika yığmasına 0:1 hesabı ilə məğlub olmuş almanlara bu görüşdə hökmən qələbə lazım idi. İsveç millisi isə bundan əvvəlki oyunda Cənubi Koreya komandasını 1:0 hesabı ilə məğlub edərək 3 xal qazanmışdı.
Polşalı baş hakim Şimon Martsinyakın idarə etdiyi qarşılaşma almanların hücumları ilə başladı. Artıq ikinci dəqiqədə isveçlilərin qapısı qarşısında təhlükəli epizod yarandı. Lakin almanlar bundan istifadə edə bilmədilər. Bir neçə dəqiqədən sonra Berq əks-hücumda Noyerlə üzbəüz qalsa da, qol şansını qaçırdı. Düzdür, həmin epizodda mübahisəli vəziyyət yaranmışdı və hakim penaltini təyin edə bilərdi. Almaniya millisinin təzyiqi nəticə vermədikdə gözlənilmədən özləri məğlub duruma düşdü. 34-cü dəqiqədə zərbə mövqeyinə çıxan Ola Toyvonen soyuqqanlıqla topu Noyerin üzərindən aşırdı - 0:1. Almanların fəallığına baxmayaraq, birinci hissə isveçlilərin minimal qələbəsi ilə başa çatdı. İkinci hissədə Yoahim Löv Drekslerin əvəzinə Qomesi meydançaya buraxmaqla hücum xəttini gücləndirdi və bu, tezliklə öz bəhrəsini verdi. Sol cinahdan verilən ötürməni Roys dəqiq zərbə ilə başa çatdırdı - 1:1. Qoldan ruhlanan almanlar ardıcıl olaraq bir neçə təhlükəli vəziyyət yaratsa da, bundan istifadə edə bilmədilər. 82-ci dəqiqədə isə onların müdafiəçisi Boatenq ikinci sarı vərəqə aldığı üçün meydançadan çıxarıldı. Son dəqiqələr çox gərgin mübarizə şəraitində keçmişdir. Almanlar daha bir neçə qol şansını boşa versə də, nəhayət, hakimin əsas vaxta əlavə etdiyi 5-ci dəqiqədə arzularına çatdılar. Standart vəziyyətdən Toni Kroos fərqlənmişdir - 2:1. Beləliklə, 1/8 mərhələsinə vəsiqə qazanacaq komandalar son turda keçiriləcək İsveç-Meksika və Cənubi Koreya-Almaniya oyunlarından sonra bəlli olacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”