23 Iyun 2018 02:06
363
Mədəniyyət
A- A+

İngilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı olub

 

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Tədbir AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən təşkil edilib. 

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli mənbə olduğunu vurğulayıb. İ.Həbibbəyli kitabın elmi redaktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş “Ön söz”ündə əsərə və Nadir şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verildiyini bildirib. AMEA-nın vitse-prezidenti akademik Ramiz Mehdiyevi görkəmli alim və dövlət xadimi kimi xarakterizə edib. Akademik Ramiz Mehdiyevin dövlətçilik tariximizdə gördüyü işlərdən danışan İ.Həbibbəyli onun əsərlərinin sanballı, elmimiz və milli-mənəvi dəyərlərimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyev Heydər Əliyev məktəbinin yetişdirib formalaşdırdığı görkəmli dövlət xadimidir. O, həyatının böyük hissəsini ulu öndərin silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsinə sərf edib. Bu gün də akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizə, dövlətçiliyimizə xidmət göstərməkdədir. O, eyni zamanda, mükəmməl bir akademik düşüncəyə sahib olan görkəmli elm xadimidir. İ.Həbibbəyli tariximizin ilkin mənbədən öyrənilməsi baxımından kitabın əhəmiyyətini vurğulayıb, bu əsərin tariximizin obyektiv öyrənilməsi və gənclərdə vətənpərvərlik hissinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
İ.Həbibbəyli görkəmli alim, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr kimi səciyyələndirib. Qeyd edilib ki, “Nadir şah” kitabında elmi redaktorun apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın qavranılmasına kömək edir.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova “Nadir şah” kitabının Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu, müəllifin zəngin mənbələrə əsaslandığını söyləyib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda qələmə aldığı bütün əsərlər təqdirəlayiqdir və istiqamətverici monoqrafik araşdırmalardır. N.Axundova müəllifin Osmanlı, İran, Rusiya mənbələrindən geniş istifadə etdiyini, həmçinin xalq arasında Nadir şahla bağlı lətifələrin də əsərdə əksini tapdığını deyib. O, kitabın ilk dəfə 2006-cı ildə Avropada çapdan çıxdığını və Qərbdə qəddar sərkərdə kimi təqdim edilən Nadir şaha qarşı düşüncənin dəyişməsində mühüm rol oynadığını söyləyib.
AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov hər bir xalqın tarixinə sahib çıxmasının vacibliyini vurğulayıb. O, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarixi ilə bağlı məsələləri daim diqqətdə saxladığını, Səfəvilər dövləti, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımlara dair sanballı əsərlər ərsəyə gətirdiyini bildirib.
Y.Mahmudov Nadir şahın Qərb dairələrində qəddar kimi qələmə verilməsinin doğru olmadığını, əksinə, imperiyada yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox humanist addımlar atdığını diqqətə çatdırıb.
Y.Mahmudov Nadir şahın Azərbaycanın bütövlüyünü təmin edən və sərhədlərini genişləndirən bir hökmdar olduğunu, məzhəb ayrılığı salmağa çalışan qüvvələrə qarşı daim mübarizə apardığını və dini birlik yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, eyni zamanda, son vaxtlar bəzi qüvvələrin Azərbaycanın görkəmli şəxsiyyətlərinin üzərinə kölgə salmağa yönəlmiş cəhdlərini pisləyib, təqdimatı keçirilən kitabın belələrinə tutarlı cavab olduğunu vurğulayıb.
Tarix İnstitutunun direktoru qeyd edib ki, Nadir şah Əfşar yaxın-uzaq ölkələrlə münasibətlərin qurulması istiqamətində geniş fəaliyyət göstərib. Nadir şah Azərbaycan ərazilərini genişləndirən, idarəçiliyin müxtəlif sahələrində fərqli strategiya yürüdən bir hökmdar və sərkərdə olub. Onun şəxsiyyətinə yönələn diqqət də məhz bu tarixi xidmətlərindən qaynaqlanır.
AMEA Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdimat mərasimi keçirilən kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılmış elmi redaktə hissəsini, əslində, dərin elmi tədqiqatı Nadir şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib, onun milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarından irəli gəldiyini vurğulayıb. Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən kitabda maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğu da diqqətə çatdırılıb.
Təqdimat mərasimində həmçinin Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev, bu elm müəssisəsinin İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, dosent Vidadi Mustafayev, Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent Səməd Bayramzadə, Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini Eynulla Mədətli çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, akademik Ramiz Mehdiyevin tarixi və fəlsəfi əsərləri Azərbaycan ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizə doğru yol göstərir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video