23 Iyun 2018 01:06
1346
ELANLAR
A- A+

BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalandı

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) ilə BANM arasındakı əməkdaşlığın reallaşdırılması məqsədilə Cenevrəyə səfər edib.Ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin irəli sürdüyü bu əməkdaşlıq təşəbbüsü UNITAR tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə on beş nəfər nigeriyalı tələbənin 2018-2022-ci tədris illəri müddətində BANM-də bakalavr dərəcəsi üzrə  BMT-nın ayırdığı təqaüdlərin hesabına təhsil almasını nəzərdə tutur.

Bu məqsədlə iyunun 19-da BMT-nin Cenevrə bölməsinin yerləşdiyi Millətlər Sarayında BANM-in rektoru Elmar Qasımov və UNITAR-ın icraçı direktoru, BMT-nin baş katibinin müavini Nikhil Set tərəfindən UNITAR ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. İmzalanma mərasimində ölkəmizin Cenevrədəki daimi nümayəndəsi səfir Vaqif Sadıqov, Nigeriyanın daimi nümayəndəsi səfir Audu Kadiri, BANM-in prorektoru Rəşad Həsənov, UNITAR-ın proqram rəhbəri Aleksandr Mexiya və ölkəmizin Cenevrədəki daimi nümayəndəliyində  attaşe Cavid Sadıqov iştirak ediblər.

Memorandumun əsas məqsədi Nigeriyadan olan on beş tələbənin Azərbaycanda “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil almasını və Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdirilməsini təmin etməkdən ibarətdir. Anlaşma memorandumunun şərtlərinə əsasən, BANM və UNITAR arasında eləcə də görüşlərin və seminarların təşkil olunması, birgə layihələrin reallaşdırılması, qarşılıqlı maraq dairəsində olan sahələrin birgə öyrənilməsi, mütəxəssislərin təmin olunması və hər iki tərəfin razılığı ilə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin nəticəsi olaraq on beş tələbə 5 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəklər.

1963-cü ildə təsis olunmuş Təlim və Tədqiqatlar İnstitutu BMT-nin ixtisaslaşdırılmış təlim qurumu olaraq, müxtəlif növ diplomatik təlim kurslarının keçirilməsi vasitəsilə həm BMT-nin səmərəliliyinin artırılması, həm də ictimai məlumatlandırma, təhsil və dövlət idarəçiliyində çalışan məmurların təlimi vasitəsilə BMT-nin üzv dövlətlərinin milli səviyyədə apardıqları işinin gücləndirilməsinə xidmət edir. İnstitut həmçinin BMT-nin üzv dövlətlərinə innovativ tədris yanaşmaları və üsulları təqdim edir, onların müraciətləri əsasında tətbiqi tədqiqatlar aparır.

Azərbaycanın yeni texnologiyalar üzrə aparıcı təhsil ocaqlarından biri olan BANM-də ölkəmizin müasir dövründə ilk dəfə olaraq BMT təqaüdçülərinin oxumağı dövlətin təhsil sahəsinə verdiyi yüksək diqqətin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin, eləcə də əvvəlki onilliklər ərzində xarici ölkələr üçün Azərbaycanda mövcud olmuş elmi-texniki kadrların hazırlanması ənənələrinin tədricən bərpa olunmasının əyani göstəricisidir.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video