Alternative content

20:22 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
07:06 22.06.2018

İyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə gündəliyə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna, Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər və “Hesablama Palatası haqqında”(üçüncü oxunuş) qanun layihəsinin daxil olduğunu deyib.

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Bundan başqa, dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Həmçinin Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. Həmin gəlirin azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 milyon manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 milyon manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 milyon manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirlər 22 milyard 110 milyon manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.

Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur.

Onun sözlərinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 milyard 86,8 milyon manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 milyard 981,1 milyon manat və ya 16,5 faiz artacaq. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1 milyard 600,2 milyon manat artırılaraq 26 milyard 537 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 milyard 549,8 milyon manat profisitlə proqnozlaşdırılır.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Palata tərəfindən qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilib.

Çıxış edən komitə üzvləri Mirzəcan Xəlilov, Vahid Əhmədov, Aydın Hüseynov, Əli Məsimli, Tahir Mirkişili, müvafiq nazirliklərin nümayəndələri büdcəyə təklif olunan dəyişikliklər barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.

Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi, həmçinin Milli Məclisə onunla eyni zərfdə daxil olmuş Vergi Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra Samir Şərifov “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri təqdim edib. Bildirib ki, bu dəyişikliklər 2019-cu büdcə ilindən başlayaraq dövlət və icmal büdcələrin tərtib olunmasını təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklər fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.

Qeyd olunub ki, bu dəyişikliklərin tətbiqi dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldacaq.

Deputatlar “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişiklikləri Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda “Hesablama Palatası haqqında” Qanun da üçüncü oxunuşda müzakirə olunub. Ziyad Səmədzadə ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun fikirləri dinlənildikdən sonra qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.