22 Iyun 2018 05:06
484
Elm və texnika
A- A+

Zəhərli dairə, yaxud ermənilər Şirvan Akademiyasının genetikasını necə məhv etdilər

“Kupes” ləqəbli İohan Narınyan adlı erməni Zeynalabdin Şirvanini zəhərləyib öldürdü və bunun əvəzində imperatordan mükafat aldı

 

Şamaxıda XI əsrdə yaradılan Şirvan Elmlər Akademiyasının fəaliyyəti və orada çalışan azərbaycanlı alimlərin aqibəti indiyədək yetərincə araşdırılmayıb. AZƏRTAC bununla bağlı Beynəlxalq Terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlunun “Astaxov Dəftəri” adlanan məxfi sənəd əsasında hazırladığı məqaləni təqdim edir.

Sankt-Peterburqdakı məşhur “Astaxov qardaşları”nın yaşadıqları binada nəvə İqor Alekseyeviç Astaxov özünün “Məxfi kitabxana”sını yaradanda cəmi 18 yaşı vardı. Rus alimi və səyyahı İ.A.Astaxov dünyanın nadir elm mərkəzləri, mədrəsələr, akademiyalar, fitri istedad sahibləri haqqında məlumatlar toplayırdı. Onun “Akademiyalarla” bağlı dəftəri Sankt-Peterburqun Məxfi Arxiv-Kitabxanasında saxlanılır. Buradakı məxfi sənədlərdən biri də tacir babasından qalan və üstündə on yeddi imza olan, Şamaxı bazarından alınan qədim dəftər – “Astaxov Dəftəri” idi. Bu əlyazısında çoxlu qeydlərlə yanaşı, xırda şəkillər də çəkilmişdi. 121 səhifəlik bu dəftər imperator I Aleksandrın imzaladığı sərəncamla açılırdı. Sərəncamda qeyd olunurdu ki, ölkənin məxfi idarəsinin rəisi Şeqlov Nikolay Aleksandroviç Azərbaycanda fəaliyyət göstərən erməni əsilli “Rusiyanın dostları” ilə körpüləri bərpa etməyi zəruri və vacib sayır. Məxfi idarənin rəisi Şeqlov isə yazırdı: “Bu sərəncamın əsas mahiyyəti 150 ildən sonra açılacaq və Azərbaycan elminə, ziyalısına qarşı yeni proqram irəli sürüləcək”. Məlum olur ki, bu strateji addım ermənilərin Qafqazda məskunlaşması və nəsillərini artırılması üçün bir öhdəlikdir. Çünki Şamaxı kimi strateji məkanda belə bir elm və mədəniyyət, təhsil bazasının yaradılması Rusiyanın ucqarlarda yeritdiyi siyasətə böyük maneə idi.

“...Rusiyanın Baş Məxfi İdarəsi üçün Əlahəzrət I Aleksandrın məcburi tövsiyəsi. General Şeqlov Aleksandroviç üçün. (Şamaxı) – Şirvan dairəsi (Azərbaycan).

Şirvan Elmlər Mərkəzi (akademiyası – R.N) XI əsrdən fəaliyyətdə olub. Amma nə iş görüb? Nəticələrini bilmək üçün hesabat hazırlayın. Bu işdə Məxfi İdarənin S.M.Malokonyan qrupundan istifadə edin. Ermənilər Böyük Rusiyaya həmişə sədaqətli olublar. (İcra edin).

Əlahəzrət I Aleksandrın dəftərxanası.

1809-cu il 22 avqust”.

 

İ.A.Astaxovun məxfi kitabxanasında saxlanılan bu dəftərdən məlum olur ki, hələ I Aleksandrdan qabaq rus hökmdarı I Pavelin də Şamaxıda XI əsrdə qurulan və sonra ermənilər və ruslar tərəfindən dağıdılan Şirvan Elmlər Akademiyası ilə bağlı xüsusi sərəncamları olub. Bundan sonra ermənilər Şamaxıda, eləcə də Şirvanın ayrı-ayrı bölgələrində elm adamlarına qarşı amansız hücuma keçdilər. Ordudan tərxis olunmuş ermənilər Şamaxıya göndərilirdi. Əsasən zəhər ticarəti ilə məşğul olan ermənilər Rusiyanın məxfi idarələrindən aldıqları tapşırıqları məmnuniyyətlə icra edirdilər. Həmin dəftərdə belə bir qeyd var: “Azərbaycan coğrafiyaşünas alimi Zeynalabdin Şirvanini “Kupes” ləqəbli İohan Narınyan adlı bir zəhər alverçisi necə zəhərləyib öldürdü və əvəzində Rus hökmdarı tərəfindən hansı mükafatı aldı” (Astaxov İ.A. “Akademiyalar Dəftəri” III hissə. s.15).

Dövrünün çox məşhur alimlərindən biri olan, ömrünün çox hissəsini səyahətlərdə keçirən, Azərbaycan coğrafiyaşünaslığı üçün zəngin irs qoyan Zeynalabdin Şirvani erməni zavalına gəldi. Onun “Səyahət baxçaları”, “Səyahət bostanı”, “Mərifətlətin kəşfi” və digər əsərləri dünya alimlərinin diqqətini çəkirdi. O, gəzib-gördüyü və kəşf etdiyi Hindistanın, ərəb ölkələrinin, Nil çayının, Hind və Atlantik okeanlarının sirlərindən bəhs edən xeyli yazılı məlumat qoymuşdu. Şamaxıya Novqoroddan alış-verişə gələn rus taciri Konstantin Sidorov qeyd edir ki, Şirvani onun gözləri qarşısında zəhərləndi... və az sonra qan qusaraq canını tapşırdı (tacir K.Simonovun dəftərə tikilmiş rəsmi əl yazısı. Həmin mənbə, s.19). 1160-cı ildə Şamaxıda rus məxfi idarəsi üçün kəşfiyyat məlumatları toplayan Qara Pyotr (Pyotr Samoylov) hökmdar dəftərxanasına göndərdiyi teleqramda yazırdı: “...ermənilər səxavətlərinə görə fərqlənirlər. Bu gün qoca Şirvani Kupes tərəfindən zəhərləndi. Qərarımız var ki, iki gündən sonra onun qardaşı Məhəmmədəli Şirvanini də eyni yolla aradan götürək. O da məşhur filosof və tarixçidir, qardaşı kimi məşhur adamdır, rusları və erməniləri sevmir...”.

İki gündən sonra Məhəmmədəli Şirvani də zəhərlənərək öldürüldü. Kupes İohan onun yeməyinə gürzə zəhəri tökdü (Astaxov İ.A. “Əlavə qeydlər”, 1893).

Sankt-Peterburqdakı Məxfi Kitabxanada saxlanılan “Astaxov dəftəri”ndəki maraqlı məlumatlardan biri də budur ki, ermənilər ələ keçirdikləri ən nadir sənət əsərlərinin bir qismini ruslardan gizlin Ermənistanın “Matenadaran” adlanan Əlyazmalar İnstitutuna göndərirdilər. Məsələn, Şamaxıda çox məşhur olan tarixçi-filosof və tədqiqatçı, 16 il Şirazda erməni girovluğunda qalan Əbdül Rəzzaq Bəyi Şamaxıda yas məclisində zəhərlədikdən sonra, ermənilər onun evinə basqın etmiş, məşhur “Həqiqətlər həqiqəti” əsərini ələ keçirərək Ermənistana ötürmüşlər. Başqa bir məlumatda isə bildirilir ki, 1823-cü ildə I Aleksandrın göstərişi ilə erməni “Kupes” – N.Narınyan Moskva çayının sahilindəki rus kilsəsinə dəvət olunur. Narınyanı kilsədə gizli şəkildə qəbul edən çar ona üstündə brilyantı olan Qızıl Xaç ordeni verir. Əlavə olaraq tapşırır ki, Şamaxıya qayıtdıqdan sonra məxfi idarənin zabiti Pyotr Samoylovu aradan götürsün. Hadisədən xəbər tutan Samoylov məxfi sənədləri götürərək, Şamaxıdan çıxır və Gəncəyə gedir (P.A.Samoylov. “126 gün Şirvanda...”, Sankt-Peterburq, 1898).

Məlumata görə, I Nikolayın hakimiyyəti dövründə (1825-1855) Şamaxıda qırx səkkiz nəfər Şirvani təxəllüslü elm və sənət adamı, yazıçı, şair, tarixçi-filosof... ermənilər tərəfindən zəhərlənərək öldürülüb (həmin mənbə, s.28). “Astaxovn dəftəri”ndə qeydlər etmiş konfet kağızı fabrikinin sahibi, Azərbaycan aşıq musiqisinin vurğunu olan rusiyalı, Aleksandr Aleksandroviç Şarinski yazır: “...dünyada, bildiyimə görə, ilk Elmlər Akademiyası deyilən elm və ədəb mərkəzini - Şirvan Elmlər Akademiyasını məhz Şamaxıda, dörd yol ayrıcındakı binada (?) bu millət yaratdı... Amma sona qədər qoruyub, saxlaya bilmədi. Bir tərəfdən ermənilər, bir tərəfdən ruslar... bu akademiyanın sayıb-seçilən adamlarını zəhərləyərək, məhv etdilər. Hər gün Şirvani təxəllüslü bir məşhur filosof dəfn olunurdu...” (: A.A.Şarinski. “Şamaxı təəssüratı”, Sankt-Peterburq, 1901).

Araşdırma materiallarına görə, Rusiya tarixində və rus dövlətçilik ənənələrinin formalaşmasında xüsusi rol oynayan knyaz Yaroslav Mudrı (1018-1054) Şamaxı haqqında xüsusi biliyə malik idi. O, bu diyar barədə daha ətraflı məlumat toplamaq məqsədilə 1052-ci ildə Mitropolit İllarionu Şamaxıya göndərir. İllarion1052-ci ilin oktyabr ayının 26-da Şamaxıda filosof, dövrünün zəkalı və iti ağıla malik şəxslərindən olan Muqlis Şirvani ilə görüşür. Həmin vaxt Şamaxıda Şirvan Elmlər Akademiyası adlı bir qurum yaradılmaqda idi. Qurumun xəzinədarlığı və möhürlərin hazırlanması erməni tacir Mari Osipyana həvalə edilmişdi. Bu, səbəbsiz deyildi: erməni tacir akademiyanın yaranması və inkişafı üçün öz sərmayəsinin bir hissəsini könüllü olaraq ayırmışdı. Sonradan məlum olur ki, Ospiyanın ayırdığı pul ona yox, əslində ərdəbilli memar Hacı Müslüm Tağızadəyə məxsus imiş (“Astaxov Dəftəri”nə tikilmiş sənəd). Tarixçi S.S.Mamontov yazır ki, erməni taciri Mitropolit İllarion ifşa edir: “Bu adam (Mari Osipyan) neçə illərdir ilan zəhəri satmaqla məşğul olub. Ərdəbildə memar Hacı Müslüm Tağızadə ilə qohumluq əlaqəsi qurub, qızı Gülcamalı onun oğluna verib. Memar Hacı Müslüm Tağızadə doqquz il Rusiyanın Kiyev, Novqorod, Moskva şəhərlərindəki hökmdar saraylarının tikintisində imzasını qoyub. Onun Kiyevdə tikdiyi “Qədimdən Qədim” adlı tarixi abidə həmişə diqqətdə olub. Bildiyimə görə, 1094-cü ildə Şamaxıda Şirvan Elmlər Akademiyası qurulur, yəni arada gəzən söz-söhbətə son qoyularaq rəsmi açılışı baş tutur. Akademiyanın açılışında ərdəbilli memar Hacı Müslüm Tağızadə iştirak edir. O, Şirvan Elmlər Akademiyasının yaradıcısı filosof Kafiəddin Şirvaninin əziz dostu kimi onun yanında idi...”.

Lakin Şirvanda açılan akademiyanın fəaliyyəti erməniləri və eləcə də rusları o qədər sevindirmirdi. Bu zaman Şirvan Elmlər Akademiyasının 11 nəfər üzvü var idi. Rus alimi A.D.Medlınnıy “Üçbucaq” əsərində yazır: “...Şamaxı Azərbaycanın ən qədim yurd yerlərindən olub. O, həm də çox güclü ticarət mərkəzi kimi tarixdə qalıb. Şamaxı həm də elm və mədəniyyət mərkəzidir. Orada 17 dəfə olmuşam. Amma mənim ora getməyimə, səfər etməmə səbəb atamın - filosof David Aydamiroviçin həmin yerlər, xüsusən Şirvan Elmlər Akademiyası ilə bağlılığı olub. Atam öz nəslinə, yəni mənim çox qədim babalarıma məxsus Şamaxı ilə bağlı əlyazısını axtarırdı. Həmin əlyazmalar tarixi sənəd kimi atamın dediyinə görə, neçə yüz il bundan öncə Akademiyaya verilmişdi...

Görünür, Şirvan Elmlər Akademiyası, həmçinin dünyada tanınmış elm adamlarının üzünə qapılarını açdıqdan sonra, burada mühazirələr oxunmuş, əlyazıları yığılaraq saxlanılmışdır. Lakin mən Akademiyanı tədqiq edib, öyrənərək, daha ciddi məlumatlar topladım. Öyrəndim ki, Akademiya yaradılarkən ruslar onu ciddi nəzarətə götürüblərmiş. Bundan başqa, Şirvanda yaradılan Elmlər Akademiyası ilə bağlı Vatikan ciddi araşdırmalar aparıb, ora öz emissarlarını göndərib. Çünki Vatikan müsəlmanların belə dirçəlişini, oyanmasını heç cür qəbul etmirdi. Onları həmin ermənilər qarşılayıb, yola salırdılar”.

Şirvan Elmlər Akademiyası getdikcə Şirvanşahlar dövlətini dünyaya elmin, sənətin, ləyaqətin beşiyi kimi tanıdırdı. Onun rəhbəri seçilmiş filosof Kafiəddin Şirvani haqqında isə çox rəvayətlər gəzib dolanırdı. Mənbələrə görə, Şirvan Elmlər Akademiyasının qurucusu olan filosof Kafiəddin Şirvani böyük Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisi olub və şairin tərbiyəsində, elmi biliklərə yiyələnməsində xüsusi səy göstərib. “Dövrünün Aristoteli” kimi ad qazanmış Kafiəddin Şirvani Vatikana dəvət alıb.

Təhlillərə və əldə olunmuş bəzi materiallara görə, Şirvan Elmlər Akademiyasının Vatikan Akademiyasına oxşarlığı var. Başqa bir məlumatda isə bildirilir ki, yolayrıcında salınmış Şirvan Elmlər Akademiyasının “Peyğəmbər Kitabxanası” dörd dəfə bilərəkdən yandırılıb. Nəticədə Kafiyəddinin Zeynəb Gül adlı ömür-gün yoldaşı və ondan əkiz doğulmuş oğlanlarından biri Məhəmməd yanaraq həlak olurlar. Kafiyəddin Şirvani az müddət ərzində Akademiyada 19 şöbə yaradır. Orta Asiyanın, Şərq ölkələrinin ayrı-ayrı regionlarından, eləcə də bəzi Avropa ölkələrindən təhsil üçün, dünyanı dərk etmək üçün bura gəlirdilər. Şirvan Elmlər Akademiyasına Azərbaycanın müxtəlif rayonlarında yaşayan güclü fitri istedad sahibləri də təşrif gətirirdilər.

Filosof Kafiəddin Şirvaninin kitabları, əlyazmaları, Akademiyaya məxsus geyimlər haqqında məlumatlar yox dərəcəsindədir. Ümumiyyətlə Şirvan Elmlər Akademiyası ilə bağlı ilk tədqiqatları mərhum alim Qafar Kəndli-Herisçi, həmçinin tanınmış alimlərimizdən D.Dəmirov, İ.Əfəndiyev aparıblar. Lakin Kafiəddin Şirvani ilə bağlı mükəmməl tədqiqat bazasının və materialların olmaması səbəbindən çox mətləblər qaranlıq qalır. Biz əsasən bütün tədqiqat faktorlarından fərqli olaraq Şirvan Elmlər Akademiyasına, onun Şura üzvlərinə, alim və filosoflarımıza qarşı erməni faktorunu araşdırmağa cəhd etmişik. Çünki məlumata görə, qədim Azərbaycanla bağlı Sankt-Peterburqda və Ermənistanda saxlanılan sənədlər toplusunda Şirvan Elmlər Akademiyası ilə əlaqəli sənədlər, yazışmalar var. Məsələn, erməni tarixçisi İ.D.Şaxinyan və Ş.O.Dovlatyan iddia edirlər ki, Şirvan Elmlər Akademiyası XII əsrin (?) ortalarında erməni alimləri (?) tərəfindən qurulub.

Araşdırdığımız materiallarında qeyd olunur ki, Kafiəddin Şirvani yandırılan kitabxanasını söndürmək istəyərkən, özü də kitabları ilə birgə yanır. Bir müddət dili tutulur və gözlərindən olur. “Astaxov dəftəri”nə istinad etsək, Kafiəddin Şirvani 1132-ci ildə faktiki olaraq kitablarını, əlyazmalarını itirir və ürəyi buna tab gətirmir. Onun ölüm xəbəri dünyanın əksər ölkələrində təəssüf hissi ilə qarşılanır. Dəfn mərasimində iştirak etmək üçün hətta rus kilsəsi başçısının köməkçisi Qriqori Melanşik Şamaxıya göndərilir. Həmin vaxt Qriqori Melanşiklə görüşən Xaqani Şirvani deyirdi: “...Kafiəddin mənim əmim idi. Lakin mən onu Şirvan elinin dahisi kimi qəbul etmişəm”.

“Astaxov Dəftəri”ndə qeyd olunur ki, Kəfiəddin Şirvaninin ölümündən sonra regiondakı ermənilər Akademiyaya qarşı daha da aqressiv oldular, tanınmış alimlərə qarşı əsl mənada hücuma keçdilər. 1132-ci il martın ortalarında biri-birinin ardınca iki nüfuzlu Şamaxı alimini - Əyyub Səltənət Şirvanini və filosof Ağa Bağır Ağa Seyidzadəni zəhərləyərək məhv etdilər. “Astaxov Dəftəri”ndə oxuyuruq: “...Ölən iki nəhəng filosof Şirvan Elmlər Akademiyasının nurlu adamları idi. Hamı Şamaxıda onları görəndə baş əyir, təzim edir... sonra ötüb keçirdi. Filosof Əyyub Səltənət Şirvaninin on ikinci İmamla bağlı tədqiqat əsərini Vatikan emissarı Martin İohann erməni tacir Aram Babayandan külli miqdarda pul verərək ala bildi”.

Araşdırma materiallarına görə, Şirvan Elmlər Akademiyasına 1159-cu ildə ermənilər də qəbul olunmuşdu. Dərmanşünaslıq şöbəsinə daxil olan bu erməni alimləri ustalıqla ilan zəhərindən digər çeşidli zəhər alırdılar. Məsələn əvvəllər rus knyazlığında şam yandıran işini icra edən Birac Atçıyan adlı birisinin əldə etdiyi yeni zəhər növü “Mitan” adlandırıldı. Bu zəhər Şirvan Elmlər Akademiyasında az müddət istehsal olundu. Deməli, Akademiyada primitiv də olsa, kiçik laboratoriyalar vardı. Bu istiqamətdə hələlik heç bir tədqiqat aparılmayıb.

Şirvan Elmlər Akademiyasında “Bizim mənşəyimiz” şöbəsi daha mürəkkəb və ciddi işlərlə məşğul idi. Erməni alimlərlə cəhd edirdilər ki, həmin şöbəyə soxulsunlar. Hətta bu məqsədlə 1159-cu ilin ortalarında Şirvan şahı III Mənuçöhrdən yazılı, möhürlü fərman almışdılar. Şirvan Elmlər Akademiyasına atasından sonra rəhbərlik edən filosof Vəhidəddin Şirvani III Mənuçöhrün ermənilərlə bağlı Vatikandan göndərilən və yaxud edilən xahişini yerinə yetirmədi. Bütün bunlar narazılıq yaratdı. Nəticədə III Mənuçöhr Akademiyada çalışan üç filosofu zindana salır, Vəhidəddin Şirvani isə Bərdəyə sürgün olunur. Yaranmış fasilədən istifadə edən ermənilər zəhər “çeşidləyən” laboratoriyanı dağıdaraq, onu başqa bir yerə köçürürlər. Akademiyaya məxsus 670 səhifəlik məlumat kitabları, əl yazıları, hesab dəftərləri, onun qurduğu əlaqələrə dair sorğu vərəqləri oğurlanır. Oğurlanmış qiymətli sənədlər biri Vəhidəddin Şirvaninin yaratdığı Yeni il təqvimi idi. Tədqiqatçı-alim Q.Kəndli-Herisçi "Xaqani Şirvani" əsərində yazır: "Xaqani Gəncədə ikən Şirvan şahı III Mənuçöhrdən təcili məktub alır ki, dövlət işlərinin xatirinə yubanmadan Şamaxıya qayıtsın... Həmin məktubda yolüstü sürgündə olan filosof Vəhidəddinin də Şamaxıya qaytarılması əmrini verdi".

"Astaxov Dəftəri"ndə qeyd olunur ki, filosof Vəhidəddin Şirvaninin yaratdığı Yeni İl təqvimini də ermənilər oğurlayaraq, Vatikan emissarı Pabloya satdılar. Maraqlı cəhət bu idi ki, III Mənuçöhr də filosofdan həmin təqvimi istəyib. Lakin filosof III Mənuçöhrə yazdığı məktubda bildirirdi: "...Mənim başıma gələn qəzavü-qədəri anlamadım. Ermənilər şahın mənə olan münasibətindən istifadə edərək, Akademiyanı viran qoydular. Əlyazmaları, kitabları, laboratoriya dəzgahlarını... Yeni İl təqvimini oğurladılar".

Dünyada mövcud olan Akademiyaları tədqiq edib öyrənən Astaxovlar nəslinin Şirvan Elmlər Akademiyası ilə bağlı çox ciddi araşdırmaları olub. Amma nə edək ki, bu araşdırmaların sonuna çata bilmədik. Böyük Azərbaycan şairi Xaqani Şirvani əmisi oğlu Vəhidəddin haqqında Şirvan şahı III Mənuçöhrə belə yazmışdı: ... İmkan verin sözünü desin. Ondan ikiüzlü, yaltaq olmaz. Bu mümkün deyil. Ondan abırsız və həyasız olmaz. Bu mümkün deyil. O, ləyaqətini qoruyan, ədalətli, istedadı... Allahı sevəndi. O, nəcib əməllər qəsridi. Şahım, istedadlı adamlar paxıl və xain olmur. İstedadsız filosoflara, qələm sahiblərinə (Allah kəssin belə qələmi) söz aparıb, söz gətirənlərə, qəlbləri, ürəkləri qıranlara, qeyrətini və şərəfini əldən verənlərə lənət olsun. Lənət olsun. Lənət olsun...".

Məlumata görə, professor Astaxov nəslinin son nümayəndələrindən olan Qleb Nikolayeviç Astaxov şair Xaqaninin bu məktubunu rus dilinə çevirmiş və iş otağında başının üstündən asmışdı. Həmçinin Q.N.Astaxov sanki III Mənuçöhrə üzünü tutub, onu ittiham edirdi: "Onu - o gözəl çırağı (Vəhidəddin Şirvani nəzərdə tutulur - R.N.) Sən söndürdün. Sən onun ürəyi ilə oynadın, hökmdar. Sənin məmləkətin bir daha belə vücud yetirməz...".

Professor Q.N.Astaxov daha sonra yazır: “Araşdırma vaxtı əlimə Şirvan Elmlər Akademiyasının kitabxanasından erməni alimi Birac Atçıyanın oğurlayaraq apardığı kitabların siyahısı keçdi. Ermənilər kitabxanadan dəyəri ölçü və miqyasa gəlməz "Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi haqqında", "Əql sözünün mənasına dair", "Platon və Aristotel", "Metafizika", "Ədalət kitabı", "Qanun", "Ürək xəstəlikləri", "Şirvanın tarixinə dair yüz bir deyim", "On ikinci İmamın zühur etməsi", "Əli", "Fatimə", "Hüseyn", "Həsən", "Abbas", "Məhəmməd" adlı tədqiqat əsərlərini, "Bizim mənşəyimizdəki bənzərsizlik", "Hər salamda yüz min himmət var..." kimi əsərləri oğurlayıb apardılar. Vatikan emissarları isə Şirvan Elmlər Akademiyasından Məhəmməd Peyğəmbərin ərəb tacirindən alınmış qiymətli əbasını, dəri çarıqlarının qalıqlarını, min iki yüz səhifəlik əl yazısını, Azərbaycanın qədim xəritələrini, coğrafi dərslikləri oğurlaya bildilər”.

Vəhidəddin Şirvani ilk təbiətşünas alim idi ki, Şirvan ərazisindəki çayları, su hövzələrini arayıb, axtarmışdı. Şirvan şoranlıq, susuz səhranı xatırladırdı. III Mənuçöhr onun təklifi ilə Kür çayı üzərində bəndlər saldırmışdı. Sonuncu bənd "On gözlü bənd" adlanırdı. Şirvan torpağı bundan sonra libasını dəyişdi, gəlib-gedənləri çoxaldı.

Amma böyük alimi Şirvan Elmlər Akademiyasına soxulmuş, Şamaxıda erməni soy-kökü istiqamətində araşdırmalar aparan Telaor Faruqyan adlı birisi tərəfindən zəhərləndi. Erməni Faruqyanın cinayətinin üstünü açılmasında və onun tutularaq, insanların gözü qarşısında, Şamaxı meydanında dara çəkilməsində Şirvan şahı III Mənuçöhrün qadın sərkərdələrindən olan Banu Xatunun misilsiz rolu oldu. Həmin vaxt Eçmiədzin ideoloqlarından olan katalikos Nerses Banu Xatunun Şamaxıda qalan nəslinə qarşı ölüm fitvasına imza atdı. Faruqyanın məktublarını, onun Şirvan Elmlər Akademiyasındakı fəaliyyətini araşdıran tədqiqatçı M.N.Sarateli yazır ki, bu adamı bağışlamaq, onu yaddan çıxarmaq Azərbaycan milləti üçün başucalığı gətirməz. O, düşməndir: “Düşməni isə unutmaq yox, onun törətdiyi əməllərin dalınca getmək, onu və onun kimilərini məhşər ayağına çəkmək lazımdır... Onlar Pir Hüseyn Şirvani adlı bir akademiki də zəhərləyib öldürmüşdülər. Çoxlarına qəribə gəlməsin ki, mən “akademik” sözünün işlətdim. Bu həqiqətən də belə idi...”.

Alim M.N.Sarateli “Şirvan elmi” adlı 180 səhifəlik əsərində (1955-ci il), həmçinin göstərir ki, Şirvan Elmlər Akademiyası hələ tam və əhatəli tədqiq olunmayıb. Bu akademiyanı ermənilər təpədən dırnağadək zəhərləyib, sıradan çıxardılar. Vatikan emissarları isə çox dəyərli tədqiqat materiallarını oğurlayaraq apardılar.

Şirvan Elmlər Akademiyası haqqında “The Daily Teleqraph” (Böyük Britaniya), “Akhbare-Jahan” (Pakistan), “Gurrent” (Hindistan), “Le Monda” (Fransa), “İzvestiya” (Rusiya), “Keyhan” (İran), “Milliyyət” (Türkiyə) qəzetləri müxtəlif yazılar və xəbərlər çap edib. “Astaxov Dəftəri”ndə isə Şirvan Elmlər Akademiyasının dil və ədəbiyyat, sənətə tənqidi yanaşma şöbəsinin əməkdaşı, filosof Pirhüseyn Şirvaninin, tibb elmləri şöbəsinin əməkdaşı Mahmud Əl-Təbib Şirvaninin, astronomiya şöbəsinin elmi-tədqiqatçısı, böyük alim Əbdülkərim Dahi Şirvaninin, pedaqoji şöbənin rəhbəri Təhaəddin ibn Əhmədin, ordu və dövlət quruculuğu şöbəsinin başçısı olmuş Əmir Əsədəddin Şirvaninin müxtəlif mərhələlərdə zəhərlənərək öldürülmələri ilə bağlı məlumatlar var.

Şirvan Elmlər Akademiyasının ən ciddi və aktiv üzvü Mahmud Təbib Şirvani olub. Ona “Şərəf-əş Şirvan” deyirdilər. Belə bir titullu həkim, tibb elmlərinin bilicisi olan Mahmud Şirvani 66 yaşında özünün erməni köməkçisi Mirzəbəy Adilyan tərəfindən zəhərlənərək öldürülür. Bu vaxt M.Adilyan onun 28 cilddən ibarət əlyazısını götürərək qaçır və qaçarkən də tibb şöbəsinə od vurur. “Astaxov Dəftəri”ndə oxuyuruq: “Şirvan Elmlər Akademiyasının tibb şöbəsi başdan-başa yanıb, kül oldu. Bundan bir az keçmiş Mirzabek Adilyanın Rusiyada, İranda və Türkiyədə tibbə dair kitabları nəşr olundu. Bütün bu kitablar Mahmud Şirvaninin dəstxəti idi. Belə bir oğurluğu və qəddarlığı Tanrı bağışlamadı. O, elə bir dərdə, bəlaya düçar oldu ki... şam kimi əridi. Və günlərin birində... yəni ölüm ayağında qışqırdı: “Bütün bu kitablar qoca Mahmudundur (Mahmud Şirvaninin – R.N.). Araşdırma materiallarına görə, Mahmud Şirvani ocağı beş nəsli özündə birləşdirir: 1. Şövqizadələr, 2. Bəhramzadələr, 3. Sultanzadələr, 4. Məbədzadələr, 5. Əndəbilzadələr.

Sültanzadələr şəcərəsi Mahmud Şirvaninin yolu ilə gedib. Şamaxıda, ümumən Şirvanda ən savadlı və çoxbilmiş həkimlər Sultanzadələr ocağından çıxıb. 1918-ci il qırğınlarında onların böyük bir qismi məhv edildi. Bütün bunlara baxmayaraq, Sultanzadələr nəsli sönmədi.

Göründüyü kimi, Şirvan Elmlər Akademiyası Azərbaycanın zəngin elm və bilik xəzinəsi olub. Amma çox təəssüf bu xəzinənin açarı düşmənə həvalə edilmişdi...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video