Alternative content

12:07 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlvida, PERU
Əlvida, PERU
ANA SƏHİFƏ / İDMAN
12:06 22.06.2018

 

Danimarka  - Avstraliya - 1:1

Qollar: Kristian Eriksen, 7 - Mayl Yedinak, 39 (penalti)

Samara, “Kosmos Arena”

 

Samaranın “Kosmos” arenası  mundialda daha bir oyuna evsahibliyi etdi.  Danimarka-Avstraliya matçı ilə C qrupunda 2-ci tura start verildi. Matçdan öncə digər şəhərlərdə olduğu kimi, Samarada da  əsl futbol bayramı yaşanırdı. Sosial şəbəkələrdə paylaşılan şəkillərdə və bir sıra xarici KİV nümayəndələrinin “Facebook”da etdikləri canlı yayımlarda diqqətçəkən görüntülər var idi.  Danimarkalı və avstraliyalı  azarkeşlərin bir-birilərinin ünvanlarına maraqlı şüarlar səsləndirdiklərini və bundan zövq aldıqlarını görmək olurdu.

Danimarka görüşü qazanacağı təqdirdə 1/8 final mərhələsini təmin etmiş olurdu. Nəzərə alsaq ki, qrupda sonuncu turda rəqib Fransa seçməsi olacaq, Danimarka millisi nə olursa-olsun, bu matçdan qalib ayrılaraq işi həmin qarşılaşmaya buraxmaq istəmirdi.

İspaniyalı baş hakim Antonio Mateu Lahozun start fitindən sonra matça daha sürətli başlayan tərəf Skandinaviya təmsilçisi oldu. Danimarkalılar hücumları cinahlardan qurmağa üstünlük verirdilər. Eyni zamanda uzun ötürmələrlə Avstraliya seçməsində müdafiənin mərkəzindəki boşluqdan istifadə etməyə çalışırdılar. Belə epizodlardan birində nominal meydan sahibləri istədiklərinə çatdılar. 7-ci dəqiqədə Kristian Eriksen vurduğu qolla hesabı açdı.

Qoldan sonra tədricən oyunu meydançanın rəqibə aid hissəsində quran Avstraliya qısa ötürmələrlə müdafiə xəttini yarmağa çalışırdı. Lakin güclü pressinqlə üzləşən Avstraliya seçməsi istədiyi oyunu nümayiş etdirə bilmirdi. İlk hissənin Danimarka millisinin xeyrinə başa çatacağı gözləndiyi bir vaxtda Avstraliya penalti vurmaq imkanı qazandı. Belə ki, standart vəziyyətdən ötürülən top rəqib müdafiəçinin əlinə dəydi. Videotəkrara (VAR) baxdıqdan sonra ispaniyalı referi 11 metrlik nöqtəni göstərdi. Zərbəni dəqiq yerinə yetirən Mayl Yedinak hesabda tarazlığı bərpa etdi.

Fasilədən sonra hər iki tərəfin qol vurmaq üçün imkanları olsa da, bundan yararlana bilmədilər.

 

Fransa - Peru - 1:0

Qol: Mbappe, 34

Yekaterinburq, Mərkəzi stadion

 

İyunun 21-də Fransa-Peru matçı ilə C qrupunda 2-ci tura yekun vuruldu. Hər iki komandanın heyətinə nəzər yetirdikdə fransızların aşkar üstün olduqlarını söyləmək olardı.  Onu da qeyd edək ki, çempionatın favoritləri sırasında yer alan Fransa yığmasının son görüşlərdə  nümayiş etdirdiyi futbol heç də ürəkaçan deyil. Bunun nəticəsidir ki, baş məşqçi Didye Deşam futbolçu seçimlərinə və oyun üslubuna görə tənqid hədəfinə məruz qalıb. Görünən odur ki, DÇ-2018-də Fransa millisi ancaq futbolçuların fərdi ustalıq keyfiyyətinə görə nəsə edə bilər. Elə Peru ilə qarşılaşmada bunun növbəti dəfə şahidi olduq.

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən baş hakim Mohammed Abdulla Hassanın start fitindən sonra oyuna perulular daha sürətli başladılar. Hətta vəziyyət o yerə çatmışdı ki, ilk 7 dəqiqə ərzində Peru millisinin qapıçısı Pedro Qalleseyin əlinə  top belə dəyməmişdi. Hücumlarını sağ cinahdan quran Peru yığması Luis Advinkula və  Andre Karrilyo ilə Fransa qapısı qarşısında cox ciddi təhlükələr yaratdılar. Lakin təcrübəsizlik və həyəcan qol epizodlarında Peru seçməsinə çox ciddi problemlər yaratdı. Ancaq buna baxmayaraq, meydançanın mərkəzində tətbiq edilən pressinq fransızların normal hücum qurmağına imkan vermədi.

Bir qədər sonra Peru yığmasında yorğunluq özünü göstərməyə başladı. Meydançanın mərkəz xəttində ötürmələrdə ciddi səhvlərə yol verildi. Bunun nəticəsində Fransa millisinin heyətində Pol Poqba, Nqolo Kante mərkəz xəttini rahat keçərək  Antuan Qrizmann və Kilian Mbappeyə ideal ötürmələr verirdilər. Belə epizodlardan biri 34-cü dəqiqədə qolla tamamlandı. Qapıçının dəf etdiyi topu Mbappe təkrar zərbə ilə boş qapıya göndərdi.

İkinci hissəyə fransızlar ilk hissədən fərqli olaraq daha sürətli başladılar. Oyunu meydançanın rəqibə aid hissəsində qısa ötürmələrlə qurmağa çalışan fransızların itirdikləri hər top qapıları qarşısında ciddi təhlükə ilə yadda qalırdı. Belə epziodlardan birində Fransa yığmasının bəxti gətirdi. Pedro Aqinonun uzaqdan vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk etdi.

60-cı dəqiqədən  sonra oyun əsasən meydançanın Fransaya aid hissəsində keçdi. Perulu futbolçular qol vurmaq üçün nə qədər  cəhd göstərsələr də, ötürmələrdəki qeyri-dəqiqlik buna imkan vermədi. 

Beləliklə, 1:0 hesabı ilə qalib gələn Fransa millisi xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqə qazandı. C qrupunda sonuncu turun nəticəsindən asılı olmayaraq  Peru mundialla vidalaşdı.