Alternative content

23:46 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix və müasirlik
Tarix və müasirlik
ANA SƏHİFƏ / Mədəniyyət
12:06 22.06.2018

 

“Kaspi nəşrləri” seriyasından “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabı 100 illik zəngin dövlətçilik irsimizə sanballı töhfədir

 

Hər bir xalqı ucaldan, tarixini zənginləşdirərək gələcəyinə işıq saçan onun böyük şəxsiyyətləridir. Azərbaycanın yetirdiyi dühaları bugünkü və gələcək nəsillərə öz əzəmətləri ilə nə qədər yaxından tanıda bilsək, bu dövlətin sabahına görə məsuliyyətini bir o qədər dərindən dərk edən, qəlbi belə şəxsiyyətlərin qurduğu müstəqil Azərbaycan dövlətinə mənsubluq hissinin qüruru ilə döyünən şərəfli bir nəsil yetişdirmiş olarıq.
Tarixən o dövlət və cəmiyyətlər güclü hesab edilib ki, orada dövlətçilik irsi ilə onun varisliyi arasında qırılmaz vəhdət təmin olunub, milli ideyalar, amallar bir nəsildən digərinə ötürülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli dövlətçilik tariximizə bəxş etdiyi böyük dəyərlərdən biri də məhz budur.
Dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü respublikamızda və onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir. Belə mühüm məqamda “XX əsr Azərbaycanının görkəmli dövlət qurucuları” adlı sanballı nəşrin ərsəyə gətirilməsi mühüm elmi-mədəni hadisə ilə yanaşı, zəngin dövlətçilik tariximizdə xidmətləri olan dühaların cəmiyyətə daha yaxından tanıdılması, habelə 100 illik zəngin dövlətçilik irsimizin tədqiqi baxımından əhəmiyyətlidir.
Azərbaycanın XX əsrdə yaşamış görkəmli dövlət qurucularından bəhs edən kitabda həm Cümhuriyyət qurucularını, həm də onların ideyalarını praktik şəkildə reallaşdıran ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin paralel şəkildə təhlil edilməsi kitabın tarixi-elmi dəyərini, ensiklopedik əhəmiyyətini daha da artırır.
Nəfis tərtibatda çapdan çıxmış sözügedən kitabın cildində şəkilləri verilmiş şəxsiyyətlərin hər biri Azərbaycan xalqının böyüklüyünü özümüzə də, dünyaya da göstərən parlaq aynadır.
Milli dövlətçilik tariximizin ən ziddiyyətli, çətin sınaqlarla dolu ayrı-ayrı mərhələlərində yaşamış şəxsiyyətlərimiz haqqında belə kitabların nəşri tarixin və taleyin bizlərə böyük lütfüdür. Çünki Azərbaycan dövlətçiliyində rolu olmuş işıqlı simalar haqqında məlumatları böyük çətinliklər bahasına öyrəndiyimiz, çox zaman onlar haqqında tam məlumatsız qaldığımız zamanlar da olub. Bu mənada, “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabının hazırlanması ideyası tariximizin obyektiv araşdırılması və öyrənilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş kitabda Azərbaycanın görkəmli dövlət qurucularının, siyasi xadimlərinin, ziyalılarının həyat və fəaliyyətindən bəhs olunur. Topluda ümummilli lider Heydər Əliyev, Cümhuriyyətin parlament sədri Əlimərdan bəy Topçubaşov, Baş naziri Fətəli xan Xoyski, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan etmiş Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və Cümhuriyyət dövrünün bir sıra digər görkəmli xadimləri haqqında maraqlı məqalələr toplanmışdır.
Kitabın ön sözünün müəllifi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru professor Əli Həsənovun yazdığı kimi, konkret etnomədəni toplumun suveren hüquqi-siyasi birliyinin təşəkkülündən ötrü milli şüurun oyanışı, milli ideyanın mövcudluğu mühüm şərtdir. Bu amillərin təminatçısı qismində bir qayda olaraq, xalqın qabaqcıl nümayəndələri, uzaqgörən ziyalıları çıxış edirlər. Şəxsiyyətlərin rolu milli ideyanın gerçəkləşməsi, yəni, müstəqil dövlətin qurulması ilə tamamlanmır. Əksinə, bu mərhələdən sonra şəxsiyyətlərin rolu daha da böyüyür, genişlənir.
Mənalı ömür yolu, həyat və fəaliyyəti bu nəşrdə əksini tapmış şəxsiyyətlərin hər biri Azərbaycan tarixində sözlərini deyən, zamandan asılı olmayaraq daim ucalıqda dayanan insanlardır. Bu insanların dəyərli ideyalarının, parlaq irsinin öyrənilməsi cəmiyyət üçün mənəvi tələbat və gələcəyə gedən yolda bir növ mayakdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Müasir Azərbaycan milli ideyanını təcəssümü kimi” əsərində yazır: “XIX XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət bayrağının üç rəngində təcəssüm olunur. XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynamışlar. Onlardan bəziləri həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini qoymuşlar”.
Filologiya elmləri doktoru Sona Vəliyevanın əməyi hesabına ərsəyə gələn, ideya müəllifi və redaktoru olan bu nəşr Azərbaycanda irs-varislik əlaqələrinin qorunub saxlanılması, tarixi şəxsiyyətlərin xalqın taleyindəki rolunun obyektiv dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
İki fəsildən ibarət kitabın birinci fəsli müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlətçilik irsinin ayrı-ayrı məqamlarına həsr olunmuşdur. Fəslin ilk məqaləsi ulu öndərin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyətindən bəhs edir. “Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti (yanvar 1990 -iyun 1993-cü il)” adlı məqalənin müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru professor Əli Həsənovdur. Məqalədə Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilir. Ulu öndərin əsasən 1990-1993-cü illərdəki fəaliyyətinin elmi-tarixi təhlil edilməsi, Heydər Əliyevin liderlik keyfiyyətlərinə məhz bu dövrün prizmasından nəzər salınması, təsadüfi deyildir. Professor Əli Həsənov qeyd edir ki, ulu öndər Heydər Əliyevin xarizmatik liderlik keyfiyyətləri və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və s. keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində - Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır. Xüsusən, ötən əsrin 90-cı illərinin əvvəllərində - xalqın ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmışdır. Böyük strateq bu meydanda misilsiz tarixi xidmətlər göstərərək Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin, milli birliyinin qorunub saxlanmasında, xalqın məhv olmaq təhlükəsindən xilas edilməsində böyük rol oynamışdır. Nə qədər ağır və çətin olsa da, həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir.
Kitabda Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizənin, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə üzərinə götürdüyü missiyanın müxtəlif dönəmləri nəzərdən keçirilir. Ulu öndərin həm sovet Azərbaycanına rəhbərliyi illərində gördüyü işlərə, xalq və dövlət qarşısındakı xidmətlərinə, həm Moskvadakı fəaliyyəti dövründə üzləşdiyi təqib və təzyiqlərə rəğmən apardığı Azərbaycan uğrunda davasına, Naxçıvanda keçən milli mübarizə mərhələsinə diqqət yönəldilir. Kitabda müstəqilliyin ilk illərində təsadüfi iqtidarların səriştəsiz siyasəti ucbatından Azərbaycanın üzləşdiyi xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, sosial-iqtisadi böhran məngənəsindən qurtuluşu üçün yerinə yetirdiyi tarixi missiyadan bəhs edilir. Vurğulanır ki, ulu öndər hakimiyyətə qayıdışından sonra daim xalqına arxalanaraq müdrik və səmərəli idarəçilik həyata keçirmiş, Azərbaycanın dayanıqlı milli inkişafını təmin etmişdir. Ölkəni dinamik inkişaf yoluna çıxarmış və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etmişdir.
Bu mövzunun davamı olaraq kitabda professor Əli Həsənovun daha bir məqaləsi də öz əksini tapmışdır. “Heydər Əliyevin dövlət quruculuğu təlimi: əsas xüsusiyyətlər və hədəflər” adlanan məqalədə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılıb inkişaf etdirilməsi, demokratik standartlara uyğun qanunvericilik sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakının təmin olunması ulu öndərin siyasi islahatlar strategiyasının əsas hədəfləri kimi vurğulanır. Plüralist siyasi sistemin inkişaf etdirilərək təkmilləşdirilməsi, cəmiyyətin intellektual, siyasi resurslarının müstəqil dövlət quruculuğu prosesinə cəlb edilməsi, ölkə vətəndaşlarının ümummilli ideoloji dəyərlər və ictimai-siyasi məqsədlər ətrafında birləşməsinin təmin olunması, demokratik siyasi mədəniyyətin formalaşdırılması və s. də bu hədəflər sırasına aid edilir.
Elmi-tarixi cəhətdən əsaslandırılır ki, məhz bu strategiya nəticəsində Azərbaycan keçid dövrünü müvəffəqiyyətlə başa vuraraq ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyanın yeni mərhələsinə, modernləşmə və dayanıqlı inkişaf dövrünə qədəm qoymuşdur. Kitabda Heydər Əliyevin azərbaycançılıq təlimindən, elmi-intellektual inkişafı təmin edən ideyalarından, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına qarşı hələ sovet dövründə - 1969-1987-ci illərdə apardığı mətin mübarizədən də bəhs edilir.
Kitabın ikinci fəsli isə müsəlman Şərqində ilk istiqlal bayrağını ucaltmış şəxsiyyətlər haqqındadır. Bu fəsil Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyski haqqında məqalə ilə başlayır. Burada Cümhuriyyətin ilk Baş naziri və daxili işlər naziri vəzifəsini tutmuş, bütün varlığını Cümhuriyyət ideyasına həsr etmiş və elə sonda da bu ideya uğrunda şəhid olmuş Fətəli xan Xoyskinin ömür yoluna ekskurs edilir. Bu böyük şəxsiyyətin öz istiqlal mübarizəsi ilə yaratdığı zəngin dövlətçilik irsi nəzərdən keçirilir.
Bu fəslin daha bir maraqlı məqaləsi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqındadır. Burada M.Ə.Rəsulzadə sırf mədəniyyət hadisəsi olan Azərbaycan maarifçiliyinin böyük yetirməsi kimi təqdim edilir. Bildirilir ki, dünyada sürətlə cərəyan edən, tamamilə gözlənilməz nəticələr ortaya çıxaran hadisələr onu addım-addım Azərbaycan istiqlalının labüdlüyünə aparırdı. Onun seçimi “İnsanlara hürriyyət, millətlərə istiqlal” ideallarını gerçəkləşdirəcək bir mübarizə yolu oldu.
Kitabda XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının istiqlal məfkurəsinin daşıyıcılarından olan Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında da maraqlı tədqiqat materialları yer alır. Burada Əlimərdan bəyin fəaliyyəti həm hüquqşünas-vəkil, həm qəzet redaktoru, həm də diplomat kimi geniş təhlil edilir. Onun fəaliyyətinin bütün dövrlərində, o cümlədən 1918-1920-ci illərdə parlamentin sədri və xarici işlər naziri kimi Azərbaycanın Paris konfransına göndərilən sülh heyətinə başçılıq edəndə də azərbaycançılığı əsas ideya kimi fikir və qətiyyətində qoruduğu göstərilir. O, Fransada mühacirətdə olan Qafqaz siyasilərinin əsas liderlərindən idi. Azərbaycanın Avropadakı ilk təmsilçisi olaraq üzərinə düşən missiyanı elə şərəflə, ləyaqətlə yerinə yetirdi ki, yüzilliklər keçsə belə, adı yaddaşlardan silinməyəcək. Kitabda qeyd edildiyi kimi, Topçubaşov şəxsiyyəti, onun zəngin irsi bu gün də müstəqil Azərbaycanın yoluna işıq salmaqdadır.
Nəşrdə Azərbaycanın “İstiqlal bəyannaməsi”ni ilk imzalamış şəxsiyyət haqqında da söhbət açılır. Bu, Cümhuriyyətin qurucularından biri, istedadlı publisist, bacarıqlı həkim, savadlı müəllim, tərcüməçi, ən əsası isə bütün varlığı ilə millətinə, torpağına bağlı olan, onu sevən Həsən bəy Ağayevdir. Kitabda Milli Şuranın və Azərbaycan parlamenti sədrinin müavini kimi Həsən bəy Ağayevin həyat və fəaliyyəti haqqında çox maraqlı faktlar əksini tapmışdır. Kitabdan oxuyuruq ki, aprel işğalından sonra Tiflisə getmək məcburiyyətində qalan Həsən bəy Ağayev 13 iyun 1920-ci ildə böyük ümid və həyəcanla Qafqaz İslam Ordusunun komandanı Ənvər paşaya məktub yazaraq rus ordusunun Azərbaycandan çıxarılması üçün ondan xahiş edirdi. Lakin çox keçmir ki, kommunistlər bu məktubdan sonra 1920-ci ilin 19 iyulunda onu erməni qatillərinin əli ilə qətlə yetirirlər. Sovet rejimi Həsən bəyin ailəsinə də olmazın əzablar yaşadırdı. Hətta qızları ailə qurduqdan sonra belə, bu təzyiq və təqiblər davam etdirilirdi.
Nəşrdə Azərbaycan Xalq Cümhuriyətinin hökumət rəhbərlərindən olan Nəsib bəy Yusifbəyli barəsində maraqlı məlumatlar verilmiş, ömür yoluna qısa nəzər salınmış, gördüyü işlərdən bəhs edilmişdir. Burada Nəsib bəyin şəxsi həyatı, Nəriman Nərimanovla münasibətləri ilə bağlı diqqətçəkən faktlar öz əksini tapmışdır. Eyni zamanda, onun 1920-ci ilin mayında qətli ilə bağlı indiyə qədər müəmmalı qalmış məqamlara diqqət yönəldilmişdir. Bu qətlin milli hökumət nümayəndələrinə qarşı xüsusi amansızlığı ilə seçilən Əliheydər Qarayevin sifarişi ilə törədilə biləcəyi ehtimalı əsaslı hesab edilmişdir.
Bu kitab 100 illik hərb tariximizin, Azərbaycan Ordusunun tarixi keçmişinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Kitabda Azərbaycanın ilk və son ordu generalı, Cümhuriyyət hökumətində ardıcıl olaraq dörd dəfə hərbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov şəxsiyyəti haqqında ətraflı söhbət açılır, onun xalqımızın yetirdiyi qüdrətli sərkərdələrdən olduğu qeyd edilir. O, Azərbaycanın taleyində çox böyük rol oynamış, ilk müstəqil respublikamızın 40 min nəfərlik ordusunu formalaşdırmış, bununla da yüz illərdən sonra xalqın əzəli haqlarından sayılan özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış şəxsiyyətlərimizdən biri kimi səciyyələndirilir.
Eyni fikirlər çar Rusiyasında obrazlı şəkildə “Artilleriyanın Allahı” kimi tanınan general Əliağa Şıxlinskiyə də aiddir. Cümhuriyyət dövründə hərbi nazirin müavini postunu tutmuş Əliağa Şıxlinski Milli Azərbaycan Ordusunun təməl daşını qoyanlardandır. General Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna xidmətlər göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir. Onun yazdığı xatirələr də Azərbaycanın hərb tarixində ilk və yeganə hərbi memuardır.
Kitabda Cümhuriyyətin ilk ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədova da yer ayrılmışdır. Qeyd edilir ki, dərin biliyə, yüksək intellektə malik Xəlil bəy digər Cümhuriyyət qurucularımız kimi bütün ömrünü, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr etmiş şəxsiyyətlərimizdən idi. Azərbaycanda məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılması məhz Xəlil bəy Xasməmmədovun adı ilə bağlıdır. O, aprel işğalından bir neçə gün sonra Nəriman Nərimanovun təkidi ilə Türkiyəyə keçmək məcburiyyətində qalmış, mühacirətdə də milli mübarizədən geri çəkilməmiş, qələmi ilə öz sözünü deməyə çalışmış, müxtəlif qəzet və jurnallarda siyasi məzmunlu məqalələrlə mütəmadi çıxışlar edərək siyasi publisistikanın təkrarsız nümunələrini yaratmışdır.
Kitab Cümhuriyyət dövründə müxtəlif vəzifələr tutmuş və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov haqqında da maraqlı məlumatlarla zəngindir. Topluda Xosrov bəyin erməni daşnaklarına qarşı apardığı mübarizəsinə, Qarabağda, Zəngəzurda ermənilərin ərazi iddiası irəli sürdükləri digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpası naminə göstərdiyi igidliklərə diqqət yönəldilir. 1923-cü ildən sonrakı mühacirət həyatı dövründə onun apardığı milli mübarizədən bəhs edilir.
Kitabda həmçinin Cümhuriyyət tariximizdə özünəməxsus yer tutan görkəmli ziyalımız Ceyhun Hacıbəyli irsinə də yer ayrılmışdır. Yazıçı, publisist, tərcüməçi, diplomat, ictimai xadim, milli mədəniyyətimizin xaricdəki yorulmaz təbliğatçısı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı milli dövlətçilik irsimizdə özünəməxsus yer tutur. Onun qələmə aldığı bütün yazılar - istər bədii əsərləri və publisistikası, istər elmi araşdırmaları və xatirələri, ictimai-siyasi və ideoloji cəhətdən çox dəyərlidir və bu gün də öz aktuallığını qoruyur. Ceyhun Hacıbəyli qələmindən çıxmış əsərlər maraqla oxunur və düşündürür. Onun yazılarını oxuduqca sanki tariximizi vərəqləyir, Azərbaycanın başına gətirilən müsibətləri görür, faciəli situasiyaların şahidi oluruq. Ceyhun hələ Bakıda yaşadığı illərdə böyük qardaşı, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində ilk operası olan “Leyli və Məcnun” əsərinin ərsəyə gəlməsində iştirak etmişdir. Onu sonralar Fransada yaşadığı illərdə fransız dilinə də çevirmişdi. Parisdə Üzeyir bəyin dünya şöhrətli “Arşın mal alan” operettasını tərcümə edərək “Femina” teatrında tamaşaya qoymuşdur. Mədəni irsimiz, ədəbiyyatımız, tariximiz və s. mövzularda müxtəlif səpkili məqalələr yazmışdır.
Nəşrə görkəmli pedaqoq, publisist, dramaturq, həkim, ictimai-siyasi xadim, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı Nəriman Nərimanov haqqında da məqalə daxil edilmişdir. Kitabda Cümhuriyyət qurucuları ilə bir arada onun haqqında da bəhs edilməsi, oxucuda qətiyyən sual doğurmamalıdır. Çünki bu nəşrin məqsədi tarixi ziddiyyətlərin aydınlaşdırılması deyil, Azərbaycan xalqının XX əsrdə yetirdiyi, dövlət quruculuğumuzda rolu olan böyük şəxsiyyətlərin tanıdılmasıdır. Heç kimdə şübhə doğurmur ki, Nəriman Nərimanov xalqımızın azadlığı və müstəqilliyi uğrunda ardıcıl mübarizə aparan, bu yolda həyatını qurban verən böyük şəxsiyyətlərdən idi.
Kitabda xalqımızın yetirdiyi ən böyük düşüncə adamlarından olan Əli bəy Hüseynzadə haqqında təqdim olunmuş məqalə də böyük maraq doğurur. Qeyd edilir ki, millətə onun kimliyini xatırladan, Azərbaycanı özünə, öz məhvərinə yönəldən Əli bəy Hüseynzadə toplumun milli şüurunu sistemləşdirən bir dahidir. Bəhs etdiyimiz nəşr bu böyük fikir adamının zəngin irsinə də işıq salır.
Ensiklopedik səciyyə daşıyan kitabın ayrı-ayrı müəlliflər tərəfindən qələmə alınmış məqalələr toplusundan ibarət olması onun üstün cəhətlərindəndir. Bu, konkret şəxsiyyətlər haqqında bilgilərin, onların milli dövlətçilik tariximizdəki yeri və rolunun qısa mətn həllinin köməyi ilə aydın təhlilinə və oxucu tərəfindən asan qavranılmasına kömək göstərir.
Nəşrdə haqqında söz açılan böyük tarixi şəxsiyyətlər haqqında zaman-zaman müxtəlif kitablar, məqalələr, hətta bədii əsərlər, filmlər təqdim olunub. Amma bu şəxsiyyətlərin dəyərli irsinin ümumi bir kitabda təqdim olunması ilk və uğurlu təşəbbüslərdən biridir. Bu baxımdan “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” kitabını son illər ölkəmizdə nəşr olunmuş ən dəyərli kitablardan biri saymaq olar. Ümid edirik ki, müasir oxucu kitabda haqqında söhbət açılan böyük şəxsiyyətlərin işığında öz xalqının ucalığını daha aydın görə biləcək.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor