20 Iyun 2018 06:06
420
Elm və texnika
A- A+

Mərkəzi Elmi Kitabxana “Vikipediya”da “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbir keçirilib. “Vikipediya”da mövzulu ay” layihəsi çərçivəsində təşkil olunan tədbirdə kitabxana tərəfindən AXC-nin 100 illiyi ilə bağlı “Vikipediya”da görülən işlərin yekun nəticəsi təqdim edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabxananın “Vikipediya” istiqamətindəki metodik mərkəz kimi rolundan, elm müəssisələri ilə birgə sistemli fəaliyyətindən danışıb. O deyib: “Cümhuriyyət reallıqlarının öyrənilməsi, təbliği dövlətçiliyimizin qədrinin bilinməsidir ki, onun da mərkəzində azərbaycançılıq, millilik, vətənpərvərlik durur. MEK-in Vikipediya Metodik Mərkəzinin Cümhuriyyətin 100 illiyi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir”.

İ.Həbibbəyli informasiya müharibəsinin mövcud olduğu bir dövrdə “elektron kitabxana” adlandırdığı “Vikipediya”nın güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının “Vikipediya” könüllüsü olduğunu bildirən akademik deyib ki, bu istiqamətdə gənclərimizin üzərinə daha böyük yük düşür.

MEK-in direktoru Leyla İmanova rəhbərlik etdiyi kitabxananın ölkəmizin informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində ardıcıl fəaliyyətindən, Vikipediya Metodik Mərkəzinin “AXC-100” mövzusuna verdiyi töhfədən danışıb. “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qaliblərini təbrik edən L.İmanova MEK-in müvafiq istiqamətdə fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, “Vikipediya”da yer alan ölkə əhəmiyyətli informasiyalar, eləcə də AXC irsinə aid MEK-in fondlarındakı zəruri sənədlər rəqəmsallaşdırılaraq elektron kataloqda qeyd olunub və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. MEK Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupuna üzv qəbul edilib. Eyni zamanda, kitabxananın elektron kataloqunun formatı və quruluşu UNESCO işçi qrupunun ilkin reyestrləri üçün əsas kimi qəbul olunub.

Məhəmməd Əmin Rəsulzadənin AXC ilə bağlı fikirlərini əks etdirən videoçarx göstərilib.

MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov qeyd edib ki, Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən mövzu ilə bağlı 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin fəaliyyətini təqdim edən kitabxananın təlimlər bölməsinin rəhbəri Günay Məmmədova bildirib ki, mövzu ilə bağlı yaradılmış məqalələrdən 457-si “Azərbaycanca Vikipediya”da, 89-u isə “Xaricidilli Vikipediya”da işlənilib.

Sonra “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələri ilə bağlı müsabiqənin qalibləri elan olunub. Qaliblərə MEK tərəfindən fərqlənmə diplomu və Azərbaycan tarixinə, mədəniyyətinə aid qiymətli kitablar təqdim edilib.

“Şəms” Tərcümə Xidmətləri Mərkəzinin direktoru Nəsimi Həsənov, “Azərbaycanca Vikipediya”nın idarəçisi Tərxan Paşazadə, “Vikipediya”da qrup rəhbəri, AMEA Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov və başqaları çıxış edərək informasiya müharibəsinin aktual olduğu bir dönəmdə görülən işləri yüksək dəyərləndirib, əlaqəli fəaliyyətin daha peşəkar və səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Sonda geniş müzakirələr aparılıb, ümumi rəyə əsasən, “Vikipediya”da yaradılan məqalələrdə Azərbaycanın milli maraqlarının qorunması, tarixi həqiqətlərinin düzgün, obyektiv çatdırılması üçün azərbaycançılığa söykənən vahid konsepsiyadan çıxış edilməsi dövrün zəruri tələbi kimi qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video