Alternative content

13:59 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyənin “Temrin” ədəbiyyat jurnalı azərbaycanlı yazıçının yaradıcılığına geniş yer ayırıb
Türkiyənin “Temrin” ədəbiyyat jurnalı azərbaycanlı yazıçının yaradıcılığına geniş yer ayırıb
ANA SƏHİFƏ / Mədəniyyət
06:06 20.06.2018

Türkiyənin nüfuzlu yayın şirkətlərindən olan “Ferfir” azərbaycanlı yazıçı Əlabbası (Bağırov) türkdilli oxuculara təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Ferfir”in aylıq nəşri olan “Temrin” jurnalı növbəti nömrəsində Əlabbasın həyat və yaradıcılığına geniş yer ayırıb. Nömrədə yazıçının bioqrafiyası verilir və bədii yaradıcılığından bəhs olunur. Bundan başqa, yazıçının ayrı-ayrı vaxtlarda dərc olunan iki böyük müsahibəsi də oxuculara təqdim edilir. Yazıçı müsahibələrində müasir Azərbaycan ədəbiyyatında gedən proseslər, ədəbiyyatın cəmiyyətin inkişafındakı rolu və s. məqamlara dair dəyərli fikir və mülahizələrini bölüşür. Yazılarda yazıçının həyatının müxtəlif məqamlarını əks etdirən, o cümlədən tanınmış elm və mədəniyyət xadimləri, ədəbiyyat adamları ilə fotoları da yerləşdirilib.

“Azərbaycan aydınları Əlabbas Bağırov haqqında” hissədə isə müasirləri və qələm dostları yazıçının yüksək insani keyfiyyətləri, onun nadir ədəbi üslubu haqqında düşüncələrini bölüşüblər.

Jurnalda həmçinin Əlabbasın “Bitişik masalar” və “Rəzalət” hekayələri də türkdilli oxucuların ixtiyarına verilib.

Türk dünyası ədəbiyyatını tanıtmağı qarşısına məqsəd qoyan “Ferfir” jurnalının Əlabbasın yaradıcılığına maraq göstərməsi təsadüfi deyil. Son vaxtlar yazıçının hekayələri türk, rus, ingilis və fars dillərinə tərcümə olunmaqla oxucu çevrəsini sürətlə genişləndirir.

Yazıçı-publisist Şərəf Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərən “Ferfir” yayınçılıq şirkəti Azərbaycan ədəbiyyatının, şair və yazıçılarımızın təbliğinə üstünlük verir.

Qeyd edək ki, Əlabbas Bağırov "Qiyamçı", "Qaraqovaq çölləri", "Köhnə kişi", "Gümüşü gecələr", "Gözəl", "Halal qan", "Mərənd ölüsü" kimi əsərlərlə ədəbiyyatımızın daha da zənginləşməsinə böyük töhfələr verib. Yazıçının ədəbi ictimaiyyət arasında ilk əsərinin adı ilə - “Köhnə kişi” kimi tanınması da onun bənzərsiz və özünəməxsus yaradıcılıq üslubundan irəli gəlir. Cari ilin may ayında İranın Təbriz şəhərində nəşr olunan “Məhdi-Təməddün” və Urmiyanın “Dəniz” qəzetləri müasir ədəbiyyatımızda “hekayə ustası” titulu ilə oxucuların rəğbətini qazanan Əlabbasın “Yolda adam” hekayəsini dərc edib.