14 Iyun 2018 01:06
348
İDMAN
A- A+

400 milyon dollarlıq çempionat

 

Nəhayət, futbol dünyasının böyük həyəcanla gözlədiyi gün gəlib çatdı. Bu gün Rusiyada futbol üzrə sayca 21-ci dünya çempionatı start götürür.  Gələn ayın 15-dək  davam edəcək mundialda 32 milli  komanda dünya kuboku uğrunda gərgin və maraqlı mübarizə aparacaq.

Dünya çempionatının 2018-ci ildə Rusiyada keçirilməsi haqqında qərar 2010-cu ilin dekabrında FİFA İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilən toplantısında qəbul olunub. Keçirilən gizli səsvermədə Rusiya digər iddiaçıları - İngiltərəni, habelə İspaniya-Portuqaliya və Belçika-Hollandiya birgə təşəbbüslərini üstələyib.

O vaxtdan bəri DÇ-2018-in təşkilat komitəsi mundialı tələb olunan səviyyədə təşkil etmək üçün məqsədyönlü iş apardı. Ötən müddət ərzində nəhəng infrastruktur yaradıldı, ölkənin 11 şəhərində 12 stadion hazır vəziyyətə gətirildi. Matçlar Sankt-Peterburq, Yekaterinburq, Soçi, Kazan, Nijni Novqorod, Samara, Rostov, Kalininqrad, Volqoqrad, Saransk və Moskva şəhərlərində keçiriləcək.

İlk dəfə mundialı qəbul edəcək Rusiya turnirin təşkilinə təxminən 13  milyarddan çox  dollar vəsait sərf edib. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya çempionatına 3,12 milyard dollar xərclənib. Bu zaman ölkənin ÜDM-i 509 milyon dollar artım göstərib. 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının xərcləri isə 15 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-i artıraraq 13.4 milyard dollara çatdırıb.

Budəfəki çempionatın mükafat fondu 400 milyon dollar təşkil edir. Dörd il əvvəl bu rəqəm 576 milyon dollar olub. Belə ki, DÇ-2014-ün qalibi Almaniya 35 milyon dollar, ikinci yeri tutan Argentina  25 milyon dollar, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar qazanmışdı. Çempionatın 1/4 final mərhələsinə vəsiqə qazanmış komandaların hər biri 14 milyon dollar almışdı. 1/8 final mərhələsinin iştirakçılarının hər biri 9 milyon dollar qazanmışdı. Mübarizəni qrup mərhələsində başa vurmuş komandaların hər biri isə 8 milyon dolların sahibi olmuşdu.

Beləliklə, 12 illik fasilədən sonra mundial Avropa ölkəsində keçirilir. Bundan əvvəl 2 dünya çempionatı Cənubi Afrika Respublikasında (2010-cu il) və Braziliyada (2014-cü il)  keçirilmişdi. 4 qat dünya çempionu adını qazanmış İtaliya yığması bu dəfə mundialdan kənarda qalıb. Hər çempionatın favoritlərindən sayılan Hollandiya dünya kubokunu evdən izləməli olacaq.

Qeyd edək ki, bu günə kimi dünya çempionatlarının final turnirlərində 79 ölkənin milli komandaları iştirak etmişdir. İndiyədək dünya kubokunu yalnız Avropa və Cənubi Amerika komandaları qazanmışlar. Avropa komandaları 11 dəfə, Cənubi Amerika komandaları isə 9 dəfə mundialın qalibi olmuşlar.

Bu gün isə azarkeşlərin bir-birinə ünvanladıqları ən aktual sual budur: Görəsən, Rusiyada dünya çempionu kim olacaq? Təbii ki, dünya çempionatı dedikdə, favoritlər sırasında Braziliyanın adı ilk pillədə çəkilir. Braziliya millisi titullarının sayına görə digər ölkələri böyük fərqlə qabaqlayır. Lakin braziliyalıların 2014-cü ildə doğma divarlar arasında təşkil olunan mundialda Almaniya seçməsinə 1:7 hesablı acı məğlubiyyəti tarix boyu unudulmayacaq.

Ancaq bütün bunlara baxmayaraq, beş dəfə dünya çempionu olan “sambaçılar” hər mundialdan sonra dünya futboluna yeni ulduzlar bəxş etməklə də yadda qalır. Cənubi amerikalılar dünya futboluna ulduz oyunçular qazandırır və buna görə də demək olar ki, dünyada liderdir. Həmin futbolçular illər boyu unudulmur, eyni zamanda, milyonlarla, bəlkə də milyardlarla insanın sevimlisinə çevrilir.

Başqa bir favorit isə Argentinadır. İkiqat dünya çempionlarının heyətində Messi ilə yanaşı, bir çox dünya ulduzu var. Cənubi amerikalı futbolsevərlər finalda məhz Braziliya və Argentina duelini görmək istəyirlər.

Eyni zamanda, hazırkı dünya çempionu Almaniya milli komandasının imkanlarını da nəzərə almamaq olmaz. Çünki 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş mundialda qitə hüdudlarından kənarda çempionluq sevinci yaşayan İspaniya yığmasından sonra almanlar  Braziliyada 20-ci dünya birinciliyinin qalibi olaraq “Amerikanın yeni fatehi” kimi tarixə düşüblər.

Rusiyadakı mundialda eləcə də  Portuqaliya, İspaniya, Uruqvay  yığmalarından çox şey gözləmək olar.  Vurğulayaq ki, çempionluq kuboku nadir hallarda bir qitədə dörd ildən çox qalır. Yalnız üç dəfə - 1934-cü və 1938-ci illərdə İtaliya, 1958-ci və 1962-ci illərdə Braziliya iki dəfə dalbadal çempion adını qazananda, həmçinin 2006-cı ildə İtaliya və 2010-cu ildə İspaniya dünya çempionu olanda kubok dörd ildən çox eyni qitədə qalmışdı.

Hər halda, bütün suallara iyulun 15-də aydınlıq gələcək. Görüşləri izləyib bir ay gözləməkdən başqa çarə yoxdur.

Oyunçu aparsın!

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video