13 Iyun 2018 03:06
597
Səfərlər
A- A+

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

 

İyunun 13-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Rusiya Prezidenti Vladimir PUTİN dövlətimizin başçısını salamlayaraq dedi:

-Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

Ümidvaram ki, Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var. MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, avqustun 30-da Sizin Rusiyaya səfərinizin gedişində həmin münasibətləri hərtərəfli və dərindən müzakirə edəcək, bununla məşğul olacağıq. O vaxta qədər isə həmkarlarımız işləyəcək və Sizin Rusiyaya səfərinizi hazırlayacaqlar.

Lakin artıq indidən demək olar ki, bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir. Ötən il ərzində bizdə əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və biz bunu dəstəkləməliyik.

Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!

 

X X X

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Sizi ötən dövlət bayramınız - dünən qeyd olunmuş Rusiya Günü münasibətilə təbrik etmək istərdim. Futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə də təbrik etmək istəyirəm. Bu, dünyanın əsas idman hadisəsidir. Əminəm ki, çempionatın özü də çox uğurla keçəcək, bütün qonaqlar razı qalacaqlar.

Bizim münasibətlərimizə gəldikdə, mən də onların inkişafından məmnun olduğumu bildirmək istərdim. Avqustun sonunda Rusiyaya səfərə dəvətinizə görə təşəkkür etmək istərdim. Lakin bu gün də bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var.

Düşünürəm ki, bizim daimi xarakter daşıyan müntəzəm əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Siz qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var. Biz “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin artıq konkret nəticələrini görürük. Artıq Azərbaycan vasitəsilə Rusiyadan yükdaşımalar artır, bu da bizim fəaliyyətimizin müsbət nəticəsidir. Hesab edirəm ki, bütün sahələrdə, humanitar sahədə bizim münasibətlərimiz, ümumiyyətlə, nümunəvidir. Belə ki, yaxşı dinamikaya, yaxşı nəticələrə nail olduğumuza görə şadam və gələcəyə, əlaqələrimizin möhkəmlənməsinə ümidlə baxırıq.

Dəvətinizə görə bir daha sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video