13 Iyun 2018 03:06
393
Elm və texnika
A- A+

Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu “Saytların dil mənzərəsi” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dilçi alimlər ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrini müzakirə ediblər.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını bildirib. Vurğulanıb ki, xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzidir və bu baxımdan onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.

İnstitutun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi monitorinqlərin keçirildiyini deyib. O, yaxın günlərdə “Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması” mövzusunda aparılmış monitorinqin nəticələrinin açıqlanacağını diqqətə çatdırıb.

Sonra institutun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov müşahidə edilən dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib.

Saytlarda dilin inkişafına təsir göstərəcək ciddi proseslərin müşahidə edildiyini söyləyən Ş.Məmmədov deyib: “Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik. Monitorinqə cəlb etdiyimiz saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir”.

Fonetik normanın pozulması hallarının əksər saytlarda müşahidə olunduğunu söyləyən alim bildirib ki, xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi redaktə olunmadan yayımlanır. Saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar olduğu kimi, mətnlərin dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da var. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir.

Ş.Məmmədov qeyd edib ki, saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır.

Sonda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Qeyd edək ki, dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-lərdə və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video