12 Iyun 2018 09:06
607
PARLAMENT
A- A+

Hüquqi qanunvericilik bazası təkmilləşdirilir

 

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
İclasda ilk olaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Qanunu haqqında sənəd səsverməyə çıxarıldı və ikinci səsvermə ilə təsdiqləndi.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Bildirdi ki, qanun layihəsi 5 fəsil, 17 maddədən ibarətdir. Bu qanun qəbul edildikdən sonra təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Layihə üçüncü oxunuşda qəbul edildi.
“Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini də müzakirəyə təqdim edən Kamran Nəbizadə dedi ki, dəyişikliklər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihəsi təsdiq olundu.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi və “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” məsələlərə də müsbət münasibət bildirdilər.
“Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” , “Mülki müdafiə haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Bildirdi ki, “Dövlət sirri haqqında” qanunda dəyişikliklər məxfi, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi, məlumatların məxfiliyinin qorunması, məxfiliyin açılması qaydası, vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə icazə verilməsi üçün müvafiq orqan və ya onun vəzifəli şəxsi tərəfindən təkrar yoxlama aparılması üçün hüquqi əsasların yaradılması məqsədi ilə təklif edilir. Dəyişikliklərə əsasən məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.
“Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri qanunvericilikdə olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə hazırlanmışdır. Belə ki, bu məqsədlə müvafiq layihələrdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən orqanları ümumiləşdirən yeni anlayışdan - “sərhəd mühafizə orqanları” ifadəsindən istifadə edilmişdir.
Ziyafət Əsgərov bildirdi ki, “Sərhəd qoşunları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə sahil nəzarəti bölməsi ilə bağlı yeni 23-1-ci maddə əlavə edilmişdir. Layihənin qüvvədə olan redaksiyasından fərqli olaraq sərhəd mühafizə orqanlarının şəxsi heyəti və komplektləşdirilməsi ilə əlaqədar məsələlər yeni redaksiyada verilmişdir. Sərhəd mühafizə orqanlarında müddətli həqiqi hərbi xidmət keçəcək çağırışçıların müəyyən edilməsi adlanan 28-ci maddəsinin redaksiya əsasları daha dolğun şəkildə açıqlanmışdır. Burada çağırışçıların hansı normativ hüquqi akt əsasında müddətli həqiqi hərbi xidmət keçmələri göstərilmişdir. Həmçinin, layihədə sərhəd mühafizə orqanları üçün yaşayış evlərinin, sosial-mədəni və xüsusi obyektlərin tikintisi üçün vəsaitin də ayrıca nəzərdə tutulması müəyyən edilmişdir.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda ərazi sularına verilən anlayışın qüsurlu olması səbəbindən həmin anlayışın tərkib hissəsi olan ilk abzas yenidən işlənilmişdir. Sərhəd mühafizə orqanları tərəfindən həyata keçirilən sahil mühafizəsi işinin keyfiyyətinin artırılması məqsədilə sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olan üzmə vasitələrinin sərhəd mühafizə orqanlarında qeydiyyata alınması ilə bağlı prosedurlar dəqiqləşdirilmişdir.
Ziyafət Əsgərov qeyd etdi ki, “Mülki müdafiə haqqında” qanuna edilmiş dəyişiklikdə mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının və digər mülki işçilərinin əmək münasibətlərinin tənzimlənməsi, habelə mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarət məsələləri öz əksini tapmışdır. Belə ki, layihədə mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarətlə bağlı qeyd olunmuşdur ki, mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, idarədaxili nəzarəti isə mülki müdafiə qüvvələrinin komandanlığı və müvafiq icra hakimiyyəti orqanının rəhbəri həyata keçirir.
Prokurorluq orqanlarının mülki müdafiə qüvvələrində qanunların icrasına nəzarət məsələsi yeni redaksiyada verilmişdir.
“Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” , “Mülki müdafiə haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri səsə qoyularaq qəbul edildi.
İclasda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, Vergi və Əmək məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul olundu.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, qanunda nəzərdə tutulan dəyişikliklər Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.
Qanunun Ümumi təhsil maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunub. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Digər dəyişikliklə maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
Həmin maddənin 14-cü bəndinə edilən əlavəyə əsasən, xüsusi proqram əsasında təhsil verən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Müzakirələr zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, dövlət xətti ilə xaricdə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əməkhaqqı azdır. Həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar. Belə insanlarla müqavilə bağlanmalıdır ki, qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin.
Günün ikinci yarısında Milli Məclis “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi ilə işini davam etdirdi.
Deputat Aqil Abbas bildirdi ki, tədris ili iyunun 15-də başa çatır. Birinci sinfə gedən uşaq çantasının ağırlığı 6-8 kiloqramdır. Uşaqları belə yükləmək olmaz. Bu məsələlər yoluna qoyulmalıdır.
İsa Həbbəyli deputatların fikirlərinə münasibət bildirdi və layihə səsə qoyularaq qəbul edildi.
“Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişidirilməsi haqqında” qanun layihəsini Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim etdi. Layihə səsə qoyularaq qəbul olundu.
“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verdi. Bildirdi ki, sənədə “idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunmuş dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək” məzmunlu 7.0.12-1-ci maddə əlavə ediləcək. Layihə səsə qoyularaq təsdiqləndi.
“Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də səsverməyə çıxarılaraq qəbul edildi.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məşğulluq haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Komitə sədri deputatlar tərəfindən bir sıra təkliflər verildiyini diqqətə çatdırdı. Bildirdi ki, səsləndirilən fikirlər təqdim olunan sənəddə öz əksini tapıb. 6 fəsil, 37 maddədən ibarət qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
İclasda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirə edildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 4 fəsil, 21 maddədən ibarət qanun layihəsi ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Qanun layihəsi qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” sənəd ləğv ediləcək. Layihə ikinci oxunuşda qəbul olundu.
Sonda deputatlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdilər. Layihəni Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təqdim etdi. Bildirdi ki, yeni qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq hüquqları haqqında, İctimai Televiziya və Radio yayımı haqqında, kütləvi informasiya vasitələri haqqında qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. 5 fəsil, 19 maddədən ibarət qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video