Alternative content

08:19 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vulkan fenomeninin böyük tədqiqatçısı
Vulkan fenomeninin böyük tədqiqatçısı
ANA SƏHİFƏ / Mədəniyyət
02:06 12.06.2018

 

Geoloq-alim, böyük ictimai xadim, elm təşkilatçısı, pedaqoq, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Əhəd Yaqubovun həyatı və məhsuldar fəaliyyəti elm ictimaiyyətinə yaxşı tanışdır. O, Azərbaycanda palçıq vulkanizmi elminin banisi sayılır. 

Palçıq vulkanizmi problemi geologiyanın ən vacib tədqiqat istiqamətlərindəndir. Bu sahənin öyrənilməsi yer təkinin geoloji quruluşu, orada gedən geokimyəvi proseslər haqqında çox qiymətli məlumatlar verir.
Bu da onların mövcud olduğu ərazilərin neft-qazlılıq perspektivliyini, xüsusən böyük dərinliklərdə yerləşən karbohidrogen yığımlarının axtarışında çox əhəmiyyətlidir. Ona görə də Şərqi Azərbaycanda geniş yayılan palçıq vulkanlarının öyrənilməsi ilə XIX əsrin ikinci yarısından başlayaraq bir neçə geoloq nəsli məşğul olmuşdur. Lakin Azərbaycanın palçıq vulkanlarının hərtərəfli tədqiqi, palçıq vulkanizminin elmi və praktiki məsələlərinin araşdırılması özünün çoxillik elmi fəaliyyətini təbiətin bu fenomeninin öyrənilməsinə həsr emiş akademik Əhəd Yaqubovun adı ilə bağlıdır.
Əhəd Ələkbər oğlu Yaqubov 1908-ci ildə Bakıda anadan olub. 19 yaşında Sənaye Texnikumunda oxuyarkən Bibiheybət neft yatağında işləməyə başlayıb. 1932-ci ildə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olduğu vaxtlarda püskürmələri ilə tanınan palçıq vulkanının ətəyində yerləşən Lökbatan sahəsinin kəşfiyyat geoloqu vəzifəsində işləyib. Gənc neftçi-geoloq burada kəşfiyyat işlərinin aparılmasının zəruriliyini dərhal duyub. 1933-cü ildə o, “Lökbatan neft yatağının geoloji quruluşuna dair” məqaləsini dərc etdirir. İnstitutu bitirəndən sonra Əhəd Yaqubov SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında (AzFAN) Geoloji Sektorun əməkdaşı və elmi katibi vəzifəsinə göndərilir. Eyni vaxtda o, Azərbaycan Sənaye İnstitutunun Neft geologiyası kafedrasının assistenti, sonra isə aspirantı olur.
Əhəd Yaqubov tədqiqat obyekti kimi o vaxta qədər geniş öyrənilməmiş Abşeron yarımadasının palçıq vulkanlarını seçir.
Apardığı tədqiqat işlərinin ilkin nəticələrini 1937-ci ildə Moskvada keçirilən Beynəlxalq Geoloji Konqresin XVII sessiyasında “Abşeron yarımadasının palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” məruzəsi böyük marağa səbəb olur. Elə həmin ildə Ə.Yaqubov AzFAN-ın Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin edilir. 1940-cı ildə SSRİ EA-nın prezidenti akademik V.L.Komarov AzFAN-ın, o cümlədən Ə.Yaqubovun filiala rəhbərlik fəaliyyətini qiymətləndirərkən yazmışdır: “SSRİ EA-nın vitse-prezidenti, Azərbaycan Filialının Rəyasət Heyətinin sədri akademik İ.M.Qubkinin vəfatından sonra Ə.Yaqubov faktiki olaraq filial sədrinin böyük işini yerinə yetirir və onun öhdəsindən layiqincə gəlir. Azərbaycan filialı elm və təşkilatçılıq cəhətcə SSRİ EA-nın ən yaxşı filiallarından biridir”.
Ə.Yaqubov 1941-ci ildə nəşr olunan “Abşeron yarımadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” kitabını namizədlik dissertasiyası işi kimi Moskvada SSRİ EA-nın Yanar Qazıntılar İnstitutunun Elmi Şurasına təqdim edir. Müdafiədən sonra akademik N.D.Zelinskinin sədrlik etdiyi Elmi Şura bu əsərə görə yekdilliklə ona geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edir. Elmi əsər 1942-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görülür.
Amma alim bu mükafatın ekvivalenti olan pulu özünə götürməyib... O, SSRİ Elmlər Akademiyası alimlərinin cəbhəyə kömək etmək təşəbbüsünə cavab olaraq bu çağırışa ilk qoşulur və aldığı 200 min rubl məbləğində Dövlət mükafatını “Qabaqcıl elm uğrunda” tank kolonnasının yaradılması üçün açılan bank hesabına köçürür.
Ə.Yaqubov 1943-cü ildə professor elmi adı aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft yataqlarının geologiyası, 1957-ci ildə isə Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedralarının müdiri təyin edilir. 20 ildən çox bu kafedralara rəhbərlik edir. Burada gələcək neftçi-geoloq kadrları, o cümlədən vulkanoloqlar hazırlığı işində fəal çalışır. Onun palçıq vulkanizmi haqqında mühazirələri nəinki tələbələri cəlb edirdi, artıq onların gələcək işlərini geologiya elminin bu istiqamətinə yönəldirdi. Digər tərəfdən isə, alim-pedaqoq gənc geoloqların bu mövzuda hazırladıqları məruzələrinə diqqətlə və həssaslıqla yanaşmaqla onlara gələcək elmi işlərində böyük mənəvi dayaq göstərirdi.
Ə.Yaqubov 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın neft sənayesi üzrə katib vəzifəsində işləyib, rəyasət heyətinin üzvü seçilib. 1941-ci ilin dekabr ayından 1942-ci ilin fevral ayınadək o, Sovet Həmkarlar İttifaqları nümayəndə heyətinin tərkibində İngiltərədə ezamiyyətdə olub.
Görkəmli alimin diplomat kimi fəaliyyəti də diqqət çəkir. 1944-cü ilin may ayında Ə.Yaqubov sovetlərin direktiv orqanları tərəfindən SSRİ-nin İrandakı səfirliyinin məsləhətçisi və işlər vəkili təyin olunur. 1946-cı ilin avqust ayına qədər orada işləyir. İrandan qayıdandan sonra o, Azərbaycan KP MK katibinin müavini və MK-nın neft sənayesi üzrə şöbə müdiri təyin olunur. Bu məsul vəzifədə Ə.Yaqubov yeni neft sahələrinin mənimsənilməsinə yönəldilmiş geniş təşkilati işlər aparmağa başlayır. O, neft və qaz yataqlarının geoloji axtarışı və kəşfiyyatı məsələlərinin elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmasına xüsusi diqqət yetirirdi. Bu çoxcəhətli elmi və istehsal fəaliyyətinin nəticəsi kimi 1947-ci ildə Ə.Yaqubov Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və Elmlər Akademiyasının akademik-katibi seçilir.
Sual oluna bilər: bu ərəfədə bəs neft ekspedisiyasının 44 cildlik əsəri necə yaradılıb?
1947-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən, həmyerlimiz SSRİ Elmlər Akademiyasının Məhsuldar Qüvvələri Öyrənən Şuranın neft ekspedisiyasının rəis müavini vəzifəsinə və bu ekspedisiyanın palçıq vulkanizmi dəstəsinin elmi rəhbəri təyin olunur. Burada alim 3 il ərzində Azərbaycan Elmlər Akademiyasının elmi işçiləri ilə birgə istehsalatçılarla sıx əlaqədə toplayıb təhlil etdiyi zəngin material əsasında neft ekspedisiyasının 44 cildlik əsərini yaradır. Amma o, yorulmaq bilmir və yeni laboratoriyalara rəhbərlik edir. 1961-ci ildə akademik Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının nəzdində Problem laboratoriyası və Sahəvi laboratoriya təşkil edir. 1966-cı ilə qədər hər iki laboratoriyanın başında durur. Alimin rəhbərliyi altında Azərbaycanda uzun müddət ölkənin neft-mədən idarələri ilə birgə həm yeni işlənməyə verilən yataqların ehtiyatlarının hesablanması, həm də istifadədə olan horizontların və yataqların ehtiyatlarının təkrar hesablanması üzrə işlər aparılmışdır. Azərbaycanda Mezozoy nefti probleminin aktuallaşması ilə əlaqədar Ə.Yaqubov akademik Ə.Əlizadə ilə birgə 1962-ci ildən başlayaraq Mezozoy çöküntülərinin depressiya zonalarında müəyyən edilməsi və onların neftliliyi perspektivlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycanın palçıq vulkanlarının öyrənilməsinə rəhbərlik edirdi. Yorulmaq bilməyən alim 1966-cı ildə tanınmış alim-vulkanoloq Azərbaycan Elmlər Akademiyasının akademik İ.M.Qubkin adına Geologiya İnstitutunda keçmiş SSRİ-də ilk Palçıq vulkanizmi laboratoriyasını təşkil edir. Beş ildən sonra Ə.Yaqubov dünya geoloji ədəbiyyatında Azərbaycanda bu təbiət hadisəsinin çoxillik öyrənilməsinin yekunu olan “Azərbaycanın palçıq vulkanları atlası”nı (Ə.Ə.Əlizadə və M.M.Zeynalovla birlikdə) Almaniyada nəşr etdirir. Atlas SSRİ-nin tanınmış alimlər və istehsalatçıları tərəfindən palçıq vulkanizmi üzrə ensiklopedik vəsait kimi qiymətləndirilir.
Ötən əsrin 70-ci illərində isə palçıq vulkanlarının tədqiqinin yeni mərhələsi başlanır.
Azərbaycanla yanaşı, palçıq vulkanları Cənub-Qərbi Türkmənistan, Şərqi Gürcüstan, Kerç və Taman yarımadaları, Şimal-Qərbi Kuban və Saxalin adasında da öyrənilir. Yerinə yetirilən tədqiqatların nəticələri öz əksini 1980-ci ildə çap olunmuş “SSRİ-nin palçıq vulkanizmi və onun neft-qazlılıqla əlaqəsi” monoqrafiyasında tapır. Bu illər palçıq vulkanlarının öyrənilməsinin, demək olar ki, yeni elmi istiqamətinin, xüsusən onların püskürmə məhsullarının geokimyəvi tədqiqatlarının başlanğıcı idi. 1980-ci illərdə palçıq vulkanlarının rejim tədqiqatları aparılır, qazların civəliliyi öyrənilir. İlk dəfə olaraq respublikanın tibb müəssisələrində tətbiqi məqsədilə vulkan palçığının geokimyəvi xüsusiyyətlərinin tədqiqinə başlanılır, palçıq vulkanları ilə mürəkkəbləşən neft-qaz yataqlarının qrafik modelləşdirilməsi işləri yerinə yetirilir.
Ə.Yaqubov elmi kadrların hazırlanmasına da böyük diqqət göstərib. O, 40-dan çox namizədlik elmi dərəcəsi alan dissertantın elmi rəhbəri, 10-a yaxın doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. Onun tələbələri sırasında Əfqanıstan, Hindistan və başqa ölkələrdən olan mütəxəssislər də vardır. Ə.Yaqubov 200-dən çox elmi əsərin və hesabatın, o cümlədən 20 kitab və dərs vəsaitinin müəllifidir. Onun bir qrup müəlliflə birgə yazdığı “SSRİ-nin neftli-qazlı əyalətləri və vilayətləri” dərsliyi İ.M.Qubkin mükafatına layiq görülmüşdür. Bütün həyatını palçıq vulkanlarının öyrənilməsinə həsr etmiş alimin arzusunu onun vəfatından sonra tələbələri və ardıcılları həyata keçirmişdir.
Görkəmli alimin vəfatından sonra onun elmi-tədqiqat istiqamətləri ardıcılları tərəfindən daim öyrənilib. Keçən əsrin 80-ci illərinin əvvəlindən başlayaraq dəniz vulkanlarının araşdırılmasına xüsusi önəm verilib. Sönmüş sualtı palçıq vulkanlarının müəyyən edilməsi üsulu Xəzərin kəşfiyyat sahələrində praktiki işlərdə tətbiq olunub. Dəniz palçıq vulkanlarının yayıldığı sahələrdə qazhidratlar aşkar edilib. Palçıq vulkanizminin sahə üzrə yayılma qanunauyğunluqları müəyyən edilərək, iki morfogenetik tip - palçıq vulkanları və palçıq vulkanı təzahürləri ayrılıb. Yerüstü və gömülmüş palçıq vulkanlarını aşkar etmək üçün aero-kosmo-foto şəkillərin deşifrələmə metodları işlənilib. Elmi cəhətdən seysmikliyin palçıq vulkanlarının fəaliyyətinə təsiri əsaslandırılıb, palçıq vulkanı olan rayonların tektonikası dəqiq öyrənilib, qırılma strukturları və mikrobloklar ayrılıb, ilk dəfə Azərbaycanın paleopalçıq vulkanizmi məsələlərinə baxılıb. Palçıq vulkanlarının 1810-2018-ci illərdə Azərbaycanda qeydə alınmış püskürmələrinin kataloqu tərtib edilib. Fərəhli haldır ki, 2010-cu ildə müstəqil Azərbaycanın elm sahəsi üzrə ilk Dövlət mükafatı Geologiya və Geofizika İnstitutunun bir qrup mütəxəssisinə “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə verilmişdir. Akademik Əhəd Yaqubov vulkan fenomeninin fenomen tədqiqatçısı idi.
Bu gün böyük alimin elm sahəsində çoxdankı arzusu həyata keçib, onun fəaliyyəti Azərbaycan geoloqlarının cavan nəsli üçün ibrətamiz həyat örnəyinə çevrilib.
Prezident İlham Əliyevin akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq Milli Elmlər Akademiyasında görkəmli alimin təntənəli yubiley mərasimi keçiriləcək.

Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti, akademik