Alternative content

06:39 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 88 illik tarixə malik möhtəşəm futbol bayramı
88 illik tarixə malik möhtəşəm futbol bayramı
ANA SƏHİFƏ / İDMAN
02:06 12.06.2018

 

İki gündən sonra Rusiyada futbol üzrə sayca 21-ci Dünya çempionatı start götürəcək. “Jül Rime kuboku” adlandırılan turnir ilk dəfə 1930-cu ilin iyul ayında Uruqvayın paytaxtı Montevideoda keçirilib. Dünya çempionatı yarışlarının qaydaları isə daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpen (Brüssel) konqresində razılaşdırılmışdı. Turnirin ideya müəllifi və təşkilatçısı Fransa Futbol Federasiyasının prezidenti, həm də o vaxt Antverpendə 

FİFA-nın prezidenti seçilmiş Jül Rime idi. Elə dünya çempionatının əsas mükafatı da 1970-ci ilədək onun adını daşıyıb (“Qızıl ilahə” kimi də tanınırdı).

 

Uzun yolun başlanğıcı

 

Futbol üzrə ilk dünya çempionatının keçirilməsi haqqında yekun qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı (Hollandiya) konqresində qəbul edilib. Olimpiya oyunlarında bütün komandalar, demək olar ki, gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu formal xarakter daşımağa başlamışdı. Müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyaların rəhbərləri dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma olimpiya komandalarına göndərmədilər.
Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri, demək olar ki, gəlir gətirmirdi. Beynəlxalq Futbol Federasiyası dünya çempionatlarının keçirilməsinə rəhbərlik etməklə gəlirin bölüşdürülməsində iştirak edə bilər və borca düşməzdi.
1930-cu ildə dünya çempionatının Uruqvayda keçirilməsi təklifi yerinə düşmüşdü. Əvvəla, bu çempionat ölkənin İspaniya müstəmləkəçiliyindən azad olmasının 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinin tərkib hissəsi olacaqdı. İkincisi isə, turnir futbolun La-Plata sahillərində böyük şöhrət tapmasına yol açacaqdı. Olimpiya oyunlarında iki dəfə qələbə qazanmış bu kiçik ölkədə ən yaxşı futbolçuları az qala ilahiləşdirirdilər. Təkcə futbol azarkeşlərinin təşəbbüsü ilə uruqvaylılar 400 min dollar toplayıb qısa müddətə o vaxtlar dünyada ən böyük stadionu - “Sentenario”nu tikmişdilər. Lakin Avropa turnirə qatılmaq dəvətini qəbul etməyə tələsmirdi. Uruqvaylılar yarış iştirakçılarının gəmi ilə gəlmək haqlarını və başqa xərcləri ödəməyə hazır olsalar da, məsafə uzaq olduğundan bu, müəyyən dərəcədə riskli idi.
Digər tərəfdən, dünya çempionatlarında iştirak etmək vətəndəki yarışlara bir neçə ay fasilə vermək və ya ən yaxşı komandaların tərkibini zəiflətmək, bununla da yerli oyunlara marağı azaltmaq, klubların və milli futbol ittifaqlarının onsuz da ağır olan maliyyə vəziyyətini daha da pisləşdirmək demək idi.

 

İlk dünya kubokunu Uruqvay qazandı

 

Yalnız Jül Rimenin işə qarışması ilə I Dünya çempionatı baş tutdu. O, heç olmasa 4 Avropa komandasının çempionatda iştirakını təmin etmək üçün bütün nüfuzundan istifadə etdi. İyunun 21-də Fransa, Rumıniya və Belçika yığma komandaları “Konte Verde” gəmisində Cənubi Amerika sahillərinə yola düşdü. Bir neçə gündən sonra Marseldən daha bir gəmi çıxdı. Bu, Yuqoslaviyanın yığma komandasını aparan “Florida” gəmisi idi.
Çempionat 1930-cu il iyulun 13-də Fransa-Meksika matçı ilə start götürdü. Bu, fransızlar üçün xüsusi gün idi. Çünki futbolçular uzaq Montevideoda “Pokitos” stadionunun yaşıl meydanına çıxanda vaxt fərqinə görə Fransada artıq iyulun 14-ü, yəni Bastiliyanın alınmasının başladığı gün idi. Sanki Lüsyen Loran milli bayram şərəfinə artıq görüşün 10-cu dəqiqəsində topu meksikalıların qapısına vurdu və adını dünya çempionatlarının sərrast futbolçuları siyahısının birinci sətrinə yazdırdı. Final matçında isə Argentinanı 4:2 hesabı ilə məğlub edən Uruqvay dünya çempionatının ilk qalibi oldu.
II Dünya çempionatı isə 1934-cü ildə İtaliyada keçirildi. Final matçında Çexoslovakiya üzərində qələbə qazanan italyanlar kubokun sahibi oldular.
Futbol üzrə dünya çempionatı üçüncü dəfə yenə Avropa ölkəsində, 1938-ci ildə Fransada təşkil edildi. O dövrdə yüksək futbol nümayiş etdirən İtaliya yığması finalda Macarıstan millisini məğlub edərək ikinci dəfə çempion adını qazandı.

Dünya çempionları

1942-ci ildə növbəti dünya çempionatı baş tutmadı. İkinci Dünya müharibəsi bütün sahələrə təsir etdiyi kimi, futboldan da yan ötmədi. Stadionların bəziləri dağıdılmış, bir çox futbolçular torpaqlarının azadlığı uğrunda könüllü olaraq müharibəyə getmişdilər.

Müharibə başa çatdıqdan sonra Avropada vəziyyət yaxşı olmadığından qərara alındı ki, növbəti çempionat başqa bir materikdə keçirilsin.
1950-ci ildə IV dünya çempionatını Braziliya qəbul etdi. Finalda ev sahibi Braziliya millisini məğlub edən uruqvaylılar ikinci dəfə dünya çempionu adını qazandılar.
1954-cü ilin dünya çempionatı İsveçrədə keçirildi. Final oyununun qalibi Macarıstan yığmasını 3:2 hesabı ilə məğlub edən Almaniya Federativ Respublikası (AFR) oldu.
1958-ci il mundialı İsveçdə təşkil olundu. Həlledici matçda Braziliya yığması meydan sahiblərini 5:2 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi oldu.
1962-ci ildə çempionat Çilidə keçirildi. Finalda Braziliya Çexoslovakiyaya 3:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə kubokun sahibi oldu.
1966-cı il hər bir ingilis üçün tarixi ilə çevrilir. Həmin il İngiltərə finalda AFR-ə 4:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.
1970-ci ildə Meksikada keçirilən DÇ-nin finalında Braziliya İtaliya yığmasına 4:1 hesabı ilə qalib gələrək 3-cü dəfə kuboka sahib olub.
1974-cü ildə AFR çempionata evsahibliyi edirdi. Finalda Hollandiya yığmasına 2:1 hesabı ilə qalib gələn almanlar 2-ci dəfə dünya çempionu titulunu qazandılar.
1978-ci ildə Argentinada keçirilən çempionatın qalibi yenə də meydan sahibləri oldular. Hollandlara 3:1 hesabı ilə qalib gələn Argentina kubokun sahibi oldu.
1982-ci ildə İspaniya mundialı qəbul etdi. Finalda İtaliya yığması AFR-i 2:1 hesabı ilə üstələdi və kuboka yiyələndi.
1986-cı ildə dünya çempionatı ikinci dəfə Meksikada keçirildi.Turnir ilk dəfə idi ki, ikinci dəfə eyni ölkədə baş tuturdu. Final Argentina-AFR qarşılaşması və Argentinanın 3:2 hesablı qələbəsi ilə tarixə düşdü.
1990-cı ildə İtaliyada təşkil olunan turnirin finalında AFR Argentina yığması ilə qarşılaşır. Görüşdə almanlar 1:0 hesablı qələbə sayəsində 3-cü dəfə kubokun sahibi olurlar.
1994-cü ildə ABŞ-da Braziliya 4-cü dəfə çempionluq qazandı. Final oyununda əsas və əlavə vaxtda qapılara qol vurulmadı, penaltilər seriyasında isə Braziliya İtaliyanı üstələdi - 3:2.
1998-ci ildə mundialın ev sahibi - Fransa millisi finalda Braziliya yığmasını 3:0 hesabı ilə məğlub edərək 1-ci dəfə kuboku başı üzərinə qaldırdı.
2002-ci ilin dünya kuboku ilk dəfə iki ölkədə - Cənubi Koreya və Yaponiyada təşkil olundu. Finalda Braziliya Almaniyanı 2:0 hesabı ilə məğlub edərək 5-ci dəfə dünyanın ən yaxşı yığma komandası olduğunu nümayiş etdirdi.
2006-cı ildə dünya çempionatı Almaniyada təşkil olundu. Finalda İtaliya-Fransa qarşılaşmasının əsas vaxtı heç-heçə (1:1) başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşdi. Daha dəqiq olan italyanlar 5:4 hesabı ilə qələbə qazanıb 4-cü dəfə dünya çempionu oldular.
2010-cu il dünya çempionatı Cənubi Afrika Respublikasında təşkil olundu. Finalda İspaniya Hollandiyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kuboku başı üzərinə qaldırdı.
2014-cü ildə dünya çempionatı Braziliyada keçirildi. Həlledici qarşılaşmada Argentinaya 1:0 hesabı ilə qalib gələn Almaniya millisi mundialın qızıl medallarına sahib oldu.
Beləliklə, Braziliya 5 dəfə (1958, 1962, 1970, 1994, 2002-ci illər), İtaliya 4 dəfə (1934, 1938, 1982, 2006-cı illər), Almaniya 4 dəfə (1954, 1974, 1990, 2014-cü illər), Uruqvay 2 dəfə (1930, 1950-ci illər), Argentina 2 dəfə (1978, 1986-cı illər), İngiltərə bir dəfə (1966-cı il), Fransa bir dəfə (1998-ci il) və İspaniya bir dəfə (2010-cu il) dünya çempionu olublar.

 

Mundialın rekordları

 

Dünya çempionatları həm də rekordları ilə diqqət mərkəzində qalır.

* Ən böyük hesablı qələbələr: Macarıstan-Cənubi Koreya - 9:0 (1954-cü il), Yuqoslaviya-Əlcəzair - 9:0 (1974-cü il), Macarıstan-Salvador - 10:1(1982-ci il), Braziliya - Almaniya - 1:7 (2014-cü il).
* Ən erkən qolun müəllifi: 2002-ci il dünya çempionatının 3-cü yer uğrunda qarşılaşmasında Türkiyə meydan sahibi Cənubi Koreyanı 3:2 hesabı ilə məğlub edir. Görüşün 11-ci saniyəsində Hakan Şükür vurduğu qolla tarixə düşür.
* Ən çox iştirak edən futbolçular: Antonio Karbaxal (Meksika, 1950-1966-cı illər), Lotar Matteus (Almaniya, 1982-1998-ci illər). Hərəsi 5 dəfə mundialda iştirak edib.
* Ən çox oyun keçirən futbolçu: Lotar Matteus - 25 oyun.
* Ən çox qol vuran: Ronaldo (Braziliya, 1998-2006-cı illər) - 15 qol.
* Bir turnirdə ən çox qol vuran: Jüst Fonten (Fransa, 1958-ci il) - 13 qol.
* Bir oyunda ən çox qol vuran: Oleq Salenko (Rusiya) - 5 qol. 1994-cü il. Rusiya-Kamerun - 6:1.
* Ən gənc futbolçu: Pele (Braziliya), 17 yaş 249 gün. Futbol kralı bu yaşda qol vurmaqla da rekordçudur.
* Ən yaşlı futbolçu: 42 yaşlı Roje Milla (Kamerun). O, bu yaşda qol vurmaqla həm də ən qoca bombardirdir.
* Futbolçu kimi ən çox dünya çempionu: Pele (Braziliya) üçqat dünya çempionudur (1958, 1962, 1970-ci illər).
* Futbolçu və məşqçi kimi ən çox dünya çempionu: Mario Zaqallo (Braziliya), 1958-ci və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş məşqçi, 2002-ci ildə ikinci məşqçi kimi bu titula sahib olub.
* Finalda ən çox oynayan yığma: Braziliya və Almaniya - hər ikisi 7 dəfə (ümumilikdə 92 oyun).
* Ən çox oyun idarə edən hakim: Jozel Kinyo (Fransa, 1986-1994-cü illər) - 8 dəfə.
* Ən çox sarı və qırmızı vərəqə olan mundial: DÇ-2006 - 56 oyunda 310 sarı, 25 qırmızı vərəqə qeydə alınmışdır. Bir matçda ən çox sarı və qırmızı vərəqə həmin mundialda göstərilmişdi. Rusiyalı hakim Valentin İvanov Portuqaliya-Hollandiya görüşündə hər komandanı 2 qırmızı vərəqə ilə cəzalandırmışdı. O, Portuqaliya futbolçularına 9 sarı vərəqə göstərmişdi.

Elçin CƏFƏROV,
“Azərbaycan”