10 Iyun 2018 12:06
460
Mədəniyyət
A- A+

Xalqın bağrından qopan nəfəs

 

Bulaqların şırıltısıdır, yarpaqların pıçıltısıdır, xəzəllərin xışıltısıdır şeir. Şeir çayda güzgülənən ay işığının səsidir... Gözlərimizin önündə, yan-yörəmizdə minlərlə bu cür səslər dolaşır ki, onları sayıb qurtarmaq da mümkün deyil. Bu səslərin sirri ondadı ki, onları hamı eşitmir. Hər səsin arxasında bir nəfəs durur. Bu nəfəslər ya haqqın, ya da xalqın bağrından qopur.

Səksən il bundan öncə qədim Azərbaycan torpağı olan Göyçənin bağrından bir körpə nəfəs qopdu. Onun adını Əli qoydular. Əlinin qəlbində anadangəlmə bir vətən sevgisi vardı. Bu sevgi şair Əli Vəkilin xəyallarının qanadında Təbrizi, Urmiyanı, Dərbəndi, Borçalını, İrəvanı, Zəngəzuru, Naxçıvanı, Bakını, Gəncəni, Bərdəni, Şuşanı - bütün Qarabağı, Mili, Muğanı, Şirvanı dolaşdı. Bu sərhədlər də Əli Vəkilin vətən sevgisinə dar gəldi. Şair qollarını açıb Türkiyəni, Orta Asiyanı, Volqaboyunu, Sibiri qucaqladı və sözlə bütöv bir Turan xəritəsini yaratdı.
Əli Vəkil Göyçənin, İrəvanın, Zəngəzurun Azərbaycandan ayrıldığını duyunca onun qəlbində bir vətən dərdi, yurd həsrəti cücərdi. Şairin bu dərdlə, bu həsrətlə qovrulan qəlbi “Bölünməmiş torpaq hanı? Əkəm dərdimi-dərdimi” misralarını pıçıldadı. Bunlar Azərbaycan torpaqlarının parça-parça bölündüyünü, tala-tala olub onun-bunun tapdağı altında qaldığını duyan şairin qəlbinin harayıydı. Əli Vəkil “fillər çəkəmməyən” dərdini əkməyə bölünməmiş torpaq axtarır, yəni düşmən tapdağı altında qalmış torpaqlara dərdini də əkmək istəmir və bununla “o torpaqları düşmənlərdən alıb birləşdirin, bütövləşdirin ki, mən ona öz dərdimi əkim” deyir. Şair yaxşı bilir, yaxud Tanrı qulağına pıçıldayır ki, yalnız bu halda onun dərd əkdiyi vətən torpağında sevinc göyərəcək. Vətən torpağı nə qədər ki parça-parçadır, ona sevinc də əksən, qəm dərəcəksən.
Qarabağın qara taleyi Əli Vəkilin dərdinin üstünə dərd qalaqladı. Qarabağın işğalından sonra erməniləri yaxşı tanıyan, onların bütün murdarlıqlarına, zalımlıqlarına, qaniçənliklərinə çoxdan bələd olan şairin qəlbində şimşəklər çaxdı, ürəyi dəmirçi körüyü kimi od püskürdü. Ancaq Qarabağdakı talanları, ölüm-itimləri, qan-qadaları görüb ruhdan düşmədi, ümidini itirmədi, qələmini bir az da itiləyib bütün gücünü sözə verdi:

Dünya fırlandıqca başlar fırlanır,
Gör neçə sapandda daşlar fırlanır.
Qurunun başına yaşlar fırlanır,
Doğma Qarabağda talana bax-bax.

Əli Vəkilin “Göyçə bənövşəsi” şeirinin maraqlı yazılma tarixçəsi var. Dostumuz Əlövsət Ağalarov Kəlbəcərin ağır günlərində onun harayına gedir, ürəyi durmur, oradan Göyçə tərəfə adlayıb bir dəstə bənövşə yığır. Onu Bakıya gətirib Əli Vəkilə verir və Göyçə ətirli bir dəstə bənövşə şairin neçə illərdi həsrət yanğısıyla sızım-sızım sızıldayan yaralarının qaysağını qoparır. İndi gəl Göyçə həsrətilə yanan ürəyin sızıltılarına döz görüm necə dözürsən?! Burada ürəyi sözdən başqa heç nəylə ovutmaq olmur:

Təzə-tər olardın yaz havasıyla,
Yuxuya dalardın saz havasıyla.
Qoşma havasıyla, söz havasıyla
İndi qəm sazını çalan bənövşəm.

Bu qoşmanın bütün misraları Əli Vəkil yaradıcılığının mayasına, ruhuna, iliyinə-qanına hopmuş vətən sevgisiylə yoğrulmuşdur.
Aşıq Ələsgər deyirdi ki, ustadına kəm baxanın gözünə ağ damar. Əli Vəkilin ürəyindəki vətən sevgisi o qədər güclüdür ki, onun bütün şeirlərinin hər bir misrasının altından bu sevgi boy göstərir. Bu sevgi şairin qəlbini dilləndirir ki, vətəninə, yurduna, elinə, obasına xor baxanın ömrü bay ola bilməz. Ona görə yazır ki: “Bu yurdu müqəddəs say, Əli Vəkil, yoxsa ürəyində od olmaz-olmaz”. Hər bir yaradıcı insanın ürəyi öz odunu doğma vətənindən, torpağından, elindən, obasından alır. Bu odla qürbət odunun doğma anayla ögey ana qucağının istisi qədər fərqi var. Bəzən ögey ana qucağının istisi adamı üşütdüyü kimi, qürbətin odu adamı qızdırmaq əvəzinə yandırır. Qürbətdə nə qədər varın-dövlətin olsa da, günün xoş keçsə də, vüqarın qürurun olmur, həmişə qəlbisınıq gəzirsən. Əli Vəkil də bunu duyduğuna görə yazır ki, “Elə bil ki, çatışmayır hava da, qürbətdə vətənsiz yaşamaq olmur” və yaxud “Ay Əli, vüqarın Azərbaycandır, nə şöhrət, nə də ki, var istər könlüm!”
İnsan yanında olanı heç vaxt nə xatırlamaz, nə axtarmaz, nə də soraqlamaz. Bunlar uzaqda olanlara - göz görməyənlərə, əl çatmayanlara, ün yetməyənlərə aiddir. Əli Vəkil haqqı, ədaləti, namusu, isməti, sədaqəti ona görə soraqlayır ki, onlar günbəgün bizdən uzaqlaşır, ilğım kimi əlçatmaz, ünyetməz olur. Onun “Sorağındayam” qoşması məhz bu duyğularla yoğrulmuşdur. Bütün bu işlərə dünyanın nə qədər soyuqqanlı olduğunu görən şair “Nə vecinə” gəraylısında ürəyini ağrıdan həmin hisləri, duyğuları qələmə almışdır:

Birinin başında tacdı,
Biri çörəyə möhtacdı.
Kimlər toxdu, kimlər acdı,
Bu dünyanın nə vecinə.

Şair burada dünya deyəndə, sözsüz ki, onu dağıda-dağıda, talaya-talaya acların aclığına, lütlərin lütlüyünə baxmadan var-dövlət toplayanları nəzərdə tutur. Dünyanı gözəlləşdirən insanlardır. Onun bütün çirkinliklərini, eybəcərliklərini də insanlar yaradırlar. Ona görə də dünyanın poetik obrazının arxasında həmişə canlı insan dayanır.
Əli Vəkilin zəngin poetik irsi var. Onun bir-birindən gözəl məhəbbət şeirlərini yaradıcılığının təzə-tər gülləri adlandırmaq olar. Bu şeirlərin hamısı milli ruhun pıçıltıları olduğuna görə abırlı-həyalıdır və oxuyanlara xoş təsir bağışlayır. Sevginin saflığı, ülviliyi bu şeirlərin ruhuna hopmuş başlıca duyğulardır. Əli Vəkilin vətənpərvərlik şeirləri kimi, sevgi şeirlərini oxuyanda da onların bir Azərbaycan şairinin qələmindən çıxdığını, bir türk qəlbinin pıçıltıları olduğunu o saat duyursan.
Əli Vəkilin ilhamı öz mayasını xalq yaradıcılığından almış, ürəyi saz havaları üstündə köklənmişdir. Ona görə də onun poeziyasında xalq ruhu çox güclüdür, şeirlərinin bu ruhla yoğrulduğu aydınca görünür.
Əli Vəkilin yaradıcılığının böyük bir hissəsini onun poemaları təşkil edir. Poema yaradıcılığı şairin poetik imkanlarının genişliyinin təsdiqidir. Onun “Ramiz sənətinin sehri”, “Ellərin İsgəndəri”, “Çal, ay ustad”, “Əbədi dünya”, “Ömür karvanı”, “Kişi ömrü” poemalarının hər biri ayrı-ayrı mövzularda böyük istedadla yazılmış əsərlərdir. Onların hər biri haqqında ayrıca danışmaq olar.
Dünyanın gəldi-gedər olduğunu gözəl bilir Əli Vəkil. Onu da gözəl bilir ki, bu gəldi-gedər dünyada gəldi-gedər olmayan, nəsildən-nəslə yadigar qalan bircə şey var - o da yaratdıqlarındır. Səməd Vurğun gözəl demişdir ki, “De gəlsin hər nəyin vardır, deyilən söz yadigardır”. Əli Vəkil də zəngin bir xəzinə yaradıb və yaratdıqları həm də gələcək nəsillərə yadigardır.

İslam SADIQ,
şair, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video