09 Iyun 2018 08:06
414
Mədəniyyət
A- A+

Tanınmış yazıçı-publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” kitabının təqdimatı keçirilib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın mərkəzi qərargahında tanınmış yazıçı-publisist Rövşən Ağayevin polyak dilində “Uzaq və yaxın Polşa (Dalyokaya i blizkaya Polşa)” kitabının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov, icma üzvləri, respublikanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri iştirak ediblər.

İcmadan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən Bayram Səfərov təqdimatı keçirilən kitabı Azərbaycan ilə Polşa arasında dostluq və qardaşlıq əlaqələrinə növbəti töhfə kimi dəyərləndirib. Xalqlarımız arasında əlaqələrin tarixindən və bu günündən ətraflı danışan Bayram Səfərov tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. Qeyd edib ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və digər sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin, o cümlədən Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının mühüm rolu olub. “Uzaq və yaxın Polşa” kitabı da Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacaq.

Bayram Səfərov kitabda Azərbaycanın Şuşa şəhəri haqqında gözəl təəssüratlarla rastlaşdığını, Şuşadan olan görkəmli şəxsiyyətlərin Polşadakı həyatı ilə bağlı maraqlı yazıların olduğunu diqqətə çatdıraraq bildirib ki, Polşada general Səməd bəy Mehmandarovun xidmət illəri, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun qrammofon valları yazdırmaları, Rəşid Behbudovun konsertləri, şərqşünas alim Teodor Şumovskinin Qarabağla bağlı zəngin tədqiqatları oxucuda geniş təsəvvür yaradır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Ziyad Səmədzadə, Elman Məmmədov, Flora Qasımova, Xalq Yazıçısı, hüquq elmləri doktoru Çingiz Abdullayev, “İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru, professor Rafiq Əliyev, Bakı Slavyan Universitetinin prorektoru, professor Rafiq Novruzov, müəllim, tərcüməçi Lyudmila Talıbova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul əməkdaşı Yusif Hüseynov “Uzaq və yaxın Polşa (Dalyokaya i blizkaya Polşa)” kitabının XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən dəyərli nəşr olduğunu söyləyib, Azərbaycan-Polşa əlaqələrinin inkişafına bu kitabın dəyərli töhfə olduğunu bildiriblər. Çıxış edənlər polyakların Azərbaycana həmişə doğma vətən kimi yanaşdıqlarını, bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb, əsərin bədii və siyasi məziyyətlərini, ciddi siyasi məzmuna malik olduğunu vurğulayıblar.

Çıxışlarda bu kitabın film şəklində işıqlandırılmasına dair arzular da ifadə edilib.

Kitabın müəllifi Rövşən Ağayev əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxınlığını diqqətə çatdırmaq olduğunu vurğulayıb: “Polşalıların Azərbaycandakı həyatı bizim xalqımızın, azərbaycanlıların Polşadakı həyatı isə polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.

Rövşən Ağayev tədbirin təşkilatçılarına və iştirakçılarına, nəşrin işıq üzü görməsində göstərdiyi dəstəyə görə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Polşa və Azərbaycan haqqında fotoslaydlar nümayiş etdirilib.

Rövşən Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-1992-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. O, 40-dan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir. 1990-cı ildə məhsuldar əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. “Zaman, hadisələr, faktlar”, “Razqovor s sınom” adlı kitabların müəllifidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video