09 Iyun 2018 04:06
810
Mədəniyyət
A- A+

Əndəbil kəndinin Mir Cəlal məhəlləsi

Tehran Universitetinin professoru, Təbriz İslam Şurasının fəallarından biri Hüseyn Siyaminin sözlərinə görə, İranın Turizm Nazirliyi Əndəbil kəndini rəsmi olaraq “Mir Cəlal məhəlləsi” kimi qeyd edib, onu ziyarətgah mərkəzi olaraq turizm proqramına daxil edib. Bu da İran hökumətinin Əndəbildə məşhur olan Seyid Mir Əli Əşrəf Ağanın nəsil-şəcərəsinə olan hörmət və ehtiramın təzahürüdür. Mir Əli Əşrəf Ağanın oğlu Mir Cəlal Paşayevin adı isə bu kəndin ilk yazıçısı kimi onun tarixinə həkk olunub.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Terrora Qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu məlumat verib. Onun professor Hüseyn Siyami ilə söhbətinə əsaslanan qeydlərini təqdim edirik.

 

Əndəbil kəndi Ərdəbildə çox məşhurdur. Bunun öz səbəbləri var. 1979-cu ildə İran İslam Respublikasının qurulmasında misilsiz xidmətlər göstərmiş, ən çətin dəqiqələrdə İmam Xomeyninin yanında olmuş böyük nüfuz sahibi Ayətulla Şəriət Mədarinin (ona camaat arasında “inqilab və ədalət aşiqi” deyirlər) 1981-ci ilin martın 22-də Tehran radiosuna müsahibəsindən: “Mən həmişə İmamla birgə Təbriz yolundan keçəndə, o, dayanıb, nə isə çox qədim bir duanı oxuyar və deyərdi: “...Qardaş Mədari, Təbriz İranın başı... Tehran isə ürəyidir”.

İmam Ərdəbil ostanının Xalxal şəhərindən 3 kilometr aralıdakı yaşıl təpələrin qoynuna sığınmış Əndəbil kəndinin vurğunu idi. Təqribən 600 illik qədim tarixi olan bu kənd üç təpənin əhatəsində yerləşir və onların hər birinin öz adı var: “Ay işıqlı təpə”, “Ulduzlu təpə”, “Günəşli təpə”. Əndəbil Ərdəbil ostanının ad çıxarmış, bərəkətli kəndlərindəndir. İşdə-gücdə əli gətirməyənlər, qaraçuxası yatanlar... bu kənddən keçər, təpələrin ətəyindəki “Seyid Cəlal” daşına alınını qoyub, Allaha dua edərdilər. Bundan sonra, həmin adamın gördüyü hər işdə bərəkəti artardı. Təqribən min nəfərə yaxın əhalisi olan bu kənd Ərdəbil qədər nüfuzlu və şöhrətli idi.

Professor Hüseyn Siyami bu kəndin tarixini, nəsil şəcərələrini tədqiq edir. O deyir ki, tarixi şəxsiyyətlər – Mir Məhəmməd, Mir Əli Əşrəf, onun oğulları Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mir Vəli, Mir Ağa, Seyid Əbülfəzl və onların övladları Əndəbil kəndinin tarixinin qızıl səhifələrini yaradanlardır.

Doktor Ayətulla Şəriət Mədari isə yazır ki, Əndəbil kəndində qərar tutan Mir Əli Əşrəfin və Mir Məhəmməd Paşanın nəsli dördüncü imam Zeynalabdinə gedib çıxır, şəcərə etibarı ilə İmam nəslidir.

İran İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni Əndəbilə gələrək, burda dəfn olunan tanınmış şəxslərin məzarlarını ziyarət etmiş, onları ədalət və ləyaqət çırağı adlandırmışdı. İmam Xomeyninin Mir Cəlalın atası Mir Əli Əşrəf ağaya və babası Mir Məhəmməd Paşaya xüsusi rəğbəti var idi, onları bu kəndin ləyaqət rəmzi hesab edirdi.

Bu qədim kənd düşmənə qarşı həmişə amansız olub, haqqın və ədalətin tərəfində dayanıb. Məsələn, məlumata görə, şahın məmurları Əndəbil kəndinin comərd adamlarından həmişə ehtiyatlanar, oranı “Üsyankar kənd” adlandırardılar. Maraqlıdır ki, İran şahının xanımı Fərəh Pəhləvi hər cümə günü Əndəbilə gələr, kəndin Seyidlər məhəlləsini ziyarət edərdi. Şahın generallarından olmuş Zahidi Əndəbildə baş verən etiraz və üsyanları yatıra bilmədiyi üçün fransız jurnalistlərinə verdiyi müsahibəsində deyirdi: “İmkanım olsaydı, mən bu kəndi yandırardım...”.

Həqiqət bundan ibarət idi ki, general Zahidi Əndəbilə girə bilmirdi. Çünki Fərəh Pəhləvi ona Əndəbilə toxunmağı qadağan etmişdi. Araşdırmalar göstərir ki, xanım Fərəh Pəhləvinin hər iki babası bu kənddə dəfn olunub.

Bu gün Seyid Mir Əli Əşrəf Ağanın Əndəbildəki məzarı Ərdəbil əhlinin ziyarətgahına çevrilib. Bundan başqa, Əndəbildə Mir Cəlal Paşayevin beş qardaşının və bacısı Ruqəyya xanımın da məzarları qalıb.

Qeyd edək ki, tədqiqatçı Hüseyn Siyaminin “Əndəbildən gəlirəm... Bakıya getmək üçün” kitabı fars və Azərbaycan dillərində çapa hazırlanır. Təqdim olunan fotolar həmin kitabdan götürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video