Alternative content

13:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub
Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
12:06 09.06.2018

 

İyunun 8-də “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının Azərbaycanda kitab ticarətinin inkişaf etdirməklə bərabər, ədəbiyyatın və mütaliənin təbliğatı missiyasını daşıdığını bildirib. “Bu kitab mağazası Milli Elmlər Akademiyasının, bir sıra böyük təhsil ocaqlarının yerləşdiyi ərazidə fəaliyyət göstərəcək. Yəni, tələbələr çox rahatlıqla bu kitabxananın xidmətlərindən istifadə edə biləcəklər. Ümid edirəm ki, bu kitab mağazası oxucuların, o cümlədən tələbələrin ən sevimli məkanlarından birinə çevriləcək. Oxucular burada dünyanın ən görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcək. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq”,- deyə TEAS-ın sədri vurğulayıb. 

“LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edən Tale Heydərov bildirib ki, “TEAS Press”, “3 alma” və “Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendlərinə çevrilib. Həmin kitablar təkcə ölkə daxilində deyil, xaricdə də oxucular tərəfindən böyük rəğbət qazanıb.
“Bu gün, həmçinin Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının da təqdimatı təşkil edilib. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Azərbaycan Avropa Cəmiyyəti də bu tarixi hadisəyə öz töhfəsini verməyə çalışır. Belə ki, cəmiyyət tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kitablar nəşr edilir. Onların içərisində Türkiyə Respublikasının Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd və materiallardan ibarət 4 toplu mühüm yer tutur. Həmçinin 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış “Yeni Kafkasya” dərgisnin bütün saylarını əhatə edən dörd cildlik də bu gün burada nümayiş etdirilir”.
“LİBRAFF” kitab mağazasının açılmasının Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu bildirən mədəniyyət nazirinin müavini Vaqif Əliyev belə bir kitabxananın yaradılmasında zəhməti olan hər kəsi və oxucuları təbrik edib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində belə bir kitabxananın açılmasının təqdirəlayiq hal olduğunu qeyd edən nazir müavini deyib ki, Azərbaycan Xalq Cümhuriyyətində də elmə, təhsilə, maariflənməyə böyük önəm verilirdi.
“Bu kitab mağazasının açılması Azərbaycanda elmə, təhsilə marağın göstəricisidir. Azərbaycanda kitaba hər zaman diqqət olub. Kitab bizə bir sərvət olaraq miras qalıb. “Avesta”, “Kitabi-Dədə Qorqud” kimi ədəbiyyat nümunələrimiz Azərbaycan xalqının ta qədimdən başlayaraq belə gözəl əsərlər yaratdığını sübut edir”, - Vaqif Əliyev vurğulayıb.
Hər bir xalqın parlaq gələcəyində kitabın rolunu qeyd edən Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev deyib: “Əgər bir xalq inkişaf etmirsə, o xalqın gələcəyi yoxdur və heç nəyə də nail ola bilməz. Kitablarımız dünyada nə qədər çox tanınsa, bizi də o qədər çox tanıyacaqlar. Yazıçı xalqın ədəbiyyatda vəkilidir. O, xalqı təmsil edir. Əgər sən Azərbaycan yazıçısısansa və öz xalqını müdafiə etmirsənsə, bəs onda bunu kim etməlidir? Əlbəttə, sən etməlisən. Azərbaycan yazıçısı xalqının tərəfində olmalıdır”.
Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri professor Kərim Şükürov bildirib ki, bu gün “LİBRAFF” kitab mağazaları şəbəkəsinin açılması ölkəmizin sosial-mədəni həyatında mühüm hadisələrdəndir. Azərbaycanda kitabı çox oxuyanlar haqqında belə deyirlər ki, o, kitabla danışır. Bu gözəl məkana gələnlərin hər biri yüzlərlə yeni kitabla tanış olacaq. Onlar burada kitablarla danışmaq imkanı əldə edəcəklər. O bildirib ki, qədim zamanlardan həmişə kitaba dərin diqqət olub. 1300 illiyini dünyada təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” dastanı göstərir ki, bizim kitabçılıq mədəniyyətimizin böyük tarixi var.
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, bu gün Azərbaycanın mədəni, ictimai həyatında önəmli bir gündür. Bu kitab mağazası həm məkanına, həm də tərtibatına görə gözəldir. Buradakı kitablar poliqrafiyasına görə də xüsusilə fərqlənir. Bu kitabların Azərbaycanda nəşr edilməsi isə ölkəmizdə yeni poliqrafiya mədəniyyətini formalaşdırır. Bu, poliqrafiya işində bizim üçün yeni bir səhifədir.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış “LİBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LİBRAFF” kitab mağazaları paytaxtımızın əsas görkəmli yerlərində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və tanınmış ticarət mərkəzlərində, həmçinin Gəncədə oxucuların xidmətinə verilib.
“LİBRAFF” Azərbaycan, rus, ingilis, türk və digər dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir. Mağazalarda yerli və aparıcı dünya nəşriyyatlarının klassik əsərləri, xüsusi seçilmiş müasir ədəbiyyat nümunələri, uşaq və yeniyetmələrin fərdi inkişafına istiqamətlənmiş əyləncə və oxu materialları təqdim olunur. Mövzu zənginliyi, çap və kağız keyfiyyəti ilə uzun illər şəxsi kitabxanaların ayrılmaz hissəsi olacaq.