08 Iyun 2018 12:06
682
Təhsil
A- A+

Ənənələr qorunur, uğurlar silsiləsi davam edir

 

Göyçayın təhsil sistemi yeni inkişaf dövrünü yaşayır

 

Son illər ölkənin təhsil sistemində müşahidə edilməkdə olan uğurlar hər kəsə məlumdur. Şübhəsiz ki, əldə olunan müsbət nəticələrdə respublikamızın hər bir təhsil qurumunun bu və ya digər dərəcədə payı var. O cümlədən bölgələrimiz də proseslərdən kənarda qalmır. Mövcud inkişafda özünəməxsus xidmətləri olan qurumlar arasında Göyçay Rayon Təhsil Şöbəsi də seçilir.
Xüsusilə qeyd etmək lazımdır ki, istər dövlət vəsaiti, istərsə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə təhsil sisteminin inkişafı, ən müasir məktəblərin tikintisi və əsaslı təmiri, müasir avadanlıqlarla təminatı baxımından mühüm işlər icra edilib. Bu sahədə Göyçay rayonunda təhsil sisteminin inkişafı üçün görülən tədbirlər də qeyd olunmalıdır. Şübhəsiz ki, atılan məqsədyönlü addımlar rayonda yeni məktəblər şəbəkəsini daha da gücləndirib. Paralel olaraq şagirdlərin hərtərəfli inkişafı üçün şəraitin təmin olunmasına böyük köməklik göstərib. Fond hesabına rayonda görülən işlərin miqyası genişdir.
Rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov deyir ki, Göyçayda fəaliyyət göstərən şahmat məktəbi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilmişdi. Tikintidən keçən 30 il ərzində məktəbdə heç bir əsaslı təmir işləri aparılmadığı üçün vəziyyəti arzuolunmaz şəkildə idi. 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbi yenidən tikilib istifadəyə verilib. Göyçay Şahmat məktəbinin yenidən istifadəyə verilməsi vaxtı ilə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən Fənarə Babayeva, Məhəmməd Zülfüqarlı və başqalarının ardıcıllarının yetişəcəyindən xəbər verir.
Göyçayda fəaliyyət göstərən İnternat tam orta məktəbi regionda əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulmuşdur. Məktəbin binası 1970-ci illərdə istifadəyə verilsə də, ötən dövr ərzində əsaslı təmir olunmamışdı. 2007-ci ildə məktəb Heydər Əliyev Fondu hesabına əsaslı təmir olunub. Ötən müddət ərzində məktəbə ətraf rayonlardan gələn şagirdlərin sayı da artıb.
Göyçayda təhsildə uğurlar qazanılması ənənəyə çevrilməkdədir. Bəs mövcud vəziyyət hansı reallığı ortaya qoyur? Ənənələr yenə də yaşayırmı? Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun sözlərinə görə, cari il ərzində Göyçay RTŞ-nin nəzdində 56 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Ümumtəhsil məktəblərinin 844 sinif komplektində 15 min 988 nəfər şagird təhsilə cəlb edilib və onların təlimi ilə 2061 nəfər müəllim məşğul olub.
Yeni dərs ili ərəfəsində Göyçay şəhər 2 nömrəli və Qaraman kənd tam orta məktəbləri əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Ərəbşahverdi kənd ibtidai məktəbi, Yeniarx kənd tam orta məktəbinin Hacağabəyli kənd sinif komplekti üçün modul tipli binalar tikilib. Hazırda Alıkənd kənd ibtidai məktəbi üçün də bu tip binanın tikintisi davam edir.
Müsahibimiz deyir ki, dərs ilində əsas diqqət “Təhsildə keyfiyyət ili” vəzifəsinin icrasına yönəldilib. Bu məqsədlə hazırlanan iş planı əsasında son 5 ildə məzunların ali məktəblərə qəbulu, son 3 ildə şagirdlərin buraxılış imtahanlarının nəticələri təhlil edilib. Məktəblər üzrə keyfiyyət və müvəffəqiyyət reytinqləri hazırlanıb, buraxılış siniflərində oxuyan şagirdlərin göstəriciləri təhlil olunub.
Son 5 ildə rayon məktəbləri üzrə məzunlardan 1522 nəfər ali məktəblərə qəbul olub.
Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə təhsil nazirinin ilin əvvəlindən müvafiq əmri olub. Bununla bağlı Göyçay və Ağdaş rayonu pedaqoji işçilərinin birgə iştirakı ilə tədbirlər planı hazırlanaraq icraya yönəldilib. Tədbirlər planına məktəblərarası əməkdaşlıq əlaqələrinin qurulması, təhsil problemlərinə həsr edilmiş disput və “dəyirmi masa”ların təşkili, rayonlararası açıq dərslərin təşkili kimi məsələlər daxil edilib. Plana uyğun olaraq bu ilin mart ayında Ağdaş rayonunun qabaqcıl təhsil işçilərinin 11 açıq dərsi dinlənilərək təhlil edilib və “dəyirmi masa”lar keçirilib. Elə həmin ay Göyçay rayonunun ümumtəhsil məktəblərində də 15 nəfər qabaqcıl müəllimin rayonlararası açıq dərsi dinlənilib müzakirə edilib, şəhər 1 nömrəli tam orta məktəbdə əməkdaşlıq çərçivəsində disputlar keçirilib.
Diqqətdə saxlanılan məsələlərdən biri də müsabiqə və yarışların daha keyfiyyətli təşkil olunmasıdır. Fənn olimpiadalarının rayon turunda 437 şagird qüvvəsini sınayıb. 28 şagird yarımfinala vəsiqə qazanıb, 5 nəfər respublika turunda iştirak edib. Şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Qarakişi Quluzadə və Mallı-Şıxlı kənd tam orta məktəbin IX sinif şagirdi Nihad Fərzəliyev tarix fənni üzrə III yeri tutublar.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon turunda 131 nəfər şagird iştirak edib. Şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Əli Həmzəyev müsabiqənin respublika turunda qalib olub.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunda isə 57 təqdimat dinlənilib. Şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Qarakişi Quluzadə rayon turunun qalibi kimi respublika turunda müvəffəqiyyətlə iştirak edərək III yeri tutub.
“Əlaçı” televiziya verilişinin Şirvan şəhərində keçirilən seçim turunda 30 şagird iştirak edib. Turda qalib gələn şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Lamiyə Süleymanova, Kürdşaban kənd tam orta məktəbin şagirdi Rəna Soltanova və Qarabaqqal kənd tam orta məktəbin şagirdi Yusif Səmədzadə verilişdə iştirak ediblər.
“Şahin” hərbi idman oyunlarının rayon turu əvvəlki illərlə müqayisədə cari ildə daha keyfiyyətli təşkil edilib. Turun qalibi şəhər 7 nömrəli tam orta məktəbin komandası zona turuna vəsiqə qazanıb.
Yeniyetmələr arasında Mingəçevir şəhərində keçirilən şahmat üzrə respublika birinciliyində UGİMŞ-nin yetirməsi Nihad Kərimov I yeri, Fəqan Məmmədov II yeri tutublar.
Mart ayında futbol üzrə məktəblilər arasında rayon birinciliyi təşkil edilib. Birinciliyin qalibi Ləkçılpaq kənd 2 nömrəli tam orta məktəbin komandası Qəbələ şəhərində keçiriləcək yarımfinala vəsiqə qazanıb. Şəhər 1 nömrəli tam orta məktəbin komandası isə “Gənc xilasedici və yanğınsöndürən” respublika müsabiqəsinin Yevlax şəhərində keçirilən zona turunda I yeri tutaraq finala çıxıb. Həmin məktəbin X sinif şagirdi Laçın Vəliyev Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən yeniyetmələr arasında güləş üzrə Avropa çempionatında III yeri tutub.
“Azərpoçt” MMC-nin şagirdlər arasında keçirdiyi inşa müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ülviyyə Yusifzadə qalib gələrək diplomla mükafatlandırılıb.
Diqqətdə saxlanılan məsələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi olub. Tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində stend və guşələr hazırlanıb. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay Rayon Təhsil Şöbəsi ilə birlikdə məktəblilər arasında inşa yazı müsabiqəsinin keçirilməsini planlaşdırıb. Buraxılış sinfi şagirdlərinin imtahanlara hazırlığı vəziyyəti də diqqətdə saxlanılan məsələlərdən olub. Bu məqsədlə IX və XI sinif şagirdlərinin imtahanlara hazırlığı məqsədilə məşğələ saatları təşkil edilib, sınaq imtahanları keçirilib.
Bütün qeyd olunanlar Göyçay təhsilinin daim dövlət qayğısı ilə əhatə olunmasından xəbər verir. Göyçaylı şagirdlər də bunu yaxşı bilir, daha böyük uğurlar qazanmağa can atırlar.

Əli SƏLİMOV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video