07 Iyun 2018 03:06
392
Mədəniyyət
A- A+

HACI ZEYNALABDİN

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!
XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...
Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!
Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!
Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident
İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu il təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!
Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!
Müəssif xəbər irtihalını (təəssüf doğuran ölüm xəbərini) keçən sayımızda dərc eylədigimiz Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən məruf simalarından idi.
Hacı cahanca məruf bir milyoner idi. Fəqət Bakı milyonerləri miyanında ən məşhur bir isim daşıyan bu adam ölürkən artıq milyoner degildi. Azərbaycanı istila edən Rusiya bolşevikləri hər kəs kibi onu da soymuş, soğana döndərmişlərdir. O, son günlərini Avropanın hər hankı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən olan “sarayında” degil, pək ucuz bir fiatla kiraladığı müvəqqər bir odada keçirmişdir. Əvət, bolşeviklər onun bütün varını almışlardı, qazandıqlarından kəndisinə bir şey buraxmamışlardı. Fəqət onun bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt olunmayacaq qazancları vardı. Bu qazanclarıdır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun məşhur bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin tarixi təsisindən bəri ölən azərbaycanlı milyoner fəqət Tağıyev degildir.
Hacı yalnız maddətən degil, mənən də milyoner idi. O, xeyrat və həsənatı ilə məruf bir sima idi. Azərbaycan tərəqqi və ürfan tarixində Hacının tutduğu mövqei-bulənd, bu xüsusda göstərdigi fədakarlıqlarla mütənasibdir. O, millətin tərəqqi və təalisinə pək çox yardım etmişdir, pək çox yararlıqlar göstərmişdir. Müvərrix, Azərbaycan tərəqqiyatını tədqiq edərkən, burjuazi dövrünün şəxsi amillərini ararkən Tağıyev ismi üzərində istər-istəməz duracaq və yazacağı hər hankı fəsildə bu şəxsdən bəhs etmək lüzumunu hiss edəcəkdir. O, görəcək ki, bu şəxs sadə əmələlikdən yetişərək cəmiyyətin ən yüksək zirvəsinə çıxmış, sərvətilə məşhur olduğu kibi, xeyrat və həsənatı ilə dəxi əfkarı-ammədə böyük bir hörmət və mövqe əxz etmişdir. Əvət ümmi və avami sırf olduğu halda Hacı Zeynalabdin kəndisi ilə məşğul olmaya dəgər pək mühüm maraqlı bir “tip”dir.
Azərbaycan hərəkati ictimaiyyəsi əsri məktəblərə davam etmək surətilə başlamışdır. Bu məbhəsi (yazını) tədqiq edən zat bizzərurə Hacı ismi üstündə duracaq və onun hesabına təhsili-elm edən yüzlərlə tələbəyə təsadüf edəcəkdir. Hacı yalnız müxtəlif darülfünunlarda və edadi məktəblərdə təhsil etmək istəyən tələbələrə yardıma iktifa etməyib kəndisi bizzat məktəblər təsis eyləmiş və müxtəlif məktəblərin hamisi olmaq sifətilə maarifə hizmət eyləmişdir. Türklərə məxsus təsis etdigi ziraət məktəbi ilə İslami bir tərzi memaridə yapılaraq Bakının ən gözəl binasını təşkil edən Darülmüəllimat (qız müəllimlər seminariyası) bu hizməti təyid edən birər abidədir.
Azərbaycan urəfasının hər hankı təcəddüd-perestani təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı salufizzikr (söhbət gedən) Darülmüəllimatı təsis etməklə hürriyyəti-nisvan məsələsinin təməl daşını qoymuş, mütəəssiblərin küfr və şətənlərinə (söyüşlərinə) baxmayaraq, müsəlman qızlarının tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk səneyi-təsisində mütəəssib xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat 10 sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəmiyəcək dərəcədə hüsni-qəbula məzhər olmuş və Hacı ölmədən ərkək çocuqlarla bərabər qız çocuqlarının da məkatibi-ibtidaiyə, təaliyə və aliyeyi doldurduqlarını görmüşdür.
Azərbaycan ədəbiyyatı, mətbuat və teatrosu dəxi bu mütəşəbbüs adamın pək böyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdigi kibi, bu zati-möhtərəm mütəəddid (saysız) qəzetə və məcmuələrin dəxi sahib və naşiri olmuşdur. Topçubaşov Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin idarəsilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni həyat” qəzetələrilə, yenə Hüseynzadə Əli bəyin əsəri-qələmi olan “Füyuzat” məcmuəsi kibi, Rusiya və Qafqasiya türklərinin mənafei-siyasiyyə ictimaiyyələrini müdafiə və ehtiyacati-mənəviyyə və ədəbiyyələrini tətmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir.
Yalnız mətbuati-mövqutə (müvəqqəti) degil, ədəbi əsərlərin intişarı ilə türk teatrosunun inkişafına dəxi mərhum Hacının pək çox yardımı toxunmuşdur. Şimdi bolşevik ricalından bulunan Nərimanovun müətəəddid (çoxlu) əsəri-qələmiyyəsi dəxi daxil olduğu halda, bir çox “dram” əsərlərini nəşr etdirən mərhum ilk dəfə olaraq Bakıda bir teatro binası dəxi yapdırtmışdır.
Müxtəlif cəmiyyəti-xeyriyyələrin rəisi, müəssis və fəxri əzası olmaq həsbilə Hacının Azərbaycan türklügünün ictimai təşəkküllərinə göstərdigi hizmət dəxi şayani-qeyddir. Bakı mühitində, türk ürfanının nəşri üçün pək böyük təşəbbüslərdə bulunan “Nəşri-Maarif” cəmiyyətinin rəisi dəxi kəndiləri idi. Bu cəmiyyətin məqsədi köylərdə və mahallarda təsis olunan ibtidai məktəbləri türkcə müəllimləri ehzar (dəvət) etmək idi. Bu məqsədlə “Nəşri-Maarif” müəllimlər kursu təsis olunmuş və ilk dəfə olaraq Türkiyədən dəyərli müəllimlər cəlb olunmuşdu. Bu kursun müdürliyi Türkiyənin dəyərli müəllimlərindən Əhməd Cövdət bəyə həvalə olunmuşdu.
Hacının mütəəssüb axundlara və din naminə satılan xurafata qarşı mücadiləsi və bu xüsusda daha zəif bir halda bulunan münəvvərin qismini himayəsi də həqiqətən unudulmaz hadisələrdəndir. Cahandan bixəbər “üləma”yi bir az tənvir eyləmək (nurlandırmaq) məqsədilə Qafqasiyanın müxtəlif nöqtələrində yaşayan mollalar, sənələrlə bedava Kəlkütlədə müntəşir farsıca “Həblül-Mətin” qəzetəsini almış və bu qəzetənin kimin tərəfindən göndərildigini bir çox zaman kəndiləri bilə bilməmişlərdi. Bu surətlə Hacı mollaları mənus olduqları bir lisanda qəzetə oxumağa alışdırmışdı.
Türk mətbuatının təsisi ilə nəşr və təmimə başladığı ictimai fikirlərdən biri də şiə və sünnü ixtilafının rəfi idi. Bu fikrin qövldən-felə gəlməsi üçün yapılan ilk nümayişin mütəşəbbüsü yenə Hacı Zeynalabdin olmuşdu. 1915-ci sənədə Bakıda bu məqsədlə dəvət olunan üləma nədivəsi, Cəmiyyəti-Xeyriyyə rəisi olmaq sifətilə Hacı tərəfindən açılmış və fikri-vəhdət nümayiş etdirilmişdi.
Hacının fəaliyyəti-ictimaiyyəsi yalnız mətbuat və ictimaiyyətə münhəsir olmayıb, iqtisadi sahədəki fəaliyyəti daha ziyadə müsmir (faydalı) və mütənəvve (müxtəlif) idi. Bakıda Hacının iştirak etmədigi ticari və iqtisadi bir müəssisə və şirkət bulunamazdı. Əksər banklarda əshami (səhmləri) mühümmiyə malik olan bu mütəşəbbüs adam müsəlman sənayesi ilə təəssüs edən bankanın yardımı ilə sərmayələri milli olan bir çox şirkətlər təşəkkül ediyor, türklər iqtisadi rəqabətə əsri üsullarla mücəhhəz olaraq giriyorlardı. Bu xüsusda Hacı, türk sərmayədarlarının rəhbəri olub bilxassə erməni sərmayədarlığına qarşı mücadilə ediyor. Gürcüstanda olduğu kibi, Azərbaycan ərazi və əbniyyəsinin (binalarının) erməni möhtəkirləri əlinə keçməsi mən (mane) olunuyordu. Bütün Qafqasiyada yeganə mənsucat (toxuma) fabrikası Bakıda kəndisinin olub, son sistemli mücəddid dəyirmanlara seyri-səfayin (gəmi nəqliyyatı) idarəsinə və seydi-mahi (ova məxsus) müəssəsatına sahib idi.
Çarizm zamanındakı Rusiya əhalisinin həyati-ictimaiyyəsi bələdiyyələrdə cərəyan edərdi. Bakı bir müsəlman şəhəri olduğu halda, buradakı müsəlman vəkillər qayət məhdud bir səlahiyyətə malik idilər. Şəhər idarəsi süni surətdə Rusiya qanunlarının xristiyanlara təmin elədigi rüchanla (üstünlüklə) erməni əksəriyyətinin əlində idi. Bu inhisara qarşı türk xalqı müşkül və çətin bir mücadilə etməliydi. Bu çətin mücadilədə dəxi Hacının nüfuzu məxsus idi.
Hacı malik olduğu zəkavəti-fitrisi ilə rus hökumətinin Qafqasiya islamlarından əskər almadığı keyfiyyətinə vaxtilə diqqət eyləmiş, bunun, bir zaman gələcək də zərərini çəkəcəgiz diyordu. Bu xüsusda o, bir çoxlarının hiddət və ədəmi-məmnuniyyətinə mucib olsa da, Qafqasiya islamlarından əskər alması üçün siyasi bir təşəbbüs belə etmişdi. Bu fikrin nə dərəcədə musib olduğu sonki hadisat əsnasında zahir oldu. Azərbaycan elani-istiqlal edərkən hökuməti idarə edəcək müvvərənanə, milli təşəkkülati-iqtisadiyyəyə qismən malik olduğu halda, əskəri təşəkkülatdan tamamilə məhrum idi. Bu məhrumiyyət vaxtilə mükəlləfiyyəti-əskəriyyədə bulunmadığından iləri gəliyordu.
Bir zaman vardı ki, növ-zühur Azəri burjua sinfi üçün Hacı nümuneyi-imtisal bir şəxsiyyət idi. Onun yalnız ictimai həyatdakı təşəbbüslərini degil, xüsusi həyatdakı zövq və səliqələrini də təqlid ediyorlardı. Hər kəs evinin təfrişatında (döşənmə) belə Hacıya bənzəmək istiyordu. Xudayi-nabıt (İlahipərəst) olmasına rəğmən Hacı bu xüsusda həqiqətən də şayani-təqlid bir əsəri zövq göstərə biliyordu. Bakıya varid olan müstəsna və yüksək müsafirləri qəbul etmək üçün Hacının qonağından daha münasib bir yer bulmaq təsəvvür olunamazdı.
Bu qədər sərvətə Hacı, səfalətin ən acı günlərini tədarək etmişdi. Bununla bərabər o, təbiətin kəndisinə bəxş eylədigi bir nemətə də malik idi. Bu da uzun ömür idi. Yaşda Zaro Ağadan (Zaro Ağa əsrimizin ən uzun ömürlü (150 sənə) İstanbulda hamballıq edərdi - Azəri) bir az fərqli olaraq tərki-həyat edən bu zəki adam sonku günlərdə keçirdigi bütün ələm və istirabatına rəğmən qayəm zində bir ruh ilə mətanətini mühafizə eyləmişdir.
Bir rəvayətlə 117 yaşında ikən vəfat edən bu müstəsna adam Azərbaycan tarixində Rusiya dövrü fəslinin canlı bir şahidi idi. Xanlıqların süqutundan sonra Azərbaycan Cümhuriyyəti elanına qədər təşəkkül və təəzzüv edən Azəri Türk vəhdətinin keçirdigi səfahət onun gözü önündən keçmiş və bu səfahətin qismi-mühümmisində bizzat iştirak eyləmişdir.
Daha bər həyat ikən haqqında bir qism ədəbiyyat vücuda gətirilən bu ümmi (camaat) adamın dari-bəqaya (axirət dünyasına) təşyii başqa bir şərait daxilində, şübhəsiz, müstəsna bir hadisə təşkil edərdi. Şimdi isə yəqin ki, sovet mətbuatı bu “böyük burjua”nın tabutu hüzurunda bir “burjuaya” söylənəcək mənfi isnadət (söylənəcək) nə varsa, həpsini söyləyəcəkdirlər.
Fəqət Hacının ruhu bu isnadatdan mütəəssir olmaz. Onun böyük təsəllisi və ümidi vardır. Uzun ömrü o ümidini bizzat görmək imkanını kəndisinə vermədi. Fəqət ruhu əmin ola bilir. Əsarət zəncirini qıraraq təkrar iadeyi hürriyyət edən millət, onu heç bir zaman digər “burjualar” sırasında tutmayacaq, çünki o, baqiyat (axirət), səlihat (yaxşı işlər) sahibidir. Öylə baqiyat ki, bolşevik həczi dəxi məhv edəməmiş, hər növi təərrüzdən məsun qalmışdır.
Maddətən o da digər burjuylar kibi soyuldu, fəqət mənən, onlar kibi üryan qalmadı, xatirəyi-millətə iflas etmədi!..
Cənabi Həqq ruhunu şad eyləsin!

Azəri
“Yeni Qafqasiya”, yanvar 1924, №2

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video