05 Iyun 2018 04:06
594
Səfərlər
A- A+

Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək yolu ilə kəsişmə qurğusunun və 4,95 kilometrlik hissəsinin açılışı olub Prezident İlham Əliyev açılışda iştirak edib

İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Bu gün dünyada su ehtiyatlarının rolu və əhəmiyyəti getdikcə artır. Bu məsələ ərzaq təhlükəsizliyinin təmin edilməsində özünü daha qabarıq büruzə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu istiqamətdə çox mühüm layihələr icra olunub, böyük uğurlar qazanılıb. Bu gün Azərbaycanda bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Son illərdə ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə seçilən Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılıb. Bununla da minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranıb. Digər tərəfdən, bu, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan verib. Bütün bunlar sübut edir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində bu cür mühüm strateji əhəmiyyət kəsb edən layihələr reallığa çevrilib. Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək. Qeyd edək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yoluna qədər 8,55 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, Prezident İlham Əliyev Samux və Goranboy rayonlarının 941 hektarı yeni suvarılacaq torpaqlar olmaqla, 8938 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısının həmin mərasimdə verdiyi tapşırıqların icrasına uyğun olaraq 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğularının, eləcə də kanalın tikintisi işləri davam etdirilib. Bu hissədə nəqliyyatın hərəkətinə maneçilik yaradılmaması üçün 450 metr uzunluğunda düzbucaqlı dəmir-beton suötürən qurğu, eləcə də uzunluğu 4,95 kilometr olan açıq dəmir-beton üzlüklü kanal inşa olunub. Bununla da, Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə Şəmkir su anbarının tikintisinin təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilib. Su Elektrik Stansiyası ilə birlikdə Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə, ildə 56 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin əhalisinə ildə 50 milyon kubmetrə yaxın ekoloji təmiz içməli su verilməsinə imkan yaranıb.

Hazırda su anbarından Şəmkir şəhərinə içməli su verilir, Gəncə şəhərinə və Samux rayonunun Nəbiağalı qəsəbəsinə isə içməli su xətti hazır olduqdan sonra suyun verilməsi təmin ediləcək. Şəmkirçay su anbarı istifadəyə verildiyi vaxtdan bu il yanvarın 1-dək oraya yığılan 740 milyon kubmetr su hesabına Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarının 43 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb, Şəmkir, Goranboy və Göygöl rayonlarının 4940 hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılacaq sahələri suvarma suyu ilə təmin edilib.

Dövlətimizin başçısı qurğunu işə saldı.

Prezident İlham ƏLİYEV dedi:

- Uğurlar olsun. Bu gün biz belə gözəl layihəyə start veririk. Yaxşı iş görmüsünüz. Gözəl kanal çəkmisiniz. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti var. Goranboy rayonunun gələcək inkişafı da kənd təsərrüfatı ilə bağlıdır. Ona görə, 8 min hektar əlavə torpağa su veriləcək. İndi mənə məruzə edildi ki, növbəti layihələr də var. Biz bu kanalı uzatmalıyıq. Goranboyda əlavə 10 min hektar, sonra daha 20 min hektar torpaqda suvarma işlərini təşkil edəcəyik. Ona görə, bu il, gələn il işlər çox olacaq. Hazır olun ki, belə gözəl işləri davam etdirək.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video