Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:58 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ələt azad iqtisadi zonası haqqında
Ələt azad iqtisadi zonası haqqında
ANA SƏHİFƏ / Qanunlar
12:06 05.06.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Bu qanunda istifadə olunan anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. Ələt azad iqtisadi zonası - bu qanuna uyğun olaraq sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan zona (bundan sonra - Azad Zona);
1.0.2. Azad Zona səlahiyyətli qurumu - bu qanuna uyğun yaradılan Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurum;
1.0.3. Azad Zona inzibati müəssisələri - developer, mübahisələrin həlli qurumları, Azad Zonada fəaliyyət göstərən hər hansı digər inzibati qurum, habelə Azad Zona səlahiyyətli qurumu tərəfindən təsis olunmuş hüquqi şəxs və ya Azad Zona səlahiyyətli qurumunun tərəfdaş olduğu hər hansı digər hüquqi şəxs;
1.0.4. Azad Zona hüquqi şəxsi - Azad Zona inzibati müəssisələri istisna olmaqla, Azad Zonada Azad Zona qanunvericiliyinə uyğun təsis edilən və fəaliyyət göstərən hər hansı hüquqi şəxs;
1.0.5. Azad Zona ərazisi - Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi;
1.0.6. Azad Zona qanunvericiliyi - bu qanun və onun əsasında qəbul edilən daxili qaydalar;
1.0.7. Azad Zona rezidenti - Azad Zonada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs;
1.0.8. Biznes Xidmətləri Mərkəzi - Azad Zona səlahiyyətli qurumu tərəfindən yaradılan, Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin verilməsinə məsul olan Azad Zona inzibati qurumu;
1.0.9. daxili qaydalar - Azad Zonanın fəaliyyəti ilə bağlı olan münasibətlərin tənzimlənməsi məqsədi ilə Azad Zona səlahiyyətli qurumu tərəfindən qəbul edilən qaydalar;
1.0.10. developer - Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi;
1.0.11. developer ərazisi - Azad Zona səlahiyyətli qurumu tərəfindən developerə ayrılmış Azad Zona ərazisinin bir hissəsi;
1.0.12. ezam olunan heyət - əsas iqtisadiyyatın müvafiq orqanının Azad Zonada müəyyən hüquqları və vəzifələri yerinə yetirmək üçün ezam etdiyi heyət;
1.0.13. əmək qaydaları - Azad Zonada əmək münasibətlərini tənzimləyən daxili qaydalar;
1.0.14. əsas iqtisadiyyat - Azad Zona istisna olmaqla, Azərbaycan Respublikasının digər yurisdiksiyası;
1.0.15. əsas iqtisadiyyat orqanları - Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələri və hüquqi şəxsləri;
1.0.16. əsas iqtisadiyyat qanunvericiliyi - Azərbaycan Respublikasının normativ hüquqi aktları;
1.0.17. əsas kommunal xidmətlər - əsas iqtisadiyyatda su, elektrik, qaz təchizatı, telekommunikasiya xidmətləri və digər əsas kommunal xidmətlər;
1.0.18. əsas iqtisadiyyat təchizatçıları - kommunal və digər xidmətlərin göstərilməsinə məsul olan əsas iqtisadiyyatın hüquqi şəxsləri;
1.0.19. İdarə Heyəti - Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinə və idarə edilməsinə məsul olan kollegial orqan;
1.0.20. mübahisələrin həlli qurumları - Azad Zonada mübahisələrə baxılmasını və onların həllini təmin edən qurumlar;
1.0.21. reyestr - hüquqi şəxslərin, maddi və qeyri-maddi əmlakların qeydiyyatı.

Maddə 2. Azad Zonanın yaradılması
Azad Zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona ərazisində yaradılır.

Maddə 3. Azad Zona qanunvericiliyi
3.1. Azad Zonada Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.2. Azad Zonada əsas iqtisadiyyat qanunvericiliyi yalnız bu qanunda göstərilən hallarda tətbiq edilir.
3.3. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyi tətbiq edilir.
3.4. Bu qanun ilə daxili qaydalar arasında ziddiyyət yaranarsa, bu qanun tətbiq olunur.
3.5. Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və ingilis dillərində dərc olunur.

Maddə 4. Azad Zonada cinayət qanunvericiliyi
Azad Zonada əsas iqtisadiyyatın cinayət qanunvericiliyi tətbiq edilir.

 

2-ci fəsil
AZAD ZONANIN İDARƏ EDİLMƏSİ VƏ İNKİŞAFI

Maddə 5. Azad Zona səlahiyyətli qurumu
5.0. Azad Zona səlahiyyətli qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və Azad Zonanın fəaliyyətində aşağıdakılarla bağlı tənzimləməni və nəzarəti həyata keçirir:
5.0.1. Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti;
5.0.2. Azad Zona ərazisi;
5.0.3. Azad Zonada yerləşən bütün əmlak və aktivlər;
5.0.4. Azad Zonanın strateji məqsədləri ilə bağlı hər hansı digər məsələlər.

Maddə 6. Azad Zona səlahiyyətli qurumunun hüquqları və vəzifələri
6.1. Azad Zona səlahiyyətli qurumunun aşağıdakı hüquqları vardır:
6.1.1. Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək;
6.1.2. Azad Zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq;
6.1.3. hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək;
6.1.4. sahib olduğu səhmləri (payları) satmaq və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam vermək;
6.1.5. müvafiq məsləhətçini, o cümlədən üçüncü tərəf məsləhətçisini və ya podratçını cəlb etmək;
6.1.6. Azad Zonanın fəaliyyəti ilə bağlı kömək və əməkdaşlıq üçün əsas iqtisadiyyat orqanlarına müraciət etmək;
6.1.7. Azad Zona səlahiyyətli qurumu və Azad Zona inzibati müəssisələri tərəfindən göstərilən xidmətlər üçün ödənişləri və digər maliyyə ödənişlərini müəyyənləşdirmək və toplamaq;
6.1.8. mənşə sertifikatlarını vermək;
6.1.9. Azad Zona qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini müəyyən etmək, o cümlədən cərimələri tətbiq etmək və toplamaq;
6.1.10. öz büdcəsini və Azad Zona inzibati müəssisələrinin büdcəsini müəyyənləşdirmək və təsdiq etmək;
6.1.11. dövlət maliyyələşməsi üçün müraciət etmək və (və ya) banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri almaq;
6.1.12. istənilən maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivlər üzərində ipoteka və ya başqa şəkildə yüklülük yaratmaq;
6.1.13. bank hesabları açmaq;
6.1.14. istənilən işgüzar fəaliyyətlə məşğul olmaq;
6.1.15. Azad Zonaya investisiyaların cəlb edilməsi üçün biznes təşviqlərini təmin etmək;
6.1.16. üçüncü tərəf podratçılar və ya xidmət təchizatçıları ilə müqavilələr bağlamaq;
6.1.17. öz vəzifələrini yerinə yetirmək üçün digər hüquqları həyata keçirmək.
6.2. Azad Zona səlahiyyətli qurumunun vəzifələri aşağıdakılardır:
6.2.1. Azad Zonanın strateji məqsədlərinə uyğun olaraq Azad Zonanın fəaliyyətini, inkişafını, idarə olunmasını və maliyyələşdirilməsini təmin etmək;
6.2.2. Azad Zonada qabaqcıl beynəlxalq təcrübənin tətbiqini təşviq etmək;
6.2.3. Azad Zonaya yerli və xarici investisiyaları cəlb etmək;
6.2.4. əlverişli investisiya, biznes və sahibkarlıq mühitinin formalaşdırılması, investorun etimadının artırılması, bürokratiyanın maksimum dərəcədə aradan qaldırılması və istənilən yerdə onlayn və texnoloji həllərin tətbiq edilməsi məqsədi ilə şəffaf, səmərəli və mükəmməl tənzimləyici çərçivə yaratmaq;
6.2.5. qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn, Azad Zonada aşağıdakı sahələrdə tətbiq olunan məcburi xarakterli daxili qaydaları qəbul etmək:
6.2.5.1. Azad Zona hüquqi şəxslərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyəti;
6.2.5.2. maliyyə və sığorta xidmətləri;
6.2.5.3. torpaq münasibətləri;
6.2.5.4. gömrük işi;
6.2.5.5. əmək münasibətləri;
6.2.5.6. miqrasiya;
6.2.5.7. vergi tənzimlənməsi;
6.2.5.8. valyuta əməliyyatları aparmaq azadlığı;
6.2.5.9. müflisləşmə və iflas;
6.2.5.10. notariat fəaliyyəti;
6.2.5.11. əqli mülkiyyət;
6.2.5.12. ətraf mühit;
6.2.5.13. rəqabət;
6.2.5.14. mənşə sertifikatları;
6.2.5.15. mübahisələrin həlli;
6.2.5.16. çirkli pulların yuyulması və “öz müştərini tanı” yoxlaması;
6.2.5.17. zəruri hesab etdiyi digər sahələr.
6.2.6. Azad Zona inzibati müəssisələrinin vəzifə və öhdəliklərini icra etməsi üçün tələb olunan təşkilati strukturu, qaydaları və prosedurları müəyyən etmək;
6.2.7. Azad Zona hüquqi şəxslərinin, Azad Zona rezidentlərinin və Azad Zona inzibati müəssisələrinin fəaliyyətini tənzimləmək;
6.2.8. Azad Zonada yerləşən əmlak və aktivlər ilə bağlı münasibətləri tənzimləmək;
6.2.9. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün əsas iqtisadiyyat orqanları ilə əlaqələndirməni həyata keçirmək;
6.2.10. Azad Zona inzibati müəssisələrinin müvafiq vəzifələrini və öhdəliklərini yerinə yetirmək üçün maliyyələşdirilməsini təmin etmək;
6.2.11. Azad Zona inzibati müəssisələrinin fəaliyyətinə və strateji istiqamətlərinə dair hesabatları hazırlamaq və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
6.2.12. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər vəzifələri həyata keçirmək.
6.3. Azad Zona səlahiyyətli qurumu öz hüquq və vəzifələrini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.

Maddə 7. Azad Zona səlahiyyətli qurumunun idarə olunması
7.1. Azad Zona səlahiyyətli qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təşkilati struktura uyğun idarə olunur.
7.2. Azad Zona səlahiyyətli qurumunun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır.
7.3. İdarə Heyəti Azad Zona səlahiyyətli qurumunun idarə olunması ilə bağlı müvafiq sənədləri qəbul edir.
7.4. İdarə Heyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmuş sədr rəhbərlik edir. İdarə Heyəti birbaşa müvafiq icra hakimiyyəti orqanına hesabat verir.

Maddə 8. Azad Zona səlahiyyətli qurumunun maliyyə məsələləri
8.1. Azad Zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququna malikdir.
8.2. Dövlət Azad Zonanın, Azad Zona səlahiyyətli qurumunun və hər bir Azad Zona inzibati müəssisəsinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşməsini təmin edir.
8.3. Azad Zona səlahiyyətli qurumu aşağıdakı mənbələrdən gəlir əldə edir:
8.3.1. tətbiq olunan rüsumlar və digər ödənişlərdən;
8.3.2. developerlərdən və ya Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən və ödəmələrdən;
8.3.4. dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən.

Maddə 9. Əsas iqtisadiyyat orqanlarının səlahiyyətlərinin istisna edilməsi
9.1. Azad Zona qanunvericiliyində digər hallar nəzərdə tutulmadıqda, əsas iqtisadiyyat orqanları aşağıdakı səlahiyyətlərə malik deyildir:
9.1.1. Azad Zonada hər hansı yurisdiksiyaya sahib olmaq;
9.1.2. Azad Zona hüquqi şəxslərinin, Azad Zona inzibati müəssisələrinin və ya Azad Zona rezidentlərinin fəaliyyətini tənzimləmək və ya fəaliyyətinə nəzarət etmək.
9.2. Əsas iqtisadiyyat orqanları və əsas iqtisadiyyat təchizatçıları, Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisələrinin müraciətinə əsasən, Azad Zona səlahiyyətli qurumuna və Azad Zona inzibati müəssisələrinə Azad Zonanın inkişafında kömək göstərirlər.

Maddə 10. Developer
10.1. Azad Zona səlahiyyətli qurumu bir və ya bir neçə developer təsis edir. Developer ərazisinin istifadəsinə və inkişafına görə məsuliyyəti developer daşıyır.
10.2. Azad Zona səlahiyyətli qurumu hər bir developerin hüquq və vəzifələrini, idarəetmə qaydalarını və məsuliyyətini müəyyənləşdirən daxili qaydaları qəbul edir.

Maddə 11. Developerin vəzifələri və hüquqları
11.1. Developerin vəzifələri aşağıdakılardır:
11.1.1. Azad Zona ərazisinin və (və ya) developer ərazisinin baş planını tərtib etmək;
11.1.2. developer ərazisində infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılmasını və inkişafını təmin etmək;
11.1.3. developer ərazisində infrastrukturdan, daşınmaz əmlakdan və digər aktivlərdən istifadə etmək və onların saxlanmasını təmin etmək;
11.1.4. developer ərazisində kommunal və digər təchizatçıların fəaliyyətini əlaqələndirmək;
11.1.5. developer ərazisində qabaqcıl texnoloji vasitələrdən istifadə etmək;
11.1.6. Azad Zonaya yerli və xarici investisiyaları, xüsusən əsas infrastrukturun (o cümlədən zəruri daşınmaz əmlak obyektləri də daxil olmaqla) yaradılması və inkişafı ilə bağlı özəl sektordan və digər mənbələrdən investisiyaları cəlb etmək;
11.1.7. özünün və iştirak etdiyi hər hansı digər hüquqi şəxsin öz vəzifə və öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər maliyyə vəsaitinə malik olmasını təmin etmək;
11.1.8. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər vəzifələr.
11.2. Developer öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.2.1. developer ərazisinin idarə olunması, istifadəsi və saxlanması ilə əlaqədar idarəetmə, əməliyyat və təminat müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq;
11.2.2. developer ərazisini icarəyə vermək və ya üzərində başqa şəkildə sərəncam vermək;
11.2.3. hüquqi şəxslər təsis etmək və ya hüquqi şəxslərdə iştirak etmək (payçı, səhmdar və s. kimi), birgə inkişaf razılaşmaları, konsessiya müqavilələri və ya oxşar tipli digər kommersiya müqavilələri bağlamaq;
11.2.4. Azad Zona daxilində və ya xaricində hüquqi şəxslər təsis etmək, onlara investisiya qoymaq və digər investisiya fəaliyyətlərini həyata keçirmək;
11.2.5. hüquq və vəzifələrini ötürmək (müqavilə və ya hər hansı digər əsasla) və ya seçilmiş podratçılara vermək;
11.2.6. kənar məsləhətçilər cəlb etmək və ya məsləhət komitəsi yaratmaq;
11.2.7. banklardan, maliyyə institutlarından və digər qurumlardan maliyyə vəsaitləri cəlb etmək;
11.2.8. hər hansı maliyyə vəsaitlərini cəlb etmək məqsədi ilə əmlak və aktivləri üzərində ipoteka və ya hər hansı digər formada yüklülük yaratmaq;
11.2.9. bank hesabları açmaq;
11.2.10. özünün iştirak etdiyi hüquqi şəxslərin və ya üçüncü şəxslərin öhdəliklərinə zəmanət vermək;
11.2.11. Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
11.3. Developer öz hüquqlarını və vəzifələrini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.

Maddə 12. Developerin maliyyələşdirilməsi
12.1. Developer Azad Zona səlahiyyətli qurumu tərəfindən kapitallaşdırılır və maliyyələşdirilir.
12.2. Developer aşağıdakı mənbələrdən gəlir əldə edir:
12.2.1. developer ərazisinin icarəyə verilməsindən və ya onun barəsində başqa şəkildə sərəncam verilməsindən;
12.2.2. kommersiya razılaşmalarından;
12.2.3. investisiya qoyuluşlarından;
12.2.4. Azad Zona qanunvericiliyində nəzərdə tutulan digər mənbələrdən.
12.3. Hər bir developer öz iş proqramını və büdcəsini daxili qaydalara uyğun müəyyən edir. Hər bir developerin iş proqramı və büdcəsi Azad Zona səlahiyyətli qurumu tərəfindən təsdiq olunur.

Maddə 13. Xidmətlər və nəqliyyat
13.1. Azad Zona səlahiyyətli qurumu Azad Zonanın kommunal və digər xidmətlər ilə təchiz olunmasını təmin etmək üçün daxili qaydalar formasında kommunal və digər xidmət qaydaları qəbul edir.
13.2. Əsas iqtisadiyyat təchizatçıları, Azad Zona səlahiyyətli qurumunun müraciəti əsasında, Azad Zonada əsas kommunal xidmətlərdən və digər xidmətlərdən istifadənin təmin edilməsi məqsədi ilə Azad Zona ərazisinin sərhədinə qədər bütün zəruri infrastrukturun yaradılmasını təmin edir, əsas kommunal xidmətləri və digər xidmətləri Azad Zonanın sərhədində topdansatış qiymətləri ilə təqdim edir.
13.3. Azad Zona səlahiyyətli qurumu tərəfindən müraciət olunduğu hallarda, əsas iqtisadiyyatın müvafiq ictimai xidmət təchizatçıları Azad Zona səlahiyyətli qurumu ilə razılaşdırılmış şərtlər əsasında Azad Zonada ictimai xidmətləri təmin edirlər.
13.4. Əsas iqtisadiyyatın müvafiq orqanı, Azad Zona səlahiyyətli qurumunun müraciətinə əsasən, Azad Zona ilə bağlı nəqliyyat əlaqələrinin qurulmasını təmin edir.

3-cü fəsil
AZAD ZONA HÜQUQİ ŞƏXSLƏRİNİN FƏALİYYƏTİ

Maddə 14. Azad Zona hüquqi şəxslərinin Azad Zonada fəaliyyəti
14.1. Azad Zona hüquqi şəxslərinin təsis olunmasını və fəaliyyətini tənzimləyən daxili qaydaları Azad Zona səlahiyyətli qurumu qəbul edir. Bu qaydalarda aşağıdakılar göstərilir:
14.1.1. Azad Zona hüquqi şəxslərinin təsis olunmasına aid tələblər;
14.1.2. Azad Zona hüquqi şəxslərinin təşkilati-hüquqi formaları;
14.1.3. Azad Zona hüquqi şəxslərinin, onların maddi və qeyri-maddi əmlakları üzərində hüquqlarının, təminatlarının və digər yüklülüklərinin qeydiyyata alınması üçün reyestrin yaradılması;
14.1.4. Azad Zona hüquqi şəxslərinin qeydiyyata alınmasına dair müraciətlər, bu cür hüquqi şəxslərin hesabatı və idarə edilməsi ilə bağlı qaydalar və tələblər;
14.1.5. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.
14.2. Azad Zona hüquqi şəxslərinin nizamnamə kapitalının və investisiya qoyuluşunun yüz faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur.

Maddə 15. Lisenziyalaşdırma və icazə
15.0. Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədi ilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qaydaları qəbul edir. Lisenziyalaşdırma və icazə qaydalarında aşağıdakılar göstərilir:
15.0.1. Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətlərinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi;
15.0.2. Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olan və “bir pəncərə” qaydasında işləyən Biznes Xidmətləri Mərkəzinin yaradılması və fəaliyyəti;
15.0.3. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.

Maddə 16. Azad Zonada vergi tənzimlənməsi
16.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
16.2. Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
16.3. Əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
16.4. Əsas iqtisadiyyata aid olan şəxslərdə aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir.

Maddə 17. Azad Zonada gömrük işi
17.1. Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.
17.2. Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
17.3. Əsas iqtisadiyyatın gömrük qurumu Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün müvafiq gömrük qurumu yaradır. Müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.
17.4. Azad Zona səlahiyyətli qurumu Azad Zonaya və Azad Zonadan idxal və ixrac olunan mallar, işlər, xidmətlər ilə bağlı tənzimləməni təmin etmək üçün gömrük tələblərini əhatə edən daxili qaydalar qəbul edir. Daxili qaydalarda aşağıdakılar göstərilir:
17.4.1. Azad Zonaya idxal olunan və Azad Zonadan ixrac olunan malların, işlərin, xidmətlərin rəsmiləşdirilməsi və nişanlanması qaydaları və tələbləri;
17.4.2. malların, işlərin, xidmətlərin rəsmiləşdirilməsi ilə bağlı prosedurlar və icra qaydaları;
17.4.3. sadə və səmərəli gömrük rəsmiləşdirilməsi qaydalarını təmin etmək məqsədi ilə müvafiq gömrük qurumunun və əsas iqtisadiyyatın gömrük qurumunun birgə fəaliyyəti ilə bağlı qaydalar;
17.4.4. gömrük sahəsində tətbiq oluna biləcək hər hansı sənəd və ya xidmət üçün haqq;
17.4.5. gömrük agentlərinin və ya brokerlərin xidmətlərindən istifadə qaydaları;
17.4.6. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.

Maddə 18. Azad Zonada sərhəd rejimi
Azad Zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə və ya dövlət sərhədindən buraxılış məntəqəsi ilə üst-üstə düşərsə, Azad Zonanın həmin ərazisində dövlət sərhədi rejimi tətbiq olunur. Bu halda dövlət sərhədi rejimi qaydaları və Azad Zonanın ərazisində dövlət sərhədindən buraxılış məntəqəsinin hüdudları Azad Zonanın Səlahiyyətli Qurumu və Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən edilir.

Maddə 19. Azad Zona ərazisi
19.1. Müvafiq icra hakimiyyəti orqanı Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.
19.2. Azad Zona səlahiyyətli qurumunun Azad Zona ərazisinin istənilən hissəsini istifadəyə, icarəyə vermək və ya barəsində başqa şəkildə sərəncam vermək hüququ vardır.
19.3. Azad Zona səlahiyyətli qurumu Azad Zonada torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında torpaq qaydaları qəbul edir. Torpaq qaydalarında aşağıdakılar göstərilir:
19.3.1. Azad Zona torpağının inkişafı ilə bağlı qaydalar və prosedurlar;
19.3.2. Azad Zona torpağının inkişaf potensialını artırmaq məqsədi ilə Azad Zona torpağına dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və yüklülük hüquqlarının yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri;
19.3.3. bu qanunun 14.1.3-cü maddəsinə əsasən yaradılan, Azad Zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən reyestrin aparılması;
19.3.4. Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər.
19.4. Developerə, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və Azad Zona rezidentlərinə Azad Zona ərazisində əmlak, icarə və digər hüquqlara malik olmağa icazə verilir.
19.5. Azad Zona torpağına dair bütün hüquqlar reyestrdə qeydiyyata alınır.

Maddə 20. Azad Zonada əmək qaydaları
Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək və sosial təminat məsələlərini həyata keçirmək məqsədi ilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir.

Maddə 21. Ezam olunan heyət
21.1. Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin müraciətinə əsasən, əsas iqtisadiyyatın müvafiq orqanı Azad Zonada müəyyən hüquqları və vəzifələri yerinə yetirmək üçün öz işçilərindən ibarət heyəti ezam edir.
21.2. Ezam olunan heyətə aşağıdakılar tətbiq olunur:
21.2.1. əsas iqtisadiyyatın müvafiq orqanı ixtisaslı və təcrübəli kadrlar haqqında məlumatları Azad Zona səlahiyyətli qurumuna təqdim edir. Azad Zona səlahiyyətli qurumu həmin kadrlardan ezam olunan heyəti seçir;
21.2.2. ezam olunan heyət əsas iqtisadiyyatın müvafiq orqanının işçisi olaraq qalmaqla həmin orqandan əmək haqqı alır;
21.2.3. Azad Zona səlahiyyətli qurumu və ya müvafiq Azad Zona inzibati müəssisəsi ezam olunan heyətə əlavə ödənişlər edə və ya başqa həvəsləndirici tədbirlər görə bilər;
21.2.4. ezam olunan heyətin hüquq və vəzifələri, həmçinin onlara dair tələblər daxili qaydalar ilə müəyyən edilir. Ezam olunan heyətin fəaliyyəti Azad Zona səlahiyyətli qurumu və ya müvafiq Azad Zona inzibati müəssisəsi tərəfindən idarə edilir.

Maddə 22. Azad Zonada miqrasiya
Azad Zona səlahiyyətli qurumu Azad Zonada miqrasiya ilə bağlı prosesləri tənzimləyən, o cümlədən viza növlərini və hər bir viza növü üçün tələb və qaydaları müəyyən edən daxili qaydalar formasında miqrasiya qaydaları qəbul edir.

Maddə 23. Azad Zonada ətraf mühitin mühafizəsi
Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində ətraf mühitin mühafizəsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında ətraf mühit qaydaları qəbul edir.

Maddə 24. Azad Zonada investorların hüquqlarının qorunması
24.1. Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.
24.2. İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər.
24.3. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ vardır.

4-cü fəsil
MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 25. Mübahisələrin həlli qurumları
25.1. Azad Zona səlahiyyətli qurumu aşağıdakılardan bir və ya bir neçəsinin yaradılmasını təmin edir:
25.1.1. Arbitraj mərkəzi;
25.1.2. mübahisələrin digər həlli qurumu.
25.2. Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində mübahisələrin həlli qurumlarının fəaliyyətinin təmin edilməsi, onlar tərəfindən mübahisələrə baxılması və mübahisələrin həlli ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədi ilə daxili qaydalar formasında mübahisələrin həlli qaydalarını qəbul edir.

Maddə 26. Mübahisələrin həlli qurumlarının yurisdiksiyası
26.1. Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, mübahisələrin həlli qurumları Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin mülki, iqtisadi, əmək və inzibati mübahisələrinin və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisənin həlli və təfsiri üçün müstəsna yurisdiksiyaya malikdirlər.
26.2. Tərəflər müqavilə ilə başqa cür razılaşmadıqda, əsas iqtisadiyyat məhkəmələri Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, Azad Zona rezidentlərinin tərəfi olduqları mübahisələrə və ya Azad Zona və onun fəaliyyəti ilə bağlı olan hər hansı digər mübahisəyə, bu qanunda göstərilən hallar istisna olmaqla, baxmaq səlahiyyətinə malik deyildir.
26.3. Azad Zona mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən məsələlərə əsas iqtisadiyyatın məhkəmə orqanları və mübahisələrin digər həlli qurumları tərəfindən baxıla bilməz. Azad Zona mübahisələrin həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar icra sənədi hesab edilir və bu qərarlar, Azad Zona apelyasiya qurumları istisna olmaqla, digər məhkəmə və ya arbitraj tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.

Maddə 27. Mübahisələrin həlli qurumlarının qərarlarının icrası
27.1. Mübahisələrin həlli qurumları tərəfindən qəbul edilən qərarlar Azad Zonada və əsas iqtisadiyyatda hər hansı bir tanınma və ya təsdiqləmə olmadan icra edilir.
27.2. Mübahisələrin həlli qurumlarının müstəsna yurisdiksiyasına aid edilən işlər istisna olmaqla, əsas iqtisadiyyatın məhkəmə və mübahisələrin digər həlli qurumları tərəfindən qəbul edilmiş qərarlar Azad Zonada icra olunur.
27.3. Xarici məhkəmə, tribunal və ya digər məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası Azad Zonada həyata keçirilən fəaliyyətlə və ya orada yerləşən əmlak və aktivlərlə məhdudlaşır. Bu qərarlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, beynəlxalq müqavilələr olmadıqda isə Azad Zona səlahiyyətli qurumunun qərarı ilə icra olunur.

Maddə 28. Azad Zonada mübahisələrin həlli qurumlarının maliyyələşdirilməsi
28.1. Mübahisələrin həlli qurumları Azad Zona səlahiyyətli qurumu tərəfindən ayrılan vəsaitlər və xidmətlərinə görə haqlar və ödənişlər hesabına maliyyələşdirilir.
28.2. Mübahisələrin həlli qurumlarının büdcəsi Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilir.

5-ci fəsil
YEKUN MÜDDƏALARI

Maddə 29. Məsuliyyətin məhdudlaşdırılması
Saxtakarlıq, kobud ehtiyatsızlıq və ya qəsdən pozuntu halları istisna olmaqla, öz hüquqlarını, vəzifələrini və məsuliyyət dairəsinə daxil olan işləri həyata keçirərkən və ya Azad Zona qanunvericiliyinin tətbiqi ilə əlaqədar olaraq, Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin işçiləri hər hansı hərəkətə və ya hərəkətsizliyə görə məsuliyyət daşımırlar.

Maddə 30. Azad Zonanın işçi dili
Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi ingilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Maddə 31. Bu qanunun qüvvəyə minməsi
31.1. Bu qanun “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı müvafiq hüquqi tənzimləmə təsbit edildikdən sonra qüvvəyə minir.
31.2. Bu qanunun 14, 15, 16, 17, 19.2, 19.4, 19.5, 24, 25.1, 26, 27 və 28-ci maddələri, bu qanunun 31.1-ci maddəsi nəzərə alınmaqla, Azad Zona Səlahiyyətli qurumu tərəfindən qəbul ediləcək daxili qaydalarla eyni gündə qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2018-ci il


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM