Alternative content

09:38 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azadlıq carçısı
Azadlıq carçısı
ANA SƏHİFƏ / Mədəniyyət
12:06 05.06.2018

 

Mikayıl Müşfiq poeziyamızın XX yüzilliyinin qüdrətli sənətkarlarındandır. Onun gözəl lirik şeirləri, mənalı-məzmunlu poemaları novator keyfiyyətləri ilə ədəbiyyatımızı zənginləşdirmiş, minillik poetikasında yeni səhifə açmışdır. Gənc şair parlaq fitri istedadı ilə seçilən yaradıcı bir insan kimi həm həyatda, həm də əsərlərində yüksək mənəviyyatlı, soyuna, torpağına dərin köklərlə bağlı mərd, cəsur, şuxovqatlı, ürəyəyatımlı bir şəxs olmuşdur. Erkən yaşlarından iti zehni, heyrətamiz şeir yaddaşı və bədahətən qoşduğu nəzm parçaları ilə diqqəti çəkib. Hələ uşaq ikən itirdiyi şair və müəllim atasından ona çoxlu şeir kitabları, Türkiyə və Azərbaycanda nəşr olunan qəzet və məcmuələr miras qalmışdı. 

Mütaliəyə çox həvəs göstərirdi, yalnız Azərbaycan xalq ədəbiyyatının, görkəmli klassik sənətkarların əsərlərini deyil, XIX əsrin o illərdə hələ kitabları nəşr olunmamış Bahar Şirvani, Bixud, Ləli, Naseh, Raci, XX yüzilliyin böyük söz ustadları Sabir, Cavid, Səhhət, Şaiq, Əhməd Cavadın yaradıcılıqlarını əzbərdən bilirdi. Bir dəfə oxuduğunu, yaxud eşitdiyini həmişəlik yaddaşına həkk edən Müşfiq türk poeziyasının, fars-tacik ədəbiyyatının ölməz sənətkarlarından seçmə şeirləri öz doğma dillərində söyləyirmiş. Əhatəli mütaliəsi sayəsində əxz etdiyi dərin ədəbi biliyi onda yüksək bədii-estetik zövq formalaşdırmış, yaradıcı təfəkkürünün cilalanmasında mühüm mövqe kəsb etmişdi.
1918-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı hadisələrində Müşfiqin on yaşı var idi. Məktəbli dostları ilə Bakının küçələrində sıra ilə addımlayan ilk müstəqil ordu cərgələrinə qoşulur, köməyə gələn türk əsgərlərini sevinclə salamlayırdı. İlbəil ətrafında baş verən çox mühüm ictimai-siyasi hadisələr yaddaşının dərinliklərinə yazılır, ayıq-sayıq marağı, fərdi duyumu və iti baxışı sayəsində müstəqil dünyagörüşü formalaşırdı.
Sonralar “Qoy məni tanıyan şeirimdən tanısın” deyən şair şeirlərinin birində yazırdı:

Mən ömrümdə kimsədən bir söz qəbul etmədim,
Arzularım görmədi nə zəncir, nə də məhbəs
Bir qartala çocuqkən uçuşda oldum əvəz.

XX yüzilliyin ikinci onilliyində ölkədə tarixin heç bir zaman kəsiminə bənzəməyən yeni bir ictimai mühit formalaşmaqda idi. Zahirən yoxsul insanlar hər cür istismardan qurtulmuş, azadlığa çatmış, savadlanmaq, işləmək, cəmiyyətdə bir fərd olaraq məramınca yaşamaq hüququ qazanmışdı. Gənclərin mədəni, mənəvi-əxlaqi inkişafına dövlət tərəfindən xüsusi qayğı göstərilir, kütləvi maariflənməyə kömək məqsədilə kitablar, məcmuələr, dərsliklər nəşr olunur, yeni məktəblər, kitabxanalar yaradılır, müxtəlif vasitələrlə gənclik geniş vüsət tapan ictimai-iqtisadi quruculuq işlərinə həvəsləndirilirdi. Digər tərəfdən, bu dəyişilmə - yeniləşmə taktikasının əməkçi sinfin mövqeyindən olduğunu iddia edən “fəhlə-kəndli” hökuməti təbliği-təşviqi üsullarla insanların şüuruna təsir göstərib, onların düşüncələrini, görüşlərini, əqidələrini məqsədyönlü nizamlamağa istiqamətləndirməyə xüsusi diqqət yetirirdi. Gənc Müşfiq 17-20 yaşlarında artıq ədəbi-ictimai tədbirlərdə fəal iştirak edir, qəzet və jurnallarda şeirlər dərc etdirirdi. Maraqlıdır ki, ölkədəki “mədəni inqilab” hərəkatına həsr etdiyi şeirin adını “Mədəni hücum” qoyur və belə bir lirik fon verirdi:

Xəzandır!.. Xəzandır!..
Təbiət kişnəyir, yüyənsiz at kibi.
Təbiət varlığı əlində oynadır,
Rüzgarlar qudurmuş, səmalar əsəbi.

Şeiri oxuduqca şairin “mədəni inqilab” kampaniyasına belə həyəcanlı münasibətinin məğzi açılır. Gənc Müşfiq məzmunca xalqın mədəni inkişafının təminatçısı görünən bu “kampaniya”nın bəzi hədəf nöqtələrindən narahat idi. “Daloy çadra, daloy papağ”ın ardınca nələr baş verəcəyini fəhmlə duymaqda idi; incə bir kinayə ilə yazırdı: “Geyimlər dəyişdi, sevəlim bu yolu, Hökumət, əmr eylə, ürəklər dəyişsin”.
Şair ictimai həyatdakı müsbət məzmunlu yenilikləri hərarətlə tərənnüm etməklə yanaşı, qəlbinin, şüurunun qəbul edə bilmədiyi halları da cəsarətlə şeirinə gətirməkdən çəkinmirdi. Onun şeirlərində proletar dövləti quruluşundakı ziddiyyətli məqamlar da xalqın sözü mislində sadə, səmimi ifadəsini tapırdı. Zamanında baş verən hadisələrə münasibətinin bədii inikası həm də tarixin mürəkkəb bir mərhələsini idrak etmədə bu gənc istedadın fəhminin gücünü aşkarlayırdı. 1929-cu ildə dövrün ən təmtəraqlı aktual mövzusuna - inqilab rəhbəri Leninə həsr etdiyi şeirdə yazırdı:

O kişi duymadı insaf, mərhəmət,
Haydı dik başları, haydı, vur dedi,
Qardaşı qardaşa eylədi düşmən,
İşçini işçiyə eylədi qardaş...
Kilidlənib köhnə ağızlar həmən.
İnsanlıq başına yağdırıldı daş,
Silkindi qafalar, açıldı gözlər
Əsrin kürsüsünə çıxanda Lenin.
İyirminci illərin sonundan ədəbi-ictimai mühitdə proletkultçu hərəkat keçmişi bütövlükdə inkara dururdu. Papağa, çadraya “daloy” kampaniyası keçmiş ədəbi-mədəni irsimizə qarşı hücuma qalxışmışdı, ümumilikdə şeirimizin əruzuna, hecasına, qəzəlinə, qəsidəsinə qarşı açılan üsyanlar daha irəli getməkdə idi. Müşfiq 1931-ci ildə “Yeni il”ə həsr etdiyi şeirində “beşilliklərin qələbəsini”, “kütlələrin sosializmə doğru yürüşünü” və s. tərənnüm etməklə yanaşı, arada belə bir parça da yazıb, çaşmış şüurlara həqiqəti deməyi vacib bilirdi:

Utanmazmı Füzulinin adını çəkən,
özü bir heçkən.
Fikrətin “Tarixi-qədimi”ni qürurunda bulan,
Böyüklük xəstəliyinə tutulan
“Qızaran üfüqlərin şairi”.
Hanı sənin dörd yüz sənə
dönə-dönə
Yaşayacaq dastanın?!

“Marksist” tənqidçilərin mühitində belə cəsarətli çıxışlar cavabsız qalmırdı. Əsəd Əyyubi adlı birisi elə həmin ildə “Düşmən ağzına bolşevik yumruğu” sərlövhəli məqalə çap etdirib, Müşfiqin ağzına nə az, nə çox, “... altmış altı yumruq...” vururdu. Onu “müsavatçı”, “inqilabi düşmən” kimi ifşaya qalxırdı.
Bir il sonra - 1932-ci ilin mətbuatında oxuyuruq: “Təsərrüfatımızda inqilab törəndiyi bir zamanda heç şübhəsiz ki, dərəbəylik dövrünün mirası olan bir alət yaşaya bilməz. Tar öz-özünə həyat səhnəsindən çıxmalıdır”.
Həmin dövrdə heç bir mətbuatın çap etməyə cürəti çatmadı Müşfiqin məşhur “Oxu, tar!” şeirini ... Gənc şair geri durmadı. Neftçilərin, fəhlələrin, kolxozçuların, mədəni-maarif işçilərinin tədbirlərində, “kütləvi yığıncaqlarda bu şeiri elə bir ehtirasla, atəşlə sinədən deyir, “Oxu, tar!” - deyə haray çəkirdi ki, salon alqış səslərindən partlamağa gəlirdi” (S.Rüstəmin, M.İbrahimovun və b. xatirələrindən).

Oxu tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm...
Bu saat qarşında
Nə qədər adam var,
Utanma, oxu, tar!

Şeir təkcə ideya-məzmunun aliliyinə, lirik həyəcanın vüsətinə, dolğunluğuna görə deyil, həm də sənətkarlıq kamilliyinə, poetik harmoniyanın bütövlüyünə görə dövrün ədəbi hadisəsinə çevrilmişdi. Ondakı hisslər, duyğular seli simfonik təranə ilə ecazkar vəhdətdə zahir olurdu. Hər söz, hər obraz tərənnüm obyektinə dərin məhəbbət, onun müqəddəsliyinə, əbədiyaşarlığına sarsılmaz inam bəsləyən coşqun ehtiraslı şairin qəlbindən qopur, öz əqidə işığının gücü ilə proletkultçuların “daloy” buludlarını əridib yox edirdi.
Müşfiq artıq öz fəhmi, idrakı ilə cəmiyyətdə kənar təsirlərlə yaranan psixoz yanlışlıqların, büdrəmələrin, əyintilərin mahiyyətini dərk etməkdə idi. İctimai reallığın bayramsayağı sərgilənən görüntüləri deyil, batindəki ağrılı acı həqiqətləri duya-duya mətinləşirdi.
“Tar” şeiri üçlük bölgünün sərbəstində yazılmışdı. Müşfiq artıq otuzuncu illərin əvvəllərində zamanın şeir vəzni problemini əməli cəhətdən həll edib, əruz vəznini, heca vəznini inkar edən konyuktur tənqidlərə həqiqi sənət nümunələri ilə öz cavabını verməkdə idi. O, “mühitin mahnısını” yaratdığı şeir təranələrində tamamilə təzə, orijinal musiqililik, ahəngdarlıq yaradaraq qədim heca vəzninə silsilə yeniliklər gətirirdi.
Şairin bu qəbildən “könül nəşidələrin”də lirik “mən” zamanın qəlibə salınmış lirik qəhrəmanının ideya və düşüncə axarında fərqli, bəzən hətta onunla əks qütbdə dururdu. Zamanın lirik qəhrəmanında “Ötmə daha, ötmə tar, İstəməyir proletar səndə çalınsın qatar” yönümlü dövlət diktəsinə dərhal səs vermək, kor-koranə inqilabi yeniləşməyə çağırış ovqatı aparıcı olurdu. Müşfiq onunla birgə ölkənin mədəni-iqtisadi yüksəlişini tərənnüm xorunda günün nəğməsini oxumaqla yanaşı, yeri gəldikcə qəlbinin, şüurunun həyəcanlarını da dilə gətirməkdə qürrəli idi. Belə ki, şairin bədii irsində “Üçdən birə”, “Sosializm yolçusu”, “Mənim beşilliyim”, “Körpü” kimi dövrün aktual ideya-məzmununa cavab verən şeirlərlə yanaşı, lirik “mən”i şimşəyi qılınc kimi sıyrılan “qara qüvvətlərə, dərin zülmət”lərə qarşı bağıran “Bulud qarşısında”, “Həyat sevgisi”, “Yalnız ağac” və s. şeirlər də mövcuddur. “Həyat sevgisi” şeirinin lirik həyəcanının vurğusu “Necə əl çəkim?” rədifi üzərinə düşür. On bir bəndlik şeirin hər birində həyatın doyulmaz gözəlliklərindən zərif kövrək bir qəlbin yaşamaq eşqi qəlbi riqqətə gətirirdi. 1935-ci ildə yazılan “İşıqlı dünyadan necə əl çəkim” sualı bu şeiri iki il sonra repressiyaya məruz qalan məhkumların “könül nəşıdəsi”nə çevirmiş, dillərinin əzbəri olmuşdu:

- Həyat, həyat! - deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?
...A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi-valadan necə əl çəkim?

Lirik xarakterin mühitlə bağlı yaşantılarındakı bu qütbləşmə, göründüyü kimi, onun poetik obrazlarında da, şeirinin ahəngində də inikas edirdi. Məsələn, hər bəndi on iki misralı on dörd bəndlik “Əbədiyyət nəğməsi” şeirində lirik süjet söz sənətinin əbədiliyini tərənnüm üzərində qurulmuşdur. Şair bu məqsədlə zamanın məramınca hər bənddə zavod, fabrikin işə başlamasını, pambıq tarlasını, yarış meydanını, əməyi, Qafqaz xalqlarının dostluğunu, onların həyatına “Can Oktyabr”ın, “Qızıl Moskva”nın bəxtiyarlıq gətirməsini və s. ilhamla qələmə almışdır. Lakin yüksək pafoslu bədii nidalar və təkrirlərlə zəngin lirik parçaların içərisində əsas xəttə müxalif belə misralar da yer almışdır:

Ey acıqlı günəş, soyuqqanlı ay,
Haray bu gərdişin əlindən, haray.
Siz ey ağır başlı buludlar, keçin,
Başımın üstündən hey alay-alay...

Hər bəndin sonunda şair həqiqi sənətin əbədiliyini təmkinlə, mətin bir əminliklə vurğulayırdı:

Şair yeni-yeni sözlər bulacaq!
Kainat olduqca şeir olacaq!

1935-1937-ci illər Müşfiq yaradıcılığının sənətkarlıq və məhsuldarlıq baxımından zirvəsidir. “Həyat sevgisi”, “Bəxtiyar”, “Sənin gülüşlərin”, “Yağış yağarkən”, “Dəvət”, “Bulud qarşısında”, “Can usta”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları” və s. şeirləri kamil sənət nümunələridir. Bu şeirlərdə bədii sözün qüdrəti ilə şair həm rəssamlıq edib canlı lövhələr yaradır, həm onun səsini, ahəngini çatdırır, iç dünyasından, zamanından acılı-şirinli söhbət açırdı.
1937-ci ildə Müşfiqin ədəbi-ictimai mühiti daha da qəlizləşirdi. “Mənim azadlığım qucağa sığmaz” deyən şairin varlığı qədər inandığı, məsləki kimi müqəddəs bildiyi, sevdiyi insanlar - xalqın böyük sənətkarları zülmət gecələrin qaranlığında yoxa çıxır, həbs edilir, sürgün olunurdular. Onun bu illərdə yazdığı “Azadlıq dastanı” poemasının lirik qəhrəmanı yaranışından amalı azadlıq olan bəşər övladıdır:

Azadlıq sənətin şeirin ruhudur,
Azaddır baxınız bütün fələklər.
Buludlar, dalğalar, quşlar, küləklər,
Azaddır əbədi hərəkət azad,
Bir qanun əlində təbiət azad.

Bu lirik poemada şair dünyanın siyasi ab-havasını ölkə-ölkə tərənnüm axarından keçirir, Afrikanın məhkum zəncisi, Meksikanın məzlum çocuğu, Qanqın hilal qaşlı qızı, Misirin Leylası, Kabilin igid əfqanı və başqalarından söhbət açır və sonda şairin öz mühitindəki saplağı özümüzdən olanlara qarşı sərt ittihamı da ifadəsini tapırdı. Çünki iyirminci illərdən başlayan “daloy” hücumunun yönümü artıq millətə sarı çevrilmişdi:

Yelkənsiz bir gəmi, ruhsuz bir bədən,
Budur azadlığa yabançı millət.
Azadlıq hər kəsin əzəl naxşıdır,
Məhkum bir millətdən qatır yaxşıdır.

Müşfiq poema yaradıcılığına da xüsusi əhəmiyyət vermiş, bir sıra epik, lirik poemalar yazmışdır. “Əfşan”, “Dağlar faciəsi”, “Sındırılan saz”, “Qaya” kimi poemalarında xalq həyatından təsirli lövhələr canlandırılıb. Lirik-romantik “Səhər” poeması sənətkarlıq baxımından ədəbiyyatımızda yeni tipli bir poema idi və 1935-ci ildə ədəbi əsərlər müsabiqəsində birinci mükafat almışdı.
“Sındırılan saz” poemasında şair xalq sənətinə və onun qədim çalğı alətlərinə münasibət məsələsinə bir də sətiraltı toxunub yazırdı:

Onu “qır” deyənin insafı yoxmu?
Bu yazıq ellərə bir saz da çoxmu?

“Qaya” poemasında evsiz-eşiksiz kimsəsiz uşaqların ağır taleyindən bəhs edir, onlara səfalətdən qurtarmağın yolunu göstərirdi. Uşaqları həyatdakı çətinliklərə qalib gəlmək üçün təhsilə, əməyə, mübarizəyə səsləyirdi.
Şairin cəmi on illik qısa yaradıcılıq ömrü zəngin və məhsuldar olmuşdur. Parlaq bədii üslubu püxtələşdikcə minillik poeziyamızda öz səsi, avazı ilə öz sözünü deyə bilmiş, novator şair kimi, həm də vətənin milli müstəqilliyi, azadlığı yolunda şəhid olan xalqın bir igid oğlu kimi ədəbiyyatımızda iz qoymuşdur. Hər sehrinə vaqif olduğu sözün ecazkar qüdrəti ilə zamanının fövqündə dayanan gənc Müşfiq öz sənət dünyası ilə xalqın yaddaşına əbədi həkk olmuş ölməz şairimizdir.

Safurə QULİYEVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM