02 Iyun 2018 05:06
424
Mədəniyyət
A- A+

Bakıda “Avropa şəhərciyi - 2018” festivalı təşkil edilib

İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində “Avropa şəhərciyi - 2018” festivalı təşkil edilib. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən, Aİ üzvü olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin Cümhuriyyətin 100 illiyi münasibətilə doğma dilimizdə təbriklərinin əks olunduğu videoçarx nümayiş etdirilib, Azərbaycan və Avropa İttifaqının himnləri səsləndirilib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib: “Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Bu gün də ənənələr davam etdirilir və Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu bir məkana çevrilib. Aİ ilə Azərbaycan arasında həyata keçirilən layihələr əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək”.

Nazir qeyd edib ki, bu il festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənəti növlərini və kitab sərgisini nümayiş etdirir.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan hazırda əlaqələrini genişləndirir: “Biz təhsil, gənclər, kənd təsərrüfatı, mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçiririk. Bu layihələr xalqlarımızı, mədəniyyətlərimizi bir araya gətirir. Bir-birimizin dilini, mədəniyyətini öyrənmək tərəfdaşlığımızın genişləndirilməsinin əsasını təşkil edir. Festivalın keçirilməsində məqsəd Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Stendlərə baxın və Avropanı kəşf edin”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib.

Vurğulanıb ki, festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng hörülməsi üzrə ustad dərsləri, “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və digər tədbirlər nəzərdə tutulur. Bundan başqa, festivalın qonaqları “paelya” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il “Avropa şəhərciyi”nə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət milli “Dastan” brendinin kolleksiyasını təqdim edir. Bu il öz stendi ilə festivalda iştirak edən Azərbaycan Respublikası Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Eyni zamanda, festivalda Respublika İncəsənət Gimnaziyası da təmsil olunur. Gimnaziyanın şagirdləri festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, iştirakçılar üçün dulusçuluq işi üzrə ustad dərsləri təşkil olunacaq. Ənənəvi olaraq, “Avropa şəhərciyi”ndə uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə xüsusi mükafatlar təqdim ediləcək. “Avropa şəhərciyi” qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaq.

Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video