02 Iyun 2018 05:06
328
İDMAN
A- A+

Bakıda keçiriləcək BMX üzrə dünya çempionatında 47 ölkədən 1500-dək idmançı mübarizə aparacaq

Bu günlərdə dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. BMX üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi həm ölkəmizin təbliği, həm də Azərbaycanda idmanın inkişafı baxımından önəmlidir. Çempionatda 47 ölkədən 1500-dək idmançı iştirak edəcək. Bakıda beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bu, yalnız mənim deyil, dünyanın ən tanınmış idmançı və mütəxəssislərinin fikirləridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 5-9-da Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar iyunun 2-də təşkil olunan mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü, velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov deyib.

AzVİF-in birinci vitse-prezidentinin sözlərinə görə, dünya çempionatının keçirilməsinin Azərbaycana həvalə olunması ölkəmizdə yaradılmış mükəmməl idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkili sahəsində qazanılan təcrübə ilə bağlıdır: “2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən Beynəlxalq və Avropa Velosipedçilər ittifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi və bundan sonra hazırlıq işlərinə başlanıldı. 2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi bu Komitənin köməyi və dəstəyi ilə artıq çempionata hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Çempionatın keçiriləcəyi Velopark barədə məlumat verən S.Ələkbərov vurğulayıb: “Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz mənzərə yaranırdı. Azərbaycanın hər bir guşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən buraya su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, oradan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməcilik yolu ilə həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin özü də bu iməciliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. Biz arxivlərdən ölkənin birinci şəxsinin iştirak etdiyi bu iməciliklərin unikal videomateriallarını əldə etmişik və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi internet səhifəsində (www.azvif.az) yerləşdirmişik. Əlli il əvvəl Ümummilli Liderin əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə onun dahi şəxsiyyət tərəfindən əkildiyini göstərən lövhələri qoruyub saxlayırıq. Təəssüf ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başlandı. 2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı. 2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə dövlətimizin başçısına müraciət etdik və o bizi dəstəklədi. Ötən 5 il ərzində federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına minnətdarlığımı bildirirəm”.

AzVİF-in birinci vitse-prezidenti bildirib ki, dünya çempionatına gələn idmançı və nümayəndə heyətləri xərclərini özləri ödəyəcəklər. Azərbaycan isə stadionunun yenidən abadlaşdırılması, yarışın təşkili ilə bağlı çadırların qurulması xərclərini və təşkilata üzvlük haqqını ödəyir.

S.Ələkbərov deyib: “Bazar ertəsinə olan məlumata əsasən, dünya çempionatına 900-dən çox bilet satılıb. Onlardan 260-dan çoxu beşgünlük biletlərdir. Bu yarışlarda biletləri adətən yerində alırlar. Bilet satışı ilə www.iticket.az saytı məşğul olur. Stadionun ətrafında bilet satış nöqtəsi yaratmışıq. Azarkeşlər biletləri həm internet vasitəsilə, həm də yerində əldə edə bilərlər. Stadionda azarkeşlər üçün 3500 oturacaq quraşdırılıb. Beşgülük biletləri də nəzərə alsaq, artıq 2500-dək bilet satılıb”.

Dünya çempionatının yarış direktoru Teodor Fişer isə yüksək səviyyəli hazırlıq işlərinə görə Təşkilat Komitəsinə minnətdarlığını bildirib: “Azərbaycan dünya çempionatını yüksək səviyyədə təşkil edir. Bu, həm Azərbaycanın, həm də idmanın təbliğinə müsbət təsir edəcək. Təşkilat Komitəsi çox böyük iş görüb. Sabahdan məşqlər başlayır. İyunun 5-də isə yarış başlayacaq və idmançılar medallar uyğunda mübarizə aparacaqlar. Ayın 6-dan dünya çempionatı birbaşa canlı efirdə yayımlanacaq. İnanıram ki, Bakıda dünyanın ən yaxşı çempionatlarından biri keçiriləcək”.

O qeyd edib ki, hava proqnozuna görə yarış müddətində güclü yağış gözlənilmir. Ancaq güclü külək olacağı təqdirdə yarışda qısa fasilə yarana bilər.

Xatırladaq ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikada təşkil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video