01 Iyun 2018 08:06
473
Elm və texnika
A- A+

Azərbaycanlı alim Günəş enerjisi ilə işləyən avtomobillər üçün riyazi model hazırlayıb

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademiyanın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidenti, akademik İbrahim Quliyev, YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdiri, akademiyanın müxbir üzvü Rauf Qardaşovun “Günəş avtomobillərinin yol boyunca hərəkətinin riyazi modelləşdirilməsi: simulyasiya və vizuallaşdırılma” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, artıq neft məhsulları ilə işləyən avtomobillərin erası başa çatmaqda və akkumulyatordan qidalanan elektromobillərdən istifadəyə keçid başlamaqdadır. Növbəti mərhələdə hibrid – akkumulyator və Günəş enerjisi ilə işləyən avtomobillərə keçid olacaq. Yüksək effektli və maya dəyəri nisbətən az olan fotoelementlər kəşf edildikdən sonra isə əsasən Günəş enerjisi ilə işləyən avtomobillərdən istifadə olunacaq.

Vurğulanıb ki, Günəş avtomobillərinin mühüm fərqi enerji qaynağının – Günəş enerjisinin avtomobilin xaricində olması və onun kəmiyyətinin tərəfimizdən idarə edilməsinin mümkünsüzlüyüdür. Günəş avtomobilinin panelinə düşən enerjinin miqdarı coğrafi nöqtədən və onu əhatə edən relyefdən, ilin vaxtından, atmosferin şəffaflığından asılı olaraq dəyişməkdədir. Bu səbəbdən Günəş avtomobillərinin optimal hərəkətinin təşkili üçün seçilmiş yol boyunca Günəş enerji potensialının hesablanması və buna uyğun olaraq avtomobilin hərəkətinin simulyasiyası zəruridir.

Alim Günəş enerjisi ilə çalışan avtomobillərin yol boyunca hərəkətinin simulyasiyası və vizuallaşdırılması üçün riyazi model hazırladığını diqqətə çatdırıb. Bunun iki modelin birləşməsindən ibarət olduğunu bildirən R.Qardaşov deyib: “Birinci “Günəş radiasiyası modeli”dir və bu yolun ixtiyari nöqtəsində və zamanın istənilən anında avtomobilin panelinə düşən Günəş enerjisini hesablayır. İkincisi isə “Günəş avtomobilinin hərəkətinin riyazi modeli”dir. Avtomobilin hərəkəti ona təsir edən bütün əsas qüvvələr – dartı, ağırlıq, reaksiya və müqavimət, yolun əyrixətli trayektoriyası və relyefin panelə düşən günəş enerjisinə təsiri nəzərə alınaraq modelləşdirilib. Seçilmiş yollar – Bakı-Şamaxı, Zaqatala-Tbilisi və Hamburq-Berlin boyunca “SunRiser” Günəş avtomobilinin hərəkəti simulyasiya edilib və monitorda vizuallaşdırılıb”.

R.Qardaşov bu modelin gələcəkdə geniş istifadə olunacaq Günəş avtomobillərinin naviqasiya sisteminin əsasını təşkil edəcəyini diqqətə çatdırıb. “Fikrimcə, bu model enerjidən optimal istifadə etməklə hərəkətin başlanğıc vaxtının seçimi, yol boyunca saxlanılması lazımi optimal sürət, dağ keçidlərinə çatma vaxtı, akkumulyatordan istifadə və onun doldurulma vaxtlarının seçimi və s. problemlərin həllinə kömək edə bilər”, - deyə AMEA-nın müxbir üzvü bildirib.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Akif Əlizadə, İbrahim Quliyev, Hətəm Quliyev, Ramiz Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video