Alternative content

22:26 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən “dəyirmi masa” keçirilib
Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən “dəyirmi masa” keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
05:06 01.06.2018

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalı ilə tanış olublar.

Tədbir iştirakçıları Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Bildirib ki, uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nın 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub. Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu Konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.

Milli Məclis sədrinin müavini Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında da danışıb: “Bildiyimiz kimi, bu günlərdə ölkəmizin hər bir guşəsində, eləcə də bütün dünyada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Cümhuriyyətin yaradılması, onun fəaliyyəti, qarşısına qoyduğu vəzifələr, gördüyü mühüm işlər barədə müzakirələr aparılır”.

Bahar Muradova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu həm Azərbaycan hökumətinin, həm parlamentinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq. Onlara nəinki hüquq verməli, həm də bu hüquqları yerinə yetirmək üçün şərait yaratmalı, uşaqları bu hüquqdan istifadəyə hazırlamalı, onların hüquqi təfəkkürünün formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqlar üçün önəmini, eləcə də Milli Məclisdə keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərdən söz açan komitə sədri bildirib ki, 100 il bundan əvvəl təkcə qadın deyil, həm də uşaq hüquqları təsdiq olunub. Uşaq hüquqlarının qorunması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Bunların sırasında ən vacibi uşaqların, xüsusilə də qızların təhsil almaları, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artması idi. Həmin qərarlar 100 il bundan əvvəl qəbul olunan mühüm sənədlərdə əksini tapmışdı. Xüsusən də erməni təcavüzü nəticəsində, Birinci Dünya müharibəsində əziyyət çəkmiş uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilib. Hələ o zaman valideynlərini və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışırdı.

Hicran Hüseynova deyib ki, Prezident İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına xüsusi dəstək verir. Azərbaycan hökuməti uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edən bütün uşaqlara uğurlar arzulayıb. O uşaqlara müraciətlə deyib ki, 100 il bundan əvvəl nənə və babalarınız Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyublar. Beləliklə, onlar hər kəsin qayğısına qalan demokratik cəmiyyətin nəsillər üçün yarada biləcəyi möhkəm bir təməli təsdiq ediblər. Uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir. Ölkədə demək olar ki, bütün uşaqlar ibtidai təhsilə cəlb edilib. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, onların inkişafı üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan parlamenti uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə vacib qanunvericilik aktları qəbul edib.

“Dəyirmi masa”da çıxış edən fransız yazıçı və ekspert Jan-Lui Quro Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini deyib. O bildirib ki, bu gün Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin apardıqları siyasət nəticəsində uşaqların müdafiəsi sahəsində uğurlu işlər həyata keçirilir. Azərbaycanın təhsilə və elmə dəstək verdiyini deyən fransız yazıçı ölkəmizin incəsənətə göstərdiyi diqqəti də sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Sonra uşaqların sualları cavablandırılıb. Müxtəlif tədbirlərdə qalib gələn uşaqlara diplomlar təqdim edilib.

Tədbirdə uşaqların ifasında musiqilər səsləndirilib.