31 May 2018 10:05
757
PARLAMENT
A- A+

Milli Məclisin yaz sessiyası başa çatdı

 

Mayın 31-də Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi təqdim etdi. İclasın gündəliyinə 24 məsələnin müzakirəsi salınmışdı. İlk məsələ “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi idi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə ilə bağlı bildirdi ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda nəzərdə tutulan dəyişikliyə görə 5.4 məzmunlu yeni maddə əlavə edilir. Belə ki, Ələt Azad İqtisadi Zonasının ərazisində müvafiq qanunla müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 

Ötən il dövlət büdcəsinin xərcləri 98,1 faiz icra edilib

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, layihə və müvafiq hesabat “Büdcə sistemi haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb. Hesabatda Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatlar əks olunub.

Parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il büdcənin icrası haqqında məsələyə baxılır. 2017-ci il dövlət büdcəsinin icrası sübut edir ki, iqtisadiyyatda müsbət meyillər güclənib. Əsas parametrlər yerinə yetirilib. Heç bir sosial proqramın icrasında maliyyə sıxıntısı olmayıb, planlaşdırılan bütün proqramlar həyata keçirilib.
2017-ci ildə dövlət büdcəsinin xərclərində 2016-cı illə müqayisədə cüzi azalma müşahidə edilib və 98,1 faiz icra olunub, büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 25,1 faiz təşkil edib. Hesabat ilində ümumi büdcə xərclərinin 46,6 faizi ilin birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında icra edilib.

 

2017-ci ildə ÜDM nəzərəçarpacaq qədər artıb

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, ötən il dünya bazarlarında neftin qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması və məcmu borcun ən yüksək həddə çatması kimi meyillərlə xarakterizə olunub. Buna baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm islahatlar öz müsbət nəticələrini hesabat ilində də göstərib. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib. Qeyri-neft sektoru üzrə real artım tempi 2,7 faiz təşkil edib, qeyri-neft sektorunun ÜDM-də payı 62,8 faizə çatıb.

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozlaşdırlmış məbləğlə müqayisədə 98,5 faiz səviyyəsində icra edilib. Ümumiyyətlə, ÜDM-in əvvəlki illə müqayisədə nəzərəçarpacaq artımı, dövlət büdcəsinin gəlirlərinin bir qədər azalması gəlirlərin ÜDM-ə nisbət göstəricinin 23,5 faiz səviyyəsində icrası ilə nəticələnib. Ümumi büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında, 53,2 faizi ikinci yarısında daxil olub.
Deputatlar ötən ilin dövlət büdcəsinin icrasında diqqət çəkən müsbət məqamlar kimi Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertin azalmasını, manatın məzənnəsinin qorunub saxlanmasını müsbət qiymətləndirdilər.

 

İqtisadi artım qeydə alınıb

 

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda bankların kredit faizinin çox yüksək olduğunu bildirdi. Onun sözlərinə görə, vətəndaşlar bundan səmərəli istifadə edə, yeni iş yerləri yarada bilmirlər. Ölkədə orta və kiçik sahibkarlıq kreditlərdən yararlana bilmirlər.
Maliyyə nazirinin müavini Azər Bayramov dedi ki, makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub. Ölkədə müsbət iqtisadi artım qeydə alınıb, iqtisadiyyata əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı təmin edilib.
Vergilər naziri Mikayıl Cabbarov dedi ki, əsas hədəf vergi ödəyicilərinin, xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır. Bildirildi ki, növbəti ilin büdcə paketi çərçivəsində aidiyyəti qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirlər və digər islahatlar hazırlanıb hökumətə təqdim edilib.
Deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Fərəc Quliyev, Fazil Mustafa, Tahir Kərimli, Qənirə Paşayeva, Tahir Mirkişili, Fəzail İbrahimli 2017-ci il dövlət büdcəsinin icrasına dair fikirlərini səsləndirdilər. Sonda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

 

Əlillik dərəcəsinin müəyyənləşdirilməsinin “ASAN” xidmətə verilməsi təklif edildi

 

Sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Həmçinin əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin “ASAN” xidmətə verilməsini təklif etdi: “Uzun illərdir ki, əlilliyin verilməsi ilə bağlı məsələ üzərində mübahisələr davam edir. Əgər “ASAN” xidmətin texniki imkanları imkan verirsə və bu məsələni öz üzərinə götürə bilirsə, qoy əlilliyin müəyyən edilməsi “ASAN” xidmətin səlahiyyətinə verilsin və problemlər də öz həllini tapsın. Hesab edirəm ki, bu həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar”.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

 

Kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək asanlaşacaq

 

“Torpaq icarəsi haqqında” və Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirildi ki, “Torpaq icarəsi haqqında” qanun layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanlarına) müraciəti (ərizəsi), ərizəyə əlavə olunan sənədlərin siyahısı, müraciətə baxılması qaydası, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildikdə, onun razılıq alınması üçün aidiyyəti müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, bu orqanın razılığının verilməsi yaxud razılıq verilməsindən imtinası, razılıq verildikdə icarə müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənib. Ərizəyə dair tələblər “İnzibati icraat haqqında” qanuna uyğun olaraq müəyyən edilir.
Bununla da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxs bir quruma müraciət edir, digər qurumla razılaşdırma isə şəxsin iştirakı olmadan qısa müddətə həyata keçirilir, həmin qurumun razılığı olduqda icarə müqaviləsi bağlanır. Sənədə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri adlı maddə əlavə edilir.
Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin 14-cü maddəsinə təklif olunur ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” qanununa uyğun həyata keçirilir. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və “Notariat haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edildi.
“Notariat haqqında” qanun layihəsinə müasir hüquq münasibətlərinin elektronlaşdırılmasını nəzərə alaraq dəyişikliklər təklif edildi. Layihənin 36-ci maddəsinə əsasən, notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir. Dəyişikliyə əsasən, elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünün təsdiq edilməsi yeni səlahiyyət kimi qanuna əlavə edilir.
Sonra Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxıldı. Layihəyə “Əkin yerinin yandırılması qadağandır” məzmunlu yeni maddə əlavə edilir. Bu maddəyə görə torqaların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir.
Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi adiyyəti olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Deputatlar “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini də təsdiqlədilər.

 

Qida təhlükəsizliyi sahəsində idarəçiliyin hüquqi bazası təkmilləşdirilir

 

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən komitə sədri Ziyad Səmədzadə danışdı. Bildirildi ki, qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi, bu sahədə dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər qəbul edilmiş, Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr olunmuşdur. Adı çəkilən normativ hüquqi aktlara əsasən, agentliyə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və onların dövlət reyestrinin aparılması, eləcə də qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi səlahiyyətləri də verilib. Vurğulandı ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qeyd olunan normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb.
Qanun layihəsinə əsasən, bir sıra mövcud rüsumlar artırılacaq. Buraya baytarlıq və fitosanitar sertifikatına, baytarlıq preparatlarına, həmçinin pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin və idxal karantin icazəsinin verilməsinə görə dövlət rüsumları aiddir. Bu qanun layihəsi də qəbul olundu.
Sonra “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıldı. Ziyad Səmədzadə diqqətə çatdırdı ki, sənədin “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın bir sıra maddələrində nəzərdə tutulan icazələrin dəqiqləşdirilməsi nəzərdə tutulur. Deputatlar qanun layihəsini müsbət qiymətləndirdilər.
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında” və “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri də səsə qoyularaq qəbul edildi.

 

Parlamentin Gənclər və idman komitəsinə yeni sədr seçildi

 

Deputat Ülvi Quliyev Gənclər və idman komitəsinin sədri seçildi. Deputatlar Milli Məclisin bu qərarına da müsbət münasibət bildirdilər.
Gündəliyin son məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi idi. Qanun layihəsini təqdim edən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə bildirdi ki, qanun layihəsi təsərrüfat fəaliyyətinin və başqa fəaliyyət növlərinin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin reallaşdırılmasının ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi ikinci oxunuşda təsdiqləndi.
Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video