30 May 2018 09:05
763
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib


İkinci oxunuşda qanun layihəsinə qeyri-formal məşğulluğa dair ayrıca bir fəsil daxil edilib

 

Mayın 30-da keçirilən Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli layihənin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər verildiyini diqqətə çatdırıb. Səsləndirilən fikirlər ikinci oxunuş üçün təqdim olunan sənəddə öz əksini tapıb. Vacib məqamlardan biri layihəyə qeyri-formal məşğulluğa dair ayrıca bir fəslin daxil edilməsidir. Qeyd edilib ki, bütün ölkələrdə sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq mövcuddur. Dünya üzrə bununla bağlı göstərici 65 faiz təşkil edir. Qanunda bu məsələlərin təsbit edilməsi insanların sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığa dəstək və obyektivlik nöqteyi nəzərindən mütərəqqi yenilikdir.

Qanun layihəsi barədə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib. Bildirilib ki, qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanuna bəzi redaktə xarakterli düzəlişlər edilib. Eyni zamanda, qeyri-formal məşğulluqla bağlı yeni beşinci fəsil əlavə olunub. Bu fəsildə qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi, “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı, qeyri-formal məşğulluq sahəsində maarifləndirmə məsələləri ehtiva olunur.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qeyd edib ki, qeyri-formal məşğulluq ölkə iqtisadiyyatına birbaşa zərbə vurur. Vergi, sosial sığorta, digər ödənişlər həyata keçirilmir, bu sektorda çalışanlar normal iş rejimi ilə təmin olunmur. Bu problemlə bütün dünya ölkələri üzləşir və onun aradan qaldırılması istiqamətində araşdırmalar aparılır, müəyyən addımlar atılır. Qanuna əlavə olunan qeyri-formal məşğulluqla bağlı yeni fəsildə göstərilən məsələlər bu sahədə iqtisadi, stimullaşdırıcı və maarifləndirici tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən birgə nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı yaradılır. Bununla əlaqədar qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları, ictimai birliklər birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini aparmalıdırlar.

İclasın sonunda “Məşğulluq haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video