Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cümhuriyyətin dövlət rəmzləri
Cümhuriyyətin dövlət rəmzləri
ANA SƏHİFƏ / Mədəniyyət
02:05 30.05.2018

 

Dövlət bayrağı

 

Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət yetirilirdi. Ən mühüm rəmzlərdən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Cümhuriyyət hökuməti Gəncədə 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi. Həmin qərara əsasən, qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına bənzəyirdi.
Lakin Azərbaycan Xalq Cümhuriyyəti hökuməti noyabrın 9-da Dövlət bayrağının təsvirini dəyişməyi qərara aldı. Yeni qərarla mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı günü Azərbaycan bayrağı artıq parlament binası üzərində qaldırılmışdı.
Üzeyir bəy Hacıbəyli milli bayrağın rənglərini ifadə edən məna və funksiyadan bəhs edərək yazırdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır”.
Üzeyir bəy “Azərbaycan” qəzetinin 1919-cu il 190-cı sayında cümhuriyyətin bir illiyinə həsr olunmuş “Bir yaş” adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına da toxunmuşdu. “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur” - demişdir.

 

Dövlət gerbi

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı iki dəfə qərar qəbul etmişdi. Birinci qərara əsasən, 1919-cu il martın 23-də “Azərbaycan” qəzetində AXC-nin Dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Gerbin və möhürün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat - ən yaxşı gerb layihəsinə görə 1000 rubl, möhürə görə isə 500 rubl müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş, bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin həmin müsabiqə uğurla nəticələnmədi və gerb layihəsi qəbul olunmadı.
Buna görə də cümhuriyyət hökuməti 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etdi. Birinci bənddə hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyinə, ikinci bənddə isə milli himnin, Dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi Xalq Maarif Nazirliyinə həvalə olundu. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci il aprelin 27-də sovet istilası və AXC-nin süqutu buna imkan vermədi.

 

Dövlət himni

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət himni də rəsmən qəbul edilməmişdi. Lakin həmin dövrdə bəstəkar Üzeyir bəy Hacıbəylinin “Azərbaycan marşı” məşhur olmuşdur. Həmin marşın sözləri Əhməd Cavadın idi. 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun qəbul etmişdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir bəy Hacıbəylinin və şair Əhməd Cavadın “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdi.


Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə minbir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

 

Pul vahidi

 

Xalq Cümhuriyyətinə qədər Azərbaycanda “Nikolayevski” manatı, “Kerenski” və “Bakı bonları” adlı pul vahidləri işlədilirdi. “Bakı bonları” 1918-ci ilin əvvəllərində dövriyyəyə verilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı müddətdə ümumilikdə 2 milyard 345 milyon pul dövriyyəyə çıxarılmışdı.
1919-1920-ci illərdə Xalq Cümhuriyyətinin atributlarından birini əks etdirən 25, 50, 100, 250 və 500 manat dəyərində kağız əsginaslar dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə hazırlamış bu əsginasların üzərində Nazirlər Şurasının sədri Nəsib bəy Yusfbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi.

 

İstiqlal abidəsi

 

Hər abidə bir tarixdir. Ancaq onların arasında elələri var ki, baxdıqca qürurlanırsan. Çünki onda millətinin azadlıq duyğularının, istiqlal sevgisinin təzahürü var. Səbail rayonun “İstiqlaliyyət” küçəsində, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun yanında ucaldılan “İstiqlal Bəyannaməsi” abidəsi də şərəfli tariximizin bir hissəsini əks etdirir. Abidə 2007-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılıb.
Bu möhtəşəm heykəltəraşlıq nümunəsinin hazırlanması üçün qranitdən və ağ mərmərdən istifadə olunub. Ağ mərmərdən olan yuxarı hissədə dövlət gerbi həkk edilib, qranit hissəyə isə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. Abidənin qoyulduğu yer təsadüfən seçilməyib. “İstiqlal Bəyannaməsi” 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş “İsmailiyyə”də imzalanıb.
2007-ci il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin yaşadılması və onun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyan bu abidənin açılışı oldu.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Tədbirdə qeyd olundu ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Buna görə də Azərbaycan xalqı həmin tarixi günü ən əziz bayramlarından biri - Respublika Günü kimi qeyd edir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşıladığı müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Ölkə başçısı həm iqtisadi, siyasi, həm tarixə, keçmişimizə, mədəniyyətimizə münasibətlə bağlı işlərin görüldüyünü də vurğuladı: “Bütün bunlar çox vacibdir, bir-birini tamamlayır. Müstəqilliyimiz əbədidir. Bundan sonra ancaq və ancaq inkişaf olacaq”.

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM