29 May 2018 11:05
1404
Tədbirlər
A- A+

İLHAM ƏLİYEV növbəti qlobal layihəsi ilə Avropanın yeni enerji xəritəsini və təhlükəsizliyini tərtib edir

 

Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni dövr başladı

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

Prezident İlham Əliyevin
nitqi

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı günüdür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Eyni zamanda, onu da qeyd etməliyəm ki, bu gün Bakı Ekspo Mərkəzində XXV Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır və sərgidə iştirak edən yoldaşlar bu gün bu mərasimdə də iştirak etmiş kimi sayıla bilərlər. Mən onları da salamlayıram. Bildirmək istəyirəm ki, 25 il ərzində ilk dəfədir ki, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verir.

Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. İlk sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və riskli dövlət kimi sayılırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 25 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və sərgidə iştirak edən şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.

Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

Dünən Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etmişdir. Bu da tarixi hadisə idi. Çünki ilk dəfə olaraq 1918-ci ildə müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı məhz Azərbaycan xalqı yaratmışdır. Dünən təntənəli mərasimdə çıxış edərkən bildirdim ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan bəlkə də dünyanın ən inkişaf etmiş və ən zəngin ölkələrindən biri ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, zəngin neft ehtiyatlarımız çox böyük imkanlar açırdı. Ancaq Azərbaycan müstəqilliyini itirdi və ondan əvvəlki dövrdə Azərbaycan müstəqil olmadığı üçün Azərbaycan xalqı öz təbii ehtiyatlarından bəhrələnə bilməmişdir.

Dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilmişdir. O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt – XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi?! Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq, Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan “qara qızıl” Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəlmirdi və eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir.

Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.

Sovet İttifaqı dağılanda Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq müstəqilliyimizin ilk iki ili çox ağır keçmişdir. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi, xaos, anarxiya, böhran hökm sürürdü, neft sənayesi tamamilə tənəzzülə uğramışdı, vətəndaş müharibəsinə start verilmişdi. Yəni, ölkə çox böyük təhlükələrlə üzləşmişdi və müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan müstəqil siyasət apara bilmirdi.

1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycanın uğurlu inkişaf dövrü başlamışdır. Biz əgər tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə qədər Azərbaycan inamla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf edir.

Qeyd etdiyim kimi, 1994-cü ildə birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın dünyada zəngin resurslara malik ölkə kimi tanıdılmasında bu sərginin çox böyük rolu olmuşdur. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli” neft yataqları dünyanın ən böyük neft yataqlarından biridir və 24 il bundan əvvəl imzalanmış “Əsrin kontraktı”nın müddəti keçən il 2050-ci ilə qədər uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Biz o xarici şirkətləri dəvət etdik və bu gün “Əsrin kontraktı”nın icrası çox uğurla gedir və bu kontraktın imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlamışdır.

Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük.

1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addım idi. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır.

1997-ci ildə isə “Əsrin kontraktı”nın icrası nəticəsində “Çıraq” platformasından ilk neft çıxarılmışdır. O tarixi videokadrlar artıq göstərilir və doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir.

Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir. Ona görə neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni, bu, onu göstərir ki, biz bu böyük işləri nə qədər qısa müddət ərzində görmüşük. Bu işlər həm böyük maliyyə vəsaiti tələb edirdi, həm də texniki cəhətdən çox çətin layihələr idi. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük vəsaitimiz də yox idi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq.

Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir.

2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır. O günü də mən çox yaxşı xatırlayıram. Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün buraya gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və bir daha mən demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir.

“Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir.

Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.

Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır.

Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey ilə mənim iştirakımla BP ilə SOCAR arasında növbəti kontrakt imzalanmışdır. Bu, bizim strateji əlaqələrimizi bir daha əks etdirir.

Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur.

Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanıb və öz maliyyə resurslarını ayırıblar. Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq.

Bir sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Mən o ölkələrin adlarını bu gün çəkmək istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq yaradılıb.

Eyni zamanda, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.

Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik.

İştirak edən bütün tərəflər, şirkətlər, ölkələr öz mənfəətini götürməlidirlər - həm siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər öz mənfəətini götürməlidirlər və Azərbaycan resursların sahibi kimi, əlbəttə ki, öz mənfəətini götürür və götürəcək.

Çıxışımın sonunda bu layihələrin ölkəmiz üçün nə qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur.

Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna yönəlib. Davos Forumunun hesablamalarına əsasən inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Bu gün bu tarixi gündə mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan xalqının diqqətinə çatdırmaq istərdim. Çünki bugünkü günün təməli məhz o illərdə qoyulub. Sadəcə olaraq, biz bütün bu işləri ardıcıllıqla görmüşük. Bu gün bizim ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gündə mən Cənub Qaz Dəhlizinə uzun və uğurlu ömür arzulayıram.

Sağ olun.

 

x x x

 

Sonra mərasimdə çıxışlar oldu.

 

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra OUDKİRK çıxış edərək dedi:

-Cənab Prezident Əliyev.

Energetika naziri Şahbazov.

Nazir müavini Çikovani.

Hörmətli cənab Məhəmməd Barkindo.

Baronessa Nikolson, səfirlər, xanımlar və cənablar.

Bugünkü mərasim - Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir.

Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm.

Bu mühüm layihəni reallığa çevirmək üçün yorulmaz fəaliyyətinə görə burada təmsil olunan bütün ölkələrə və şirkətlərə təşəkkürümü bildirirəm.

Amerika Birləşmiş Ştatları Xəzər hövzəsi regionunun daha böyük iqtisadi inteqrasiyasında, Avropanın enerji təchizatının şaxələndirilməsində bu layihənin mühüm rolunu xüsusi qeyd edərək, 10 il bundan əvvəl təklif olunan Cənub Qaz Dəhlizi barədə təşəbbüsü qəti surətdə dəstəkləyib.

Prezident Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə bu günlərdə göndərdiyi məktubda Cənub Qaz Dəhlizinin inanılmaz nailiyyət olduğunu və bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini vurğulayaraq, bu layihəyə güclü dəstəyini ifadə edib.

Təbii ki, Cənub Qaz Dəhlizi birgə çalışmaq, sülh şəraitində inkişaf etmək, Aralıq dənizinin şərq hissəsindən - İraq, Mərkəzi Asiya və Qafqazdan daha böyük həcmdə təbii qazın Avropadakı istehlakçılara çatdırmaq baxımından region ölkələri üçün yaxşı imkandır və o, şaxələndirmə məqsədilə yaradılmışdır. Ümid edirik ki, həmin ölkələr bu imkandan səmərəli istifadə edəcəklər. Birləşmiş Ştatlar bütün tərəfdaşlarla, eləcə də layihənin uzunmüddətli uğurunu təmin etmək üçün bu layihəyə qoşulacaq digər ölkələrlə işin davam etdirilməsini səmimiyyətlə arzulayır. Sizi bir daha təbrik edirəm. Sağ olun.

 

X X X

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma NİKOLSON çıxış edərək dedi:

- Zati aliləri, Prezident Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi və Azərbaycana tez-tez səfər edən insan kimi mən XXV Xəzər Neft-Qaz sərgi və konfransına dəstək vermək üçün Bakıda olmağımdan məmnunam. Azərbaycana səfər etmək hər zaman böyük məmnunluq doğurur və bu səfərimdə mən 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi çatdırmaqdan şadam. Bu respublikanın yaradıcıları vaxtı qabaqlayaraq qadınlara seçib-seçilmək və digər hüquqları vermişlər. Bu səbəbdən mən gender bərabərliyi sahəsində Azərbaycanın nailiyyətlərini qeyd etmək üçün mayın 30-da Beynəlxalq Qadınlar Forumunda iştirak etməkdən çox şadam.

Neft və qaz sənayesi Birləşmiş Krallığın Azərbaycanla ticari münasibətlərinin təməl daşı olaraq qalır. İlk Xəzər Neft-Qaz sərgi və konfransının keçirilməsindən sonra biz birgə böyük uğurlara imza atmışıq.

Bu il enerji əməkdaşlığında növbəti mühüm hadisə baş verir. BP-nin “Şahdəniz-2” platformasından ilk qaz Cənub Qaz Dəhlizi şəbəkəsi ilə Türkiyəyə gedən boru kəmərlərinə daxil olacaq. Layihə Avropa üçün daha etibarlı enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış mühüm addımdır. Biz birgə uğurlu tərəfdaşlıq qurmuş, gələcək üçün möhkəm bünövrə yaratmışıq.

Mən aprelin 26-da Prezident Əliyevlə və Baş nazirimizlə onun Londondakı iqamətgahında olmaqdan şərəf hissi duydum və o vaxt BP ilə SOCAR gözəl uğurlu tərəfdaşlığın növbəti sazişini imzaladılar. Əməkdaşlığımızın dərinləşdirilməsi ölkələrimizə daha böyük iqtisadi fayda gətirəcək. Bu baxımdan Birləşmiş Krallıq bizim ticari əməkdaşlığımıza xüsusi diqqət yetirir. Mən Baş nazir xanım Tereza Meyin “Xəzər Neft və Qaz 2018” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubunu oxumaq istərdim:

“Bakıda keçirilən “Xəzər Neft-Qaz 2018” sərgi və konfransının açılışı münasibətilə məktub göndərməkdən böyük məmnunluq hissi duyuram.

Tam müstəqil və suveren ölkə olan Azərbaycanın 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etməsi bu ilə xüsusi əhəmiyyət verir.

Bu il həm də ilk dəfə 1994-cü ildə keçirilmiş Xəzər Neft-Qaz Sərgi və Konfransının 25-ci ildönümüdür. Hər iki yubiley münasibətilə Prezident İlham Əliyevə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Neft və qaz sənayesindən əldə olunan gəlirlər Azərbaycanın müasir və müstəqil ölkəyə çevrilməsinə kömək etmişdir.

BP-nin Azərbaycanın iqtisadi inkişafında belə mühüm rol oynaması sevindirici haldır. 1994-cü ildə imzalanmış “Azəri-Çıraq-Günəşli” müqaviləsi Azərbaycanın neft tarixində, eləcə də ikitərəfli əlaqələrimizdə yeni bir dövrün başlanğıcını qoyan tarixi dönüş nöqtəsi idi.

O vaxtdan bəri Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunu bütün dünyanın qibtə edəcəyi müasir texnologiya və dünya səviyyəli istehsalat müəssisələri vasitəsilə inkişaf etdirmək üçün on milyardlarla funt-sterlinq investisiya yatırıb.

Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Məhz buna görə mən aprelin 26-da Prezident İlham Əliyevi Dauninq Stritdə qarşılamaqdan böyük məmnuniyyət hissi keçirdim. Bizim iştirakımızla BP və SOCAR arasında hasilatın pay bölgüsü üzrə altıncı Saziş imzalandı. Bu Saziş son iyirmi beş il ərzində iki şirkət arasında qurulmuş möhtəşəm tərəfdaşlığın təcəssümüdür.

Birləşmiş Krallıq və Azərbaycan energetika sahəsindən başqa bir çox digər sahələri də əhatə edən güclü və ikitərəfli faydalı əlaqələr qurublar. Ümid edirəm ki, bu əlaqələr qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək.

Sonda builki Xəzər Neft-Qaz Sərgi və Konfransının iştirakçılarına uğurlar arzulayıram.

 

Tereza Mey
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri”


Baronessa Emma Nikolson çıxışına davam edərək dedi: Cənab Prezident, xanımlar və cənablar, bu gün bu konfransda iştirak etməkdən şərəf hissi duyuram və bu səfərimdən çox razıyam. Sizi əmin edirəm ki, bundan sonra da səylərimi göstərəcəyəm ki, ölkələrimiz arasında ticari münasibətlər daha da güclənsin və xalqlarımız bundan bəhrələnsin. Sizə uğurlar arzulayıram.

 

X X X

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə və Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin iştirakçılarına məktubunu oxudu. Məktubda deyilir:

“Cənab Prezident, əziz qardaşım İlham Əliyev.

Hörmətli qonaqlar.

Sizi səmimi qəlbdən salamlayıram.

Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm.

İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir.

Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir.

TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur.

Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır.

Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır.

Bu gün TANAP boru kəmərinə ilk qazın verilməsindən sonra iyunun 12-də Əskişəhərdə böyük bir mərasimlə kəmərin açılışını edəcəyik.

Bu tarixi anın şahidi olmaq üçün sizləri də Əskişəhərdə qarşılamaqdan böyük məmnunluq duyacağıq.

Digər tərəfdən, bu il 25-ci dəfə keçirilən “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilində əməyi olanları təbrik edir, bu mühüm tədbirin uğurlarının artmasını və davamlı olmasını diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək TANAP-ın başda Türkiyə və Azərbaycan olmaqla, bölgəmiz üçün xeyirli olmasını bir daha arzu edir, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram.

 

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti”

 

X X X

 

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd BARKİNDO çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları, sənaye liderləri, əssalamü aleykum.

Ramazan ayınız mübarək olsun.

Xəzər dənizinin sahilində - Səngəçal terminalında yalnız 25-ci ildönümü qeyd olunan “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışında iştirak etdiyim üçün yox, eyni zamanda, qlobal və möhtəşəm layihənin açılışı və istismara verilməsi mərasiminə qatıldığım üçün böyük şərəf və məmnunluq hissi keçirirəm.

Cənab Prezident, “Şahdəniz” Sizin müdrik rəhbərliyinizin, səy və qətiyyətinizin, bu böyük ölkədə fəaliyyət göstərən sənaye şirkətlərinin hamıya nümayiş etdirdiyi əzmkarlığın parlaq sübutudur. Bu layihə və onun artıq sürətlə inkişaf etməkdə olan fazası çoxmilyardlı kapital qoyuluşu layihəsidir. Bu layihə dünya miqyasında ən böyük enerji layihələrindən biridir. Bu layihə bir ilham mənbəyidir, bütün Azərbaycan, eləcə də region və dünya bu layihədən qürur hissi duymalıdır. Bu layihə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli şəkildə əlavə dəyər verir və karbohidrogen sektorunun genişlənməsinə imkan yaradır. Bu layihə bizim razılığa gəlməyimiz üçün Sizin təşəbbüskarlığınız və rəhbərliyiniz sayəsində OPEC-ə üzv olan və üzv olmayan neft hasil edən 24 ölkə arasında tarixi əhəmiyyət daşıyan əməkdaşlıq bəyannaməsində, BP tərəfindən idarə olunan “Şahdəniz” layihəsi və bir neçə ölkədən olan çoxsaylı neft və qaz şirkətlərinin timsalında böyük tərəfdaşlığın sübutudur. Biz Sizin bir neçə il bundan əvvəl ifadə etdiyiniz və ən yüksək hökumət dairələri səviyyəsində bunu etməyə çağırdığınız OPEC-ə üzv olan və üzv olmayan ölkələrin bir araya gəlməsinin vacibliyini bildirən baxışınıza görə Zati-alinizə minnətdar olmaqda davam edəcəyik. Əlbəttə ki, buraya Sizin dövlət neft şirkətiniz olan SOCAR, habelə digər iştirakçı şirkətlər də daxildir. Bu, eyni zamanda, istehsalçı və istehlakçılar arasında səmərəli və uzunmüddətli əməkdaşlığın bir nümunəsi olan tərəfdaşlıqdır. Bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi ilə Xəzər dənizindən daha çox qaz ehtiyatlarının nəql olunmasına imkan yaradacaq və bununla da qlobal enerji təhlükəsizliyinə, xüsusilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.

Zati-aliləri, icazə verin, sitat gətirim. Dahi Henri Ford demişdir : “Əgər hamı birlikdə hərəkət edirsə, onda uğur özü sizə gələcək”.

Keçən il mən Sizin ölkənizdə olmuşdum. Lakin iki ay bundan əvvəl, cənab Prezident, mənə Sizinlə görüşmək şərəfi nəsib oldu. Bu görüşdə biz neft bazarlarına dayanıqlı əsaslarla sabitliyi bərpa etmək işində kömək göstərmək üçün fikir mübadiləsi apardıq və qət etdiyimiz yolu qiymətləndirdik.

Mən Sizin müdrik fikirlərinizi, işlərin necə irəliləməsi ilə bağlı tövsiyələrinizi özümlə Vyanaya apardım. Mən Azərbaycanın davamlı surətdə ən çox neft hasil edən ölkələr arasında olduğunu nəzərə alaraq hasilatın könüllülük prinsipi əsasında uyğunlaşdırılması ilə bağlı OPEC-lə davamlı əməkdaşlıq apardığınıza, göstərdiyiniz dəstəyə və üzərinizə götürdüyünüz öhdəliyə görə təşəkkürümü bir daha ifadə etmək istəyirəm. Əməkdaşlığımızın daha da genişləndirilməsi üçün mümkün imkanlarla bağlı müzakirələrimizin davam etdirilməsi də məndə böyük məmnunluq hissi doğurur. Mən bilirəm ki, OPEC-ə üzv olan və üzv olmayan ölkələr arasında Sizin dəstəklədiyiniz belə bir möhtəşəm əməkdaşlıq formatının yaradılmasında hamımız bir dəyər görürük. Bu, həmişəkindən daha çox mürəkkəb, qarşılıqlı asılılığı və qlobal bazarda, sənayedə olan bütün maraqlı tərəflərin dayanıqlı sabitliyə nail olmaq üçün birlikdə çalışmasını əhəmiyyətli edir. Bu, həm hasilatçıların, həm də istehlakçıların maraqlarına xidmət edir. Bu qlobal layihənin istismara verilməsi Sizin bütün dünyaya ölkələr, regionlar, həm beynəlxalq, həm də milli neft şirkətləri arasında əməkdaşlıq üçün hansı addımların atılmasının zəruriliyi barədə çağırışınızın vacibliyini bir daha təsdiqləyir.

Cənab Prezident, mən bu dialoqu növbəti iki gün ərzində Sizin nümayəndələrinizlə davam etdirməyi, “Xəzər Neft və Qaz” sərgi və konfransında iştirakımı səbirsizliklə gözləyirəm. Təşəkkür edirəm.

 

X X X

 

Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri SENTYURİN çıxış edərək dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Möhtərəm mərasim iştirakçıları, xanımlar və cənablar.

Cənub Qaz Dəhlizinin açılışını bildirən belə bir mötəbər tədbirin iştirakçısı olmaq mənim üçün böyük şərəfdir. Sənaye, neft və qaz, mədəniyyət, elm mərkəzi olan, lakin ən önəmlisi təmsil etdiyim qurumun - Qaz İxrac Edən Ölkələr Forumunun üzvü kimi Azərbaycanın gözəl paytaxtında - Bakıda olmaq məndə böyük məmnunluq hissi oyadır.

Azərbaycan Foruma 2015-ci ildə üzv olub. Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı bu mərasim beynəlxalq qaz mərkəzi kimi Azərbaycanın yeni önəmli mövqeyini vurğulayır. Enerjiyə gələcək tələbatın qarşılanmasında təbii qaz böyük rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan siyasət nəticəsində Azərbaycan bir mərkəz kimi mühüm mövqe əldə etmişdir. Fürsətdən istifadə edərək prezident seçkilərində inamlı qələbəniz münasibətilə Qaz İxrac Edən Ölkələr Forumunun səmimi təbriklərini Sizə çatdırmaq istəyirəm.

Qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri kimi Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayacaq. Gözlənildiyi kimi, Xəzər və Avropa regionunda bir çox ölkələrdən keçən belə bir nəhəng layihə xüsusilə dövlət və özəl sektor arasında genişmiqyaslı əməkdaşlığa xidmət edəcək. Texnologiyanın əsas komponent rolu oynamasını nəzərə alsaq, bu böyük layihəni həyata keçirmək üçün 7 hökumət və 11 müstəqil şirkətin birlikdə çalışması faktı heç də təəccüblü deyil. Öz nəhəngliyi ilə seçilən Cənub Qaz Dəhlizi Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişəcək. Avropada yerli qaz istehsalının yaxın iyirmi il ərzində azalacağı gözlənilir. Artan idxal çatışmazlığı ilə əlaqədar Avropa İttifaqı gələcək enerji tələbatını qarşılamaq üçün öz idxal imkanlarını daha da şaxələndirməlidir. Cənub Qaz Dəhlizi mövcud təchizat marşrutlarına əlavə olacaq və artan mayeləşdirilmiş təbii qaz daşımaları, “Şimal axını” kimi yeni əlavələrlə birlikdə idxal çatışmazlığını azaltmağa kömək edəcək. Həmçinin Azərbaycanın maliyyə və siyasi öhdəliyi enerji dayanıqlılığının təmin olunması üçün ölkənin oynadığı və oynamağa davam edəcəyi vacib rolu vurğulayır.

Enerji təhlükəsizliyi və dayanıqlı inkişaf haqqında danışarkən deməliyik ki, bunlar dünyanın müxtəlif regionlarını təmsil edən, qaz hasilatçısı və ixracatçısı olan 19 ölkədən ibarət Qaz İxrac Edən Ölkələr Forumunun məqsədləri ilə tamamilə uzlaşır. Bu ölkələr birlikdə dünyanın sübut olunmuş qaz ehtiyatlarının 70 faizinə, qaz boru kəmərlərinin 63 faizinə və mayeləşdirilmiş təbii qaz ehtiyatlarının 58 faizinə malikdir. Qazın gələcək mənzərəsi kifayət qədər müsbətdir. Təbii qaz 2040-cı ilə qədər ildə 1,5-1,8 faiz artaraq ən tez hasil edilən yanacaq növü olacaqdır. Həmin dövrdə qlobal ümumi təbii qaz ixracı 50 faiz artacaqdır. Avropa bazarı bu artımın çoxunu özünə cəlb edəcəkdir və bu da Cənub Qaz Dəhlizi infrastrukturunun önəmini bir daha artıracaq.

Zati-aliləri, möhtərəm qonaqlar, Qaz İxrac Edən Ölkələr Forumunun sadiq olduğu əsas dəyər hasilatçı, istehlakçı və tranzit ölkələr arasındakı əməkdaşlıqdır. Belə bir əməkdaşlıq etimad doğurur. Bu da öz növbəsində tərəflərə bütün maraqlı tərəflər arasında risklərin bərabər şəkildə paylanılması prinsiplərinin qəbul olunmasını unutmamaqla təchizatın və tələbatın təhlükəsizliyi üçün qaza tələbatı və təchizatı stimullaşdırmaq potensialı olan təcrübələrə cəlb olunmaq imkanı verir. Təbii qaz Paris razılaşmasının hədəflərinin tələblərini, habelə Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərini mükəmməl şəkildə qarşılayan insanların seçdiyi enerjidir. Bu dəyərlər, enerji təhlükəsizliyinə sadiqlik, əməkdaşlıq Cənub Qaz Dəhlizinin özəyində durur. Bununla da Cənub Qaz Dəhlizinin və Qaz İxrac Edən Ölkələr Forumunun məqsədlərinin bir nöqtədə üst-üstə düşdüyünü xüsusi vurğulamaq lazımdır.

Zati-aliləri, möhtərəm mərasim iştirakçıları, bizim mərasim beynəlxalq səviyyədə tanınan, nüfuzlu tədbir olan XXV “Xəzər Neft və Qaz” sərgi və konfransı ilə eyni zamanda keçirilir. Hər iki tədbirin çox əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə paralel keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.

Bu imkandan istifadə edərək, çox əlamətdar yubiley ilə əlaqədar, icazə verin, Sizə səmimi təbriklərimi çatdırım və qardaş Azərbaycan xalqına ən xoş arzularımı ifadə edim. Diqqətinizə görə təşəkkür edirəm.

 

X X X

 

Mərasimdə çıxış edən “BP Group Upstream”in baş icraçısı Bernard LUNEY dedi:

- Zati-aliləri, cənab Prezident.

Nazirlər, SOCAR-dan olan dostlarımız, xanımlar və cənablar.

Bu gün burada, bu tarixi anda BP-ni və “Şahdəniz” konsorsiumunu təmsil etməkdən şərəf duyuram. Cənab Prezidentin də dediyi kimi, bugünkü tarix bir çox səbəblərdən əlamətdardır. Hər şeydən əvvəl biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd edirik. Mən “Şahdəniz” konsorsiumunun adından, həmçinin SOCAR-a və digər tərəfdaşlara – TPAO, “Petronas”, “Lukoil”, NICO və Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” layihəsinin reallaşdırılmasında göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Biz bu layihəni birlikdə reallaşdırdıq. Biz Xəzər hövzəsinə dair öz təcrübə və dərin bilikləri ilə layihəyə verdiyi töhfəyə görə SOCAR-a xüsusi minnətdarlığımızı bildiririk.

“Şahdəniz-2” həqiqətən də transformasiyaya yol açan inqilabi bir layihədir. Dünyanın ən böyük qaz layihələrindən biri kimi, bu layihənin Azərbaycanın qaz hasilatını ildə 16 milyard kubmetr artıracağı gözlənilir. Layihənin pik dövründə təkcə Azərbaycanda “Şahdəniz-2”də 24 min nəfərdən çox insan işləyib. BP şirkətində 2 min 500 nəfər Azərbaycan vətəndaşı işləyir ki, bu da ölkədəki ixtisaslaşmış heyətimizin 90 faizini təşkil edir. Həmçinin yerli vətəndaşlar üçün iş yerləri yaratmaqla bu layihə infrastrukturun inkişafına əhəmiyyətli töhfə verir. Bakı yaxınlığında modernləşdirilmiş dünya səviyyəli istehsalat sahələri, Xəzər dənizində analoqu olmayan “Xankəndi” qabaqcıl sualtı tikinti gəmisinin inşası, yerli resurslardan maksimum istifadə və ilk dəfə olaraq bütün dəniz qurğularının, o cümlədən dünya səviyyəli iki platformanın yerli resurslarla Azərbaycanda inşa edilməsi buna əyani misaldır. Əlbəttə ki, bu gün Cənub Qaz Dəhlizinə qazın vurulmasını rəsmi olaraq qeyd etdiyimiz bu Səngəçal terminalında aparılmış əsaslı genişləndirilmə işləri qeyd olunanların bariz nümunəsidir.

Buradan Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan əraziləri ilə uzanan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini izləyir və oradan isə TANAP xəttinə qoşulur. Bütün bunlar ölkə üçün böyük nailiyyətlərdir. Əlbəttə ki, 2020-ci ilə qədər Cənub Qaz Dəhlizi ilə Xəzərdən çıxan Azərbaycan qazının ilk dəfə olaraq birbaşa Avropanın qaz bazarlarına nəql ediləcəyi gözlənilir. Mənim dediyim transformasiya məhz budur. Bu isə yalnız sizin və hökumətin, cənab Prezidentin, habelə SOCAR və bütün digər “Şahdəniz” tərəfdaşlarının dəstəyi sayəsində və əlbəttə ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur.

Bu gün biz, həmçinin Xəzər Neft və Qaz Sərgisinin 25 illiyini qeyd edirik. Bu sərginin ilk dəfə 1994-cü ildə açılışı neft-qaz hasilatı üzrə uzunmüddətli və uğurlu ənənələrə söykənən müasir sənayenin dirçəlişi ilə əlamətdar olmuşdur.

Cənab Prezident, mən Sizə və Azərbaycan xalqına BP-nin səmimi təbriklərini çatdırmaq istəyirəm. Biz həmişə bu sərgidə iştirak etmək, ötən bir il ərzində nəyə nail olduqlarımızı nümayiş etdirmək və bölüşmək, burada qurduğumuz davamlı tərəfdaşlığı qeyd etmək, neft və qazın Azərbaycanda sosial, mədəni və iqtisadi sahələrə verdiyi əsaslı töhfəni təqdir etmək imkanına malik olmaqdan məmnunluq duymuşuq.

1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması Azərbaycanda böyük sərmayələr və inkişaf dövrünün təməlini qoydu.

Cənab Prezident, məhz Sizin uzaqgörən siyasətiniz sayəsində ötən ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” üzrə yeni “Əsrin kontraktı” imzalandı.

Cənab Prezident, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən, hesab edirəm ki, Siz “İlk demokratik respublikanın qurucuları bugünkü Azərbaycanı görsəydilər, onunla qürur duyardılar” deməklə bütün bu nailiyyətləri bir cümlə ilə gözəl ifadə etmiş oldunuz. Qürur duyulmalı və perspektivdə gözlənilən çox nailiyyətlər var.

BP və “Şahdəniz” tərəfdaşlarının adından qeyd etmək istəyirəm ki, bu ölkənin növbəti yeni bir uğur yolunda Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Təşəkkür edirəm.

 

X X X

 

Sonra “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələri haqqında videoçarx təqdim olundu.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək Azərbaycanda aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. Türkiyəyə ilk qaz bu il, Avropaya isə 2020-ci ildə çatacaq.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdi.

Bununla da Azərbaycan daha bir tarixi nailiyyətə imza atdı. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP boru kəməri gələn ay istismara veriləcək. Qaz ixracı nəticəsində ölkəmizin gəlirləri artacaq, Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənəcək.

Sonda xatirə şəkilləri çəkdirildi.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video