Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlal tarixinə açılan pəncərə
İstiqlal tarixinə açılan pəncərə
ANA SƏHİFƏ / Mədəniyyət
03:05 27.05.2018

 

Hər muzey tarixə açılan bir pəncərədir. Orada əsrlərin, müharibələrin, münaqişələrin belə silməyə gücləri yetmədiyi çox izlər qalır. Bu gün muzey eksponatı kimi nümayiş etdirilən sadə bir məişət əşyası da xalqın yaşayış tərzi, adət-ənənələri, mədəniyyəti haqqında geniş şəkildə məlumat verə bilir. Muzeylər xalqın maddi və mənəvi abidələrinin qorunduğu mərkəzdir. 

Azərbaycanda belə mərkəzlər çox olsa da, onların sırasında Azərbaycan İstiqlal muzeyi fərqli yer tutur. Çünki bu muzey bizə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır.

 

Muzeydə açıq dərs

 

...Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibəti ilə növbəti açıq dərsdir. Məktəblilərin cərgəsində yer seçib əyləşirik. Bu dəfə dərs Xətai rayonu 27 saylı tam orta məktəbinin 5-ci sinif şagirdləri üçün təşkil edilib. Məktəbin tarix müəllimi Sevda Novruzova Azərbaycanın tarixi, dövlətçilik ənənəsi barədə ümumi məlumat verir. Qeyd edir ki, 1918-ci ilin 28 mayında Azərbaycanın suverenliyə qovuşması xalqımızın tarixi yaddaşında müstəsna rol oynadı: “Cəmi 23 ay bərqərar olmuş Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, cümhuriyyət qurucularının vətənimizin müstəqilliyi uğrunda göstərdikləri şücaət hər birimiz üçün qəhrəmanlıq nümunəsidir”.
Azərbaycan İstiqlal Muzeyinin kütləvi işlər şöbəsinin elmi işçisi Fəxriyyə Əliyeva AXC-nin dövlət rəmzləri haqqında geniş məlumat verir. Şöbənin digər elmi işçisi - Arzu Quliyeva isə AXC Parlamentinin fəaliyyətindən bəhs edir. Açıq dərsdə cümhuriyyətin fəaliyyətini əks etdirən sənədli filmlər də nümayiş etdirilir.
Sonda Sevda Novruzova dərsə diqqət kəsilən məktəbliləri göstərir: “Bu şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixini məktəb proqramına əsasən öyrəniblər. Amma etiraf edək ki, auditoriya çərçivəsində dərs keçməklə muzey ab-havasında tariximizi öyrətmək fərqlidir. Əminəm ki, bugünkü açıq dərs şagirdlərimzin yaddaşında hər zaman xüsusi yer tutacaq”.
Azərbaycan İstiqlal Muzeyində növbəti tarix dərsi bitir. Zəngin təəssüratlarlar həqiqəti daha da aydınlaşdırır: bizim bu tarixdən öyrənəcəklərimiz hələ çoxdur. Məktəblilər getdikdən sonra muzey sükuta qərq olur. Əslində, bu sakitlik şərtidir. Hərəsi bir tarix olan eksponatlar özlərinə məxsus dillə “danışırlar”...

 

Köksümüzü qabardan istiqlal şüarı...

 

İlk günlərindən təhsilin, ədəbiyyatın, incəsənətin inkişafına xüsusi diqqət ayıran Cümhuriyyət hökuməti tərəfindən Azərbaycan tarixini və mədəniyyətini öyrənmək sahəsində də addımlar atıldı. 1919-cu ilin sentyabrında milli tarixi irsimizin qorunması məqsədilə Azərbaycan şərqşünasları “Şərqin arxeologiyası və tarixin həvəskarları dərnəyi” yaradılması haqqında məsələ qaldırdı. Ancaq əşya və materialların, bədii sənətkarlıq nümunələrinin qeydə alınması, mühafizəsi, tədqiqi, təbliği ilə əlaqədar hüquqi-normativ sənədlərin olmaması problem yaradırdı. Məsələ isə çox ciddi idi. Maddi cəhətdən imkanlı avropalılar Azərbaycanda əhalidən tarixi əhəmiyyətli əlyazmaları və qədim əşyaları alıb aparırdılar. Azərbaycan parlamenti qarşısında “Yaşıl qələm” Ədəbi Cəmiyyətinin üzvlərindən Hüseyn bəy Mirzə Camalov və Məhəmməd Ağaoğlu Bakıda milli muzeyin yaradılması ilə bağlı məsələ qaldırdılar. 1919-cu ilin 23 sentyabrında “Azərbaycan” qəzetində muzeyin təşkili ilə əlaqədar yazılırdı: “...sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz”. Muzey üçün bir otaq ayrılması ilə bağlı parlamentin sədr müavini Həsən bəy Ağayev İnventar komissiyasına sərəncam verdi 1919-cu ilin 6 noyabrında tərtib edilən, həm muzeyin yaradıcıları - Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, həm də Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və parlamentin rəyasət heyətinin digər məsul əməkdaşları tərəfindən imzalanan sənəddə muzeyin əsasnaməsi, uçot-mühafizə üzrə təlimat, fond-satınalma komissiyası haqqında müddəalar yığcam şəkildə qeyd edildi. “Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən “Muze İstiqlal” adına müəssisələr tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait” adlanan, təhvil-təslim aktı formasında hazırlanan bu sənədin 3-cü bəndində bildirilirdi: “İstiqlal muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz”. İstiqlal muzeyinin təşkili və fəaliyyəti ilə bağlı bütün xərcləri parlamentin rəyasət heyəti öz öhdəsinə götürdü. Gələcəkdə muzey üçün xüsusi binanın ayrılması və ya tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması, muzeyin proqram və nizamnaməsinin hazırlanması və başqa məsələlər də sənəddə əksini tapdı”. “Azərbaycan” qəzeti yazırdı: “İstiqlal muzeyinin genişlənməsi üçün eksponatların toplanması işi gedir. Muzeyin təsisçiləri əhaliyə müraciət edərək, muzeyin komplektləşdirilməsinə yardım göstərməyə və köhnə əşyaları muzeyə bağışlamağa çağırırdılar. Muzeyə kömək göstərən şəxslərə bağışlanılan əşyaların adları və qiyməti göstərilməklə qəbz verilirdi”.
İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edildi. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.

 

Tarixə səyahət...

 

1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırmalı oldu. Və İstiqlal muzeyi unutduruldu. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra bir çox tarixi həqiqət üzə çıxdı. Azərbaycanın ilk rəsmi dövlət muzeyi haqqında faktlar həmin vaxtlarda meydana çıxdı. Muzeyin fəaliyyəti 71 il sonra bərpa edildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən İstiqlal muzeyi yaradıldı. 1919-cu ildə fəaliyyət göstərmiş muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey “İstiqlal” adını alaraq, birinci muzeyin mənəvi varisi oldu. Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli deyir ki, 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 22 minə yaxın eksponat var: “Muzeyin yaradılmasında məqsəd ən qədim dövrlərdən günümüzədək xalqımızın mədəni-tarixi həyatındakı mühüm hadisələri, azadlıq mücahidlərimizin mübarizə yolunu əks etdirməkdir”. Muzey 6 zaldan ibarətdir. Sədi Mirseyiblinin bələdçiliyi ilə birinci ekspozisiya zalı ilə tanış oluruq. Burada Azərbaycanın dövlət rəmzləri - üçrəngli bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur.
XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsi, XIX əsrdə məmləkətimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələr, 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinin bağlanmasına dair materiallar da zalda yer alıb.
XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrdə Azərbaycanda elm, mədəniyyət, iqtisadiyyat, xüsusi ilə neft sənayesi inkişaf edir, H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binalar, məktəblər, teatrlar, xəstəxanalar tikilirdi. Muzeyin ikinci zalı həmin tarixi əks etdirən materiallarla zəngindir. Zalda A.A.Bakıxanovun, milli mətbuatımızın banisi H.B.Zərdabinin və digər ziyalıların fəaliyyətini əks etdirən materiallara yer verilib. Bölmələrdən birində isə 1918-ci il 31 Mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər toplanılıb.
AXC-nin fəaliyyətinə bu zalda geniş yer verilib. Burada Cümhuriyyətin qurucuları - M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar var.
XX əsrin əvvəllərində Vətənimizin cənubunda yaşayan azərbaycanlılar da müstəqillik uğrunda mübarizəyə qalxdılar. Muzeyin üçüncü zalında 1905-1911-ci illər azadlıq hərəkatının rəhbəri Səttarxan və onun silahdaşlarının, fədai dəstələrinin fəaliyyəti, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1941-1945-ci illərdəki “21 Azər” hərəkatı haqqında materiallar nümayiş etdirilir. Zalda həmçinin Cənubi Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şair və yazıçılarının - Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Bülluri, Əli Tudə və başqalarının portretləri var.
Dördüncü ekspozisiya zalının birinci bölməsində ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan şəxsiyyətlər haqqında məlumat verilir. İkinci bölməsi isə II Dünya müharibəsində ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri rəşadəti əks etdirir.
Muzeyin beşinci zalında Azərbaycanın müstəqilliyə gedən keşməkeşli yolu əks olunur. Zalda 1990-cı ilin qanlı Yanvar hadisələri, Ermənistanın başladığı müharibə, sonrakı illərin faciəli hadisələri, şəhidlər, qaçqınlar, işğal olunmuş torpaqlar, Xocalı soyqırımının dəhşətləri - bütün bu faciələri əks etdirən fotoxronika ilə tanış olmaq mümkündür. Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalan Milli qəhrəmanlarımızın şəkilləri, onların bəziləri haqqında da məlumat, şəxsi əşyaları, hərbi geyim formaları nümayiş etdirilir.
Altıncı zaldakı materiallarda yenidən müstəqilliyini əldə edən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğu və digər məsələlər əksini tapıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə respublikamızın nail olduğu böyük uğurlar, eləcə də onun yolunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı uğurlar barədə burada çoxsaylı məlumat və fotolar da var.
Xalqımızın ən böyük arzusunu adında daşıyan Azərbaycan İstiqlal Müzeyi beləcə, tariximizin bütün dövrlərinə işıq salır. Muzeyin eksponatları ilə tanışlıq məmləkətimizin bütövlükdə tarixi, mədəniyyəti haqqında zəngin məlumatlar almağa imkan yaradır.

Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”