Alternative content

12:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlal tarixinin fotosalnaməsi
İstiqlal tarixinin fotosalnaməsi
ANA SƏHİFƏ / Mədəniyyət
02:05 26.05.2018

 

Tarixi foto...

1919-cu il. Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti...

Azərbaycan nümayəndə heyətinin üzvləri - Əlimərdan bəy Topçubaşov, Əkbər ağa Şeyxülislamov, Ceyhun Hacıbəyli, Məhəmməd Məhərrəmov və Miryaqub Mehdiyev bir masa ətrafında əyləşiblər, qızğın müzakirə gedir. Onlar Azərbaycanın müstəqilliyinə müəyyən təminatlar almağa çalışırlar.

Bu foto bizə Ə.Topçubaşovun rəhbərlik etdiyi sülh nümayəndə heyətinin, ümumiyyətlə isə Azərbaycan xalqının, hökumətinin və diplomatiyasının böyük qələbəsini xatırladır...

Digər şəkildə isə başqa bir tarix əksini tapıb. Qafqaz piyada firqəsinin Qazaxa daxil olması...

Osmanlı dövlətinin Qafqaz cəbhəsindəki ordusunun 5-ci Qafqaz Firqəsindən 9-cu Qafqaz alayı  və 2-ci süvari alayı, iyunun 9-da Azərbaycana hərəkət edir. Qafqaz cəbhəsi türk əsgəri birlikləri Azərbaycan torpaqlarından - Qazax - Tovuz bölgələrindən keçərkən yol boyunca xalqın sevgisi ilə qarşılanırlar...

 

İstiqlaliyyət muzeyindəki foto-sərgi

 

Bütün bu tarixləri bizə xatırladan fotolar Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən İstiqlaliyyət muzeyindəki foto-sərgidəndir.

Sərgidə ümumilikdə Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli materiallar və muzeyə hədiyyə olunan üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları nümayiş etdirilir.

Əli bəy Hüseynzadənin şəxsi əşyaları Türkiyədə yaşayan qızı Feyzavər Alpsar tərəfindən təhvil verilib.

 

Tam orijinal fotoşəkillər

 

İstiqlal muzeyində iki şəkil isə sərgidə olan digər nümunələrdən fərqlənir. Buna səbəb fotoşəkillərin surətinin deyil, əslinin nümayiş edilməsidir.

Həmin fotoların birincisində İstanbul Konfransına göndərilmiş (1918) Azərbaycan Heyəti-Mürəxxəsəsinin üzvləri - sədr M. Rəsulzadə və üzvlər X.B.Xasməmmədov, Ə.Pepinov, A.B.Səfikürdski təsvir olunublar. İkinci fotoşəkil isə Cənubi Azərbaycanda 1920-ci illərdə çəkilib. Orta cərgədə Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş üzvü və Azərbaycanın istiqlalı uğrunda şanlı mücahid Axund Hacı Mirzə Səlim Axundzadə, ətrafında isə həkim Əlihüseyn Qənbərzadə, Sultan bəy Qulubəyli, Əliağa Əlizadə, Əjdər Babazadə əyləşiblər.

Xalqımızın şərəfli tarixinə aid fotolar insanda dolğun təəssüratlar yaradır, sanki həmin dövrlərə səyahət edirik.

 

Səbinə MƏMMƏDOVA,

F.BAĞIROV (foto)

“Azərbaycan”