Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:20 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 70-ci pillə
70-ci pillə
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 24.05.2018

 

İndiki kimi yadımdadır, 1989-cu il idi...

Ermənistanın Azərbaycana qarşı işğalçı niyyətlərini elan etməsilə vəziyyət gərginləşməyə doğru gedirdi. Keçmiş İttifaq məkanı qaynar qazana dönmüşdü. Hər yerdə həyəcan, xof duyulurdu. Baş verənlərin sonu görünmürdü. Çox çətin dövrlərə gəlib çıxmışdıq. Necə deyərlər, hər ağızdan bir avaz gəlirdi.
Əhali ilə mütəmadi ünsiyyət üçün rəhbər işçiləri tez-tez yerlərə göndərirdilər. Hərə bir regiona məsul idi. Məqsəd rayon və kəndlərdəki vəziyyəti nəzarətdə saxlamaq, təsərrüfatların problemlərini öyrənmək və onların həllinə dəstək olmaq, aranı qarışdırmaq istəyən qüvvələrin yol verə biləcəkləri təxribatların qarşısını almaq idi.
Onda Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdım. Mən Qusar rayonuna təhkim edilmişdim. Vətənimizin çox qədim tarixə malik mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm ənənələrinə gözəl bir nümunə olan, müxtəlif xalqların nümayəndələrinin azərbaycançılıq dəyərləri ətrafında birləşərək milli maraqlarımıza xidmət etdiyi bu region onda ölkənin həssas bölgələrindən sayılırdı. Ayrı-ayrı təxribatçı ünsürlər Azərbaycanı sarsıtmaqdan ötrü buralarda təfriqə salmağa, separatçı ocaqlar “qalamağa” cəhd göstərirdilər. Və belələrinin ən layiqli cavabı elə bu torpaqların sağlam düşüncəli, dövlətçilik məsuliyyətini dərk edən səbatlı insanlarından gəlirdi.
...Onunla dostluğumuzun tarixçəsi də 1989-cu ildə Qusara təhkimçi kimi ilk səfərimdən başlanır. Sovxozlarda keçirdiyim görüşlərdə məni Rayon Soveti İcraiyyə Komitəsinin sədri kimi müşayiət edirdi. Yəqin bu hiss sizə də yaxşı tanışdır. Bəzən biri ilə həyatında ilk dəfə rastlaşırsan, ilk dəfə kəlmə kəsirsən, amma onunla cəmi bir neçə dəqiqəlik ülfət o qədər cana yatır ki, elə bilirsən, arada on illərin dostluq telləri var.
Ona da ünsiyyətimizin elə ilk anlarından qanım qaynadı. Beləliklə, 1989-cu ildə Qusar rayonunun ayrı-ayrı təsərrüfatlarına birgə səfərlərimiz bizim 30 illik möhkəm dostluğumuzun təməlini qoydu.
İndi isə düşünürəm, dəyərli oxucularımı da Qusar rayonundan olan bu 30 illik dostumla tanış etmək zamanıdır: Mayıl Tağı oğlu Bağırov...
1948-ci ildə anadan olub. Qusar rayonunun Urva kəndindəndir. Bu kəndin adından elə bil halallıq, ruzi-bərəkət yağır. Mayıl Bağırovun atası Tağı kişi də çox halal bir insan idi. Qısa ömründə ruzisini həmişə qabarlı əlləri ilə qazanmışdı. Kolxozda briqadir, sonra da sədr olmuşdu. Onu xeyirxah əməllər sahibi kimi tanıyırdılar. Yüzlərlə insana kömək əlini uzatmışdı. Tək Qusarda yox, Xaçmaz və Qubada da xoş əməlləri ilə ad çıxarmışdı. Ona görə el-obada xatirəsi indi də minnətdarlıq hissi ilə anılır.
“Atam mehriban, nəvazişli insan idi. Təsəvvür edin, özüm 7-8 il sovxoz direktoru, Rayon Soveti İcraiyyə Komitəsinin sədri, icra hakimiyyəti başçısının müavini işləsəm də, yaşlılar üçün yenə də “rəhməlik Tağı kişinin oğluyam” - deyir Mayıl və əlavə edir: “Yəni, o kişinin kölgəsi yenə başımın üstündədir. Yaxşı yadımdadır: Rayon Soveti İcraiyyə Komitəsinin sədri olduğum vaxt bir kəndə getmişdim. Kənd ağsaqqallarının yığışdığı yerdə camaatla görüşüb, əhvallaşdım, özümü təqdim elədim. Məni adicə “rayispolkom” kimi qarşılayan ağsaqqallar Tağı kişinin oğlu olduğumu eşidəndə təzədən görüşüb hal-əhval tutdular. Bax, həyatda belə anları yaşamaq insan üçün ən böyük şərəfdir”.
Cəmi 40 il ömür sürüb xatirələrdə belə bir şəxsiyyət kimi qalmaq, razılaşaq ki, o qədər də asan deyil. Mayıl belə bir kişinin oğludur...
Ailələrində ondan başqa 10 övlad böyüyürdü. Atasının gənc yaşda vəfatından sonra min bir əziyyətə qatlaşaraq, kirpiyi ilə od götürərək təkbaşına 10 övlad böyütmüş “Qəhrəman ana”sı Anabacı haqqında danışarkən həmişə kövrəlir. Üzünə bir həsrət kölgəsi qonur. Çoxuşaqlı ailədə altı qardaş, dörd bacı idilər. Amma o evdə, isti ata ocağında necə genişlik, nə qədər mehribanlıq, hörmət-izzət vardı. Həyatdakı bütün nailiyyətlərinə görə özünü şəxsiyyəti ilə ona insanlıq dərsi vermiş atasına, on uşağın dərd-sərini, qayğısını çəkmiş anasına və rastına çıxmış xeyirxah insanlara borclu sanır.
Anası bütün əzab-əziyyətlərə baxmayaraq övladlarının hər birini halallıqla ərsəyə gətirdi. Onlara körpəlikdən zəhmətkeşliyi, Vətənə, xalqa, insanlara sevgi aşıladı. 6 oğul və 4 qız övladının ağır yükünü çox çətin illərdə zərif çiyinlərində daşısa da, sınmadı, əyilmədi. Hər bir çətinliyə mətinliklə dözüb, dəyanət nümayiş etdirdi, o zindan kimi ağır illərdə balalarını oxutdurdu.
Mayıl 16 yaşında Urva kənd orta məktəbini bitirib Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil oldu. Qaynar tələbəlik illərinin ilk günlərindən professor-müəllim heyətinin dərin hörmətini qazandı. O, institutun ictimai həyatında fəallıq göstərir, həm fakültənin divar qəzetində, həm də institutun çoxtirajlı “Kadr uğrunda” qəzetinin səhifələrində maraqlı məqalələrlə çıxış edirdi. Mayıl Bağırovun üçüncü kursda ikən tələbə elmi cəmiyyətinə üzv seçilməsi onun qarşısında yeni üfüqlər açdı.
Onun bir tələbə kimi nəinki respublikamızda, həmçinin sovetlər birliyinin müxtəlif şəhərlərində keçirilən elmi cəmiyyətlərinin konfranslarında etdiyi məruzələri yüksək qiymətləndirilir, diplom və başqa qiymətli hədiyyələrlə mükafatlandırılırdı.
1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdi. O, sonralar, daha dəqiq desək, 1991-1994-cü illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci ali təhsil də alacaq, aqronom ixtisasından başqa, politoloq ixtisasına da yiyələnəcəkdi.
Hələlik isə 1969-cu ildir və ilk təhsilini başa vurub rayona qayıdan gənc Mayıl əvvəl sovxozda aqronom, sonra isə elmi işçi kimi çalışmağa başlayır. Gənc mütəxəssis kimi peşəkar bacarıqlarını, təşkilatçılıq məharətini dəyərləndirərək onu 1981-ci ildə Qusarın ən iri toxumçuluq təsərrüfatı olan “Partiyanın XXIII Qurultayı” adına sovxozun direktoru təyin edirlər.
Onda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər idi. O, regionlarda Mayıl kimi gənclərin üzə çıxarılmasını, öz potensiallarını reallaşdırmaqdan ötrü onlara imkan yaradılmasını qarşıya ən əsas vəzifələrdən biri kimi qoymuşdu. Bu insanların təcrübəli dövlət xadimi kimi yetişməsinə, karyera irəliləyişlərinə hər cür dəstək verirdi. Mayıl Bağırov da ulu öndərin dəstəyi ilə vəzifə pillələrində irəliləyən gənclərdən idi. Bunu ömrün xoş bir qisməti sanır: “Qismətimdən razıyam, həyat yollarında qarşıma xeyirxah insanlar çıxıb. 32 yaşımda rayonun ən iri toxumçuluq sovxozuna direktor təyin olundum. O illər respublikada ab-havanın təzələndiyi, ədalətin zəfər çaldığı, ölkəyə Heydər Əliyev kimi müdrik, qətiyyətli bir insanın başçılıq etdiyi vaxtlar idi. O məktəbin gənc kadrları kimi gecə-gündüz ümumi iş üçün çalışıb-vuruşurduq”.
O, 7 il Qusarda çox böyük bir təsərrüfata rəhbərlik etdi. Bu müddətin hər anında ona göstərilmiş etimada layiq olmağa, ərazidə yaşayan insanlara fayda verməyə çalışdı. Şahdağın ətəyində yerləşən Urvaya Qusardan su çəkdirdi. Onun rəhbərliyi dövründə sovxozun ərazisində inşa edilmiş tikililərin isə demək olar ki, sayı-hesabı yoxdur. Mayıl Bağırov sovxozda 20-25 nəfərdən ibarət tikinti briqadası yaratmışdı. Onların işi ancaq sakinlər üçün yeni sosial obyektlər inşa etmək idi. Bu illərdə Urvada çox geniş tikinti-abadlıq işləri görülmüşdü.
Mayıl Bağırovun bu işgüzarlığını, təşəbbüskarlığını, idarəçilik məharətini yüksək dəyərləndirdilər. O, 1987-ci ildə 37 yaşında Qusar Rayon Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkildi. Beş il bu vəzifədə çalışdı. Həmin müddət onun üçün əvvəllər bir sovxoz təsərrüfatı ərazisində həyata keçirdiyi işləri indi böyük bir rayon hüdudunda yerinə yetirmək imkanı idi. Mayıl qollarını çırmayıb işə başladı: “Əlbəttə, beş il az müddət deyil. Bu vaxtda hər hansı sədr özündən sonra nəsə yadigar qoymalıdır” - söyləyir köhnə dostum və bu müddətdə gördüyü işləri məmnunluqla sadalayır: “Fəxr edirəm ki, İcraiyyə Komitəsinin sədri işlədiyim dövrdə Qusarda yeni konserv zavodu işə salındı. Yeni avtovağzal binası tikildi. Şəhərdə kanalizasiya sistemi yaradıldı. 1100 nəfərlik məktəb istifadəyə verildi. Qusardan kəndlərə gedən onlarca kilometr yola asfalt döşəndi. 17 kənddə dəyirman tikildi. Hil, Urva kimi kəndlərdə su təchizatı yaxşılaşdırıldı. Ayrı-ayrı kəndlərdə maldarlar üçün 30 yaşayış evi inşa olundu. Hələ üstəlik, “Hər kəsə fərdi mənzil” proqramının müəllifi oldum. Əlbəttə, bu siyahını uzatmaq mümkündür. Amma orasını deyim ki, bunların heç də hamısını öz ayağıma yazmaq fikrində deyiləm. Sadəcə, bəxtim gətirmişdi ki, o vatkı raykom katibləri Sultan Hacıbalayevlə, Ramazan Bədirovla, Asya Manafova ilə çiyin-çiyinə çalışırdım. Onlar da qurucu insanlar idilər. Rayon əhalisi üçün nələrsə etməkdən ötrü böyük zəhmət çəkirdilər”.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə rəhbərliyini ələ keçirən təsadüfi insanlar Mayıl Bağırov kimi təcrübəli, yüksək dövlətçilik təfəkkürünə, idarəçilik səriştəsinə malik qurucu insanların potensialından istifadə etmək əvəzinə, onları kütləvi şəkildə vəzifələrindən kənarlaşdırır, yerlərinə isə şəxsi münasibətlər əsasında nəinki təcrübəsi, heç normal əxlaqi keyfiyyətləri belə olmayan kəsləri təyin edirdilər. Bu isə Azərbaycanda yaşanan sosial-siyasi, mənəvi böhranı daha da dərinləşdirirdi. Ölkə uçuruma doğru yaxınlaşırdı. Ən dözülməzi isə AXC-Müsavat cütlüyünün milli siyasətdə buraxdığı kobud səhvlər idi. Populist millətçi şüarlarla onlar Azərbaycan ərazisindəki azsaylı xalqları dövlətdən narazı salırdılar. Beləliklə, respublikanın müxtəlif bölgələrində, o cümlədən Qusarda da separatçı fəaliyyətə meydan verirdilər. Mayıl Bağırov kimi eldə-obada böyük nüfuza malik, yerlərdəki vəziyyəti dərindən bilən insanların narahat xəbərdarlıqlarına, tövsiyələrinə məhəl qoyan yox idi.
Özü o çətin günləri acı xatirələrlə yada salır: “Ən dözülməzi milli siyasətdə buraxılan kobud yanlışlıqlar idi. Ermənilən bu yanlışlıqlardan Qusarda da istifadə edirdilər. Separatçı “Sadval” təşkilatı ilə əlaqə yaratmışdılar. 1992-1993-cü illərdə Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsində çalışırdım. O vaxt hakimiyyəti idarə edənlərin bu sahədə səriştəsizliyini, etnik bölgələrin milli xüsusiyyətləri ilə hesablaşmamaq meylini görürdüm. İşə səmərə verə biləcək təkliflər, məsləhətlər qulaqardına vurulurdu. Nə yaxşı ki, o xaosun ömrü uzun sürmədi. Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə qayıdışı ilə ölkə parçalanmaq, məhv olmaq təhlükəsindən qurtuldu. Ulu öndər Heydər Əliyevin ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü, Qusarda Ləzgi Dövlət Dram Teatrının açılması, radioda ləzgi dilində verilişlərin səsləndirilməsi, orta məktəblərdə doğma dilin tədris edilməsi süni milli problem yaradanları tərksilah etdi”.
Mayıl Bağırov isə sonrakı illərdə fəaliyyətini Qusar Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini kimi davam etdirərək bu siyasətə öz layiqli töhfələrini verdi. Onun ölkəmizin bir qrup ziyalısı və hərbi xadimi ilə birgə “Bakinski raboçi” qəzetinin 14 oktyabr 1998-ci il tarixli nömrəsində dərc olunan Ermənistana qeyri-qanuni silah ötürülməsinə etiraz dolu müracətini yaxşı xatırlayıram. “Odun üstünə yağ tökməyin” sərlövhəli bu müraciətdə əsaslandırılırdı ki, Qafqaza silah göndərilməsi Ermənistanın Azərbaycana qarşı işğal siyasətini daha da qızışdırmaq, odun üstünə yağ tökməkdir. Onun rayonun mədəniyyət xadimləri ilə birgə cəbhə bölgələrinə səfərləri, əsgərlərimiz önündə çıxışları da Mayıl Bağırovun sinəsində Azərbaycana sevgi dolu bir qəlbin döyündüyünü göstərir.
Həqiqətən, insan yaşadığı torpağa çox bənzəyir. Mayıl Bağırov da təpədən dırnağa qədər doğulduğu torpağın oğludur: təbiətin özü qədər saf, təmiz ürəkli, mərd, pisliklərdən uzaq, səmimi... O, gözəl ailə başçısıdır. İki oğlu, bir qızı var. Ocağın halallığı, mənəvi irsin dəyəri övladlarına ötürülüb. Onlar da özü kimi elin-obanın sayılıb-seçilən insanlarıdır.
30 illik dostum o kəslərdəndir ki, bütün ömrü boyu şəxsi mənfəət amilini özü üçün arxa planda saxlamağı bacarıb. Sadəlik, gözütoxluq, aza qane olmaq hissi onun üçün bir həyat meyarıdır. Bu barədə söhbət düşərkən atasını xatırlayır: “Atam gözütox insan idi. Kolxoz sədri, ticarət şöbəsinin müdiri olsa da, ömrünü kommunal evdə başa vurmuşdu. Mən də yeddi il sovxoz direktoru işləsəm də, kəndin ictimai yaşayış binasında qaldım. Buna görə məni qınayan dost-tanış az deyil. Amma ən gözəli də elə budur. Allahın bir tikə bərəkətinə şükür edən mehriban ailəm, sədaqətli həyat yoldaşım, sevimli övladlarım var. Ən böyük var-dövlət də elə budur”.
Mayıl Bağırov çox maraqlı həmsöhbətdir, hər görüş fürsətində həyat, insan ömrünün əbədi sualları haqqında mükalimələrimiz olur. Düşünür ki, hər insanın öz tale payı var. Və heç kəsin öz tale payından, bəxtinə düşən qismətdən gileylənməyə haqqı yoxdur. “Alın yazısı deyilən bir həqiqət də var. İlləri bir-bir arxada qoyduqca elə bil, nağıllardakı kimi, qırx otağın qapısını açırdım. Qırxıncı qapıdan sonra bilmədiyin, agah olmadığın sirr qalmır. Amma insan üçün ən əziz, ən müqəddəs anlar ömrün uşaqlıq, gənclik çağlarıdır. O atalı, analı dünyam mənim üçün çox pak və məsumdur”.
30 illik dostum nağıla bənzər mənalı bir ömrün 70-ci qapısını açır. Atalı-analı dünyasından pay götürdüyü, o paklığı, məsumluğu isə ömrün bu məqamına qədər daşıyıb gətirə bilib. Arzu edirəm ki, Mayıl Bağırovun ömür nağılında bundan sonra hələ çox qapılar sıralansın və bizlərə Vətən qədər doğma olan bu Azərbaycan oğlu varlığı ilə həyatımıza bərəkət gətirsin...
70-ci zirvən mübarək, əziz dostum...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM