Alternative content

08:21 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclaslarında
Milli Məclisin komitə iclaslarında
ANA SƏHİFƏ / PARLAMENT
12:05 23.05.2018

 

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir. 2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub. Yeddi mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib. Ötən il büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında təmin olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub. Ölkədə müsbət iqtisadi artım qeydə alınıb, iqtisadiyyata əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı təmin edilib. Büdcə daxilolmalarının 8,633 milyard manatı qeyri-neft sektoru hesabına təmin olunub.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 62,8 faiz təşkil edib.

Deputatlar Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası barədə fikirlərini səsləndiriblər.

Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

* * *

Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilmişdir. Əvvəlcə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edildi.

Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, 8 fəsil 40 maddədən ibarət sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün uyğunlaşdırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı, onların təhsili, peşə hazırlığı və digər məsələlər əksini tapıb.

Qanun qüvvəyə  mindikdən sonra  əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində vəzifələri müəyyən ediləcək - əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, onların reabilitasiyasını, cəmiyyətdə tam həcmdə iştirakını, sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid proqram və qərarların qəbulu prosesinə fəal cəlb olunmasını tənzimləyəcək.

Komitə üzvləri layihə barədə fikirlərini, qeyd və təkliflərini bildirdilər. Qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirə edildi. Dəyişikliyə əsasən, Məcəlləyə 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddədə bildirilir ki, hamilə qadınların, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Bundan başqa, ilk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər də sertifikasiyadan keçirilmirlər.

Komitə üzvləri “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə fikirlərini bildirdilər. Sonda bu layihələr də Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”